Dünyanı cənginə alan "şirin xəstəlik"

Beynəlxalq səhiyyədə 14 noyabr tarixi dünya diabet xəstəliyi günü kimi qeyd edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur.

Son illər dünyada şəkərli diabet xəstələrinin sayı durmadan artır. Diabet uşaqlar arasında da ən geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilib.  Bu xəstəliyin 1-ci tipi-insulindən asılı olan ağır forması ilə məhz uşaq və yeniyetmələr xəstələnir. Ümumdunya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yer kürəsində 15 yaşa qədər uşaqlar arasında 70000-ə yaxın uşaq şəkərli diabet tip1 ilə xəstələnir. Şəkərli diabetin 2-ci tipi əsasən yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilməsinə baxmayaraq, xüsusilə son illər uşaq və yeniyetmələr arasında təsadüf edilir. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır.

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. 20 il sonra şəkərli diabet xəstələrinin sayının 380 milyona çatacağı gözlənilir.
2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 5-6 il ərzində Azərbaycan Respublikasında diabetli xəstələr üçün bəzi işlər görülüb. 2005-ci ildə «Şəkərli diabet üzrə Dövlət Proqramı» təsdiqlənib. Səhiyyə Nazirliyi şəkərli diabetlə xəstə olan bütün vətəndaşları qlükometr aparatı və test çubuqları ilə təmin edb.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı təxminən 100 minə yaxın olduğu bildirilir.

Müəllif:Adəm Qorxmaz-modern.az

Həmçinin bax:
Şəkərli diabet xəstəliyi və onun müalicəsi üsulları
Şəkərli diabet xəstəliyi
loading...

0 şərh