Prezidentin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Əgər növbədən kənar seçkilər keçirilərsə, bu zaman Milli Məclis və Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə Mərkəzi Seçki Komissiyası seçki gününü çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin olunduqdan sonra seçki komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir:
1) Mərkəzi Seçki Komissiyası;
2) dairə seçki komissiyaları;
3) məntəqə seçki komissiyaları.

Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə edən vahid seçki dairəsi üzrə keçirilir. Seçicilərin səs verməsinin keçirilməsi və səslərin hesablanmasını təşkil etmək üçün seçki məntəqələri yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:
- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir;
- sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, seçicilərin digər müvəqqəti məskunlaşma yerlərində, gediş-gəliş çətin olan yerlərdə, dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri seçki gününə 50 gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir.
Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər irəli sürülür. Seçki Məcəlləsinə görə prezidentliyə namizəd siyasi partiyalar, siyasi partiya blokları və bilavasitə seçicilər tərəfindən irəli sürülə bilər. Siyasi partiya bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır.
Bütün bunlardan sonra səsvermə keçirilir və seçki məntəqələrində səslər hesablanır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir, seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd prezident seçilir. Əgər bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra, ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd prezident seçilmiş hesab olunur. Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində prezident and içir və rəsmi olaraq vəzifəyə qəbul olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin icrasına başlayır.
Azərbaycan Respublikası qanunvericiliyində müddətinə görə prezidentin səlahiyyətlərinin xitamının iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildir və bu müddət, onun and içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur.
Azərbaycan Respublikası Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı da nəzərdə tutulmuşdur.
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir:

  1. Prezident istefa verdikdə;
  2. səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
  3. Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda;


Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir: prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin vəzifədən kənarlaşdırılmasının impiçment (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası təsbit edilmişdir. Konstitusiyanın 107-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.
Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.

0 şərh