Xarmens van Reyn Rembrandt (1606-1669)

Rembrandt (1606-1669) – Dünya rəngkarlığının zirvələrindəndir. «Həkim Tulpun anatomiya dərsi» (1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün personajlar psixoloji cəhətdən Tulpa tabedir.

Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. «İbrahimin qurban kəsilməsi» (1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Məs. «Saskiyanın portreti» (1634), «Avtoportret» (1634). Daha məşhur əsərləri «Danaya» (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib), «Gecə qarovulçusu», «Müqəddəs ailə» (1645), «Xəstələri dirildən İsa» (1649), «Xendrikke pəncərə önündə», «Avtoportret» (1652), «Xendrikke Stoffelsin portreti» (1656-1657), «Yəhudi gəlini» (1666), «Səfil oğulun qayıtması» (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, «Titusun portreti» (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.

Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam idi.

O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji mövzudakı əsərlərinə «Müqəddəs ailə», «Danaya»nı göstərmək olar. Həyatının sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın «Yan Siks» rəsmində daha çox hiss olunur.



 

0 şərh