Qloballaşma sosio-mədəni reallıq kimi

XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səciyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:

  • iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
  • soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıcı;
  • dünya iqtisadiyyatının transformasiyası;
  • qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nəticəsində amerikan
  • dəyər sisteminin üstünlük təşkil etməsi;
  • ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
  • texnoloji inqilab;
  • milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloji, insan hüquqları və nüvə silahının yayılmasının qarşısının alınması) həlli qarşısında acizliyi.

Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər:
-Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir:

  • xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloji qeyribərabərlik;
  • dini və bazar fundamentalizmi;
  • irqi və etnik müstəsnalığa iddialılıq;
  • ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin genişləndirilməsi;
  • tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə;
  • kütləvi qırğın silahının yayılması.

Mədəni assimilyasiya. Məlum olduğu kimi, XX əsrin son 20 ilində qərb liberalizm ideyaları qələbə çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ictimaiyyət razılaşmışdır. Həmin tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən sistemləri vasitəsilə qərb dəyərlərinə və qərb həyat tərzinə ardıcıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ yoxdur. Fukuyamanın fikrincə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və qaydaların formalaşması prosesi gedir.
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni keyfiyyətlər əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik icmaların yaranmasına səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor mədəniyyətlərin formalaşmasını şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular.
Kommunikasiyanın və mədəniyyətlərarası əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının inkişafı bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədricən bir-birlərilə sıx təmasda olan translokal mədəniyyətlərin gəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər şəbəkə strukturuna malik olaraq, yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya şəbəkələrinin artması nəticəsində yeni professional dünyaların yaranmasını göstərmək olar.
Mədəni izolyasiya (təcrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xarici və daxili düşmənlərlə mübarizə üçün sosial sistemlərin konsolidasiyası məqsədilə əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların mənbəsi — mədəni və dini fundamentalizm, ekoloji, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar rejimlərin hakimiyyətə gəlməsi ola bilər.
XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir: 1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru istiqamətləndirilmişdir. 2) ikinci, «cəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı cəmiyyətdən açıq tipli cəmiyyətə doğru gedir. Qloballaşma prosesinin dinamikasını şərtləndirən sivilizasion və əsas mədəni arxetiplərin inkişaf xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya mədəniyyətinə təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması, ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya formasiyalar çərçivəsində həyata keçir. Həmin arxetipin əsas etik dəyəri – sosial ədalətdir ki, onun ölçüsünü dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloji prisip kimi isə kollektivizm çıxış edir.
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər əsasında birgə individual fəaliyyət duran sahibkarlıq mədəniyyəti mənsubdur. Rəqabət mədəniyyətinin əsas etik dəyəri – uğurun qarantı kimi şəxsi azadlıq, baza əxlaqi-psixoloji prinsip isə – individualizmdir.
Konfrontasiya mədəniyyətinə bürokratik idarəetmə formaları və bürokratik təşkilati mədəniyyət məxsus olan qapalı, iyerarxik təşkilat sistemləri aiddir. Kofnrontasiya mədəniyyəti çərçivəsində davamlı birgə fəaliyyətin təşkili formaları üstünlük təşkil edir. Təşkilati iyerarxiyanın hər yuxarıda duran instansiyası aşağıda duran təbəqənin konfliktli situasiyalarını həll etməlidir. Buna görə də, bu mədəniyyətin məqsədələrinin müəyyən edilməsində «yuxarıların» maraqları əsas tutulur.
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir. Bu mədəniyyət çərçivəsində birgə yaradıcı fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir.
Fraqmerqasiya – amerika politoloqu Dc.Rozenau tərəfindən elmi dövriyyəyə gətirlən termindir ki, inteqrasiya və fraqmentasiya proseslərini bildirir. Fraqmeqrasiya dedikdə, «milli dövlətlərin» blok və ittifaqların formalaşması və möhkəmlənməsi (inteqrasiyası) nəzərdə tutulur.
Lokalizasiya – sosial və mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion hadisələrin konsolidasiyasıdır.
Qlokalizasiya – mədəni hibridləşdirmə nəticəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri əsasında lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı mədəni assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür.
Qloballaşma probleminə dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı təsiri aspektindən baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif mədəniyyətlərə mənsub insanların bir-birlərini daha dolğun anlaması məsələsi böyük əhəmiyyət kəsb edir. Kross – mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin nümayəndələrinin ünsiyyəti nəticəsində məna və dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif – dini, milli, professional və ya təşkilat mədəniyyətləri arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur.
Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının xüsusiyyətləri, dəyər sistemlərinin mütənasibliyi əsas şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı şərtləndirən digər amil qlobal ictimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər şüurlü şəkildə insanlar tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir.
Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli icmalar arasında ziddiyyət və gərginlikləri çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə dəqiq və obyektiv biliklərin əldə edilməsi olduqca vacibdir.
Bununla əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət, qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər. 

