Mineral gübrələr

Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir.
Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilinir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdə bitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.
Ammonyak şorası azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir. Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralıda saxlamaq lazımdır.
Sidik cövhəri azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əksərən əlavə yemləmələrdə istifadə edilir, yaxşı olar ki, quru yerdə saxlanılsın.
Dənəvərləşdirilmiş ikiqat superfosfat fosfor gübrəsidir, tərkibində 42-50% fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkən yazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir.
Presipitat fosfor gübrəsidir, tərkibində 38% fosfor elementi vardır, suda həll olmur, payızdan torpağı əsas gübrələmə üçün istifadə edilir; yaxşı saxlanılır.
Kalium-sulfat ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50% kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18% kükürd vardır.
Maqnezium-sulfat maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı və əlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13% kükürd vardır.
Kalsium şorası kalsium gübrəsidir, tərkibində 22% kalsium elementi var, suda yaxşı həll olur, yalnız quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavə olaraq, 15% azot vardır.
Kalium şorası kalium-azot gübrəsidir, tərkibində 38% kalium və 13% azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.
Kalimaqneziya kalium-maqnezium gübrəsidir, tərkibində 26-28%» kalium və 16% maqnezium vardır, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.
Nitrofoska tərkibində 11%» azot, 10% fosfor, 1 P/o kalium vardır. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən əsas hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.
Ammofos fosfor-azot gübrəsidir, tərkibində 39% fosfor və 18% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin altına verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığı böyük olduqda əlavə yemləmələrdə də istifadə edilir.
Rastvorinlər tərkibində 10%-dən 20%-dək azot, 5%-dən 40%-dək fosfor, 6%-dən 20%-dək kalium olan mürəkkəb gübrələrdir. Rastvorinin bir növünün tərkibində 6% maqnezium vardır. Yaxşı saxlanır və suda tam həll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir.
Torpağın əsas hazırlanmasında, şitillik torpaqlarında və əlavə yemləmələrdə mikrogübrələrdən dəmir, mis, sink, manqan-sulfatlar, bor turşusu, ammonium-molibden, kobalt-nitrat, kalium-yod istifadə olunur. Bəzən bu gübrələr kompleks növdə (həblərdə) buraxılır.
Mineral gübrələrin əksəriyyəti torpaq məhlulunu müxtəlif dərəcədə turşudur, yalnız kalsium şorası qələviləşdirir. Bəzi gübrələrin normadan artıq verilməsi torpağın fosfor və sulfatla şorlaşmasına səbəb ola bilər.
Üzvi gübrələrdən istifadə, torpağın şum qatının bütün dərinliyinə çatdırılması, diqqətlə hazırlanması və bərabər verilməsi, şum qatının bütün dərinliyinə məhlul şəklində tökülməsi, əlavə yemləmələrdə gübrə növlərinin dəyişdirilməsi, hər bitkinin altına vaxtında verilməsi mineral gübrələrin səmərəli təsirini yüksəldir.
Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı istifadə etməyə nail olmaq üçün özü müəyyən təcrübə toplamalıdır.

Vaqif Quliyev, kənd təsərrüfatı elmləri namizədi

0 şərh