Natiqlik sənətinin cəmiyyətdə rolu və növləri

Xalq yaradıcılığının incilərindən olan natiqlik sənəti cəmiyyətdə mühüm yer tutur. Natiqlik sənəti hər bir insanın qabiliyyətini, istedadını üzə çıxarır. Natiqlik sənətinin ən böyük rolu ondan ibarətdir ki, bu sənət vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğatçılar yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri odur ki, bu sənət ilə məşğul olan hər bir adam hansı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və müşahidələr aparır. Bu da fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir. Millətindən asılı olmayaraq hər bir natiq xalqına yaxından bağlı olur və həqiqətlərin üzə çıxarılmasında, kütləyə çatdırılmasında öz məharətlərindən istifadə edirlər. Bu bir danılmaz faktdır ki, XX əsr Azərbaycanda natiqlik sənəti və onun inkişafı yeni mərhələyə qədəm qoydu. Bu dövrdə natiqlik sənəti, üslub və üslubiyyat haqqında dəyərli fikirlər, elmi məqalələr, kitablar, dərsliklər yazılıb çap olunmuşdur.

Dünya natiqlik sənəti, onun ən gözəl nümunələri Azərbaycan dilinə çevrilmiş və onlardan layiqincə istifadə olunmuşdur. Məhz, bu illərdə M.İbrahimov, S.Vurğun, Ə.Sultanlı, H.Araslı, Ə.Dəmirçizadə, H.Mirzəzadə, M.Cəlal, M.Quluzadə, A.Qurbanov, Y.Seyidov, A.Axundov, T.Hacıyev və başqa görkəmli dilçilər, söz ustaları, uslub və üslubi prinsiplər haqqında, ədəbi dil, dil tarixi haqqında elmi əsərlər, kitablar, məqalələr yazıb çap etdirmişlər. Natiqlik sənətini hamı bilməlidir (ziyalılar nəzərdə tutulur). Müasir dövrümüzdə xalq kütlələri arasında, idarələrdə, müxtəlif sahələrdə çalışan insanları informasiya ilə təmin etmək üçün cəmiyyətimizə savadlı natiqlər lazımdır. Natiq xalqının həm təbliğatçısı, həm də təşkilatçısı olmalıdır. Ona görə də cəmiyyətimizin qaymağı sayılan müəllimlər, mədəniyyət xadimləri, bilik cəmiyyətlərində fəaliyyət göstərən mühazirəçilər, ağsaqqallar natiqlik sənətinin əsaslarını dərindən öyrənməli və yeri gəldikcə məqsədyönlü şəkildə bundan istifadə etməlidirlər. Bu günümüzün tələblərinə cavab vermək üçün hər bir natiq dərin biliyə və müşahidə qabiliyyətinə malik olmalıdır. Natiq həmçinin dilin incəliklərini dərindən bilməlidir.

Bu gün təhsil ocaqlarımızda minlərlə müəllim natiqlik sənətinin inkişafına xidmət edir. Sual-cavablar, keçirilən ədəbi gecələr, disputlar, elmi mübahisələr natiqlik sənətinin inkişafına, yüksək nitq mədəniyyətinə yiyələnmək üçün geniş imkanlar açır.

Cəmiyyətimiz inkişaf etdikcə informasiya bolluğu yaranır. Televiziya, radio hər gün nə qədər informasiyanı əhatə edir. Dünyada baş verən hadisələrin şərhi, daxili xəbərlər, rəsmi xronika, siyasi icmalçıların təhlili və s. natiqlik sənətinin inkişafına xeyli köməklik göstərir, xalqın dünyagörüşünü zənginləşdirir.

Natiqliyin inkişafına təsir edən amillərdən biri də demokratiyadır. Demokratiya əsasında natiqlik sənəti və nitq mədəniyyətinin təməli qoyulur. Söz azadlığı, obyektiv tənqid natiqliyin kəsərini artırır. İdarələrdə, yığıncaqlarda, təntənəli gecələrdə nitq söyləyən və ya çıxış edən hər bir şəxs qarşısında belə bir məqsəd qoymalıdır ki, söylədiyi nitq cəmiyyətə xidmət etmiş olsun. Əsl natiq nitqini cəlbedici qurmalıdır. Xalq kütləsi, kollektiv arasında natiqin nüfuzunu qaldıran, onu hörmətli edən əsas cəhətlərdən biri nitqin inandırıcı və qərəzsiz olmasıdır. Fikri sübut və faktlarla ifadə etmək üçün natiq tutarlı materiallardan istifadə etməlidir. Natiqlik sənətinin özünəməxsus xüsusiyyətlərindən biri də nitq zamanı gətirilən sitatların fikirlə bağlı olmasıdır. Fikrin dolğun şəkildə dinləyiciyə çatdırılmasında mənbədən gətirilən sitatlar aydın, düzgün və səlis ifadə olunmalıdır.

