“Avesta” tarixi mədəniyyət abidəsi kimi

Avesta Azərbaycanda, İranda, Orta Asiyada, Əfqanıstanda və Hindistanda geniş yayılmış Zərdüştlük dininin (daha sonralar həm də Atəşpərəstliyin) müqəddəs kitabı olmuşdur. Kitab bir neçə dəfə məhv edildiyindən dövrümüzə tam şəkildə çatmamışdır.
Zərdüştilik ənənəsinə görə, «Avesta»nın əski əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır.

Bizə bəllidir ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini  məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, «Avesta»nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş «Avesta»nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş «Avesta» Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi.

Nəhayət, «Avesta»nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda maddiləşmiş «Avesta» olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin ki, təsir edə bilərdi. Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış «Avesta»nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu «Avesta»nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.

Lakin alimlərin hesab etdikləri kimi, ilkin «Avesta»dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda «Avesta»nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.

Qeyd edilməlidir ki, İ.Purdavud bütün əsərlərində birmənalı olaraq Avestanın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars dillərinin təsirinə məruz qalması sübut edilmişdir) yazıldığını iddia edir. Lakin bir çox alimlər onun bu barədə gətirdiyi faktları qənaətbəxş hesab etmirlər. İqrar Əliyevin fikrincə Avestanı nə İranın Şərqinə, nə də Qərbinə aid etmək düzgün deyildir. Çünki, Avestanı İranda yaşayan bütün millətlərin ortaq mədəniyyəti kimi qəbul etmək daha məqsədəuyğundur.

İ.Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış Xurda-Avesta da mühüm elmi əhəmiyyətə malikdir.

İran ədəbiyyatçılarından Məhəmməd Müin də bir sıra əsərlərini avestaşünaslığa həsr etmişdir. M.Müin odun əhəmiyyətini qeyd etdikdən sonra belə bir nəticəyə gəlir ki: «Arilər oda başqa tayfalardan daha artıq hörmət edirdilər. Ümumiyyətlə, mənbələrin göstərdiyinə görə, od müxtəlif dini əqidələrə malik olan insanların həyatında da mühüm rol oynamışdır.” İranın geniş ərazilərində və Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin də həyatında od mühüm yer tutsa da onlar arasında daha çox Tanrıçılıq yayılmışdı.

Avestanın dili haqqında M.Müin yazır: ”Sasani dövründə tərirb edilib,bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə Avesta dili adı ilə məşhurdur.”

İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran dilləri qrupuna daxildir. M.Müin Avestanın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.

M.Müin Bartolomeyə istinad edərək göstərir: “Qatların dili, onda olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann digər hissələri qədim dövrün abidələri deyil.” Avestada dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə (dəyişmə) üsulu ilə ticarət edir,hələ də sikkə pulun nə olduğunu bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi.

Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:Getha (Qatlar) Yəsna Vidivdad (Vəndidad) Yəşt Xurda Avesta

Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şər ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir. Avesta tarix mədəniyyət abidəsi kimi dəyərli mənbədir. Burada biz tarixi mənbə kimi yaxşı qaynaqlana bilərik
 

0 şərh