Qanunvericilik hakimiyyəti

«Parlament» termini ingilis sözüdür. İngilislər isə bu termini fransızca «parler» - «danışmaq» sözündən götürüblər. Lakin məhz Fransada deyil, İngiltərədə qanunverici orqan «parlament» adlandırılmışdır. Onu da qeyd edək ki, inqilabaqədərki Fransada parlament əyalət məhkəməsinə deyilirdi və yalnız sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrilmişdi. Parlament Monteskyönün ayırdığı üç hakimiyyətdən birini -qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir.
Dünyada ilk parlamentli dövlət sayılan İngiltərə, parlamentarizm ənənəsinə malik bir ölkədir. Müstəqil Azərbaycan Respublikası da İngiltərənin və digər qabaqcıl dövlətlərin parlamentarizm ənənəsini özündə təcəssüm etdirir. Buna görə də Azərbaycan parlamentarizminin tarixi dünya təcrübəsi ilə qarşılıqlı əlaqədə öyrənilməlidir.
Müasir parlamentlərin, ümumdövlət əhəmiyyətli nümayəndəli orqan olmaqla, hakimiyyətin bölüşdürülməsi sistemində əsas funksiyası qanunvericilik hakimiyyətinin həyata keçirilməsidir. Parlament, həmçinin, dövlət xəzinəsinə də nəzarət edir. Yəni dövlət büdcəsini qəbul edir və onun icrasına nəzarəti həyata keçirir. İdarəetmə formasından asılı olaraq parlament az və ya çox dərəcədə icra hakimiyyəti üzərində də nəzarəti həyata keçirir.
Parlamentarizm, daha çox dövlətlərin fəaliyyətində özünü göstərir. Bu, parlamentə üstünlük verməklə qanunverici və icra funksiyalarının bölüşdürülməsi ilə səciyyələnir. Parlamentarizm dövlət rejiminin mövcud olduğu zaman hökumət parlamentdə çoxluq qazanmış partiyanın üzvlərindən təşkil edilir və onun qarşısında məsuldur. Belə ki, dövlət hakimiyyəti və idarəetməsi mexanizmində parlamentarizm seçkili orqanın aparıcı rolunun olmasını bildirir. Parlamentarizm və parlament, üzvi surətdə bağlı, qarşılıqlı anlayışlardır. Parlamentarizm parlamentin hökumətdən asılılığını azaldır. Parlamentin hökumətə nəzarət etməsi, bəzi hallarda isə etimadsızlıq votumu çıxarmaqla onu dəyişməsi parlamentin keyfiyyətidir. Parlamentarizm, parlamentin öz hüquqlarmı praktikada həyata keçirməsi deməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının təhlili zamanı parlamentarizmin bəzi cəhətləri diqqəti cəlb edir. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 14-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabinetinə etimad məsələsini həll edə bilər. Bu müddəa praktiki olaraq hələ ki, həyata keçirilməyib. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Konstitusiyanın 95-ci maddəsində belə bir müddəanın nəzərdə tutulması hələ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikası Nazirlər Kabinetini istənilən vaxt, avtomatik olaraq istefaya göndərə bilməsi demək deyil. Bu maddənin mahiyyətini açmaq üçün Konstitusiyanın digər maddələrinə istinadən qanunvericilik və icra hakimiyyətləri arasındakı münasibətlərin xarakterini kompleks, sistemli şəkildə təhlil etmək lazımdır. Belə ki, Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə və 99-cu maddəsinə görə Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Konstitusiyanın 114-cü maddəsinə görə isə Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Konstitusiyanın Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin təsbit olunduğu 109-cu maddəsinin 6-CI bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istefası haqqında qərarı Azərbaycan Respublikası Prezidenti qəbul edir. Deməli, Konstitusiyanın 95-ci maddəsinə görə Milli Məclisin Nazirlər Kabinetinə münasibətdə etimad məsələsi ilə bağlı çıxardığı qərar birbaşa hüquqi nəticə doğurmur. Çünki Nazirlər Kabineti Milli Məclis deyil, məhz prezident qarşısında cavabdehdir və hesabat verir, digər bir tərəfdən Nazirlər Kabinetinin istefası haqqında qərarı məhz Prezident qəbul edir. Odur ki, Milli Məclisin Nazirlər Kabinetinə etimadla bağlı qərarı Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetini istefaya göndərmək təklifidir. Prezident isə bu təkliflə razılaşaraq Nazirlər Kabinetini istefaya da göndərə bilər, bu qərarla razılaşmaya da bilər.
Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyi prezident üsul-idarəsinə əsaslanır. Prezident idarəçiliyində hökuməti buraxmaq bilavasitə, prezidentin səlahiyyətinə aiddir. Lakin faktiki bu səlahiyyətin parlamentə də aid edilməsi parlamentarizmin Konstitusiyamızda labüd sübutudur.

