Mədəniyyətin qorunması və müdafiəsi

Mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları təkcə olduqları formada, ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda onlardan istifadə etməyi bacarmaq təşkil edir.
Mədəni irs müasir mədəni hadisələrin funksiyalarını özündə cəmləşdirir. Bütün bunlarla yanaşı mədəni irs, bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri mədəni irsin qorunması və müdafiəsinin təminidir. Bütün cəmiyyətlərdə bu prosesə diqqətlə yanaşılır. Bütün başqa ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə, əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, 1972-ci ilə Yuneskonun tərkibindəki ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya (1972-ci il) və Tarixi ansamblların qorunması üzrə tövsiyələr (1976) hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni əməkdaşlıq sisteminin yaradılması oldu.
Komitənin ümumdünya mədəni irsinin siyahısına Azərbaycan memarlığının bir neçə abidə ansamblı və abidəsi daxil edilmişdir. Bunlar aşağıdakılardır: Naxçıvanda Əcəmi yaradıcılığının şah əsəri Mömünə xatun və Yusif ibn Küseyr türbələri, Bakıda Qız qalası, Şirvanşahlar sarayı ansamblı, Şəki Xan sarayı. Bu abidələrin dünya mədəni irsinin siyahısına daxil olması həmin abidələrin sivilizasiyaların təsiri ilə əlaqələndirilərək onların beynəlxalq səviyyədə müdafiəsini təmin edir.
Tarixi və mədəni sərvətlərin qorunması və müdafiəsi bir çox digər beynəlxalq aktların hazırlanmasını da həyata keçirir. Bu mənada YUNESKO-nun sıx əməkdaşlıq apardığı təşkilatlardan biri də tarixi yer və tarixi abidələrin qorunması üzrə Beynəlxalq şurası – İKOMOS-dur. Bu təşkilat 1965-ci ildə 88 ölkənin mütəxəssislərinin səyi ilə yaradılaraq əsas məqsədi tarixi mədəni abidələrin bərpası və konservasiyasıdır. İKOMOS-un təşəbbüsü ilə dünyada mühafizə işi ilə bağlı bir sıra təkmilləşdirici əhəmiyyət kəsb edən sənədlər qəbul edilmişdir. Bunların arasında tarixi park və bağların qorunması üzrə Florenti Beynəlxalq Xartiya (1981), Tarixi yerlərin müdafiəsi üzrə Beynəlxalq Xartiya (1987), Arxeoloji irsin istifadəsi və qorunması üzrə Beynəlxalq Xartiya (1990) hazırlanmışdır.
Ümumdünya tarixi – mədəni irs məsələləri ilə məşğul olan və xüsusilə bərpa, konservasiya sahəsində Benəlxalq tədqiqatlar aparan təşkilatlardan biri də Roma mərkəzidir (İKOMOS). Bu təşkilatın 80 ölkədən çox nümayəndəsi mövcuddur. Bu mərkəz abidələrin qorunması, bərpası üzrə mütəxəssislərin hazırlanması, tövsiyələrin tərtibinə nəzarət edir, elmi tədqiqatçıların fəaliyyətini əlaqələndirir.
Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

0 şərh