Mən belə əsrarı qana bilmirəm,

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..
M.Ə.Sabir
 

5 şərh

AdeLina
Sabirdən sitatları çox sevirəm… Təşəkkürlər!
pascal
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!

Allah sənə rəhmət eləsin, ulu Sabir...indi göz görə-görə insanlar nələri danmırlar ki...
Gözəl şeiri paylaşdığınıza görə, təşəkkürlər.
kulturoloq
Çox sağ olun.Allah razı olsun.
pascal
Siz sağ olun kultroloq. :)
Mənasız nəşrlərdənsə (ya da şeirlərdən deyim) belə şeirlər yerləşdirmək, daha yaxşıdır. Bu dəyərli əsərin hər bir beytindən bir topik yazmaq olar.
Derlər utan, heç kəsə bir söz demə -
Həq sözü derkən utana bilmirəm!
Dərd orasındadır ki, 100 il bundan qabaqda beləydik, indi də…
BaRLeLiTa
BAx elə buna görə M.Ə.Sabirin şəirlərini sevirəm,həqiqəti yazıb həmdə o zəmanədə.Özüdə o həqiqət ki,indi ki,zəmanəmizə qədər dəyişməyib..(sona qədər davam edən həqiqət.) Bir neçə vaxt əvvəl Sabirin bəzi şeirlərini yerləşdirmək ağlıma gəlmişdi,amma sonradan təkrarçılıq kimi olmasın deyə yerləşdirməkdən çəkindim.