Parlament hər şeydən əvvəl nümayəndəli xarakterə malikdir. Bu parlamentin xalqın, yəni dövlətin bütün vətəndaşlarının cəminin maraq və iradəsinin ifadəçisi olmasını ehtiva edir. Buradan da onun milli və ya xalq nümayəndəliyi olması xüsusiyyəti irəli gəlir.
Hələ XVIII-XIX əsrlərdə əsası qoyulmuş xalq nümayəndəliyi nəzəriyyəsi aşağıdakı prinsiplərin məcmusu kimi nəzərdən keçirilə bilər:
1) xalq nümayəndəliyi Konstitusiya ilə təsis olunur;
2) xalq, suverenliyin daşıyıcısı kimi, parlamentə onun adından qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir. Bu bəzən suverenliyin həyata keçirilməsinin həvalə edilməsi kimi də göstərilir;
3) bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları, senatorları və başqalarını seçir;
4) parlamentin üzvü - bütün millətin (xalqın) nümayəndəsidir, yalnız onu seçənlərin yox.

Belə hesab olunur ki, parlament özü xalqın (millətin) dəqiq nə istədiyini bilir və onun iradəsini qanunlarda və digər aktlarda ifadə edir. O, bu münasibətlərdə heç kimin tərəfindən nəzarət altında deyil (əlbəttə Konstitusiya çərçivəsində, lakin Konstitusiyanın özünün dəyişdirilməsi səlahiyyəti bir çox hallarda parlamentə məxsus olur).
Dünya təcrübəsi göstərir ki, parlament o zaman xalqın, millətin əsl nümayəndəli orqanı olur ki, onun tərkibinə cəmiyyətin mühüm təbəqələrinin maraqlarını ifadə edən deputatların iri siyasi birlikləri daxil olmuş olsun.
Parlament nümayəndəli orqan kimi dövlət hakimiyyət orqanları sistemində çox mühüm yer tutur. Parlamentin əsas funksiyası qanunvericilik fəaliyyətidir. Bu onun, qanunverici hakimiyyətin daşıyıcısı olmasından irəli gəlir. Cəmiyyət həyatının bütün sahələrinə aid qanunlar parlament tərəfindən qəbul olunur.
Parlamentin qanunvericilik səlahiyyətləri dedikdə - bu qanunların qəbulu sahəsindəki səlahiyyətlərin məcmusu başa düşülür, hansı ki, parlamentin səlahiyyətlərinin əsas hissəsini təşkil edir və parlamentin fəaliyyətində çox böyük yer tutur. Qanunların qəbulundan söhbət getdikdə qeyd etmək lazımdır ki, bu prosesdə ilk növbədə dövlət başçısı da daxil olmaqla tez-tez parlamentdənkənar orqanlar iştirak edir. Məsələn, 1975-ci il Yunanıstan Konstitusiyasının 26-cı maddəsində deyilir: «Qanunvericilik hakimiyyətini deputatlar palatası və Respublika Prezidenti həyata keçirir». «Vestminster modeli»nin tərəfdarı olan ölkələrdə, ilk növbədə isə Böyük Britaniyada, həmçinin, əvvəllər onun müstəmləkə əraziləri olmuş ölkələrdə dövlət başçısı, palatalarla bərabər parlamentin tərkib hissəsi kimi çıxış edir.
Belə ki, Britaniya parlamenti kraldan, Lordlar Palatasından və İcma Palatasından ibarətdir. 1947-ci il Hindistan Respublikası Konstitusiyasının 79-cu maddəsində deyilir: «Prezidentdən və iki palatadan - Ştatlar Şurasından və Xalq Palatasından ibarət İttifaq Parlamenti təşkil olunur». Təbiidir ki, qanunvericilik hakimiyyəti, yəni qanun vermək səlahiyyəti onların hamısına mənsubdur.
«Sosialist» ölkələrində hökumətlər bir qayda olaraq qanunvericilik hakimiyyətini də yerinə yetirirdilər. Hökumət və nazirliklər qanunvericilik sahəsindəki boşluqları özləri, hətta arabir qanunvericilik normalarının pozulması ilə də doldururdular.