Hər bir natiqin şəxsi xüsusiyyətləri ilə bərabər fərdi üslubu olmalıdır. Onun yazdığı hər hansı mühazirə, çıxış xidmət etdiyi cəmiyyətlə güclü təmasda olmalıdır. Şairə, yazıçıya, jurnalistə, tənqidçiyə və digər şəxslərə xas olan fərdi üslub natiqlik sənətində mühüm və əsas keyfiyyətdir. Hər bir natiq nitqini qurarkən dildə işlənən sözləri saf-cürük edir, fikrini dolğun, obrazlı ifadə etmək üçün dil vahidlərini düzgün seçib işlədir. Bu xüsusiyyət natiqin səviyyəsini üzə çıxarır. Ona görə də natiq olmaq istəyən hər bir şəxs dilin incəliklərini bilməlidir, ondan düzgün istifadə etməlidir.

Söylənilən fikirlərdən aydın oldu ki, natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət isə uzun bir tarixi yol keçmişdir. Bu tarixi yol natiqlik sənətinin müxtəlif növlərinin və şəkillərinin yaranmasına şərait yaratmışdır. Eyni zamanda cəmiyyətin inkişafına və tərəqqisinə xeyli kömək göstərmişdir. Onu da qeyd edək ki, cəmiyyətin inkişafı bir xətt üzrə getmədiyi üçün natiqlik sənətinin də təsnifi, bölgüsü müxtəlif şəkildə təzahür etmişdir. Yəni cəmiyyətin inkişafında bir sahə yüksək səviyyədə, digəri orta, başqa birisi isə durğunluq dövrü keçirərək yaşamışdır. Bu müxtəliflik şübhəsiz ki, cəmiyyətlə birgə inkişaf edən natiqlik sənətində də özünü göstərməyə bilməzdi. Ona görə natiqlik sənətinin növləri ya tam əhatə olunmamış, ya da bölgülərdə naqislik özünü göstərmişdir. Bu bölgülərin müxtəlifliyinə, tədqiqatçıların fikir ayrılığına baxmayaraq, bu, natiqlik sənətinin müvəffəqiyyəti idi. Artıq bir elm kimi mütəxəssislərin diqqətini cəlb edən natiqlik sənəti elmi mübahisələrin yaranmasına şərait yaratdı və öz varlığını sübut etdi.

Ümumiyyətlə, natiqlik sənətinin bölgüsü haqqında fikir müxtəlifliyinə Azərbaycan tədqiqatçılarının əsərlərində də rast gəlirik. Bizcə, başqa bir alimin tərtib etdiyi sxemi əsas götürən və onu qəbul edən Məmmədəli Əskərovun məqbul hesab etdiyi bölgü daha məqsədəuyğundur. Əsasən, məqbul və dolğun hesab etdiyimiz bu bölgüdə yalnız bir növün adını dəqiqləşdirmək yerinə düşərdi: Bu növün adının ilahiyyatçı natiqlik yox, dini natiqlik adlanmasını daha düzgün hesab edirik. Yerdə qalan növləri və onların müxtəlif qollara ayrılmasını (Məmmədəli müəllim bunları şəkillər kimi ifadə edir) olduğu kimi qəbul edirik. Natiqlik sənətinin növlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar.

NATİQLİK SƏNƏTİNİN SAHƏLƏRİ

İctimai-siyasi natiqlik

  • Prezidentlərin inaqurasiya nitqi
  • Siyasi mövzuda məruzələr
  • Hər hansı toplantıda hesabat məruzəsi, müzakirədə çıxış,
  • Siyasi mövzuda çıxış (hər hansı bir ölkədə başqa prezidentin çıxışı),
  • İcmal nitqi — son söz,
  • Mitinqlərdəki çıxışlar,
  • Siyasi təbliğatçıların nitqi. Şüarlar, qanunvericilik layihələri. Parlament mübahisələri

Diplomatik natiqlik

  • Xarici işlər nazirlərinin çıxışı
  • Dövlət başçılarının BMT-də çıxışları
  • Diplomatik mübahisə.

