"Gedirəm biletin pulunu verməyə!"

                                                    Stefen Likok

                Yumorist yazıçı Stefen Likokun yanına birisi gəlib gülüş doğuran yazı yazmaq üsulunu öyrənmək istədiyini bildirir. Yazıçı ona deyir:

-          Gülməli yazı yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb hazırlayırsınız başlayırsınız başınıza gələn fikirləri yazmağa.

Həmin şəxs:

-          Bəli, bəli... Doğru deyirsiniz, təşəkkür edirəm!- deyərkən Likok:

-          Yazmaq asandır, bütün çətinlik, başınıza fikir gələ bilməsindədir!-deyir.

 

 

                                                    Yucin Oneyl

                Amerika dekadent yazıçısı Oneyl (1888-1953) gəmi ilə Aralıq dənizində səyahət etdiyi zaman kapitanın yanına qalxmış və burada kim isə onun çiyninə toxunaraq demişdi:

-          Cənab, üzr istəyirəm, kimsənin buraya qalxmasına icazə verilmir!

Oneyl səs gələn tərəfə çevrilərək:

-          Siz kiminlə danışdığınızı bilirsinizmi?- deyə soruşmuş.

Dənizçi çiyinlərini çəkib onu tanımadığını bildirdikdə Oneyl qürurla demişdi:

-          Siz əsrimizin ən böyük dramaturqu ilə danışırsınız!

Dənizçi isə ona belə cavab vermişdi:

-          Cənab Bernard Şou hər kim olursunuz olun, buradan getməlisiniz!

 

                                                       Cozef Lister

                Məşhur ingilis cərrahı Listeri (1827-1912) gecə vaxtı təcili olaraq yuxudan ayıldıb bir varlı xəstənin müalicəsinə çağırırlar. Lister xəstəyə baxaraq:

-          Bu saat vəkili və oğlanlarınızı buraya çağırmalısınız- deyir.

-          Doktor, yoxsa həyatım təhlükədədir? Bəlkə son dəqiqələrimdir?

-          Xeyr, son dəqiqələriniz deyildir, ancaq qoy mənim kimi onlara da yuxu haram olsun! – deyir.

 

                                                  Iohannes Brams

                Görkəmli alman bəstəkarı Bramsın ( 1833-1897) görüşünə gəlmiş dostu çıxıb gedərkən demişdi:

-          Sənin vəfatından sonra bu qapıya vurulacaq lövhədə nə yazılacağını indidən təsəvvürə gətirmək çox da çətin deyil!..

Brams düşüncəli halda ona cavab verərək demişdi:

-          Yəqin yazacaqlar ki: “Bu ev kirayəyə verilir”.

 

 

                                                            Lensdel

                İngilis dramaturqu Lensdel zəif bir səhnə əsərinin ilk tamaşasına baxarkən birinci pərdədən sonra yoldaşına deyir:

-          Dur gedək, baxmağına dəyməz!

-          Yaxşı deyil... özümüzə də pulsuz bilet veriblər!..

Dramaturq razı olub, ikinci pərdəyə də baxmağa başlayır. Lakin davam gətirə bilmədiyindən pərdənin ortasında ayağa qalxaraq lojadan çıxmaq istədikdə yoldaşı ondan soruşur:

-          Hara gedirsən?

Lensdel belə cavab verir:

-          Gedirəm biletin pulunu verməyə!

 

 

0 şərh