Azərbaycanda birinci parlamentarizm təcrübəsi 20-ci yüzilliyə təsadüf edir. Onun bərqərar olması və inkişafı xronikası aşağıdakı kimidir. Məlumdur ki, ölkəmiz hələ XIX yüzillikdə Rusiya imperiyasının tərkibinə qatılmışdır. Ona görə də respublikamızda parlamentarizm ənənələrinin inkişafı Rusiyada bu institutun inkişafı ilə demək olar ki, eyni tarixi xronikaya uyğundur.
Hələ II Nikolay 1917-ci ilin 17 oktyabrında dövlət qaydalarını təkmilləşdirmək üçün Manifest vermişdi ki, bununla Dövlət Dumasının yaradılması nəzərdə tutulurdu.
IV Dövlət Dumasında isə 1912—1917-ci illər müsəlman qrupunu - 6 deputat təmsil edirdi. 1917-ci il oktyabr inqilabı təşəkkül tapmış demokratik təsisatların inkişafını dayandırmış oldu və bu dayanma 70 ildən artıq davam etdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində, yəni 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək olan qısa bir dövrdə milli parlamentin formalaşdırılması və həmin dövr üçün ən demokratik prinsiplərə əsaslanan 21 iyul 1919-cu il tarixli parlamentə seçkilər haqqında qanunun qəbul edilməsi Azərbaycan tarixində parlamentarizmin formalaşması və inkişafı üçün hüquqi irs qoymuş oldu.
Azərbaycan Respublikasının tarixində yeni dövr 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında» Bəyannaməsi ilə başladı. Bu Bəyannamənin ardınca 1991-ci il 18 oktyabr tarixində «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edildi.
Məhz bu Konstitusiya Aktında ilk dəfə olaraq respublikamızda hakimiyyətin bölünməsi prinsipi tanındı.
«Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının 13-cü maddəsində deyilir: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanır:
- qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, «parlament» termini bizim qanunvericilikdə ilk dəfə məhz bu Konstitusiya aktında işlədilmişdir.
Bu aktın ardınca keçid dövrü elan olunması ilə və Ali Sovetin (qanunverici orqanın) fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əlaqədar 1991-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən «Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş oldu.
Hakimiyyətin bölgüsü prinsipi ilk dəfə «Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktında təsbit olunsa da, bu akt heç də tam olaraq ali dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin konstitusion əsaslarını əhatə etmir, hakimiyyət budaqları arasında konstitusion münasibətləri tam ifadə etmirdi.

Bütövlükdə, ali dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin bütün konstitusion səlahiyyətlərini, hakimiyyətin bölgüsü prinsipi baxımından tənzimləyən ilk mühüm sənəd, 1995-ci il 12 noyabrda referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hesab olunur. Məhz 12 noyabr 1995-ci il Konstitusiyası respublikamızda konstitusionalizmin inkişaf dinamikasını müəyyən etmiş oldu.
Konstitusiya dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipinə əsaslandığını göstərməklə, qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının parlamenti - Milli Məclisi tərəfindən həyata keçirildiyini təsbit etmişdir.
Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan parlamentini - Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət, məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamenti - Milli Məclisi öz töhvələrini vermişdir.

 

0 şərh