Etik mədəniyyət

Etik mədəniyyət şüur və bilik, məvcud olanlar haqda təsəvvürlər, dəyərlər sistemi, əxlaqi davranış və münasibətlər,eləcə də insanların mənəvi həyat və fəaliyyətinin birliyidir. O, insan və cəmiyyətin ruhi inkişafdakı keyfiyyət və nailiyyətlərinin səviyyəsidir. Etik mədəniyyətin əsasını insanların maraq, tələbat, bilik və xarakterdən ibarət dəyərlər sistemi təşkil edir. Cəmiyyətin etik mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir. İctimai şüur forması olan etik mədəniyyət insanların irsi keyfiyyət və tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.

“Etika” sözünün yunan dilindən tərcüməsi adət, xasiyyət və meyl mənasını verir və əxlaq , onun mənşəyi və inkişafı, insan davranışının qayda və normaları, insanların ailəyə, bir-birinə, cəmiyyətə, vətəninə, dövlətə və bəşəriyyətə münasibətdə vəzifələri haqqında təlimdir. Bununla belə, etika iki ölçüdə nəzərdən keçirilir: insan davranışının müəyyən norma və qaydalarının toplusu olan normativ etika və əxlaqın fəlsəfi nəzəriyyəsi olan metaetika kimi. Bir çox etik təlimlər əxlaqı ya ilahi iradənin təzahürü, ya da insanın özünün yaradıcılığı kimi qiymətləndirirlər.

Nəzəri etika ümumi sosial-mədəni proseslər və cəmiyyətdə əxlaqın rolunu araşdırmaqla yanaşı, həm də ruhi fəaliyyətin, əxlaqi şüur, əxlaqi dəyərlər və əxlaqi münasibətlərin təbiətini (mahiyyətini) tənqidi təhlil edir. Etika elminin əsas vəzifəsi insan və cəmiyyətin mənəvi problemlərini öyrənmək, insanların əxlaqını təkmilləşdirmək, Xeyir və Şər məfhumları, mövcud həqiqətlər, insanların öz mənəvi seçimini düzgün müəyyənləşdirməsi, onlardan doğan arzu və əməllər, həyat və fəaliyyətdə pozitiv nəticələr əldə etmək haqqında düzgün anlayış, təsəvvür və təfəkkür formalaşdırmaqdır. Dünya mədəniyyəttarixi etikanın inkişafını müəyyən edən obyektiv qanunauyğunluqların aşkar edilməsinə imkan verir. O, sübut edir ki, etik normalar uzun müddətli tarixi dövr ərzində formalaşır.Onlar insanların tarixi tələbat və həyati maraqlarını, eləcə də, bir çox nəsillərin dini və dünyəvi təcrübəsini əks etdirir. Bu təcrübə əsasında etika, nəinki mənəvi prinsipləri ümumiləşdirib sistemləşdirir, həm də onu elmi cəhətdən əsaslandırır.

Etika ruhi-nəzəri fəaliyyətin maddi-praktik fəaliyyətdən ayrılması nəticəsində, hələ sinifli quldarlıq cəmiyyəti dövründə, fəlsəfənin bir hissəsi kimi yaranmışdır. Bu termin ilk dəfə elmi leksikona Aristotel tərəfindən, insanların sosial praktik fəaliyyətində kortəbii formalaşıb, gündəlik əxlaqi şüurdan fərqlənən, geniş və yüksək əxlaq təliminin ifadəsi üçün daxil edilmişdi.

Quldarlıq, feodalizm, burjua, sosialist cəmiyyətlərində müxtəlif sosium və fərdlərin etikası da fərqli olmuşdur. O, daim sosial mənşə, dini səviyyə, sinif, qrup və şəxsi maraqlar, həyat tərzi və dəyərlər sistemindən asılı olmuşdur. Təxəyyülə bağlı yüksək aprior prinsiplərin xas olduğu dini etikadan fərqli olaraq, dünyəvi etika – tarixi hadisədir. O, davranış və təfəkkürün məkan və zaman üzrə dəyişən, ictimai quruluş, rəsmi ideologiya, sinfi münasibətlər, dəyərlər, maddi və sosial-siyasi həyat tərzinə uyğunlaşan, olduqca mütəhərrik kateqoriyasıdır. Əxlaqı, hər şəraitdə mütləq olub, əbədi həqiqətlərin məcmusu kimi qəbul edən antik mütəfəkkirlər, onu insanların ruhi və hissi həzzə olan təbii ehtiyacı(Epikur), “rifahın” yüksək hissi ideyası(Platon), təlim və vərdişlə şərtlənən “intellektual”, “iradi” və “vətəndaş xeyirxahlığı”(Aristotel) kimi nəzəriyyələrlə ifadə edirdilər. Allaha məhəbbət və ilahi iradəni üstün tutan feodalizm mütəfəkkirləri, insanı və insan idrakını başlıca dəyər kimi qəbul edən İntibah və Maarifçilik dövr filosofları, azadlıq və bərabərlik ideyalarını təbliğ edən burjua cəmiyyəti, sosial ədalət ideyalarına sadiq sosialist cəmiyyəti, insan iradəsi müstəqilliyi ideyalarına istinad edən kapitalist cəmiyyəti öz etik təlimini yaratmışdır.

Etik dünyagörüşün dəyəri ondadır ki, o, həqiqətlər, insan və onun həyatının mənası, insanların ailə, kollektiv və cəmiyyətdəki əxlaq prinsipləri və davranış normaları haqqında aksioloji ideyalar formalaşdırır. Xeyir və Şər meyarlarının qiymətləndirilməsi kontekstində “nə etməli?” sualına cavab axtararaq, bəzi nəzəriyyələr insan təbiətindən yox, əxlaqın sosial xarakterindən çıxış edirlər, digərləri isə, əxlaqın ictimai şüur forması olduğunu unudub, “insan təbiətini” ön plana çəkirlər. Etikanı, fərdlərin ehtiyac və tələbatları ilə xeyirxahlığı arasındakı harmoniya vasitəsi kimi nəzərdən keçirən Kant, mənəviyyatın qorunması üçün allahın mövcudluğu və ruhun əbədiliyinin qəbul edilməsini zəruri hesab edirdi.
 

0 şərh