Şəkərli diabet ilə mübarizə

Diabetdən ilkin müdafiə yağlı qidadan imtina edilməsidir. Çünki yağlı qida hüceyrələrin insulinə olan tələbatını azaldır və qlükozanın parçalanma prosesini ləngidir.

Diabet zamanı nə yemək məsləhətdir?

Zülalları karbohidratlarla deyil, tərəvəzlərlə, karbohidratları da bitki mənşəli qidalarla qəbul etmək düzgündür.
Soğan, sarımsaq yemək məsləhət görülür. Qidaya, xüsusən salatlara göyərti (kərəviz, şomu) əlavə etmək xeyirlidir. Sarı, qırmızı, narıncı meyvələri (banan, çiyələk, alma, xurma, albalı, gilas, üzüm, çuğundur, pomidor və s.) rasiondan çıxarmaq daha yaxşıdır. Kələm, kudu, badımcan, qaragilə, qreypfrut, limon, qarağat, kahı, turş üzüm sortları, turş alma, böyürtkən, nisbətən az miqdarda moruq, çuğundur, kök yemək olar.
Şəkərli diabet zamanı yulaf, qarabaşaq, arpa, buğda, bütün paxlalıları (lobya, noxud, mərci, paxla) qəbul etmək məsləhətdir. Diabetin müalicəsində yulaf xüsusilə əhəmiyyətlidir. Onun tərkibində amin turşuları, A, V1, V2, V6, E vitaminləri, sellüloza, betaqlükan vardır ki, bu da şəkərli diabet zamanı məsləhət görülür. Yaxşı mənimsənilir, qanda qlükozanın tənzimlənməsinə kömək edir, orqanizmə tonuslandırıcı təsir göstərir. Həmçinin həzmə kömək edir, ürək-damar sistemini möhkəmləndirir. Məhz diabet zamanı yulaf sıyığı faydalıdır. Üzərinə yağ əlavə etdikdə daha yaxşı mənimsənilir. Bunu hər gün yesəniz, çəkinizə də nəzarət etmiş olarsınız.

Xəstəliyin erkən mərhələsində:

2 x.q. qaragilə yarpaqları və lobya layları, 1 x.q. yaşıl yulaf götürülür, 1 x.q. kütlə üzərinə 1 stəkan qaynar su tökülür, 15 dəqiqə qaynadılır, 30 dəqiqə saxlanılır, süzülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Şəkərli diabetin ağır formaları zamanı:

1 x.q. yaşıl yulaf samanı, qaragilənin quru yarpaqları, lobyanın quru layları, kətan toxumları gecədən dəmlənir, səhər süzülür, gündə 1\4 stəkan 3 dəfə içilir.
Diabetli xəstələrə yağlı əti, kərə yağını azaltmaq tövsiyə edilir. Kətan yağı, rafinə olunmamış günəbaxan yağı və balıq isə xeyirlidir.
Diabetli xəstələr üçün ən əsası şəkərdən imtina etməkdir. Tort, şirin qazlı içkilər, şirniyyatlar tamamilə rasiondan çıxarılmalıdır. Əgər kim üçünsə şirniyyatsız çətindirsə, o zaman bunu şəkər əvəzedicilər - ksilit, fruktoza, saxarinlə əvəz etmək lazımdır. Xüsusilə ağ çörək, kartof, kartof nişastası, un məmulatları məhdudlaşdırılmalıdır. Gündə 1 xörək qaşığı bal yemək olar.

Şirin dərman

1-ci tip şəkərli diabet üçün ən xeyirli təbii vasitə yerarmudu – topinamburdur. Alimlər təyin etmişlər ki, onun tərkibində 35%-ə qədər təbii insulin var. Onu çiy yemək daha xeyirlidir. Gündə 2-3 yerarmudu yumrusu yeməkdən 20 dəqiqə əvvəl qəbul etmək məsləhət görülür. Qış vaxtı saxlamaq mürəkkəb olduğuna görə qurudulmuş və ya toz halına salınmış meyvələri istifadə edilir.
- 1x.q. kütlə üzərinə 1 stəkan ilıq su tökülür, nəlbəki ilə örtülür, 2-3 saat saxlanılır, süzülür, gündə 5 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Yerarmudu şirəsini gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl də içmək olar. Sıxıb və konservləşdirib qışa saxlamaq olar.

Dietoloqlar diabet zamanı müxtəlif qarışıqlardan istifadə etməyi məsləhət görürlər:

-2-3 x.q tozağacı tumurcuqları üzərinə 3 stəkan qaynanmış su tökülür, 6 saat saxlanılır, süzülür, gün ərzində hər dəfə yarım stəkan olmaqla yemək vaxtı içilir.
-2-3 x.q xırdalanmış lobya layları termosa tökülür, üzərinə 2 stəkan qaynar su tökülür, 6 saat saxlanılır, gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl qəbul edilir.
-1 x.q pıtraq otu üzərinə 1,5 stəkan su tökülür, 12 saat saxlanılır, 5 dəqiqə qaynadılır, 1 saat saxlanılır, süzülür, gündə 5 dəfə yeməkdən sonra 3\4 stəkan içilir.
-10 iri bağayarpaqları üzərinə 1 stəkan qaynar su tökülür, 15 dəqiqə saxlanılır. Süzülür, gündə 2-3 dəfə içilir.
Müalicəvi bitkiləri 2-3 aylıq kurslarla 1 həftəlik fasilə ilə daim dəyişərək qəbul etmək effekt verir.

Aktiv hərəkətlər edin

Mütəxəssislər hesab edirlər ki, aktiv fiziki gərginlik olmadan diabetlə mübarizə aparmaq faydasızdır. Əzələlərə verilən fiziki yük zamanı yağ mübadiləsi aktivləşir, yəni yağların son mərhələyə qədər parçalanması başa çatır. Odur ki, hərəki aktivlik hər zaman, xüsusən diabet zamanı vacib amildir.

Xoş əhval-ruhiyyə sizdən əskik olmasın

Alimlər təsdiq edirlər ki, depressiya, özünə qapanma diabet xəstəliyinin inkişafını sürətləndirir. Əksinə, insanın əhval-ruhiyyəsi yaxşı olduqda, qanda şəkərin səviyyəsi stabilləşir və bu da müəyyən qədər insulini əvəz edir. Ona görə də dünyanın bir çox ölkələrində həyat tərzi kimi qəbul olunmuş diabetlə mübarizədə inamlı və optimist olun.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax:Şəkərli diabet xəstəliyi

0 şərh