***Məmməd Əmin Rəsulzadənin kulturoloji göruşləri***

Qeyd edək ki, M.Ə.Rəsulzadənin kulturoloji fəaliyyətini  analiz etmək moderin kulturologiya elmi nöqteyi-nəzərdən məqsədəuyğun hesab etmək olar.Kulturoloji fəaliyyəti-özunu onun ədəbi-publisist və ictimai-mədəni aspektlərində təzahür etdirir.

   «Müxəmməs» adlı ilk əsəri  "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunmuşdur.1904-cü ilin axırlarında  «Müsavat» cəmiyyəti«nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində „Hümmət“ təşkilatı» yaradılmışdır. Bu təşkilatın banilərindən  biri Məhəmməd Əmin Rəsulzadə (1884-1955) olmuşdur. Təşkilatın «Hümmət» adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cəmi 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

    Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından «Təkamül» adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan «Dünya» qəzeti M.Ə.Rəsulzadənin «Stalin ilə inqilab» adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir.

     O, həmin yazıda da bu barədə söhbət açır. («Dünya» qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu «Fyuzat», həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və «Tərəqqi» qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) «Türk-rus və rus-türk lüğəti» kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun «Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)» kitabını Azərbaycan dilinə təcümə edib və «Təkamül» qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

    1908-ci il dekabrın 5-də Məmhəməd Əminin «Qaranlıqda işıqlar» pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə «Azərbaycana muxtariyyət» şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı «Nagəhan bəla» adlı pyesi də vardır. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür

    O, bu pariyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: «Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur» («Sühən» jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce «Etidaliyyun» («Mötədillər») pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində «Tənqidi-firqeyi-etidaliyyun» adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca «Səadəti-bəşər» adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə «Gənc türklər» təşkilatına rəğbət bəsləmiş, «Türk ocağı» cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan «Türk yurdu» jurnalının fəal yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan "İran türkləri" (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: «Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor» (səh. 108).

    O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin «Qamusi-aləm»inin birinci cildində (İstambul, 1889-cu il, səh.67) «Azərbaycan» məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan «Azərbaycan» qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır". İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) «Vəhdəti cinsiyə fəlsəfəsi»ni («Milli birlik fəlsəfəsi»ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış «Acı bir həyat» əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan «Müsəlman demokratik „Müsavat“ partiyası»na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. «Müsavat» partiyasının quruluşu, «Azərbaycan», Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. «Yeni lisançılar və türkçülər» məqaləsini, Təbriz həyatından bəhs edən «Bir xan» adlı kiçik hekayəsini, «Dil-ictimai bir əməldir» yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

   Bundan başqa, o proletar ədibi M.Qorkinin «Ana» əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan «Diriliyin» birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin «Dirilik nədir?» adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi «Milli dirilik» başlığı altındakı baş məqalələrdə «Azərbaycan qayəsi»ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş «Müsavat» partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər «Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda „Türk yurdu“ jurnalında çap etdirdiyi „İran türkləri“ məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan „Açıq söz“ qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən „Müsavat“ partiyasının orqanı idi.

  1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı»nda oxuyuruq ki, M.Ə.Rəsulzadə «Tarixi-filologiya fakültəsində „Osmanlı ədəbiyyatı tarixi“ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış „İstiqlal“ jurnalında M.Ə.Rəsulzadənin „Azərbaycan respublikası“ adlı əsəri çap olunmuşdur.

    1928-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin „Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti“, „Əsrimizin səyavuşu“, „İstiqlal məfkurəsi və gənclik“ kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstanbulda „Yeni Qafqaziya“ jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda „İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi“, „Millət və Bolşevizm“ və „Qafqasya türkləri“ kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə „Azəri türkü“ (1928-1931), sonra isə „Odlu yurd“ (1929-1930) jurnalları və həftəlik „Bildiriş“ (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində „Azərbaycan və istiqlaliyyəti“ və rus dilində „Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm“ kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən „İstiqlal“ (1932-1934) qəzeti və „Qurtuluş“ (1934-1938) jurnalı çap edilirdi.

    1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan „Azərbaycan respublikası haqqında bəzi qeydlər“ adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində „Çağdaş Azərbaycan ədəbiyyatı“ məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində „Azərbaycan problemi“ və 1939-cu ildə Varşavada polyak dilində çıxmış „Azərbaycanın hüriyyət savaşı“ kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş „İslam-türk ensiklopediyasının“ 1-ci cildində „Azərbaycan ləhcəsi“ adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə „Azərbaycanın kultur kələnkləri“ adlı kitabı işıq üzü görmüşdür. Onun „Çağdaş Azərbaycan ədəbiyyatı“ (1950-ci il) və „Çağdaş Azərbaycan tarixi“ (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada „Azərbaycan şairi Nizami“ adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

    Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan „Ukrayna“ toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində „Azərbaycan respublikası“ məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan „Britaniya ensiklopediyası“nda „Müsavat“ partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid» məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan «Türk ensiklopediyası»nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, «Türk tarix qurumu» və «Türk dili qurumu» ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan «Azərbaycan» jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan «Qafqaz» (1932-1938) və fransızca buraxılan «Prometey» (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan «Məhəmməd Əmin Rəsulzadə», «Yalvac oğlu», «Məhəmməd Əmin», «M.Əlif Rəsulzadə» və s. qeyd etmək olar.

   Beləliklə, Rəsulzadənin kulturoloji göruşlərin əsasını təşkil edən-ədəbi yaradıcılığından məlum olurki onun yaradıcılığın əsas qayəsini məhz “Azərbaycançılıq məfkurəsi” təşkil etmişdi.Hər yazdığı məqalədə, çap etdirdiyi kitabda Azərbaycan cümhuriyyəti, Azərbaycanın azadlığı özunu qabarıq şəkildə təzahür etdirir.

Müəllif:Camal Rzayev

0 şərh