Akademik natiqlik

  • Ali məktəblərdə mühazirə oxumaq
  • Elmi məclisdə (konfransda) mühazirə
  • Elmi mövzularda kütləvi mühazirə
  • Elmi məlumatvermə (elmi hesabat)
  • Elmi mövzuda mübahisə
  • Elmi rəy. Dissertasiya müdafiəsi çıxışı.

Məhkəmə natiqliyi

  • Prokurorun ittiham nitqi
  • Vəkilin və ya müdafiəçinin nitqi
  • Müttəhimin cinayət haqqında çıxışı
  • ç) Müttəhimin özünümüdafiə nitqi
  • Şahidlərin dindirilməsi (nitqi)
  • Hakimin nitqi — ittiham hökmü.

Məişət natiqliyi

  • Masa arxasında söylənən təbrik nitqi
  • Matəm mitinqində nitq (ağılar)
  • Məişət-müraciət etiketləri
  • Məişət mübahisəsi.

Bədii axşamlardakı nitq

  • Şair və yazıçı haqqında məruzə — mühazirə-nitq
  • Şair və yazıçının nitqi.

Səhnə nitqi

  • Komik aktyorun nitqi
  • Tragik aktyorun nitqi.

Dini natiqlik

  • Moüzə və xütbə
  • Məscid və kilsədə din xadimlərinin nitqi
  • Surə oxumaq, Quran tapşırmaq, süfrə və ehsan duaları
  • Axund və mollaların imamların müsibəti haqqında hüznlü çıxışı, mərsiyə, sinəcan.

Hərbi natiqlik

  • Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi
  • Hərbi and
  • Hərbi nizamnamənin şərhi
  • Komandanların və komandirlərin müxtəlif situasiyalarda çıxışları.

İctimai-siyasi natiqlik

İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.

Siyasi natiqlikdə özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə nitqlərin təsiri nəticəsiz qalmır. İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən sonra qarşıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur.

İctimai-siyasi natiqlik əsasən mövcud iqtidarı müdafiə edir. Onun siyasi fikirlərini, məqsəd və vəzifələrini təbliğ edir. Müxalifət qüvvələrinin belə fikirlərlə razılaşmaması ziddiyyətli fikirlərin meydana gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişafına təkan verir. Yeni natiqlərin, liderlərin yaranmasına gətirib çıxarır. Siyasi natiqlik kütləvi xarakter daşıyır, xalqa xidmət edir.

İctimai-siyasi natiqliyin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, xalqa xidmət edir. Onun mənafeyini hər şeydən üstün tutur. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu xüsusiyyətlər onu digər növlərdən fərqləndirir.

Akademik natiqlik

Ali məktəb ocaqlarında oxunan mühazirələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik natiqliyi digər növlərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. Hər bir natiq mühazirəyə hazırlaşarkən ona yaradıcı yanaşır, verilən sualları elmi əsaslarla şəhr edir.

Akademik natiqliyin əsas məziyyətlərindən biri də mövzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Məsələn, hər hansı bir ixtisas sahibi hazırladığı mühazirəni dinləyicilərin səviyyəsinə uyğun qurmalı və müəyyən ümumiləşmələr aparmaq qabiliyyətinə malik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu, nitqin təsir gücünü artırır.

Bəzi elmi məruzələrdə isə vəziyyət dəyişir. Onlarda konkretlik olmur. Bəzilərində isə fərziyələr irəli sürülür. Bu xüsusiyyət onu mühazirədən fərqləndirir. Belə məruzələrdə məsələnin həlli ümumi xarakter daşıyır, mahiyyət açılmır. Elmi məruzələr fərziyyə xarakteri daşıyırsa, onda sübut, dəlil, fakt işlənə bilmir. Məsələn, zəlzələnin nə vaxt baş verəcəyi faktı elm aləminə bəlli deyil. Şübhəsiz ki, bu barədə deyilən sözlərin, fikirlərin nə fakta, nə də sübuta ehtiyacı var. Lakin onu da yaddan çıxarmaq olmaz ki, ayrıca bir problemin həllində, mübahisələrə, dəlil və sübutlara ehtiyac duyulur. Bu zaman elmi məruzə mühazirəyə yaxınlaşır, lakin dilinə görə, ifadə vasitələrinə görə yenə də özünəməxsusluğunu saxlayır. Elmi məruzələrin dili, ifadə tərzi mühazirəyə nisbətən qəliz olur. Elmi məruzələr əsasən simpoziumlarda, konfranslarda daha çox işlənir. Akademik natiqliyin də inkişafı cəmiyyətin tərəqqisinə bağlıdır. Elm, texnika nə qədər çox inkişaf edirsə, akademik natiqlik də bir o qədər tərəqqi edir. Akademik natiqlik hər hansı bir elmi kəşf və ya tədqiqat barədə məlumat verməklə bərabər, müəyyən tezis xarakteri daşıyan müddəalardan da dinləyiciyə məlumat verir. Akademik natiqlik həm də müəyyən məcmuələrdə, jurnallarda elmi xəbərlər adı altında bir qrup adamlara çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Elmi xəbərlərdə əsas meyar xəbərlərin şərhi hesab olunur. Akademik natiqliyin inkişafında müəllimlərin, bilik cəmiyyətində işləyən elmi işçilərin mühüm rolu vardır. Akademik natiqlikdə elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, fakt, izahlar əsas amil kimi özünü göstərir. Akademik natiqlik kütləvi xarakter daşımır.

