Nitqin hazırlanması və mərhələləri

Hər bir natiq çıxışdan əvvəl mövzusu ilə əlaqədar hazırlıq işləri görür. İlk növbədə çıxışın mövzusu onu düşündürür. Bu, ali məktəbdə aparılan mühazirələrə şamil edilmir. Çünki onların mövzusu əvvəlcədən təsdiq olunmuş proqramlarda əks olunur. Bu, əsasən, «Bilik» cəmiyyətlərində fəaliyyət göstərən natiqlərə aiddir. Hətta bəzi hallarda nitqin mövzusu gözlənilmədən bir hadisə ilə əlaqədar (yubileylərlə, əlamətdar hadisə ilə, gələn qonaqlar qarşısında çıxış etmək üçün ayrılan vaxtın azlığı və s. ilə) bağlı olaraq meydana çıxır. Natiq bu zaman nitqin mövzusunu tam qavramalı, onun əsasını təşkil edən məzmun və formanı, quruluşu dinləyicilərin səviyyəsinə uyqun qurmalıdır. Adətən, natiqlər öz mövzusuna məsuliyyətlə yanaşır. Hər bir natiq ixtisasına uyğun olan mövzu ətrafında çıxış etmişdir. Bəzən biz bunun əksini görürük. Məsələn, tarixçi fəlsəfi kateqoriyalardan, ədəbiyyatçı pedaqogikadan, riyaziyyatçı psixologiyadan, bioloq kimyadan silsilə mühazirələr oxuyur. Belə natiqlər özlərindən razı qalsalar da, tələbkar auditoriya ilə rastlaşdıqda, dinləyiciləri təmin edə bilmirlər. Natiq nitqə hazırlaşarkən, ən mühüm məsələləri düzgün təhlil etməyi və işıqlandırmağı qarşısına məqsəd qoymalıdır.

Natiq nitqini qurarkən mövzunu tam əhatə etməlidir. Çünki natiq də yazıçı kimi mövzunu ideya ilə bağlayır. Yəni mövzu fikrin ifadəsinə uyğun seçilməlidir. Söylənilən nitq, çıxış, məruzə natiqin həyatda qazandığı biliyin və dünyagörüşün ifadəsidir. Odur ki, natiq olmaq istəyən hər bir şəxs birinci növbədə dərin biliyə malik olmalıdır. Natiq həmişə özünə bu sualları verməlidir. «Mən nə haqqında danışıram?», «Kimə danışıram?» (auditoriya nəzərdə tutulur), «Dinləyicilərə yeni nə şey deyəcəyəm?», «Mövzuya hazırlaşmağa vaxt çatacaqmı?», «Mövzunu əhatə edə biləcəyəmmi?», «Qarşıya çıxan sualları düzgün təhlil edə biləcəyəmmi?» və s.

Nitqin yazılması və ya şifahi şərhi olduqca mürəkkəb bir prosesdir. Bu proses məqsədyönlü aparılmalıdır. Tələsməyə yol vermək olmaz. Bu prosesi mərhələ -mərhələ aparmaq daha düzgün və məqbul hesab olunur. Şərti olaraq bu mərhələləri belə qruplaşdıra bilərik:

  • Mövzu ətrafında düşünüb onu tam mənimsəmək.
  • Mövzuya aid ədəbiyyatın toplanması.
  • Toplanan ədəbiyyatı qruplaşdırıb nəticə əldə etmək.
  • Əldə edilmiş nəticə əsasında plan tərtib etmək.
  • Nəhayət, fikrin yekunlaşdırılması. Nəticə.

Mövzu ətrafında düşünən natiq, həm öz səviyyəsini, həm də auditoriyanın tərkibini nəzərdən qaçırmamalıdır. Natiq nitqini qurarkən, dinləyicilərin yaşını, ixtisasını, dünyagörüşünü, mövzuya aid biliklərini nəzərə almalıdır. Bu xüsusiyyətləri mövzu ilə, yerli şəraitlə, nitqin əmələ gətirə biləcəyi reaksiya ilə, mövzunun qavranılması ilə, yaranan problem ilə, situasiya ilə əlaqələndirməyi bacarmalıdır. Bu, natiqdən böyük bacarıq və ustalıq tələb edir. Natiqin qarşısında qoyulan bu tələblər yerinə yetirilərsə, dinləyicilərdə böyük maraq oyadar.