«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi cəhətdən geridə qalmış Cənub üzərində mədəni sənayə cəhətdən inkişaf etmişŞimalın hökmranlığını bildirən anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ci ildə amerika alimi İmmanuil Vallerstaynın «Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş şəkildə yayıldı. Vallerstayna görə, «geomədəniyyət» XVI əsrin əvvəllərində yaranmış və tarixdə sosialist eksperimentinin məğlubiyyətindən sonra ən böyük böhran keçirən kapitalist dünyadüzəmi sisteminin mədəni əsasıdır. Onun fikrincə, geomədəniyyət təliminin əsası üç konsept üzərində qurulur:

  • BMT – nin üzvləri olan və gələcəkdə üzvlüyə daxil olacaq dövlətlər siyasi cəhətdən müstəqil və iqtisadi cəhətdən avtonomdurlar;
  • Bu dövlətlərin hər-biri faktiki olaraq üstünlük təşkil edən və tarixən mövcud olan ən azı bir milli mədəniyyətə malikdir;
  • Zaman ötdükcə bu dövlətlərin hər biri müstəqil olaraq inkişaf etmək qüvvəsinə malikdirlər.

Məlum olduğu kimi, XX əsr boyu dünyadüzəmin quruluşunda zəngin mərkəz və yoxsul perefiriyanın arasında qeyri-bərabərliyi doğruldan, ideya cəhətdən əsaslandıran liberalizm idi. Hamı ümidvar idi ki, siyasi cəhətdən azad olan millət düzgün (kapitalist və ya sosialist) iqtisadi inkişaf yolu seçərək mütləq uğur əldə edəcək və qüvvətli dövlətə çevriləcəkdir. Bu gün bəşəriyyətin bu qədildən olan liberal ümidləri boşa çıxıb. Alimlərin proqnozuna görə dünyadüzəmin «geomədəniyyəti» yaxın bir zamanlarda böyük dəyişikliklərə məruz qalacaqdır.
Qlobal mədəniyyət. Maraqlıdır ki, qloballaşma mədəniyyətinin mümkünlüyü və səmərəsi bir çox fəlsəfi cərəyanlarda, müxtəlif yanaşmalarda, xüsusilə də dekonstruksiya, postmodernizm, postkolonialzim, poststrukturalizm və ayrı-ayrı kulturoloji tədqiqatlarda inkar olunur. Bütün təlimlər qloballaşma mədəniyyətinin nə dərəcədə arzu olunan olması barədə suala cavab verməyə istiqamətləniblər. Tarixdən məlumdur ki, bəşər mədəniyyətinin hər bir mərhələsində qlobal mədəniyyətin yaradılmasına səylər göstərilmişdir. Universallıq olmadan heç bir akademik elm öz mövcudluğunu əsaslandıra bilməz. Bununla yanaşı, bildiyimiz kimi, informasiya inqilabı cəmiyyətdə qüvvələrin ənənəvi mövqeylərini dəyişib. İnformasiya inqilabı vahid dünya informasiya ictimaiyyəti haqqında ideyaların irəli sürülməsinə təkan verdi. Həmin təlimlərdə, xüsusilə də İnformasiya cəmiyyəti haqqında təliminin əsaslarının formalaşmasının ilkin mərhələsində etnomədəni xüsusiyyətlər, millətlər və milli münasibətlər, milli adətlər sanki inkar olunur, vahid iformasiya məkanı, milli sərhələr olmayan yeni sivilizasiyalar haqqında fikirlər irəli sürülürdü. Eyni zamanda yaranan yeni mədəni reallığa zidd olaraq XX əsrin ikinci yarısından amerika və daha sonra avropa elmində ictimai proseslərdə etnik faktorun əhəmiyyətini bildirən ideya cərəyanları ortaya çıxdı. Bu hadisə elmdə «etnik intibah fenomeni» kimi qeydə alındı. Etnik dəyərlər yenidən əhəmiyyət kəsb etməyə başladı. İldən-ilə Amerika və Avropada etnik azlıqların öz etnik hüquqlarının genişləndirilməsi uğrunda mübarizə aktivləşirdi. 1980-1990-ci illərdə bu proses postsovet məkanı ölkələrini, o cümlədən də Azərbaycanı əhatə etdi. Qeyd olunmalıdır ki, bu qədildən olan sosial aktivlik heç də hər yerdə bir mənalı ötüşmədi, müəyyən regionlarda bu proses zorakılıq dalğası ilə müşaiyyət olan açıq sosial konfliktlərdə öz əksini tapdı.Nəticədə bu iki istiqamət arasında bir sıra ziddiyyətlər yarandı:
