Anar Məmmədxanovdan yeddi lətifə

25 yaşında Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 15 il bu mötəbər kürsüdən öz sözünü demiş Anar Məmmədxanovdan qalan həm də yüzlərlə lətifədir — səhnəciklərdir. 

A.Məmmədxanov sağlığında bu yumoristik yazıları feysbuk səhifəsində paylaşıb, amma rus dilində. Bu lətifələrin (“bayka”ların) bir qismini ana dilimizə çevirmək qərarına gəldim.

Əlbəttə, buna görə hər şeydən öncə millət vəkili Elmira Axundovaya minnətdar olmalıyıq. Çünki bu yazıların toplanmasında və kitab halında (rus dilində) çap olunmasında pay sahibidir; Elmira xanım kitabın müqəddəməsində yazır ki, qeyri-adi yumor duyğusuna malik, son dərəcə gözəl hekayəçi Anar Məmmədxanovun bir zamanlar internet saytlarında paylaşdığı bu məzəli tarixi hadisələri kitab halında nəşr etməyi ona görə gərəkli hesab edib ki, bu nümunələr A.Məmmədxanovun portretini yeni cizgilərlə tamamlayır.
                                                                                                                                 Məmməd ORUC

1978-ci ilin 20 sentyabrı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti Birinci katib Heydər Əliyev yoldaşın başçılığı ilə 26 Bakı komissarlarının güllələnməsı ilə bağlı 60 illik anım tədbirlərinə qatılmaq üçün Bakıdan Türkmənistana uçur. Aşqabaddakı rəsmi qarşılanma səmimi təmənnəşmələrlə tamamlanır.

Leninin abidəsinə çələng qoyurlar. Türkmənistan SSR-in Ağcaqum rayonuna yola düşürlər. Bir xeyli yol qət edəndən sonra çatırlar komissarların güllələndiyi əraziyə. Sonra Ağcaqum rayon Mədəniyyət sarayında matəm iclası keçirilir.

Əvvəlcə Türkmənistan KP MK-nın Birinci katibi, sonra Azərbaycan KP MK-nın Birinci katibi çıxış edirlər. Sonra meydan verilir tarixçilərə və ictimaiyyət nümayəndələrinə — komsomolçulara, pionerlərə və s.

Daha sonra söz verilir Ağcaqum rayon partiya komitəsinin Birinci katibinə. Kürsüyə qalxan yekəpər, tosqun türkmən öncədən hazırlanmış məruzənin mətnini oxumağa başlayır. Bir saatın tamamında o, bir dəqiqə su içir. Bəs neyləsin? İstiyə dözmək mümkün deyil, axı… Amma bununla belə, iştirakçılar bilirdilər ki, bu sonuncu çıxışdı və səbirsizliklə, məruzənin bitməsini gözləyirdilər. Nəhayət ki, o, gözlərini qarşısındakı vərəqlərdən ayırıb, çıxışını bitirdiyini nümayiş etdirmək istəyəndə gurultulu alqışlar qopur və sanki bu coşqunluq onu həvəsləndirir ki, son sözlərini bədahətən söyləsin:

— Biz xoşbəxtik ki, 26 Bakı komissarlarını məhz bizim torpaqda güllələyiblər.
Pərdə qapanır!

***

Ukrayna prezidenti Leonid Kuçmanın Azərbaycana rəsmi səfəri. Artıq üç saatdır ki, fəxri qarovul dəstəsi aeroportda məşq eləyir. Fəxri qarovul dəstəsinin rəisi, hərbi qaydada addımlayan və sonra da farağat dayanan əsgərlərə yaxınlaşır, cibindən kağız parçası çıxardır, kağıza gözucu nəzər salır və gur səslə deyir: “Zdorovenki bulı!”. Əsgərlər xorla cavab verirlər: “Bulı!”

