Turizm

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir. Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Turizm Fransız mənşəli söz olmaqla səyahət, səfər etmək deməkdir. Turist istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. Dərketmə məqsədi ilə həyata keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir. İngiltərəli keşiş Tomas Kuk müasir turizmin banisi hesab olunur. O, 1841-ci ildə dəmir yolu vasitəsilə ilk kütləvi gəzinti təşkil etmişdir. Bu səyahətdə 600-ə yaxın adam iştirak etmişdir. Bu onun turizm fəaliyyətinin, həmçinin müasir turizmin, turizm sahəsinin başlanğıcı idi. Həmçinin dəmir yolları beynəlxalq turizmin gələcək inkişafı ilə bağlı bütün tədbirlərin və reklamın müəyyənləşdirilməsini də öz üzərinə götürmüşdü. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir. İlk zamanlarda əsasən zəngin insanlara xidmət edən turizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir "XX əsrin fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi. Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitələrinin meydana çıxması ilə üst-üstə düşür. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.
Müəllif : Cavid Cəbiyev
 

0 şərh