− Modernizm və ənənəvilik arasında ziddiyyət;
− Avropa və Asiya, daha dəqiq ifadə etsək qərb və şərq mədəniyyətlərinin dialoqu üçün xarakterik olan «özümkü» və «yad» anlayışları arasında ziddiyyət;
− «İnformasiya inqilabı» işığında yeni məna əldə edən qlobal və lokal mədəniyyətlər arasında ziddiyyət;
− Mədəniyyətin texniki və humanitar aspektləri arasında ziddiyyət.
− Bu ziddiyyətlərin nəzəri əsasları dərindən öz təhlilini tapmasa da müasir cəmiyyətdə mövcudluğu artıq inkar edilmir. Bu gün alimlər qarşısında lokal və qlobal mədəniyyət formalarının qarşılıqlı təsir aspektlərinin öyrənilməsi, informasiya mədəniyyətinin mədəniyyətin etnik komponentlərə təsirinin proqnozlaşdırılması kimi problemlərin həlli durur.
− Mədəni qloballaşmanı yalnız Qərbin kütləvi mədəniyyətinin yaılması kimi təqdim etmək bu gün yanlışdır. Çünki mədəni qloballaşma həm də mədəniyyətlərin qarşılıqlı əlaqəsini və rəqabətini ehtiva edir. Qeyd olunmalıdır ki, tarixi-mədəni ənənələri daha qüvvətli olan milli dövlətlərdə qərb mədəni standartlarının yayılması etnomədəni rifaha gətirib çıxarır. Mütəxəssislərin fikrincə, etnomədəni rifah isə öz növbəsində qüvvətlənən milli ictimai ideologiyada əksini tapacaqdır. Bu zaman, tarixən zəif ənənəvi mədəni köklərə malik dövlətlər ictimai şüur böhranını zəif formada keçirirlər. Lokal və qlobal mədəniyyətlərin qarşılıqlı əlaqələri mədəni innovasiyaların «özünükiləşdirmə» prosesi nəticəsində baş tutur. Qeyd edilməlidir ki, sivilizasiya sistemləri tərəfindən innovasiyaların mənimsənilmə dərəcəsi bu və ya digər cəmiyyətin ənənəviliyi ilə müəyyən olunur.
− Qlobal mədəniyyət probleminin göstərilən aspektinin təhlili göstərir ki, hər bir mədəniyyətin özülü digər mədəniyyətlərin daxil olmasına və təsirinə qarşı yüksək immunitetə malikdir. Qərb sivilizasiyası çərçivəsində formalaşmış normalar, standartlar və qaydalar, qlobal miqyasda nisbətən asanlıqla yayılır. Bu onunla izah edilir ki, ümumqəbulolunmuş qərb strukturları, institutları, standart və qaydalar tarixən formalaşmış idarəetmənin identik rasional mexanizmlərini, rasional fəaliyyət və rasional təşkilatlanma formalarını nəzərdə tutan texnologiyalar əsasında formalaşır.Bildiyimiz kimi, bu mənada yüksək adaptiv mədəniyyət növlərinə Yapon, Koreya, qismən Çin mədəniyyətlərini aid edirlər ki, bu mədəniyyətlərdə modernləşmə prosesləri yüksək sürətlə baş verir. Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, qloballaşma dövrü mədəni aspektdə minimum iki tendensiya daşıyır:
1. bir tərəfdən, o, insanların ənənəvi həyat tərzinə dəyişikliklər gətirir;
2. digər tərəfdən isə mədəniyyətin adaptasion qorunma mexanizmlərini stimullaşdırır. Bu proses müəyyən vaxtlar kəskin münaqişə xarakteri də ala bilər. Müasir cəmiyyətdə qlobal şəkil almış mədəniyyətlərin yaxınlaşma prosesində yaranan ziddiyyətlərin aradan qaldırılması işində BMT-nin böyük rolu danılmazdır. Birləşmiş Millətlər Təşkilatı mədəniyyət və elm sahəsində mübadiləni, mədəniyyətləarası kommunikasiyanı beynəlxalq sülhün və inkişafın əsas elementləri hesab edir.
Beynəlxalq Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan YUNESKO üç sahəyə diqqətini yönəltmişdir:

  • inkişafın xidmətində duran elmə;
  • mədəni inkişafa (irs və yaradıcılıq);
  • kommunikasiya, informasiya əv informatikaya.

