Lerikin maddi-mədəniyyət abidələri

Lerikin Pirasora kəndindən (Pirlər ocağı) üzüyuxarı qalxırıq. Qarşımızda geniş meydan açılır. Bu yaylaq yeri xeyli ərazini əhatə edir. Yol yoldaşım Oqtay Abbasov (pedaqoq-alimdir) bizi gəzdirən «UAZ»ın sürücüsündən nəsə soruşur. Sürücü dərhal peşəkarcasına cavab verir: «Biz Azərbaycan-İran sərhədinin həndəvərindəyik. Bura dəniz səviyyəsindən təxminən iki min iki yüz metr hündürlükdədir. Bu çəmənliklər, göz işlədikcə uzanan çöllər dədə-babalarımızın tarixi yaylaq yerləridir. Onlar at oynadıb, qılınc çalıblar, yadelliləri kəndlərə, elatlara soxulmağa qoymayıblar».

Sürücü düz deyirdi. Axı qarşımızda əzəmətli kiçik Qafqaz dağlarının ardı - Talış dağ silsiləsi uzanırdı. Kömürgöy, Brovar, Qızyurdu zirvələrinə sanki əlini uzatsan, çatar. Bu yerlər cənub istiqamətdə Savalana qovuşur. Çılpaq, qranit qayalıqlar, təpəlikləri örtən cır meyvə kolluqları, alp çəmənliklər, diş tökən bumbuz bulaqlar, ana laylası kimi zümzümə edən həzin dağ çayları ta uşaqlıqdan mənə tanışdır. Savalan ətəklərində ulu Zərdüşt, Babək Xürrəmi, Koroğlu haqqında əfsanələşən söhbətlər yüz illərdir dildə-dodaqda gəzir.

O tayda Savalan vüsalı dadsın,

Bu tayda başım qatandı dağlar.

Əlimi uzatdım, zirvəyə çatsın,

Əlim boşa getdi, utandı dağlar.

Xan bulağının pıqqapıqla qaynayan sərin suyu avqustu unutdurur, soyuqdan dişimiz bir-birinə dəyir. Ancaq hələ Qız Qalası adlanan dağın zirvəsinə dırmaşmalıyıq. Bu dağ elə bil haçansa yerə basdırılmış köklü-köməcli nəhəng palıd ağacıdır. Üzüyuxarı baxanın papağı yerə düşür. Qorxu hissi mənə yaddır, azca bizə görə tərəddüd edən «UAZ»ın sürücüsü qımışa-qımışa qabağa düşür: ardınca mən, sonra əslən Şabran rayonundan olan alim dostum Oqtay Allahverənoğlu «bu gün Qız Qalasını fəth edəcəyik» deyərək zirvəyə yol başlayır. Addımlarımız nə qədər mətin olsa da, dağ keçisi kimi ayaqlarımızı yerə asta-asta qoysaq da, sürüşməkdən, aşağı yuvarlanmaqdan ehtiyatlanırıq. «Ura, biz artıq Qız Qalasındayıq, hər gələn şəhərlinin işi deyil abidəyə dırmaşmaq» - deyə sürücü zarafatından qalmır.

Buna qaya da demək olar, qala da. Çünki təxminən 2-3 hektar ərazini tutan qala-zirvənin dörd tərəfini yağıntılar yuyub və sərt küləklər aparıb.Yuyulmuş sahə sürüşkəndir və torpağın «sümüyü» çıxıb. Qalanın üstündən düz-dünya, Lerikin, Yardımlının yaşayış məntəqələri ovuc içi kimi görünür. Alar və Orand kəndləri lap yaxınlıqda yerləşir. Burada tarixən məskunlaşan yerli sakinlərin söylədiklərinə inansaq qalanın tən ortasında üç bişmiş qırmızı kərpicdən inşa olunmuş minarə varmış. Və eyni zamanda gözətçi məntəqələrinin mövcudluğu onun möhtəşəmliyindən və qüdrətindən xəbər verir. Ətrafa səpələnmiş kərpic qırıntıları hər yanı al-qırmızı lalə rənginə boyayıb. Ehtimal olunur ki, sehrli qalanın lap yaxınlığında karxana fəaliyyət göstərirmiş və kərpic də həmin emal müəssisəsinin məhsulu imiş.

