Müasir mədəni mühit və bədii təhsilin inkişafı

Müasir mədəni mühiti Azərbaycan mədəniyyəti konteksində təhlilini aparanda əlbəttə, bir sıra problemlərlə biz rastlaşırıq.İlk öncə bilək “Mədəni mühit” anlayışı nədir? Və müasir mədəni mühitin əsas problemləri və qarşıya qoyulan məqsədlərə necə çatmaq olar? “Mədəni mühit” özundə cəmiyyətin mədəni, mənəvi hadisələrini ehtiva edir.

Umumilikdə insan fəaliyyəti,davranış hərəkətlərini, mədəniyyətin bütun növlərini(əsasən məişət mədəniyyətini) mədəni mühit sferasına daxil etmək olar. Müasir mədəni mühitin müsbət tərəfə inkişafı bədii təhsildən az asılı deyildi. Bədii təhsilin keyfiyyətin yüksəldilməsi biləvasitə müasir mədəni mühitin yaxşılaşmasına gətirib çıxarır, o cümlədən Azərbaycanda müasir mədəni mühitin müsbət tərəfə inkişafı, mədəni-mənəvi dəyərlərin, mədəni irsin qorunub gələcək nəsillərə düzgun çatdırmaq missiyası bu gün bədii təhsilin yüksək inkişafından asılıdır. İllər uzunudur ki, elmin və mədəniyyətin ciddi tərəqqisinin müşahidə edildiyi Azərbaycanda maddi dəyərlərin mədəni-mənəvi dəyərlər üzərində hökmranlıq etdiyi, insanların hərəkət və davranışlarına yön verdiyi inkarolunmazdır. Arzusunda olduğu maddi zənginliyə qovuşmaq üçün öz mənəviyyatından xammal kimi istifadə edən və hər ötən gün öz əzəli məsumluğunun bir zərrəsindən imtina etməklə maddi qüdrətini artırmağa çalışan çağdaş cəmiyyət, bu gün getdikcə azğınlaşan və öz hislərini cilovlaya bilməyən vəhşi kütləni xatırlatmaqdadır. İnsan olaraq öz yaradılığının gərəyincə yaşamaqdan imtina edən və madiyyatın amansız cazibəsinə qapılıb gedən milyonlarla fərd gündəlik həyatında gözləməli olduğu onlarla prinsipi çeynəyib keçərək sanki bütün mənəvi-mədəni dəyərlərə düşmən olduqlarını bir kəs daha yada salmağa çalışır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda mədəniyyətin digər sahələri kimi məişət mədəniyyəti də öz məhvinin astanasında dayanaraq son, qəti süqutunu gözləməkdədir. Bunun bir səbəbini bədii təhsilin yüksək səviyyədə olmaması ilə izah oluna bilinər. Ümumiyyətlə, Azərbaycanın hələ sovet dönəmində belə məişət mədəniyyəti baxımından ciddi sıxıntılar yaşadığı və digər ölkələrlə müqayisədə böyük fərqlə uduzduğu bir həqiqətdir.

