Ombudsman

Azərbaycan Respublikası Konstitusiyası təsbit edir ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiya hər kəsin hüquq  və azadlıqlarının müdafiəsinə təminat verir. İnsan hüquqları üzrə müvəkkil, Ombudsman təsisatı ilk dəfə 1809 ildə İsveçdə yaradılmışdır. Bu söz İsveç dilində “vəzifəli şəxs” deməkdir. Müasir dövrdə Ombudsman insan hüquqları üzrə müvəkkil təsisatı kimi anlaşılır. Fərqli ölkələrdə bu təsisat fərqli adlandırılır. Məsələn bu təsisat Hollandiyada “Milli Ombudsman”, Fransada “Vasitəçi”, Kanadada “Vətəndaş qoruyucusu”, İspaniyada “Vətəndaş müdafiəçisi” adları daşıyır. Lakin, o hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün dövlətlətdə insan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatdır. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə müvəkkil ombudsman sistemi 2002 ildə təsis edilmişdir. İlk ombudsman vəzifəsinə Elmira Süleymanova seçilmişdir. Bu təsisat Azərbaycan üçün yenilikdir.
Ombudsman dediksə parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan etibara layiqli şəxs başa düşülür.
ombudsman Elmira SuleymanovaOmbudsman təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid deyildir. Amma öz mahiyyətinə görə bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.Ombudsmanın əsas iş üsulu vətəndaşların ərizə və şikayətlətini araşdırmaqdır.O, müvafiq aktları yoxlamaq üçün tələb edə, sənədlərlə tanış ola, vəzifəli şəxslərdən və vətəndaşlardan izahat ala bilər.
Ombudsman vətəndaşlar ilə dövlət arasında qanun pozuntularının aradan qaldırılması üçün vasitəçi rolunda çıxış etsə də, o qəbul edilmiş inzibati qərarı dəyişdirə bilməz, lakin o, təqdimat, təklif və Konstitusiya Məhkəməsinə şikayət yolu ilə, yaxud cinayət işinin qaldırılmasına dair təşəbbüslə müvafiq müraciət edə bilər. Hər ilin sonunda məlumat və müvafiq qərar qəbul edilməsi üçün ombudsman parlamentə müraciət edə bilər.
Müvəkkilin namizədliyinə dair bir sıra tələblər mövcuddur:
-    Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
-    Yaşı 30-dan aşağı olmamalıdır.
-    Ombudsman yalnız bir dəfə, 7 il müddətinə seçilir.
-    Ali təhsilli olmalıdır.
-    İnsan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olmalıdır.
Ombudsman namizədliyi Prezident tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiqlənir.
Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərə baxır. Şikayət insan hüquqlarının pozulduğu andan bir il müddətinə təqdim edilə bilər.Həbsxana, təcridxanalardan ombudsmana ünvanlanan məktublar senzuradan keçmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
Müvəkkilin şikayətlə bağlı dövlət məmurlarına ünvanlanmış sorğusuna 10 gün ərzində cavab verilməlidir. Hər ilin sonunda müvəkkil toplanmış şikayətləri vahid hesabata salır və Respublika Prezidentinə təhvil verir. Bundan sonra müvəkkil hesabatı parlament qarşısında oxuyur və hesabat dövlət mətbuat orqanında dərc olunur. Bundan başqa müvəkkil qanunların demokratikləşdirilməsi ilə bağlı parlament və Konsitusiya Məhkəməsi qarşısında təkliflər də irəli sürə bilər.
Ombudsman təsisatı qədim tarixi ənənələrə dayanır. İsveç kralı XII  Karl Şimal müharibəsində Paltava döyüşündə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınır. Mühacirətdə olarkən XII Karl  Ombudsman adlandırılan “Şikayət bürosu” yaratmışdır. Hazırda dünyanın 100-dən artıq ölkəsində Ombudsman təsisatı mövuddur.

 

0 şərh