Qeyd etmək lazımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də genişlənir, zənginləşir və daha da təkmilləşir. Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş şəkildə işlədilməsi mümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini azaltmır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir.

Məhkəmə natiqliyi

Məhkəmə natiqliyi natiqlik sənətində ən qədim tarixə malik demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir. Solon islahatlarından sonra özünü müdafiə nitqlərinin yaranması, loqoqrafların yetişməsi məhkəmə natiqlik sənətinin bünövrəsini qoydu. Qədim Yunanıstanda Demosfen, Lisi, İsey, Romada Siseron, Fransada andlı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, Konn kimi natiqlərin yetişməsi böyük bir məktəbin yaranmasına gətirib çıxardı.

Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir.

Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə edilir.

Məhkəmə natiqliyini digər növlərdən fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, o, hüquq, psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə sıx şəkildə bağlıdır.

Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz adətən ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşmançılığını bildirir. Bir də heç vaxt cinayət törətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq.

Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavanlığını və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.

Məhkəmə natiqliyi öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir.

Vəkil isə qanunların aliliyini gözləyərək, müttəhimin hüquqlarını müdafiə edir. Həm də şahidlərin nitqini düzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir.

Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlar, dəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmasında və inkişaf etdirilməsində respublikamızda fəaliyyət göstərən hüquq işçilərinin, prokurorların əməyi yüksək qiymətləndirilməlidir.

Məişət natiqliyi

Məişət natiqliyi qədim tarixə malikdir. O, xalq həyatının, məişətinin inkişafı ilə əlaqədar yaranıbdır. Bizcə, o biri növlərə nisbətən məişət natiqliyi Azərbaycanda daha erkən yaranıb püxtələşmişdir. İlkin nümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir.

Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar.

Məişət natiqliyi haqqında fikir söyləyən Kamil Əliyev yazır: «Eramızdan əvvəl V-IV əsrlərdə Afinada məişət natiqliyinə böyük əhəmiyyət verilirmiş. Müharibələrdə həlak olan igidlərin cəsədi sərv ağacından düzəldilmiş tabutlara qoyularmış. Həmin tabutlar üçün uca bir yer düzəldilərmiş. Təntənəli dəfn mərasimi başlanarmış. Tabutlar qəbrə endirilib üstü örtüləndən sonra matəm mitinqi olarmış. Həmin mitinqdə ən məşhur natiq — siyasi xadim nitq söyləyər, həlak olanların igidliyini yüksək qiymətləndirər və dinləyicilərə vətənpərvərlik ideyaları aşılarmış.

Analoji fikir Ə.B.Haqverdiyev tərəfindən də söylənilir. Böyük mütəfəkkir yazır: «Qədim Azərbaycanda böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya «yuq» deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş yuqçular isə ikisimli qopuz çalıb oynardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi.

Belə ağılar həm nəzm, həm də nəsr formasında şifahi xalq ədəbiyyatında indi də varlığını qoruyub saxlayır. Məsələn, nəsr formasında: «Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi doğdun, gün kimi batdın! Minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın! Saydığına salam verdin. düşməninə dirsək göstərdin...ağzuvun kəsərli sözünə anan qurban!»