Lakin sovet dövründən fərqli olaraq hazırda daha böyük problemlərlə üzləşən məişət mədəniyyətimizin içinə düşdüyü böhrandan yaxın bir neçə il ərzində qurtulacağı o qədər də inandırıcı görünmür. Elə ölkə ziyalıları da Azərbaycanın məişət mədəniyyəti ilə bağlı geriliyini aradan qaldırmaq üçün sərt və sistemli tədbirlər görülməsinin zəruriliyi qənaətindədirlər. Hazırda Azərbaycanda müasir mədəni mühiti xarakterizə edən mədəni səviyyənin aşağı və ya yuxarı olması haqqında deyil, ümumiyyətlə var olub-olmaması haqqında fikir yürütmək daha məqsədəuyğundur: “Belə düşünmək olar ki, bu gün mədəni səviyyənin mövcud olub-olmadığı ilə bağlı danışmaq daha doğru olar. Biz çox tez-tez mədəni millət olduğumuzu dilə gətirir, zəngin mədəni irsə malik olmağımızla bağlı təmtəraqlı şüarlar səsləndiririk. Ancaq reallıq ondan ibarətdir ki, bu gün bizim mədəni səviyyəmiz olduqca aşağıdır. Bu gün dünyada sivilizasiyaların qovuşması, mədəniyyətlərin bir-birini anlaması, talerantlıq və s. anlayışlar var ki, bunlar qlobal mədəni hadisələr hesab edilir və təəssüf ki, məhz belə bir vaxtda azərbaycanda əskər insalar normal mədəni səviyyəyə malik deyillər”. Müasir mədəni mühit bu gün Azərbaycanda heçdə ürək açan deyildir belə ki, avtomobil idarə edilməsi, yol polisinin müdaxilə forması, təhsil, səhiyyə mədəbiyyətimiz ilə bağlı ciddi problemlemlər mövcuddur. Bunları həll etmək lazımdır. Bunun üçünsə ilk növbədə bu geriliyi etiraf etməyimiz vacibdir. Bunsuz vəziyyəti dəyişmək mümkün deyil. Yazıçı-publisist Mehriban Vəzir də Azərbaycanda mədəni mühitin arzuolunan səviyyədə olmadığı fikrindədir: “Bu gün Azərbaycan xalqı bütövlükdə öz təməl mədəniyyətinə uyğun şəkildə yaşamır. Bugünkü yaşam tərzi onun min illər ərzində formalaşmış kültürünə, əsl milli mədəniyyətinə ziddir. Bu hər kəsin gözü qarşısında olan bir həqiqətdir və kimsə bu gerçəkliyi inkar edə bilməz”. Bu fikirlərə əsaslanıb deyə bilərik ki, Azərbaycanda mədəni mühit özünün ən aşağı səviyyəsində qalmaqdadır. Müasir mədəni mühitdə baş verən problemlərlə bağlı kütləvi maariflənmə işinin aparılmasına ehtiyac var: “Televiziyalarda heç bir maarifləndirmə işi aparılmır. Halbuki, belə bir maarrifləndirmə prosesi uşaq bağçalarından aparılmalıdır. Maarifçilik olmadığı üçün, problemin həlli istiqamətində uğur qazanmaq mümkün deyil”. Yuxarada sadaladığımız mədəni mühitlə eyni zamanda məişət mədəniyyəti problemlərin həlli yoluna bədii təhsil vasitəsi ilə çatmaq olar.

Bədii təhsil üzrə 2010-ci il Mayın 25-dən 28-dək Koreya Respublikasının Seul şəhərində YUNESKO-nun Bədii Təhsil üzrə İkinci Dünya Konfransı keçirilmişdir. Konfrans bədii təhsili aşılayan ali, orta ixtisas və uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolunun, onların gələcək inkişafının, habelə beynəlxalq səviyyədə əhəmiyyətinin vacibliyinə həsr olunmuşdur. Mədəniyyət sahəsində təhsil, treninqlər və tədqiqatlardan bəhs edərkən, oncə belə bir cəhəti vurğulamaq istəyirik ki, mədəniyyət və incəsənət sahəsində təhsilin Azərbaycanda çox əsrlik tarixi var. Hazırda isə respublikada ibtidai musiqi, rəssamlıq və xareoqrafiya təhsili verən 274 uşaq musiqi, rəssamlıq, incəsənət məktəbi vardır. Bu məktəblərdə təhsil müddəti 4 ildən 7 ilə qədərdir (rəssamlıq – 4 il, xoreoqrafiya – 5 il, musiqi – 7 il). Onların arasında musiqi məktəbləri coxluq təşkil edir, respublikada 227 musiqi məktəbi var. Respublikada mədəniyyət və incəsənət sahəsi üzrə bədii təhsil verməklə, mütəxəssislər hazırlayan 16 orta ixtisas məktəbi var (11 musiqi tədris müəssisəsi, 3 mədəni-maarif texnikumu, incəsənət kolleci və xoreoqrafiya məktəbi). Musiqi texnikumları (Azərbaycan Dövlət Musiqi Kolleci də daxil olmaqla, respublikada 8 belə məktəb var) klassik və xalq çalğı alətlərində ifacılar, musiqi və incəsənət məktəbləri üçün muəllimlər hazırlayır. Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət gostərən İncəsənət Kollecində gələcəyin rəngkarları, qrafikaçıları, heykəltəraşları və muxtəlif profilli (xalçaçılıq, moda, teatr dekorasiyası və dekorativ tətbiqi sənət üzrə) rəssamları təhsil alırlar. Mədəni-maarif texnikumlarında kulturologiya və bədii yaradıcılıq, muzey işi və abidələrin mühafizəsi, dekorativ tətbiqi sənət və kitabxana işi ixtisasları üzrə təlim keçilir. Bu texnikumlarda həmçinin, məktəbəqədər tərbiyə müəssisələri, musiqi məktəbləri üçün tərbiyəcilər və müəllimlər hazırlayan musiqi şöbələri vardır. Orta ixtisas tədris müəssisələri üçün üç illik (orta təhsil əsasında) və dörd illik (əsas təhsil bazasında) təlim kursları müəyyən edilmişdir. Respublikanın bəzi orta ixtisas təhsili məktəbləri peşə təlimi fasiləsizliyilə fərqlənir, belə məktəblərdə ibtidai və orta ixtisas təhsili bir yerdə təlim edilir.

