Ünsiyyət nitq mədəniyyətinin formalarından biri kimi

Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.

Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası -bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır.

Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir, sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal surətdə təsir göstərməyə can atır.

Ünsiyyətin vasitəli və vasitəsiz növləri vardır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər.

Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət” adlanır.

Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir. Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.

Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator -informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən.

İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.

Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. İ.P.Pavlovun sözləri ilə desək, «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.

Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:

  • Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır;
  • Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır;
  • Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir;
  • Nitq milli mədəniyyətin inikas vasitəsidir;
  • Nitq idrak alətidir.

Nitqin əsas funksiyası ilə yanaşı, köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv (qadağanedici) funksiyası və s.

Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr.

  1. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu, verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir.
  2. Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipient rolunda çıxış edirlər.
  3. Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb edir.
  4. İnformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.

Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd olunur:

  1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.
    Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
  2. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
  3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.

0 şərh