Nitqin gözəl, dolğun, elmi çıxması üçün natiq mövzuya aid ədəbiyyat əldə etməlidir. Gündəlik mətbuatı, mövzuya aid elmi ədəbiyyatı (hətta mübahisəli olsa belə, öz fikrini, gəldiyi qənaəti bildirməlidir), məqalələri, tezisləri nəzərdən keçirib, yaradıcılıq təxəyyülü ilə əlaqələndirməlidir.

Toplanmış ədəbiyyatı nəzərdən keçirib, öz aləmində müqayisələr aparıb, gəldiyi nəticələri məqsədyönlü şəkildə mövzuya şamil edir. Natiq topladığı biliyi, faktı, sübutları, dəlilləri qruplaşdırıb, nitqi dəqiq və düzgün, ardıcıl ifadə etmək üçün plan tərtib edir. Plan əsasında da fikrini yekunlaşdırıb, gəldiyi nəticəni dinləyicilərlə bölüşür.

Nitqin hazırlanmasında natiqin biliyi ilə bərabər, təcrübəsi də mühüm rol oynayır. Bəzi natiqlər nitqlərini həddindən artıq elmi şəkildə qurur (bu bəzən bilərəkdən edilir), bəzisi isə savadlı görünmək xatirinə sadə, aydın nitq əvəzinə fikrini təmtəraqlı cumlələrlə ifadə edir. Təcrübəli natiqlər isə apardığı müşahidə ilə bərabər, dərin elmi bilikləri nitqə köçürüb sadə, lakin təsir qüvvəsi olan çıxış hazırlayırlar. Belə nitqlər nümunəvi nitq kimi dinləyicilərin rəğbətini qazanır.

Hər bir natiq ixtisasından və nitqin mövzusundan asılı olmayaraq, əldə etdiyi materialın ən kiçik sitatlarını, faktlarını, dəlillərini dəfələrlə yoxlayıb, gəldiyi nəticəni öz elmi və təcrübəsi süzgəcindən keçirib kağız üzərinə köçurməlidir. Əks təqdirdə nitq quru və yorucu olar. Faktlar yığını, yersiz sitatlar, əsaslandırılmamış dəlil və sübutlar şablon xarakteri daşıyar. Lakin natiqin yaradıcı münasibəti, nitqdə öz sözü, öz səsi hiss olunur. Natiq nitqini qurarkən hadisələrin içərisində olmalıdır. Təsvir etdiyi hadisənin iştirakçısına çevrilməlidir. Cərəyan edən hadisələr natiqin gözləri qabağından bir kino lenti kimi keçməlidir. Yalnız bu vaxt nitq inandırıcı və cəlbedici olur. Nitqin belə qurulması hər bir natiqdən böyük təcrübə və dərin elmi bilik tələb edir.

Nitqin qurulmasında natiq dinləyicilərlə necə əlaqə yarada biləcəyi haqqında düşünməlidir. Nitqin dinləyiciyə çatdırılmasında bu amil də əsas şərtlərdən biridir. O, nitqi harada söyləyir? Doğma kollektiv arasında, yoxsa tanımadığı bir idarədə, müəssisədə. Adətən, kənarda nitq söyləmək daha çətindir. Dinləyicilərlə əlaqə yaratmaq yenə də natiqdən böyük ustalıq və təcrübə tələb edir. Belə olan halda natiq nitq söyləyəcəyi yerin şəraitini, dinləyicilərin marağını nəzərə alıb, fikrini əldə etdiyi təəssüratlarla, əgər mümkün olsa, hətta suallarla ifadə etməlidir. Auditoriyanın diqqətini cəlb etmək üçün onlarla təmasda olmaq ən gözəl vasitədir.

