Tektonik proseslər və təsərrüfat

Litosfer — dərin çatlarla bir-birindən ayrılan iri litosfer tavalarından ibarətdir. Onlar arasında konvergent və divergent sərhədlər mövcuddur. Bu sərhədlər boyunca daim tektonik proseslər gedir, müxtəlif geoloji-tektonik hadisələr baş verir.
Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik, Kaynozoy erasında yaranan, müasir dövrədək davam edən tektonik proseslər isə neotektonik adlanır.
Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları üst mantiyanın səthi ilə il ərzində təqribən 6-7 sm “sürüşərək” yerini dəyişir.
Neotektonik hərəkətlər təbiətdə böyük dağıntılar törədən hadisələrə, yəni kataklizmlərə səbəb olur. Kataklizm hadisələrindən biri vulkan püskürmələridir. Vulkan hadisələri dağıdıcı və fəlakətli təbiət hadisəsi olsa da, onların müsbət tərəfləri də vardır. Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində püskürmə zamanı ətrafa səpələnən dəmir, pirit, xrom və bu kimi müxtəlif elementlərə rast gəlinir. Minerallarla zəngin olan bu torpaqlar əkinə daha yararlı hesab olunur.
Vulkanizmin aktiv olduğu ərazilərdə isti, təzyiqli və minerallarla İslandiya Geo. ESzəngin olan sular Yer qabığındakı çatlarla termal bulaq və ya qeyzerlər şəklində səthə çıxır. Qey- zer və termal bulaqlar isə geotermal elektrik stansiyalarının (Geo ES) iş fəaliyyətini təmin edir. Hazırda Geo ES-lər İslandiya, İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya, İndoneziya və digər ölkələrdə enerji ilə təminatın mühüm sahəsinə çevrilməkdədir.
Yeraltı suların müalicəvi xüsusiyyətləri ərazilərin kurort-rekreasiya əhəmiyyətini artırır. Kataklizm hadisələrindən biri də zəlzələlərdir. Baş verən güclü zəlzələlər kütləvi insan tələfatına və dağıntılara səbəb olduğundan onun qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə yüksək səviyyəli elmi tədqiqatların aparılmasına baxmayaraq hələ də bu sahədə ciddi nailiyyətlər əldə etmək mümkün olmamışdır.
Hazırda mövcud olan bir neçə üsul (dərin qatlarda süxurlararası uğultu, elektromaqnit dalğaları və s.) yalnız zəlzələ anında və ya ondan bir neçə saniyə əvvəl məlumat almağa imkan verir. Zəlzələ prosesiTədqiqatçılar yeraltı təkanların gücündən enerji almaq və onların baş verdiyi ərazilərdə aparılan tikinti işlərində yeniliklər tətbiq etməklə bu hadisədən qorunmaq üçün müxtəlif yollar axtarırlar.
Zəlzələlərin tez-tez müşahidə olunduğu ərazilərdə tikilən bina, körpü, yol və s. obyekt və qurğuların xüsusi konstruksiyalar tələb etməsi inşaatda yeni tikinti materiallarının, memarlıqda isə zəlzələyə davamlı layihələrin yaradılmasına səbəb olmuşdur.

Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik

Oxşar məqalələr

 

0 şərh