Nəsr forması ilə bağlı yuxarıda məlumat verdik. İlk yazılı abidələrimizdən biri Azərbaycan xalqının məişətini, qədimliyini sübut edən, ensiklopedik nümunəmiz olan «Kitabi-Dədə-Qorqud» dastanlarında məişət natiqliyinin nümunəsi kamil şəkildə özünü göstərir. Xalq mərasimlərini, adət-ənənələri, xalq məişətini dolğun şəkildə əks etdirən bu qədim və əvəzsiz abidədə Banuçiçək başının tacı, igid, qəhrəman nişanlısı Beyrək üçün göz yaşı tökərək bu ağını deyir:

  • Vay, ay duvağın ayası! Vay alnım başım umuru!
  • Vay şah igidim, vay şahbaz igidim!
  • Doyunca üzünə baxmadığım, xanım igit!
  • Qanda getdin məni yalqız qoyub, canım igit!

Məişət natiqliyinin bu qolu indi də yaşamaqdadır. Söylənilən qəbirüstü nitqlər, yazılan nekroloqlar bu gün də davam etdirilir.

Məişət natiqdiyinin ən geniş yayılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, toylarda, mərasimlərdə söylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda olur. Burada natiqin səmimiyyəti, arzu və istəkləri nitqin əsasını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, məişət anlayışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. Natiqlik sənətinin digər növləri və onların qolları məişət natiqliyi ilə əlaqəlidir.

Dini natiqlik

Natiqlik sənətinin bu növü qismən sonrakı dövrlərdə yaranmışdır. Qədim zamanlarda təbiət qüvvələri qarşısında aciz qalan insanlar mücərrəd anlayışlara əl atır və özləri üçün çıxış yolu axtarırdı. Lakin orta əsrlərdə özünə möhkəm yer eləmiş din öz ideyaları ilə yaşayıb inkişaf edirdi. Məsələn, İranda, Əfqanıstanda, Avropada, Romada məscid və kilsələrdə fəaliyyət göstərən din xadimləri fikrimizə misal ola bilər.

Azərbaycanda dini natiqlik ərəblərin hakimiyyəti illərində geniş vüsət aldı. Aparılan ərəbizm siyasəti və islam dininin təbliği bu natiqliyin təməl daşının daha da möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın ən ucqar kəndlərində açılan dini məktəblər, mədrəsələr, xüsusilə müqəddəs Qurani-Kərimin tədrisi dini natiqliyin çiçəklənməsinə təkan verdi. Bu illərdə dini natiqlik məktəblərdə «bəlağət» adı ilə keçilməyə başladı. Məscidlərin tikilməsi, müqəddəs günlərin bayram edilməsi (bu ənənə Azərbaycan müstəqillik qazanandan sonra bizim xalqımız arasında da geniş yayılıb. Məsələn, orucluq bayramı, qurban bayramı, məhərrəmlik ayında müqəddəs aşura günü və s.) xalqın şüurunda özünə yer tapdı. Doğrudur, məscidlərdə fəaliyyət göstərən bəzi din xadimləri tənqid atəşinə tutulurdu. Amma, bütünlükdə islam dini xalqın inam yeri, müqəddəs qibləgah hesab olunurdu. İslam dininin yayılmasına əsas səbəb ərəb dilinin rəsmi dövlət dili olması idi. Bundan sonra dini dərslər, ayinlər bu dildə tədris olunmağa başladı. Lakin xalq öz dilini və adət-ənənələrini qorudu, varlığını saxladı. Lakin din xalqın şüurunu zəbt etdi. Dini ənənələr yaşadıqca təkmilləşdi və özü ilə bərabər dini natiqliyin nümunələrini də qoruyub saxladı.

IV əsrin əvvəllərindən etibarən Arranın müəyyən hissələrində xristianlıq yayılmağa başlamışsa da, Atropatenada atəşpərəstlik VII əsrə qədər əsas hakim din olaraq yaşamış, hətta islamiyyət güclə qəbul etdirildikdən sonra uzun müddət öz təsirini davam etdirmişdir.

«İstər zərdüştlük, istərsə də bundan daha əvvəlki ibtidai tayfa-qəbilə «dini» görüşləri nağıllara, əfsanələrə də təsir etmiş və bu təsirlərlə bağlı bir sıra surətlər, hətta bəzi süjetlər əmələ gəlmişdir ki, bunların da qalıqları şifahi ənənə ilə zəmanəmizə qədər gəlmişdir. Xalq içərisində yaşamaqda olan «Fatmanın inəyi», «Taxta qılınc», «Ovçu Pirim» kimi onlarca nağıllarda totemizmin qalıqlarını görmək mümkündür.

Dini natiqlik Azərbaycanda bu gün geniş yayılıb. Bu isə xalqımızın islam dininə olan inamından irəli gəlir.

 

0 şərh