Natiq nitqini qurarkən günün tələblərinə cavab verən informasiyalardan istifadə etməyi unutmamalıdır. Nitqin mövzusuna uyğun olaraq kitablardan, məqalələrdən, qəzetlərdən, jurnallardan istifadə etməli və onlara yaradıcı yanaşmalıdır. Günün tələblərinə cavab verməyən nitq şübhəsiz ki, dinləyicilərdə maraq oyada bilməz. İnformasiyanın bolluğu və natiqin yaradıcı münasibəti nitqin zənginliyini artırır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi yazırdı:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.

Natiqlik sənətinə yiyələnmək istəyən hər bir şəxs elmi xəzinə olan kitablardan bəhrələnməli və günün müəyyən hissəsini mütaliə ilə məşğul olmalıdır. Yaxşı kitab natiqə yol göstərən bələdçini xatırladır. Onu elmin çətin yollarından, enişindən-yoxuşundan keçirir.

Natiq nitqə hazırlaşarkən, əldə etdiyi materialları qruplaşdırdığı zaman qeydlər götürməyi də unutmamalıdır. Bu qeydlər gələcəkdə ona köməklik göstərir.

Bundan əlavə, natiq nitqini qurarkən konspekt, plan tərtib etməyi də unutmamalıdır. Fikrin ardıcıl və məqsədyönlü ifadə olunmasında bu prinsiplər əsas şərtlərdən biridir. Plan, konspekt toplanmış materialın sistemə salınmasında natiqə köməklik göstərir. O zaman belə bir sual ortaya çıxır:

Plan nədir? Plan nitqin yazılı növündə ardıcıllığı, şifahi növündə isə fikrin sistemli olmasını təmin edir. Hər hansı bir nitqin quruluşu plan əsasında giriş, əsas hissə, nəticədən ibarət olur. Hətta bəzi natiqlər planı bölmələrə, yarımbölmələrə, maddələrə, bəndlərə də bölür. Bu təcrübə özünü doğrultmur. Əsas fikri mətləbdən uzaqlaşdırır. Plan tərtib olunarkən natiq onu nitqin ideyası ilə bağlamalıdır. Planın tərtib olunmasında nitqin mövzusuna uyğun forma seçilməlidir. Plan nitqin ardıcıl şəkildə ifadə olunmasına köməklik göstərir.

Natiqin söylədiyi fikirlərin yadda saxlanmasına, xatırlanmasına yardım edir. Tərtib olunan plandan monoloji nitqə keçid başlanır. Təcrübəli natiqlər planı yarımbölmələrə ayırsalar da, onu vahid forma kimi qəbul edirlər. Nitq zamanı planda qoyulmuş bütün məsələlər şərh olunmaya da bilər, bunların tam əhatə olunması vacib də deyil.

Qeyd etdik ki, hazırlanan nitq üç hissəyə bölünür:

  1. Giriş
  2. Əsas hissə
  3. Nəticə

Nitqin giriş hissəsində natiq dinləyiciləri ilk andan ələ almalı və onların diqqətini özünə cəlb etməlidir. Fikrini, mülahizələrini elə qurmalı və nitqə başlamalıdır ki, auditoriyada maraq oyatsın. Natiq giriş hissəsində nitqin sonrakı hissələri üçün şərait yaradır. Əgər o, girişdə dinləyiciləri maraqlandırıbsa, ələ ala bilibsə, onların diqqətini cəlb edibsə, o biri hissələrdə müvəffəqiyyət qazanacağına şübhə yoxdur. Əksinə, göstərilən prinsiplərə əməl edə bilməyibsə, müvəffəqiyyətdən danışmağa dəyməz. Nitqin giriş hissəsi şablon xarakteri daşımamalıdır. Natiq düşdüyü vəziyyəti və dinləyiciləri, onların əhval-ruhiyyəsini nəzərə almalı, nitqin müqəddiməsini də bu şəraitə uyğun qurmalıdır. Nitqin giriş hissəsindən bəhs edən M.Əsgərov yazır:

«Söylənilən nitqin girişini (müqəddiməsini) nəhəng və əzəmətli bir binanın — auditoriyanın qızıl açarına bənzətmək mümkündür. Məlumdur ki, şifahi nitq söylənilən nitqdir. Natiq nitqindən isə əsas məqsəd ünsiyyət yaratmaq və əsas ideyanı, fikri, mənanı auditoriyaya çatdırmaqdan ibarətdir. Bu cəhətdən natiqlə auditoriya arasında əksər hallarda monoloji nitq formasında ünsiyyət yaranır.

