Yerin müasir üfüqi və şaquli hərəkət sahələri

Əfsanəyə görə Qız qalası Xəzər dənizinin çox yaxınlığında tikilmişdir. O qədər yaxın imiş ki, Xəzər dənizinin suları qalanın divarlarını yuyurmuş. İndi isə qala ilə dəniz arasında quru sahənin böyüdüyünü, Xəzər dənizinin uzaqlaşdığını görürük. Deməli, indi Dənizkənarı Milli Park adlanan ərazilər əvvəllər su altında olmuşdur. Kür çayının aşağı axarında olan ərazilər də yaxın vaxtlara qədər su altında qalmışdır. Eramızın əvvəlində Strabonun verdiyi məlumata görə Araz çayı birbaşa Xəzər dənizinə tökülürdü

Dağlarda yol çəkilən zaman süxurların müxtəlif yatım formalarına rast gəlinir. Onları dağların sıldırım yamaclarında, çayların sahillərində də görmək olar. Bu ərazilərdə süxurlar çox vaxt üst-üstə toplanır, bəzən maili və ya müxtəlif formalar da olur. Onların belə vəziyyətlərdə toplanması Yer qabığının üfüqi və şaquli istiqamətli hərəkəti nəticəsində baş verir. Bu zaman süxurlar bir-birinə qarışır, biri digərinin üzərinə keçir. Nəticədə müxtəlif mənşəli və tərkibli süxurların növbələşməsi baş verir. Yerin daxilində gedən proseslərlə əlaqədar Yer qabığında baş verən üfüqi və şaquli yerdəyişmələrə tektonik hərəkətlər deyilir. Tektonik hərəkətlər zamanı Yer səthində qırılmalar, qalxmalar, enmələr baş verir, qırışıqlıqlar yaranır. Aşağı çökmüş ərazilər dəniz və okean suları ilə örtülür.
 
Bir zamanlar okean və dənizlərin dibində toplanan canlıların qalıqlarına müxtəlif ərazilərdə və süxurların arasında laylar formasında rast gəlinir. Onlar bir çox hallarda hazırkı su hövzələrindən yüzlərlə km kənarda yerləşir.
 
Dünyanın ayrı-ayrı əraziləri şaquli qalxmalara və enmələrə məruz qalır. Hazırda Skandinaviya sahilləri ildə 1 sm yuxarı qalxır, Şimal dənizinin sahilləri isə aşağı enir. Buenmə ildə 3 mm təşkil edir. İndiki Şərqi Avropa düzənliyindən 70 mln. il əvvəl sular çəkilmiş və ərazi quruya çevrilmişdir. Hazırda onun mərkəzi sahələri ildə 2-4 mm enir, qərbi isə qalxır. Vulkan və zəlzələlər baş verən ərazilərdə şaquli hərəkətlər daha intensiv olur. Azərbaycanda Qafqaz dağları ildə 1-3 mm qalxırsa, Kür-Araz ovalığı aşağı enir. Abşeron yarımadasında balıqqulağından ibarət olan mişar daşı yataqlarının olması vaxtilə bu ərazilərin okean suları altında olması ilə əlaqədardır. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
 

0 şərh