Əlbəttə, Bakıdakı məşhur Qız Qalası da daxil olmaqla istər Azərbaycanın bölgələrində, istərsə də digər Şərq ölkələrində kifayət qədər bu tipli abidələr var. Bəs nə üçün onlar məhz Qız Qalası adlanırlar? Tarixçi-alim Samir Kərimov yazır:

- Qız Qalasının əslində «Göz və ya Oğuz Qalası» olduğunu söyləyənlər də var. Azərbaycanda bir çox yerdə Qız Qalası olub. Məsələn, Gədəbəy rayonunda yerləşən Qız Qalasının 1500 illik tarixi var. Bu abidələr barədə alimlərin fikirləri müxtəlifdir və həmişə haçalanıb, bir-birini təkzib edib. İran tədqiqatçısı Bastani Parizin fikrincə, burada «qız» məfhumu qədim Şərqin müqəddəs sayılan su ilahəsi Anahita ilə əlaqədardır. Qız qalalarının salındığı ərazilərdə vaxtilə Anahita ilə bağlı məbədlərin olması, sonralar isə həmin məbədlərin öz dini xarakterini itirib müdafiə istehkamlarına çevrilməsi düşmən hücumundan qız-gəlinlərin qorunması, gizlədilməsi məqsədi daşıyıb.

Lerikin bu məşhur qalası haqqında müxtəlif arxeoloqlar, tarixçilər məlumat verirlər. Onun adı A.A.Bakıxanovun məşhur «Gülüstani-İrəm» əsərində də çəkilir. Təəssüf doğuran faktdır, qalaya biganə münasibət bəslənilib və o qorunmayıb. Ətrafında və içində heç bir tədqiqat işi aparılmayıb.

Dildə-ağızda isə belə bir xalq əfsanəsi dolaşır. Guya bu qala ilə üzbəüz, yəni oğlan qalasında yaşayan bir cavan Qız Qalasında yaşayan mələksimaya vurulur. Oğlan son dərəcə kasıb, qız isə varlı-karlı imiş. Gözəlin atası yeganə qızını qonşu qalada yaşayan kasıba vermək istəmir. Ancaq həqiqətən onlar arasında olan saf duyğular, eşq-məhəbbət macərası varlı xanı qorxuya salır. O, çox düşünüb-daşınır və bir gün qəfildən yurd yerini tərk edir, indiki Ərdəbil şəhərinin yerləşdiyi səmtə üz tutur. Əli hər yerdən üzülən qız buranı tərk ed-edə qayalıqlara pıçıldayır:

- Oğlan, məni, ərdə bil! Oğlan, məni, ərdə bil!

Səhər guya oğlan yuxudan ayılır və görür ki, həqiqətən «lələ köçüb, yurdu qalıb». Nərə çəkən pəhləvan cüssəli cavanın səsi qayalıqda əks-səda tapır. Bu zaman hər tərəfdən qulağına səslər gəlir:

- Oğlan, məni, ərdə bil! Oğlan, məni, ərdə bil!

O, sevgilisinin izinə düşür. Uzun axtarışdan sonra onun olduğu yeri (indiki Ərdəbili) tapır. Bu əfsanəyə görə, guya Ərdəbilin adı buradan yaranıb. Bir-birinə qovuşa bilməyən sevgililərdən nakam məhəbbət dastanı yadigar qalır.

* * *

XIX əsrin əvvəllərində Rusiyanın istilasından sonra Azərbaycan iki yerə bölünüb, onun əski tarixə malik maddi-mədəniyyət abidələrinin də xeyli hissəsi cənubda qalıb. Təxminən 4-5 min il tarixi ehtimal edilən Ərdəbil şəhəri həmişə diqqət mərkəzində olub və hətta müəyyən tarixi mərhələlərdə Azərbaycanın (Səfəvilər dövlətinin) paytaxtına çevrilib. O məhəbbət faciəsinin Ərdəbilin adı ilə əlaqəsinə gəlincə, bu, əfsanələşmiş, daşlaşmış həqiqətdir. Azərbaycan bölünəndən sonra bu ayrılığı xalq həzm edə bilməyib, buna dastanlar, hekayətlər, nəğmələr qoşulub. Müasir bayatılarımızın birində Ərdəbilin adı belə vəsf olunur:

Mən aşiq Ərdəbilə,

Yol gedir Ərdəbilə,

Səbrimizə daş basdıq,

Qorxaq da, ər də bilə.

