Relyef əmələgəlmə ekzogen (xarici) proseslərin rolu

Yer səthində endogen (daxili) qüvvələrin təsiri ilə yaranmış relyef formaları, yarandığı ilk gündən başlayaraq ekzogen (xarici) qüvvələrin təsirinə məruz qalır. Nəticədə küləyin, sutkalıq temperatur ampletudunun, səth və yeraltı suların, buzlaqların, antropogen amillərin təsiri ilə əvvəllər yaranmış relyef formaları (məs. dağlar, çökəkliklər) parçalanaraq küləyin və suyun vasitəsilə aparılıb, relyefin alçaq sahələrinə çökdürülür.

Yer səthini təşkil edən süxurların xarici qüvvələrin təsiri ilə parçalanmasına və kimyəvi dəyişməsinə aşınma deyilir. Aşınmanın 3 növü var:

1. Səth temperaturunun kəskin dəyişməsi nəticəsində süxurların parçalanmasına fiziki aşınma deyilir. Fiziki aşınma tropik səhralarda daha sürətlə gedir.

2. Kimyəvi aşınma — yeri təşkil edən süxurlarla havanın və suyun qarşılıqlı təsiri nəticəsində baş verir. Nəticədə mineralların və süxurların kimyəvi tərkibi dəyişir və onlar keyfiyyətcə yeni mineral və süxurlara çevrilir. Rütubətli ərazidə daha sürətlə gedir.

3. Üzvi aşınma-bitki və canlı orqanizmlərin süxurlara təsiri nəticəsində baş verir.

Kimyəvi və üzvi aşınma rütubətlə zəngin olan ekvatorial və mülayim qurşaqda daha sürətlə gedir.

Aşınma nəticəsində Yer səthində qalınlığı 2-3 m-dən 40-50 m-ə çatan aşınma qabığı yaranır. Axar suların, küləyin və s. təsiri nəticəsində süxurların başqa ərazilərdən gətirilib çökdürülməsinə akkumulyasiya deyilir. Akkumlyasiya nəticəsində Yer səthinin çökək əraziləri kənardan gətirilmiş süxurların köməyi ilə hamarlanaraq düzənliklərə (əsasən ovalıqlara) çevrilir. Akkumulyasiya prosesi nəticəsində həmçinin gətirilmə konusu, moren tirələri, delta kimi relyef formaları yaranır.

Süxurların aşınması, parçalanması və alçaq sahələrə aparılmasına denudasiya deyilir. Denudasiya akkumlyasiyaya əks proses olub əsasən dağlıq ərazilərdə sürətlə gedir və nəticədə həmin dağlar aşınaraq yaylalara çevrilirlər. Denudasiya zamanı süxurların yonulması və yuyulmasına eroziya (latınca yuyulma və yonulma deməkdir) deyilir. Eroziya suyun, küləyin, buzun fəaliyyəti ilə bağlıdır.

I. Külək eroziyası (eol) — bitki örtüyü az olan, qumlu, quraq səhralarda sürətlə gedir. Nəticədə barxan və dyunlar yaranır. Qum təpələrinə — dyunlar, aypara və ya oraq şəkilli qum təpələrinə isə barxanlar deyilir. Külək eroziyası -Şm. Afrika, Turan ovalığı, Ərəbistan yarımadası üçün səciyyəvidir. Deflyasiya -küləyin dağıdıcı fəaliyyətidir.

II. Su eroziyası — rütubətli ərazilər üçün səciyyəvi olub, 2 qrupa ayrılır: yeraltı suların (a) və axar suların fəaliyyəti nəticəsində yaranan (b) relyef formaları.

a) Yeraltı suların fəaliyyəti nəticəsində aşağıdakı ekzogen mənşəli relyef formaları yaranır:

1. Yer səthindən yer altına süzülən sular süxurları həll edərək karst qıfları əmələ gətirir.

2. Yer altında üfüqi istiqamətdə hərəkət edən sular qarşısına çıxan süxurları həll edərək boşluqlar yaradır. Bu boşluqlar karst mağaraları adlanır. Ümumiyyətlə süxurların yeraltı sular tərəfindən həll olması prosesinə karst prosesi deyilir və bu proses əhəngdaşı, gips və s. bu kimi tez yuyulan süxurlarda daha intensiv inkişaf edir.

3. Sərt yamaclarda süxur kütlələrinin yeraltı suların təsiri ilə öz ağırlığı nəticəsində hərəkət etməsinə sürüşmə deyilir. Sürüşmənin əmələ gəlməsi üçün aşağıdakı 3 şərt lazımdır.
a) sərt yamacın olması,
b) yamacda gil təbəqəsinin olması və yeraltı su vasitəsilə islandıqda plastik hala düşməsi
c) yamacın qarşısında maneənin olmaması.

aşınma (rus dilində
Sürüşmə qəflətən baş verdikdə buna uçqun deyilir. Sürüşmənin qarşısını almaq üçün sürüşən yamacda meşə salınmalı, yeraltı suların yamac boyu üzü aşağı axıdılması üçün kollektor-drenaj üsulu çəkilməlidir.

b) Axar suların fəaliyyəti nəticəsində aşağıdakı relyef formaları yaranır: gətirmə konusları, yarğan, qobu, çay dərəsi, delta, terras, kanyon və s.

1. Yarğan — quraq iqlimdə, dağ yamaclarının meylli sahələrində müvəqqəti su axarlarının dağıdıcı fəaliyyəti nəticəsində formalaşırlar. Yarğanlar düzənliklərə, tarla və otlaqlara böyük ziyan vurur. Onlar əkin sahələrini məhv edir, şumlama və yol çəkilməsinə mane olur. Zaman keçdikcə yarğanın yamacları maili şəklə düşərək, dibi dolur, bitkilərlə örtülür və qobuya çevrilir. Qobu — yarğanın son inkişaf mərhələsidir.

Dağ çayları öz dərəsini dərininə, düzənlik çayları isə eninə genişləndirir. Kanyon (daş boru deməkdir) dağ çaylarının öz dərəsini dərininə doğru genişləndirməsi nəticəsində yaranır. Kanyonun yaranması üçün yumşaq süxurların və gursulu çayların olması əsas şərtdir. Çay terrasları çay yatağında formalaşan pilləvarı meydançadır. Mənşəyinə görə çay terrasları-akkumlyativ və denudasyon olur.
Su eroziyası ən çox Cənub-Şərqi Asiyada, Konqo və Amazon çayları hövzəsində geniş yayılıb.
Abraziya-su hövzələri sahillərində dalğaların dağıdıcı fəaliyyətidir.

III. Buzlaq eroziyası. 20 min il əvvəl (kaynazoyun IV dövründə) Yerin iqlimi indikindən soyuq olmuş, qütb ətrafında olan buzlaqlar daha geniş sahəyə malik olmuşdur. Sonralar iqlim isinmiş və buzlaqlar geri çəkilmişdir. Lakin buzlaqlar relyefdə xüsusi formalar — karlar, sirklər, təknəvari dərələr (və ya troqlar), moren təpə və tirələri və s. yaradıb. Bu relyef formaları yüksək dağlıq ərazilərdə, Şm. Amerikada və Avrasiyanın şimal ucqarlarında-xüsusi ilə Şərqi Avropa düzənliyində geniş sahə tutur. Quru buzlaqlarının dağıdıcı fəaliyyətinə ekzarasiya deyilir.

Oxşar məqalələr

0 şərh