Bu cür məktəblərə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Bakı Musiqi Akademiyası nəzdindəki Orta İxtisas Musiqi Məktəb-Studiyası, Milli Təhlükəsizlik Nazirliyinin Orta İxtisas Musiqi Məktəbi və respublikada yeganə balet və xalq rəqsləri artistləri hazırlayan Bakı Xoreoqrafiya Məktəbi aiddir. İbtidai və orta təhsili bir yerdə təlim edən tədris müəssisələrində təhsil müddəti 11-12 ildir. Respublikanın orta ixtisas təhsili müəssisələrində təhsil pulsuzdur və yaxşı qiymətlə oxuyan tələbələrə təqaud verilir. Azərbaycanda mədəniyyət və incəsənət sahəsilə bağlı ali təhsili Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası verir. Həmçinin ölkənin bəzi universitetlərində mədəniyyət müəssisələrində işləmək üçün kadrlar hazırlayan fakültələr mövcuddur. Bakı Musiqi Akademiyasında bəstəkarlar, musiqişünaslar, xor dirijorları, klassik və xalq çalğı alətləri ifaçıları və vokalistlər ali təhsil alırlar. Xüsüsilə vurğulamaq lazımdır ki, Bakı Musiqi Akademiyasının məzunları beynəlxalq arenada həm pedaqoq, həm də ifaçı kimi yüksək qiymətləndirilirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti teatr, kino, televiziya, estrada sahəsində mütəxəssislər (rejissorlar, aktyorlar, senaristlər, operatorlar, teatrşünaslar, kinoşünaslar), xoreoqrafiya, muzey işi və abidələrin mühafizəsi, kulturologiya, təsviri və dekorativ-tətbiqi sənət mütəxəssisləri, xalçaçılıq, sənaye qrafikası, reklam üzrə rəssamlar, modelyerlər, dizaynerlər və s. hazırlayır. Rəssamlıq Akademiyasında rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq, dekorativ tətbiqi sənət, teatr dekorasiyası, təsviri sənət tarixi və nəzəriyyəsi üzrə mütəxəssislər, interyer, xalçaçılıq, reklam, dizayn, moda üzrə rəssamlar ali təhsil alırlar. Bədii təhsilin dərəcəsindən asılı olaraq ali tədris müəssisələrində təlim 4-6 il surur. 4 il təhsil alan tələbələrə bakalavr dərəcəsi verilir Uzun illər təşəkkül tapmış bədii təhsil strukturu – çoxpilləli təlim sistemi, milli təhsilin keyfiyyətli əsaslar üzərində qurulmuş olması mədəniyyət və incəsənət sahələri üçün yüksək səviyyəli peşəkar kadrlar hazırlamaq imkanı verir. Lakin bu sahədə müəyyən problemlər də mövcuddur. Belə ki, ölkədəki iqtisadi durum bədii təhsil sahəsinə də öz təsirini göstərmişdir: ən yaxşı ali məktəb müəllimləri, ən yaxşı mütəxəssislər əmək haqqının aşağı olması səbəbindən ya respublikanın hüdudlarından kənarda işləmək, ya da pedoqoji fəaliyyətdən əl çəkib, daha yüksək əmək haqqı ödənilən digər işlərdə çalışmaq