1970-ci ildə YUNESKO tərəfindən qəbul edilən konvensiya mədəni mülkiyyətin qeyri-qanuni import, eksport və ötürülməsini qadağa edir.1995-ci ildə qəbul edilmiş konvensiya isə oğurlanmış və ya qeyri-qanuni şəkildə ölkədən çıxarılmış mədəni obyeklərin geri qaytarılmasını təmin edir. YUNESKO-nun mədəni fəaliyyəti inkişafın mədəni aspektlərinin genişləndirilməsinə; yaradıcı fəaliyyətin və yaradıcılığın dəstəkləməsinə; mədəni mənsubluğun və folklor ənənələrinin qorunmasına; kitabın və oxu mədəniyyətinin təbliğatına xidmət edir.
Bu gün YUNESKO özünü mətbuatın azadlığı və KİV-in müstəqillliyinin tərəfdarı kimi təqdim edir. Bu sahəyə həsr olunan əsas proqramda YUNESKO informasiyanın azad axınının təşkil olunması və inkişaf edən ölkələrin kommunikasiya imkanlarının genişləndirilməsi kimi məsələləri öz öhdəsiyinə götürür. YUNESKO-nun «Beynəlxalq mədəni dəyərlər mübadiləsi» barədə Tövsiyyələrdə (26.11.1976, Nayrobi) Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Konferensiyası qeyd ediri ki, mədəni dəyərlər sivilizasiyanın və xalqların mədəniyyətinin əsas elementləridir. Bundan başqa Tövsiyyələrdə göstərilir ki, mədəni mübadilənin genişləndirilməsi və möhkəmləndirilməsi mədəniyyətin müxtəlif sahələrinə əldə olunan nailiyyətlərlə tanışlığı təmin edəcəkdir. Digər tərəfdən, mədəni mübadilə xalqların mədəni özünəməxsusluğunu qorunub saxlanılmaqla qarşılıqlı hörmət şəraitində müxtəlif mədəniyyətlərin və bütün bəşəriyyətin mədəni irsini təşkil edən mədəni dəyərlərin zənginləşməsinə səsəb olacaqdır. Qeyri-qanuni ticarətin və zərərərin qarşısını alan hüquqi, elmi, texniki şərtlərlə tənzimlənən mədəni dəyərlərin qarşılıqlı mübadiləsi xalqlar arasında qarışılıqlı hörmət və anlaşılmanın möhkəmləndirilməsində ən güclü vasitədir. Bu zaman YUNESKO tərəfindən «beynəlxalq mübadilə» dedikdə dövlətlərarası və ya mədəni təşkilatlar tərəfindən mülkiyyət, istifadə və ya mədəni dəyərlərin saxlanılması hüquqlarının verilməsi nəzərdə tutulur. Mədəni dəyərlərin təhvil-təslimi müvəqqəti saxlanılma, alqı-satqı və ya hədiyyə məqsədilə həyata keçirilə bilər.
BMT və YUNESKO müasir dövrdə mövcud informasiya axınlarının qeyri – ekvivalentliyini qeyd edirlər. Hələ 1957-ci ildə YUNESKO BMT –nin Baş Assambleyası qarşısında Şimalın inkişaf etmiş ölkələrilə Cənubun geridə qalmış ölkələri arasında informasiya çəkisinin qeyri-bərabərliyi məsələsini qaldırmışdır. Dünya ictimaiyyəti xəbərlərlərin 80% -ni London, Paric və Nyu-Yorkdan alır. İndustrial ölkələr sputnik vasitəsilə alınan elmi və texniki, sənayə, kommersiya, bank, ticarət əməmliyyatları, təbiət ehtiyatları və iqlim barədə inormasiyaya tamamilə nəzarət altında saxlayırlar. Bu informasiya hakimiyyət orqanları və böyük korporasiyalar tərəfindən qorunur və onlar tərəfindən inkişaf edən ölkələrə axınının qarşısı alınır. Bu problem BMT və YUNESKO-nu çox narahat edir. Çünki kəmiyyət cəhətdən qeyri-bərabərlik bir gün keyfiyyət bərabərsizliyinə gətirib çıxaracaq. Bu cür qeyri-mütənasiblik mədəni mübadilə sahəsindədəmüşahidə olunmaqdadır.