Natiq nitqinin müqəddiməsi (giriş) dərin və böyük psixoloji təsir qüvvəsinə malik olmalıdır. Aristotelin nitqin müqəddiməsini poetik əsərin proloquna bənzətməsi heç də təsadüfi deyildir».

Dövrümüzün böyük şairi olmuş ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, alovlu natiq olmuş Bəxtiyar Vahabzadə «Müəllimlərin VI qurultayında» çıxış edərkən nitqini belə başlamışdır:

Əzizvə hörmətlimüəllimlər! SizirespublikamüəllimlərininVIqurultayı münasibətiilə yaradıcı ziyalılaradındantəbrikedir, gəncnəslintərbiyəsikimimühümvə şərəfliişinizdə sizə uğurlardiləyirəm.

Müəllimbizimilkdostumuz, mənəviatamız, anamızdır. «Müəllim» sözü darlüğətimənasındançıxıbdahaböyükmənalarkəsbedir, misilsizməzmunamalikolmuşdur. Məndənolsaydı, əlifbadakı sıraqanunlarını pozub «müəllim» sözünü bütündillərinlüğətində ilksözkimiyazardım.

Böyük yunan filosofu Əflatundan xəbər aldılar:
— Atanı çox sevirsən, ya müəllimini? Filosof cavab verdi:
— Müəllimimi!
— Nə üçün? — deyə xəbər alanda, o, belə cavab verdi:
— Atam məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.

Bu, çox böyük sözdür. Yerdən göyə qalxmaq — yerin səviyyəsində duran böyük fikirlər, böyük ideyalarla yaşamaq, gələcəyə qanadlanmaq deməkdir. Bizi hələ uşaq ikən böyük fikirlər və böyük əməllərlə silahlandıran, gözümüzü dünyaya açan, əllərimizdən tutub bizi sirlər dünyasına aparan, bizə uçmaq üçün qanad verən müəllimimizdir. Müəllim beyinlərə fikir, ideya toxumu səpir, gözlərə işıq, ürəklərə od verir. Ən ümdəsi də bizə düşünmək öyrədir. Bu qədər böyük və lazımlı bir vəzifəni cəmiyyət müəllimə tapşırmışdır». Gətirilən misaldan aydın olur ki, şair — natiq nitqin ən əsas və ciddi mərhələsi olan müqəddiməni nə qədər gözəl, cəlbedici, sadə, aydın bir şəkildə qurmuşdur.

Yaradıcı nitqin əsasını, canını təşkil edən əsas hissə natiqə məharətini göstərmək üçün geniş meydan açır. Nitqin əsas hissəsində natiq yaradıcılıq vaxtı nə müvəffəqiyyət qazanıbsa, nə bilik əldə edibsə, onu hərtərəfli dinləyicilərə (həm ümumi şəkildə, həm xüsusi şəkildə, həm konkret şəkildə, həm də təhlil etmək yolu ilə) çatdırır. Əgər natiq yazdıqlarını oxumaqla kifayətlənib, işini bitmiş hesab etsə, onda bu nitq dinləyicilər tərəfindən məqbul hesab edilmir (xüsusilə, akademik natiqlik).