məcburiyyətindədirlər. Bu isə, əlbəttə ki, mədəniyyət və incəsənət sahəsində bədii təhsilin səviyyəsinə öz təsirini göstərir. Azərbaycanın regionlarında mütəxəssis hazırlığı səviyyəsinin kifayət qədər peşəkar olmadığını da qeyd etmək lazımdır. Tədris planlarının, proqram və pedoqoji metodlarının mərkəzləşdirilmiş qaydada təsdiq olunmasına baxmayaraq, respublikanın rayonlarında yerləşən tədris müəssisələrində mədəniyyət və incəsənət sahəsində təlimin səviyyəsi Bakı məktəblərində olduğundan nəzərə çarpacaq dərəcədə geri qalır. Bu vəziyyət paytaxtdan uzaqda yerləşən regionların sosial-iqtisadi durumu ilə izah olunur. Mədəniyyət və incəsənət sahəsində mütəxəssis hazırlayan tədris müəssisələrinin müxtəlif tabeçilikdə olmasını da mövcud problemlərin sırasına daxil etmək olar. Mədəniyyət sahəsi üçün kadr hazırlayan bütün tədris müəssisələrinin Mədəniyyət Nazirliyinin tabeliyində olduğu keçmiş sovet respublikalarından fərqli olaraq, Azərbaycanda mədəniyyət və incəsənət sahəsində yalnız ibtidai bədii təhsil verən tədris müəssisələri Mədəniyyət və Turizm Nazirliyi sisteminin tərkibindədir. Belə ki, uşaq musiqi, rəssamlıq, incəsənət məktəbləri və ölkədə yeganə olan xoreoqrafiya məktəbi Mədəniyyət və Turizm Nazirliyinin, orta ixtisas və ali məktəblər – texnikumlar, kolleclər, akademiyalar və universitetlər isə Təhsil Nazirliyinin tabeliyindədir. Mədəniyyət və incəsənət sahəsində bədii təhsil sisteminin bütün həlqələri üzərində vahid rəhbərliyin olmaması, tədris müəssisələrinin işini əlaqələndirməyə, habelə son nəticədə Mədəniyyət və Turizm Nazirliyi sistemində işləmək üçün mütəxəssis hazırlayan orta ixtisas və ali təhsil müəssisələrinin tədris metodika fəaliyyətinə bu nazirliyin nəzarət etməsinə imkan vermir. Respublikanın mədəniyyət sahəsində mövcud olan problemlərə, sözun geniş mənasında incəsənət təhsilinin spesifik xüsüsiyyətlərinə dərindən bələd olmadan, müasir kadr hazırlığı tələblərinə tam cavab verə biləcək tədris prosesini təşkil etmək mümkün deyildir. 1966-cı ildən mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursu fəaliyyət göstərir; bu kursda Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan işçilər bütün kateqoriyalar üzrə (rayon, şəhər mədəniyyət şöbələrinin müdirləri, teatrların, konsert müəssisələrinin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, muzeylərin, uşaq musiqi, rəssamlıq, incəsənət məktəblərinin, klubların, mədəniyyət evlərinin, şəkil qalereyalarının və s. rəhbərləri və digər əməkdaşları) öz ixtisaslarını artırırlar.

