Rafael Santi (1483-1520)

Yüksək İntibah dövrünün məşhur rəssamılarından biri də Rafael Santidir (1483-1520). Rafael təsviri sənətdə novator kimi tanınmışdır. Bununla o yüksək gözəllik və harmoniyaya nail olmuşdu. Məhz elə ona görə də Rafaeli yüksək harmoniya daşıyıcısı adlandırırlar.
O, öz əsərlərində humanizmin ən parlaq və yüksək təsəvvürlərini təcəssüm etdirmişdir. Onun ən sevimli obrazları Madonna idi. Onun Madonnalar ustadı kimi adlandırılması məqsədəuyğundur. Rəssamın «Konestabil Madonnası» (1502-1503) əsəri erkən yaradıcılığının ən gözəl nümunəsidir. Bu çağın digər tablosu «Məryəmin nişanlanması» (1504) adlı əsəridir. Bu əsərdəki obrazlar, gənc oğlan və qızların təbii zəifliyi tamaşaçını heyran qoyur. Obrazların hərəkətləri, pozaları, jestləri çox dinamik və plastik səciyyə kəsb edir. Rəsm tablosunda artıq heç bir detal və ya cizgi yoxdur. Qızılı, qırmızı, tünd yaşıl rəng çalarları bayram əhval-ruhiyyəsi bəxş edir. 

1504-cü ildə Florensiyaya gələn Rafaelin yaradıcılığı yetkinlik əldə edir. Onun bu dövrdə yaratdığı madonnalar körpə İsa ilə daha çox təsvir olunur. O dövrdə peyzaj fonunda istifadə daha başlıca yer tutur. 1505-ci ildə «Madonna yaşıllıqda» əsərində Leonardonun piramida kompozisiyasından istifadə edilərək incə rəng harmoniyalarına diqqətlə yanaşılmışdı.

Rafaelin müvəffəqiyyətləri, onun 1508-ci il Romadakı papa sarayına dəvəti ilə nəticələndi. O, Vatikan sarayındakı otaqların (stans) divarlarının təsvirlərlə bəzədilməsi sifarişini aldı. Rafael və onun tələbələri binanın tavanlarını, divarlarını çoxfiqurlu freskalarla, naxışlarla bəzədilər. 1509-1517-ci illərdə Vatikan stanslarının bəzədilməsi rəssama şan-şöhrət gətirdi. Bütün bunlarla yanaşı bu böyük rəssamın digər məşhur əsərləri «Sikstin Madonnası», «Donna Velatanın», «Lal qadın» portretləri ona şöhrət gətirən əsərlərdəndir. Rafael mahir rəsm ustadı idi. Bu rəsmlərdə cizgi və xətlərin rahat, azad, səhvsiz məqamlarını duymaq mümkündür.
 

0 şərh