Nitqin əsas hissəsində natiq üzərinə düşən bütün çətinlikləri güclü məntiqlə, dolğun və sadə fikirləri ilə aradan qaldırmağı bacarmalıdır. Fikrin və müddəaların aparıcı qüvvəsi olan əsas hissə natiqin səviyyəsini göstərir. Natiqin elmi biliyinin, dünyagörüşünün meyarı məhz əsas hissədir. Nitqin əsas hissəsi ardıcıl, inandırıcı, məntiqi fikirlərin daha möhkəm, kəsərli olması ilə fərqlənməlidir. Natiq nitqinin əsas hissəsində dinləyiciləri həm öyrətməli, həm də mövzunu onlara oxutmalıdır. Yaddan çıxarmaq olmaz ki, nitqin ideyası əsas hissədə açılır. Məhz bu hissədə nitqinin hansı ideyaya xidmət etdiyi müəyyən olur. Natiq elmi biliyini, əxlaqi sifətlərini, nə məqsədə xidmət etdiyini, əqidəsini, həyatda əxz etdiyi bütün keyfiyyətləri nitqin əsas hissəsində əks etdirir.

Nitqin ən məsuliyyətli və nisbətən çətin hissəsi olan əsas hissədə natiq bütün prinsiplərə, tələblərə əməl etməlidir. Yeri gəldikcə nitqdə ümumiləşdirmə aparmalı və ya konkretliyi üstün götürməlidir. Natiq yeri gəldikcə səsini də vəziyyətə uyğun çatdırmalıdır.

Nitqin əsas hissəsi onun süjetini, quruluşunu, məqsədini, mövzusunu, vəzifəsini təşkil edir. Yalnız bunu yadda saxlamaq lazımdır ki, nitqin əsas hissəsi əldə edilmiş bütün çoxcəhətli faktların, mülahizələrin elmi şərhini tamamlamaqla bərabər, fikrin yekunlaşdırılmasına köməklik göstərir.

Bundan sonra nəticəyə keçmək üçün yol açılır. Nəticə söylənilən nitqin yekunu və sonuncu hissəsidir. Nitqin nəticə hissəsində bitkinliyin hiss olunması, silsilə xarakteri daşıyan fikirlərin, mülahizələrin yekunu diqqəti cəlb etməlidir. Natiq nitqin nəticə hissəsində fikri uzatmamalıdır. Əks halda bu uzunçuluq auditoriyanı yorar və onlar fikri qavraya bilməzlər. Nəticə yığcam, aydın, təsirli və əsasən, bitkin olmalıdır. Nitqin sonunda məzmunun qavranılması, ideyası, məqsədi və vəzifəsi ardıcıl şəkildə bir-biri ilə əlaqələnməlidir. Burada müəyyən vaxt bölgüsünə riayət etmək lazımdır. Nitqin nəticə hissəsində müəllif irəli sürdüyü fikirlərin ümumi məcmusunu bir yerə toplayıb yekunlaşdırır. Nəticə həm natiqin, həm də auditoriyanın qarşısında duran problemlərin, sualların, mübahisəli fikirlərin həllində gəldikləri ümumi yekdil rəyin (bu rəy müxtəlif də ola bilər) yekunudur. Əgər nəticədə fikir müxtəlifliyi olarsa, (məsələn, elmi mübahisələr) deməli, bu məsələ diqqətdən kənarda dayanmamalıdır. Nəticədə natiq öz fikrini, mülahizələrini zorla auditoriyaya qəbul etdirməməlidir. Bu yalnız elmi yolla, inandırma yolu ilə mümkün ola bilər.

Bütün bu sadaladığımız prinsiplərlə yanaşı, nitqin hazırlanmasında konspektlərdən də istifadə edilə bilər. Hətta bəzi natiqlər plandan daha çox konspektə üstünlük verir. Natiq mövzu əsasında materiallar toplayır. Bu hazırlıq mərhələsində müəyyən pərakəndəlik hökm sürür. Buna görə o ya plandan, ya da konspektdən istifadə edir (Plan haqqında məlumatımız artıq vardır). İndi isə konspektin özünəməxsus xüsusiyyətlərindən bəhs edəcəyik. Konspekt əldə edilmiş məlumatların, faktların, sitatların ardıcıllığını, şərhini əks etdirir. Bir çox natiqlər əldə etdikləri hər hansı bir məlumatı konspektə köcürur. Sonra nitqin hazırlanmasında ondan istifadə edir. Məlumat, mülahizə yığcam şəkildə kağıza köçürülür. Konspekt məzmun ilə formanın bir-biri ilə əlaqələndirilməsində, fikrin düzgün, dəqiq ifadə olunmasında natiqə köməklik göstərir. Bəzi natiqlər konspekti nitqin ideyasını dinləyicilərə çatdırmaqda vasitə kimi qəbul edir. Bəziləri onu geniş şəkildə, bəziləri isə yığcam şəkildə tərtib edir.