İldən-ilə kurs dinləyicilərinin kontingenti və kateqoriyaları artır. Milli sənətşünaslıq sahəsində elmi-tədqiqat mərkəzi Azərbaycan Milli Akademiyasının Memarlıq və İncəsənət İnstitutudur. Bu institutun vəzifələrindən biri qədim dövrlərdən bu günə kimi Azərbaycan incəsənətinin tarixi və nəzəriyyəsini öyrənməkdir. Bu vəzifə prinsip etibarilə 1980-cı illərin ortalarında yerinə yetirilib. Həmin dövrdə üç cildlik “Azərbaycan incəsənəti tarixi” çapa hazırlanıb. Bir çox alimin çoxillik kollektiv əməyinin bəhrəsi olan bu əsər Azərbaycanda memarlığın, şəhərsalmanın, təsviri, dekorativ-tətbiqi və musiqi sənətinin, eləcə də musiqi folklorunun inkişaf tarixini vahid dövlətlərə bölmə əsasında birləşdirib. Milli mədəniyyət və incəsənətin bundan sonrakı tədqiqi, fikrimizcə, iki istiqamətdə aparılmalıdır. Birincisi, bədii yaradıcılığın bütün növ və janrları əhatə edilməklə Azərbaycanın umumi incəsənət tarixi yaradılmalıdır. İkincisi, Azərbaycan incəsənətinin etnokultur identifikasiyasına, onun mənşəyi probleminin həllinə, inkişaf stadiallığına, qlobal sivilizasiya proseslərində onun rolu və yerinin müəyyən edilməsinə yönəldilən kulturoloji tədqiqatların spektrini genişləndirmək və dərinləşdirmək lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin memarlıq və incəsənət tədqiqatları sahəsində əlaqələndirici mərkəz funksiyasını həvalə etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu bu gün məhz belə bir problematika işləyib hazırlayır. İnstitutun uzun illər ərzində formalaşmış güclü kadr potensialına malik olması bu fundamental tədqiqatların öhdəsindən gəlməyə kömək edəcəkdir. Mədəniyyət və incəsənət sahəsində fundamental tədqiqatlar, tədris-metodiki xarakterli araşdırmalar həmcinin ali təhsil ocaqlarında – Bakı Musiqi Akademiyasında, Mədəniyyət və İncəsənət Universitetində, Rəssamlıq Akademiyasında, Memarlıq və Tikinti Universitetində aparılır. Bədii təhsil və elm sahəsində Azərbaycanın mədəniyyət siyasətinin məqsədləri aşağıdakılardır:  mövcud bədii təhsil müəssisələrin şəbəkəsinin, bütün çoxpilləli peşə təhsili sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi; istedadlı uşaqların üzə çıxarılması və himayə edilməsi üçün “Azərbaycan Uşaqları” dövlət proqramının yaradılması:  müsabiqələr, festivallar, sərgilər keçirilməsi, beynəlxalq festivallarda iştirak üçün qarant ayrılması, xüsusi istedada malik uşaqlar üçün təqaud ayrılması; 1. mədəniyyət və incəsənət sahəsində gənc istedadların xaricdə bədii təhsilinə vəsait ayrılması;  müxtəlif kateqoriyalı mədəniyyət işciləri üçün hazırlıq və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;  müxtəlif mədəniyyət və incəsənət sahələrində çalışan gənc alimləri dəstəkləmək üçün proqram yaradılması;  elmi tədqiqatların stimullaşdırılması: qrantlar, mükafatlar ayrılması, konfranslar, seminarlar keçirilməsi, əsərlərin nəşredilməsi.

Beləliklə, müasir mədəni mühitin səviyyəsi və bədii təhsilin yüksək dərəcədə inkişafı dövlətdən aslıdır.Paradoksal səslənsə də müasir mədəni mühit nə qədər mədəni olarsa imkanlar diapazonu bir o qədər geniş olur.Həmçinin bədii təhsin inkişafı birdaha mədəni mühtin sağlamlaşdırılmasına şərait yaradır.

Müəllif:Rzayev Camal

 

0 şərh