Mədəniyyəti idarə etmək mümkündürmü?

Mədəniyyətlə dövlətin birgə mövcud olduğu uzun əsrlər boyu bu sual nəinki öz aktuallığını itirməmiş, inkişaf etməkdə olan vətəndaş cəmiyyəti şəraitində həm də yeni məna kəsb etmişdir. Bu gün mədəniyyətin komanda-inzibatçılıq metodundan imtina edilməklə idarə olunması, bu sahənin hüquqi və maliyyə təminatının həyata keçirilməsi, onun strateji inkişaf xəttinin işlənib hazırlanması ilə bağlıdır. Azərbaycanda bu funksiyalar çox səviyyəli sistem vasitəsilə həyata keçirilir. Həmin sistemə aşağıdakılar daxildir:
  • Milli Məclisin – Azərbaycan parlamentinin mədəniyyət məsələləri üzrə daimi komissiyası və sosial qanunvericilik şöbəsi – mədəniyyətin qanunvericilik əsaslarını təmin edir;
  • Prezident Aparatının humanitar siyasət şöbəsi – mədəni quruculuğun strategiya və taktikasını işləyib hazırlayır;
  • Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsi – dövlətin sosial proqramlarının həyata keçirilməsini əlaqələndirir və təmin edir;
  • Mədəniyyət Nazirliyi – mədəniyyət sahəsi üçün dövlət büdcəsini tərtib edir, yuxarıda sadalanan bütün funksiyaları özündə cəmləşdirən birləşdirici mərkəz rolunu oynayır, dövlətin mədəniyyət siyasətinə bilavasitə rəhbərlik edir və bu siyasətin konkret realizasiyasını və əlaqələndirilməsini həyata keçirir. Nazirliyə respublikanın mədəniyyət naziri başçılıq edir. Rəhbər tərkibə həmçinin, hər birinin öz nüfüz dairəsi olan üç nazir müavini daxildir.
  • Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının öz ali məclisi, Nazirlər Kabineti və Mədəniyyət Nazirliyi vıardır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları Azərbaycan Respublikasının qanunlarına zidd ola bilməz. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası yüksək muxtariyyət statusuna malik olmaqla yanaşı, Azərbaycan Respublikası ilə eyni mədəniyyət siyasəti məcrasına daxildir.
  • Respublikada ən iri şəhərlərdə – Bakı, Gəncə, Sumqayıt və Xankəndində yerləşən 4 Mədəniyyət İdarəsi mövcuddur.
  • Respublikanın 7 şəhərində və 61 rayonunda mədəniyyət şöbəsi vardır.
Bütün parametrlərinə görə belə bir struktur mədəniyyət siyasətinin daha çox dördüncü modelinə (Fransada və keçmiş Sovet İttifaqında yayılmışdır) yaxındır. O, güclü adminstrasiya, dövlət tərəfindən güclü maliyyələşmə, mədəni həyat üzrə bütün tərəfdaşların, xüsusilə də regional və yerli cəmiyyətlərin müxtəlif peşə təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və əlaqələndirilməsini tələb edir. Heç şübhəsiz ki, bu model bir çox cəhətdən sovet keçmişindən miras qalmışdır. Bu da qanunauyğun haldır, çünki mədəniyyət siyasətini yaradan insanlar bir çox cəhətdən öz ölkələrinin tarixi ənənələrinin, onun dövlət qurluşunun, cari siyasi və iqtisadi situasiyaların, milli mentalitetin, mədəniyyət və incəsənət elitasının öz daxilindəki qüvvələr nisbətinin «əsiridirlər». Eyni zamanda mədəniyyət siyasəti cavan elmdir. O sürətlə güc toplayır, getdikcə daha çox dövləti öz aktiv fəaliyyət dairəsinə cəlb edir, həmin dövlətlər arasında informasiya və intellektual mübadiləni stimullaşdırır. Nəticədə, bütün bunlar müxtəlif ölkələri mövqe yaxınlaşmasına sövq edir və onların müsbət təcrübələrinin dünya arenasına yayılmasına rəvac verir. Bu prossesin aktivləşməsində YUNESKO, son illər isə Avropa Şurası kimi beynəlxalq təşkilatlar əhəmiyyətli rol oynayır.