Ərdəbil Lerik rayonunun inzibati ərazi bölgüsünə çox yaxındır. Rayonda Ərdəbil adlı kənd mövcuddur (Ərdəbilə). Hətta Lerikdə Təbrizli yaşayış məskəni də var. Yer adları, toponimlər tamam eynidir, bir-birinin təkrarıdır. Görünür, ərazidə yaşayan əhalinin də əsasən kökü, soyu eyniyyət təşkil edir.

Bundan başqa Lerik ərazisində Nuhdüz, Qələbin, Büzeyir, Digah kimi strateji əhəmiyyətə malik qalalar var və hər maddi-mədəniyyət nümunəsində xalqımızın tarixinin bir parçası yaşayır. Qalaları öyrənilərkən son dərəcə diqqətli olmaq, adlara, toponimlərə xüsusi fikir vermək gərəkdir. Çünki bir sıra adlar türk, ərəb, fars sözləri ilə qarışıb, ortaq mədəniyyət nümunəsi kimi təhlilə və araşdırmaya ehtiyacı var. Büzeyir qalasına yerli camaat Bəzzəy, Bizəy qalası deyir. Görünür, abidənin Bəzz qalası ilə bağlılığı şübhəsizdir, yoxsa toponimlər bir-birinə bu qədər oxşamazdı. Qala Talış dağ silsiləsinin ən hündür məkanında qərar tutduğundan buradan Lerik, Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Muğan düzünün tən yarısını, Xəzər dənizinin xeyli hissəsini, Cənubi Azərbaycanın bir sıra yaşayış məskənlərini seyr etmək mümkündür.

Lerikdə abidələrin təsnifatına varanda, görürsən ki, dini-tarixi türbələr, ocaqlar, müqəddəs pirlər daha çoxdur. Sözsüz, onların bir qismi islama qədərki dövrlə bağlıdır. Çünki əraziyə adi baxış keçirərkən bütpərəstliyin nişanələrini görməmək mümkün deyil. Fikrimizi daş abidələr təsdiqləyir. Xüsusi yonulmuş daşlar, onlar üzərində inam və sitayişlərin əksi, qoç, öküz heykəlləri daha qədim əyyamların rəsmini canlandırır. Və yenə min təəssüf ki, həmin o məzarüstü daş abidələrin bir qismi məhv olub. Rayonun Çayrud, Monidigah, Veri, Cəngəmiran, Mastayıl, Kirəkud kənd qəbiristanlıqlarında bu cür hallar baş verib.

Bölgədəki dini-tarixi yerlərin, abidələrin əsas hissəsi İslamın bərqərar olması ilə bağlıdır. Bununla belə, Hüseyn Ata, Yaşıl Baba, Cabir Ənsar, Baba İbrahim, Baba İsa, Xəlil Zəkəriyyə, Seyid Əbülqasım, Baba Məhəmməd, Pir Yusif və s. türbələrin divarlarında daha qədim dövrlərin əlamətlərini, izlərini oxumaq mümkündür. Şübhəsiz ki, islami elementlər sonrakı əsrlərdə ocaq və pirlərə kəskin surətdə nüfuz edib və bir növ gizli, sirli tarixin izlərini örtüb.

Tarix - millətin keçmişidir və həm də sabahıdır, gələcəyidir. Çünki keçmişi qılınclasan, «Gələcək səni topa tutar». Eyni zamanda tarixi qaranlıq olan millətin millətlər içində imzası yoxdur, deməli soyu, kökü şübhə altındadır. Gəlin hamılıqla abidələrimizə hörmətlə yanaşaq, onların qədrini bilək, yaşadaq, nəsildən-nəsilə ötürək. Böyük şair Səməd Vurğun əbəs yerə demirdi:

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı,

Nəsildən-nəsilə bir yadigardır!

0 şərh