Konspektin yığcam növündən təcrübəli natiqlər istifadə edir. Təcrübəli natiqlər nitqini bəzən kiçik bir vərəq üzərində ardıcıl şəkildə yalnız bir cümlə, ya söz, hətta işarə qeyd etməklə nitqini qurur. Konspekt təcrübəli natiqlər tərəfindən dönə-dönə redaktə olunur, daha dəqiq və yığcam şəkilə salınır.

Geniş şəkildə konspekt nisbətən təcrübəsiz natiqlər tərəfindən tərtib olunur. Bəzən konspekt o qədər geniş yazılır ki, icmal xarakteri daşıyır. Sitatların genişliyi, fikrin uzadılması, dolayı yolla ifadəsi və s. məsələlər konspekti icmala çevirir. Geniş konspekt tərtib etmək natiqi yaddaşsızlığa, öz işinə məsuliyyətsiz yanaşmağa, laqeydliyə, savadsızlığa yuvarlayır. Bütün ümidini konspektə bağlayan natiq nitqi fərqinə varmadan oxuyur və bununla da üzərinə düşən işi bitmiş hesab edir. Belə nitqdə şəxsi fikir, mülahizə, elmi mübahisəyə yer «ayrılmır».

Konspektin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o, təqlidçiliyin qarşısını alır və natiqin qarşısına yeni məqsədlər, yeni ideyalar qoyur. Məsələyə bu nöqteyi-nəzərdən yanaşan natiq geniş məzmun və yüksək ideyaları tərənnüm edən bir nitq hazırlayır. Nitq hazırlanarkən, natiq ona qədər elm aləminə bəlli olan materiallarla kifayətlənməməli, tamamilə yeni bir yolla gedib, orijinal fikir söyləməyi qarşısına məqsəd qoymalıdır. Məhz, belə üslubda işləyən natiqə konspekt kömək edir. Natiq konspektlərin köməyi ilə şifahi şərhə başlayır; onun hazırcavablığı, natiqlik qüvvəsi və kəskin mühakiməsi dinləyiciləri heyran edir. Natiq nitqində (şifahi nitq nəzərdə tutulur), hadisələrin şərhində dinləyicilərin xəyalını uzaq keçmişə çəkib aparır (əgər söhbət tarixi mövzudan gedirsə), onları tarixi keçmişin ənənələri ilə tanış edir.

Konspekt nitqi uzunçuluqdan qurtarmaqla bərabər, onun emosionallığını artırır. Emosionallıq isə nitqin daha zəngin, obrazlı, canlı ifadə olunmasına, qavranılmasına, ona yaradıcı yanaşılmasına şərait yaradır. Konspektdə olan ardıcıllıq, yığcamlıq prinsipləri emosionallıq üçün əsas şərtlərdən biridir. Emosional nitqdə isə «kobud» sözlər, uzunçuluq, fikir təkrarı o dəqiqə hiss olunur. Emosionallıq nitqin təsir qüvvəsini artırdığı kimi, natiqin də həyəcanını artırır. Belə hallarda natiq konspektlərdə seçdiyi misallarla, mövzunun mahiyyətini əks etdirən maraqlı faktlarla dinləyicilərin diqqətini özünə cəlb edə bilər. Tədricən emosionallıq aradan qalxır, natiq isə nitqini ardıcıl şəkildə davam etdirir. Gərgin zəhmətin və elmi biliyin vəhdəti natiqə hər zaman müvəffəqiyyət qazandırır. Belə natiqlər xalqın və dinləyicilərin sevimlisinə çevrilir.

0 şərh