Hər beş dəqiqədən bir məşq təkrar olunur. Daha doğrusu, fəxri qarovul dəstəsinin rəisi Kuçmanın “mətnini” söyləyir. “Zdorovenki bulı” salamlaması və “bulı” cavabı yüz dəfə təkrar olunduğundan iki kilometr aralıda dayananları da bezdirir. Hə, budur, aeroporta Heydər Əliyev gəlir. Demək, görüşə hamı hazırdır. Səmada Ukrayna prezidentinin təyyarəsi görünür. Uçaq yerə enir. Prezidentlərin görüşündən sonra fəxri qarovul dəstəsinin rəisi (protokola uyğun olaraq) Kuçmaya yaxınlaşıb məruzə eləyir ki, fəxri qarovul düzlənib. Hə, indi Kuçma sizin də güman etdiyiniz kimi söyləməlidir: “Zdorovenko bulı!” Amma Kuçma qarovul dəstəsinə yaxınlaşıb başqa söz deyir: “Salam, əsgər!”

Belə görünür ki, sürpriz etmək qərarına gəlibmiş. Qarovul dəstəsi isə Kuçmanın sürprizinə cavab olaraq, sinə dolusu nəfəs alır, vəssalam. Kuçma Əliyevə nəzər salır, Əliyev Kuçmaya. Kuçma güman eləyir ki, sözünü ucadan söyləməyib, ona görə də dərindən nəfəs alıb var səsilə dillənir: “Salam, əsgər!” Amma qarovul dəstəsi bu salamın da cavabını qaytarmır və ətrafa iniltiyə bənzər bir səs yayılır. Kuçma və Əliyev bir-birinə baxırlar. Əliyev situasiyanı öz əlinə almaq istəyir və sərt tərzdə deyir: “Salam, əsgər!” Qarovul dəstəsi bir nəfər kimi hay verir: “Salam!” Rəhbərlər xalçanın üstü ilə addımlayarkən Kuçma astadan soruşur:

— Heydər Əliyeviç, bəyəm mən düzgün tələffüz etmirdim?
Əliyev cavab verir:
— Yox, düzgün tələffüz edirdiniz, indi hər şeyi aydınlaşdırarıq.
— Və Heydər Əliyev protokol xidməti rəisini yanına çağırıb soruşur ki, bu nə məsələdir? O, dərhal cavab verir: “Qarovul “Zdorovenko bulı”nı məşq eləyib. 
Pərdə qapanır.

***

Avstraliyada olimpiya oyunlarını izləyirdim. Yəqin ki, xatirizdədir, bizim ilk qızıl medalımızı stend atıcılığı üzrə yarışda Zemfira Meftahəddinova qazandı. Sözün düzü, bu, çoxdan gözlənilən qələbə idi və bizə hava, su kimi gərəkdi. Zemfiraya qızıl medal təqdim olunanda mən həyatımda ilk dəfə sevincdən ağladım və elə qışqırdım ki, yəqin bu qitənin aborigenləri də bu səsdən vahiməyə düşdülər və bəlkə də hesab etdilər ki, ağlar yenə də onları qırmağa gəliblər və bu səs də bir işarədir.

Mən, əlbəttə, dostlarıma növbə ilə telefon açmağa və sevincimi paylaşmağa başladım.

Yaxın dostlarımın sırasında növbə Aleksandr Abdulova çatdı. Məlum oldu ki, Saşa bir erməni dostunun ad günündədir və masa arxasında oturanların demək olar ki, hamısı ermənilərdir. Amma mən bunun fərqinə varmadan sevincdən bağıra-bağıra dedim:

— Saşa, bizim qızımız stend atıcılığında qızıl medal qazandı!

Məclisdəki ermənilərin kədərlənməsinin səbəbini kəsdirən Abdulov başa düşür ki, bu uğura burda sevinən olmayacaq. Bir qədər fikrə gedəndən sonra sözünü belə tamamlayır:
— Yəqin ki, Qarabağda məşq eləyib.
Pərdə qapanır.

***

1992-ci il. Nyu-York. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbəti yığıncağı. İclas zalının giriş qapısında erməni tərəfinin nümayəndələri ilə Həsən Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətləri üz-üzə dayanıblar. Hiss olunur ki, gözləmə zalı bir qədər iri olsa, heç münaqişə tərəfləri bir-birinə, ümumiyyətlə nəzər salmazlar. Amma indi bir-birinə qarşı düşməncəsinə baxmaq və baxışları ilə daha çox kin-küdurət nümayiş etdirmək məcburiyyətindədirlər.