Kommunikasiyanın prinsipial şəkildə qeyri-ekvivalent edən assimetriyanın digər növləri də mövcuddur. Misal üçün, inkişaf edən ölkələrdə transmilli kompaniyalar tərəfindən mədəni və əyləncəli televiziya proqramlarının məzmununa müdaxiləsi nümunə kimi göstərilə bilər. Tədricən öz istehsalımızda olan televiziya proqramlarına, kinofilmlərə, kitablara stimul sönür, nəticədə zövqsüzlük və mədəni həyatın məzmunun bəsitləşməsi baş verir. Ümumilikdə, informasiya təminatı problemi çox vacib problemdir. Çünki azad informasiya mübadiləsi beynəlxalq ictimaiyyət tərəfindən qorunsa da bu günün özündə belə həyata keçirilmir. Hal-hazırda YUNESKO informasiya mübadiləsini daha ekvivalent edən dünya informasiya və kommunikasiyanın yeni düzəminin qurulmasına xidmət edəcək layihələr üzərində çaılışır.
Dünya mədəni irsə, digər xalqların və ölkələrin mənəvi dəyərlərinə müraciət etmədən heç siyasi və iqtisadi cəhətdən qüvvətli dövlət mədəni-estetik tələbatı yerinə yetirməyə qabil deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, mədəni mübadilə bir-birilə sıx əlaqədə olan əməkdaşlıq və rəqabət proseslərindən ibarətdir. Siyasət və iqtisadiyyatdan fərqli olaraq mədəni əlaqələr sahəsində baş verən rəqabət üstüörtülü olsada daha kəskin formada özünü göstərmiş olur. Dövlətlər və xalqlar individlər tək eqoistik cəhətlərə malikdirlər. Onlar üçün öncə öz mədəniyyətlərini qorumaq və öz mədəniyyətlərinin təsir dairələrini genişləndirmək, digər mədəniyyətlərin nailiyyətlərini öz məqsədləri üçün istifadə etmək daha vacibdir. Dünya mədəniyyəti tarixində daxili və xarici ziddiyyətlərə qalib gələ bilməyərək məhv olmuş bir çox böyük və xırda xalqları misal gətirmək olar. Akkulturasiya, assimiliyasiya, inteqrasiya problemləri qloballaşma dövründə, daha dəqiq desək cəmiyyətin bütün sahələrində köklü dəyişikliklər baş verdiyi bir mərhələdə daha da kəskin forma əldə etmiş oldu.
Dünya mədəni məkanında öz yerinin axtarışları problemi, daxili və xarici mədəniyyət siyasətində milli yanaşmaların formalaşması məsələləri 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan Respublikası üçün böyük aktuallıq kəsb edir. Azərbaycanın digər mədəniyyətlərə açıqlığı onun dünyada baş verən mədəni-informasiya proseslərindən asılı etmiş oldu. Bu proseslərə aiddir:

  • ilk növbədə mədəni inkişafın və mədəniyyət industriyasının qloballaşması və həmin prosesdə anqlo-amerikan təsirinin artması;
  • mədəniyyətin kommersiyalaşması, mədəniyyətin böyük investisiya qoyuluşundan asılılığı prosesi;
  • «kütləvi» və «elitar» mədəniyyələrin yaxınlaşması;
  • müasir informasiya texnologiyalarının və dünya kompyuter şəbəkəsinin inkişafından, iformasiyanın və onun ötürülmə sürətinin kəskin arması;
  • dünya mədəni-iformasiya mübadiləsində milli spesifika dərəcəsinin enmə prosesi.

Müasir dövrdə beynəlxalq mədəni məkanın formalaşmasında qloballaşma fenomenin açıqlanması, onun problem və ziddiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Müasir beynəlxalq mədəni mübadilədə Azərbaycan Respublikasının iştirakı zəruridir. 

Müəllif: Yeganə Əliyeva-ADMİU-nun müəllimi, kulturologiya elmləri namizədi;
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

1 şərh

Medikamentoz
Qloballaşmanın tərəfdarıyam,din kimi ondan siyasi məqsədlə istifadə olunmasının isə yox.