Humin tənzimləyiciləri nədir?

Təbiətdə fizioloji fəal birləşmələr geniş yayılmışdır, onlar torpağın üzvi maddələrində olur, onun münbitliyini müəyyən edir, kompostun, lilli çöküntülərin, qonur kömürün tərkibində olan çoxlu miqdarda fizioloji fəal maddələr bitkilərdə mübadilə proseslərini tənzimləyir və intensivləşdirir. Onlara böyümə tənzimləyiciləri deyirlər. Humin tənzimləyicilər də onlara aiddir. Satışda olan humin tənzimləyiciləri xüsusi texnologiya ilə üzvi maddələrin toplanması və fəallaşdırılması yolu ilə təbii humin xammalından əldə edirlər. Onları çox alçaq qatılıqlı su məhlulları şəklində tərəvəz bitkilərinin suvarılmasında, toxumlarının isladılmasında və çiləmədə istifadə edirlər.
Satışda olan və «humin» adlanan bütün preparatları iki qrupa bölmək olar: həqiqi (əsl) humin tənzimləyiciləri və fəallaşdırılmış humus maddələri, daha doğrusu, bunlar əslində komposta, «Fialka» qatışığına, lilli çöküntülərdən alınmış preparatlara, xüsusi qurdların həyat fəaliyyəti məhsullarına oxşayan üzvi gübrələrdir. Belə gübrələrdən hər 1 m2-ə, yaxud hər bitkiyə yüz qramdan 1 kq-a qədər miqdarda istifadə edirlər.
Bitkilərin böyüməsinin əsl humin tənzimləyiciləri suda yaxşı həll olunur və yüksək qatılıqlarda məhlula intensiv qara, yaxud qəhvəyi rəng verir. Onları ağ-qəhvəyi rəngli məhlul şəklində çox aşağı qatdıqlarda (0,005 0,01%)tətbiq edirlər. Humin tənzimləyiciləri duru və bərk halda olur. Duru, məsələn, kalium humatı məhlulu plastik, yaxud şüşə flakonlarda satılır və 2-10% təsiredici maddəyə malik olan konsentratdır. Belə məhlullar donur, lakin donu açılandan sonra xassələri bərpa olunur. Onların yararlılıq müddəti bir ilə qədərdir. Daşınma və saxlanma cəhətdən bərk tənzimedicilər daha üstündür. Bərk tənzimedicilərə universal humin preparatı «Qumiks»i, yaxud daha sadə variant nitriumhumatı, yaxud kaliumhumatı misal göstərmək olar. Belə preparatların yararlılıq müddəti məhdud deyil.
Tənzimləyicilərdən istifadəyə bitkilərin boy və inkişafının bütün fazalarında başlamaq olar. Tərəvəz bitkiləri toxumlarının humin tənzimedicisi məhlulunda isladılması zamanı onların çıxışları, cücərmə enerjisi və sürəti xeyli artır. Növbəti nəsildə toxumlar daha yüksək bioenergetik göstəricilərə malik olur.
Humin tənzimedicisi məhlulunda toxumların isladılmasına onların səpinə hazırlanmasının adi üsullarından: kalibrləmədən, zərərsizləşdirmədən, mikroelenmentlərlə işləmədən sonra başlamaq mümkündür. Torpağa basdırılmış şitildə humin tənzimediciləri özlərini yaxşı kökləndiricilər kimi göstərir. Bitkilərin uyğunlaşması yaxşılaşır, onlarda güclü kök sistemi əmələ gəlir. Humin tənzimedicilərini mineral gübrələrin fonunda istifadə etmək məsləhətdir. Bu zaman onlardan istifadə dərəcəsi 30%-ə qədər və daha çox yüksəlir.
Humin tənzimedicilərini duru, yaxud bərk halda istifadəsindən əvvəl bütün azot, kalium və üzvi gübrələrlə qatışdırmaq olar. Fosfor gübrələri humin maddələri ilə pis həll olunan birləşmələr əmələ gətirir, ona görə də onları ayrılıqda istifadə etmək daha yaxşıdır. Əvvəlcədən torpağa verilmiş fosforun mənimsənilməsi böyümə tənzimediciləri ilə işlənmədən sonra xeyli yüksəlir.
Humin birləşmələr kök sistemi, yaxud yerüstü hissə vasitəsilə udularaq, bitkilərin hüceyrələrində mübadilə proseslərini optimal səviyyədə saxlayır.
Humin tənzimedicilərlə işlənmədən sonra yaşlı bitkilər tez boy atır, erkən çiçəkləyir, onların məhsuldarlığı 15-30% yüksəlir.
Humin birləşmələrin tətbiqindən səmərə parniklərdə və istixanalarda açıq torpağa nisbətən xeyli üstündür. Demək olar ki, bu preparatlara xiyar, balqabaq, qırmızı turp, bibər, soğan, badımcan eyni yüksək həssaslığa malikdir. Pomidor, kələm, çuğundur, yerkökü ən yüksək məhsul artımı verir.
Kartof yumrularını basdırmaqdan əvvəl tənzimedici məhluluna batırmaq, yaxud onda islatmaq məsləhətdir. Bu, xüsusilə aşağı keyfiyyətli əkin materialına aiddir (donmuş yumrular, işıqda cücərdilmə zamanı çox nəmlik itirmiş, yaxud cücərtiləri sındırılmış yumrular). Uzun qidalanma dövrlü bitki kimi kartofun bütün vegetasiya dövrü ərzində, xüsusən ilk çıxışların əmələ gəlməsi və çicəkləmə dövründə humin tənzimedicilərlə işlənməyə ehtiyacı vardır.
Qeyd olunmalıdır ki, bu preparatlar nəinki məhsulu, meyvənin ölçüsünü artırır və yetişmə dövrünü sürətləndirir, həmçinin məhsulun keyfiyyətini xeyli yaxşılaşdırır. Məsələn, çuğundurda şəkərin miqdarı, almada və digər meyvələrdə C vitamininin miqdarı yüksəlir, tərəvəzlərdə nitratların miqdarı azalır.
Bundan başqa, humin tənzimedicilər əlverişsiz şəraitə düşmüş bitkilərə xarici amillərin təsirinə qarşı müsbət təsir göstərir. Buraya quraqlıq, yaxud şaxtalar, həmçinin torpaqda azotun, yaxud pestisidlərin həddindən artıqlığı, oksigen aclığı, müxtəlif xəstəliklər aiddir. Belə ekstremal şəraitlərdə bitkilərdə bir çox fizioloji proseslər ləngiyir, humin preparatlar isə ona maneçilik edir.
Suvarma, yaxud çiləmə zamanı torpağa düşən humin tənzimedicilər torpaq mikroorqanizmlərinin həyat fəaliyyətini canlandırır, bunun nəticəsində bitkilərin kimyəvi müdafiə vasitələrinin parçalanması sürətlənir, daha ekoloji təmiz məhsul əldə olunur. Torpağın strukturu, onun su-hava və istilik rejimləri yaxşılaşır, təbii huminləşmə prosesləri sürətlənir və torpaq huminlə zənginləşir. Humin böyümə tənzimediciləri, təbii mənşəli məhsul kimi, ekoloji cəhətdən təmizdir, insanın sağlamlığı üçün ziyansızdır, bitkilərdə toplanmır.

Faiq Nadirov, kənd təsərrüfatı elmləri namizədi

 

0 şərh