Azərbaycanda mədəniyyət məsələləri bilavasitə aşağıdakı orqanların ixtiyarındadır: Mədəniyyət Nazirliyi, İdman, Gənclər və Turizm Nazirliyi, Dövlət Teleradio Şirkəti, Dövlət Arxivi. Bu cür müxtəlif idarələrə bölünmə, yaxşı inkişaf etmiş üfüqi əlaqələr sisteminə malik, uzlaşdırılmış mədəniyyət siyasətinin işlənib hazırlanmasının zəruriliyi kimi köklü bir problem doğurur. Son illərin əlamətdar tendensiyalarından biri əvvəllər müstəqil fəaliyyət göstərən Abidələrin Mühafizəsi, Bərpası və İstifadəsi üzrə dövlət Komitəsinin və «Azərkinovideo» istehsalat birliyinin Mədəniyyət Nazirliyi strukturuna daxil edilməsi olmuşdur. Mətbuat və İnformasıya Nazirliyinin yenidən strukturlaşması nəticəsində, onun funksiyalarının bir qismi Mədəniyyət Nazirliyinə keçmişdir. Heç şübhəsiz ki, həmin addımlar müsbət qiymətləndirilməlidir, çünki onlar dövlətin vahid mədəniyyət siyasətinin planlaşdırılması və realizasiyasını asanlaşdırır, onun üçün ümumi fəaliyyət sahəsi yaradır.
Beləliklə, bu gün mədəniyyət siyasətinin inkişafını iki əsas tendensiya – mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyaları müəyyən edir. Bir tərəfdən, mədəniyyət müəssisələrinin idarə olunması funksiyaları tədricən şəhər, kənd səviyyəsində yerli icra orqanlarına verilir, digər tərəfdən isə abidələrin mühafizəsi, kitab nəşri, kinematoqrafiya kimi mühüm istiqamətlər bir idarənin – Mədəniyyət Nazirliyinin çətiri altında birləşdirilir.
Üç «D» konsepsiyası: desentralizasiya, demonopolizasiya və demokratikləşmə
Mədəniyyətin idarə olunması sahəsində desentralizasiya, demonopolizasiya və demokratikləşmə prosseslərini sürətləndirməyi nəzərdə tutan Avropa mənşəli «Üç «D» konsepsiyası»nın mütərəqqi ruhuna haqq qazandırmaqla yanaşı, qeyd edək ki, bu gün Azərbaycanda həmin prinsiplərin həyata keçirilməsi böyük ehtiyatlılıq tələb edir. Problem ondadır ki, böyük şəhərlərdə demokratik dəyişiklilər açıq-aşkar hiss edilsə də, kənd yerləri və regionlarında həmin prosseslər kifayət qədər intensiv getmir, mədəniyyətə ayrılan büdcə vəsaitləri isə heç də həmişə məqsədyönlü istifadə olunmur. Belə bir vəziyyətdə keçid dövrü üçün elə idarəetmə modelləri axtarıb tapmaq lazımdır ki, ümumdövlət səviyyəsində güclü inzibatçılıq hər bir konkret hala çevik yanaşa, büdcə planlaşdırması isə məqsədli və fərdi layihələrə uyğunlaşdıra bilsin.
Desentralizasiya prossesi formal olaraq mədəniyyət fəaliyyəti praktikasında hər gün baş verir. Belə ki, mərkəzi və yerli hakimiyyət orqanları arasındakı büdcə maliyyələşməsi orta hesabla 20 – 80% nisbətində müəyyən edilir. Lakin bu 80%-in real bölüşdürülməsi, onlardan istifadənin adekvatlığı, nəhayət, onların realizasiyasına nəzarət heç də yaxşı halda deyildir.
Təəssüflər olsun ki, hər şeydən əvvəl məhz yerli mədəniyyət obyektlərinin vəziyyəti qənaətbəxş deyil. Vəsaitlərin dağınıqlığı və mədəniyyət prosseslərinə səriştəsiz rəhbərlik bunda heç də az rol oynamır.
Mədəniyyət fəaliyyətinin demonopolizasiyası prossesi eyni vaxtda iki istiqamətdə – yuxarıdan və aşağıdan inkişaf edir. Belə ki, məsələn, 4 oktyabr 1997-ci il tarixli prezident fərmanına uyğun olaraq ölkədə lisenziyalaşdırma sistemi tətbiq olunmağa başladı ki, bu da müstəqil şəkildə, dövlətdən asılı olmadan konsert-əyləncə tədbirlərini keçirmək hüququ verdi; qeyri-rentabelli mədəniyyət obyektləri özəlləşdirildi. 2002-ci ildən isə konsert-əyləncə proqramlarının təşkili üçün tələb edilən lisenziya sistemi də ləğv olundu.
Digər tərəfdən, mədəniyyət indüstriyaları – kitab nəşri, mətbuat, audiovizual və fonoqram məhsulları, əyləncə indüstriyası və yeni texnologiyalar bazarı sürətlə inkişaf edir. Praktik olaraq, bu gün bu bazar milli mədəniyyət siyasətinə inteqrasiya olunmayan, dövlət tərəfindən maliyyələşdirilməyən və nizamlanmayan müstəqil biznes sahəsidir (kinomatoqrafiya istisna edilməklə). Hal-hazırda Mədəniyyət Nazirliyi Açıq Cəmiyyət İnstitutu ilə birlikdə «Azərbaycanda mədəniyyət institutları: müasir vəziyyət və inkişaf perspektivləri» layihəsini həyata keçirir. Layihədə ilk dəfə olaraq həmin bazarın sərhədlərinin müəyyən edilməsinə, müəllif hüquqlarına riayət olunması probleminin öyrənilməsinə, bu sahədə sosioloji tədqiqatlar aparılmasına cəhd edilir. Artıq layihənin həyata keçirilməsinin ilkin mərhələsində aydın olmuşdur ki, bir çox rəqəmlər üzə çıxarılmır və xüsusi sahibkarlar tərəfindən səylə gizlədilir. Lakin çox da dərin araşdırmalar aparmadan belə audio, video və kompüter məhsulları bazarında müəlliflik hüquq və vergi qanunvericiliyinə riayət edilməsilə bağlı ciddi problemlər olduğu aydın şəkildə üzə çıxır. Mədəniyyət industriyalarının və onların istehsal etdiyi kütləvi mədəniyyətin rolunu qiymətləndirməmək dövlət siyasəti üçün bağışlanmaz səhv olardı. Leqal biznes üçün şərait yaradılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, konsultativ və texniki yardım – məhz bu vasitələr dövlətə bu qeyri-qanuni doğulmuş «enfant terrible» ilə ümumi dil tapmaqda və onu legitimləşdirməkdə kömək edə bilər.

 

0 şərh