Yaranmış gərginliyi və həm də sükutu erməni nümayəndəliyinin başçısı üzünü Həsən Həsənova tutaraq pozur:
— Həsən Əzizoviç, bax, indi biz belə bir anturajda dayanmışıq (ermənilər “trivialno”, “tolerantno”, “anturaj” kimi mənalı ifadələr işlətməyi xoşlayırlar), amma siz əvvəlcədən bildirsəydiniz ki, Qarabağ Ermənistan ərazisidir, heç bir problem meydana gəlməzdi.
Erməni susur və təbii, gözləyir ki, qarşı tərəf cavab versin və bu minvalla da münaqişə başlasın. Gözlərini erməni nümayəndə heyətinin başçısından çəkməyən Həsən Həsənov əsla dillənmir. Erməni nümayəndə heyətinin başçısı dözmür və sırtıqcasına sözünün ardını gətirir.
— Özünüz düşünün, Həsən Əzizoviç, Qarabağın tarixi Ermənistanın yarasıdır, bütün bu tarix bizim folklorumuzda, nağıllarımızda, mifologiyamızda, əfsanələrimizdə əks olunub.
Həsən Həsənov xəfifcə gülümsəyib deyir:
— Tamamilə düzdür, siz bir daha təsdiq etdiniz ki, Ermənistanın bütün tarixi — nağıl, mifologiya və əfsanədir.
Pərdə qapanır.

***

Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar banketdə məşhur rəqqas Mahmud Esambayev təntənəli tost deyəndən sonra, qəfildən papağını çıxardıb qoyur Poladın başına. Mahmud Esambayevin daz başı hamını heyrətləndirir, həmçinin, onun daz olduğunu birinci dəfə görən İosif Kobzonu da. İ.Kobzon onun daz başından gözünü çəkmədən deyir:
— Polad, növbəti tostu mən söyləyəcəm, amma mən parikimi sənə verə bilmərəm.
Pərdə qapanır.

***

Dostlarım Şəkiyə, Marxal gölünə dincəlməyə gedirlər. Məlumdur ki, bizdə bir çoxları üçün yaxşı dincəlmək anlayışı yaxşı yeməkdən, o ki var içməkdən və doyunca yatmaqdan ibarətdir. Gölün sahilindəki yeməkxanada onların daha çox xoşuna gələn çay balığı olur. Onlar dördüncü dəfə də çay balığı sifariş verəndə xörəkpaylayan ciddi tərzdə deyir:
— Balıq məsləhət deyil...
Dostlarım çaşıb qalırlar. İkisini elə o andaca qarın ağrısı tutur. Nisbətən diribaşı isə qorxa-qorxa soruşur:
— Niyə məsləhət deyil?
Xörəkpaylayan tükü də tərpənmədən cavab verir:
— Çünki yoxdur! 
Pərdə qapanır.

***

Bir jurnalistlə parlamentin binasından təzəcə çıxmışdım ki, seçicilərimdən biri qarşıma keçib qolumdan yapışdı və yalvarmağa başladı:
— Ay qurban olum, mənim oğlumu tutublar, 15 il veriblər. Kömək elə.
Soruşdum:
— Məhkəmə qərar çıxardıb?
O, cavab verdi:
— Qərar çıxarılıb, amma məhkəmə yox, Ali Məhkəmə tərəfindən. Dedim ki, belə olan təqdirdə kömək etmək mümkünsüzdür. Amma o, yenə qolumu buraxmadı və oğlunun günahsız olması haqqında mühakimələrinə davam elədi. Hətta söylədi ki, oğlunu heç nədən ilişdiriblər. Mən soruşdum ki, axı oğlu neynəyib? O, sakit tərzdə, hətta deyərdim ki, saymazyana cavab verdi:
— Heç nə eləməyib, polisi öldürüb!
Pərdə qapanır.

«525-ci qəzet»

0 şərh