Maliyyə ehtiyatlarının tərkibi

Dövlətin və ya müəssisənin gəlir və yığımlarının məcmusuna maliyyə ehtiyatları deyilir. \Lakin maliyyə ehtiyatları heç də gəlirlərlə eyni deyildir. Bu anlayışı nəinki ümumiyyətlə gəlirlərlə, həmçinin milli gəlirlə, xalis gəlirlə, mənfəətlə və s. eyniləşdirmək olmaz. Onların hər birinin bir kateqoriya kimi özünəməxsus xüsusiyyətləri var. Onu da xüsusi qeyd etmək lazımdır ki, adətən, maliyyə ehtiyatları əvvəlcədən planlaşdırılmamış xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat fondları ilə qarşı-qarşıya qoyulur. Dəyər formasında yaradılmış ehtiyat fondları nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçündür. Ehtiyat fondlarının maliyyə vəsaiti bütün idarəçilik səviyyələrində yəni dövlət, müəssisə və təşkilatlarda yaradıla bilər.
Maliyyə ehtiyatları milli gəlirdən bununla fərqlənir ki, maliyyə ehtiyatlarının tərkibinə milli gəlirin əməkhaqqı fonduna yönəldilən hissəsi deyil, əksinə, məcmu ictimai məhsulun istehlak olunmuş əsas istehsal fondlarının dəyəri (amortizasiya fondu) daxil edilir. Ümumiyyətlə, maliyyə ehtiyatlarının tərkibinə aşağıdakılar daxildir: Mənfəət, əlavə dəyər vergisi, amortizasiya ayırmaları, sosial sığorta vəsaiti, əmlak və şəxsi sığorta vəsaitləri, xarici-iqtisadi əlaqələrdən daxil olan gəlirlər və s.
Maliyyə ehtiyatlarının tərkibi
Maliyyə ehtiyatlarının tərkibində mənfəət, əlavə dəyər vergisi və amortizasiya mühüm yer tutur.
Maliyyə ehtiyatlarının əsas hissəsi dövlət büdcəsi vasitəsilə səfərbərliyə alınır, qalan hissəsi isə müəssisələrin sərəncamında qalır.
Maliyyə ehtiyatlarının mühüm mənbəyi xalis gəlirdir. Onun daxilində isə mənfəətin çox böyük önəmi var. Mənfəətin bir hissəsi mənfəətdən vergilər formasında dövlət büdcəsinə köçürülür, digər hissəsi isə müəssisələrin sərəncamında saxlanılaraq onların müxtəlif ehtiyaclarının ödənilməsinə sərf edilir.
Maliyyə ehtiyatlarının yaradılması üçün müəssisələrin gəlir əldə etmələrinin digər yolu əlavə dəyər vergisidir. Əlavə dəyər vergisi qiymətlərin tələb və təklifi, ictimai-zəruri əmək məsrəflərini nəzərə almadan müəyyən olunması ilə əlaqədardır və demək olar ki, tamamilə dövlət büdcəsinə ödənilir.
Maliyyə ehtiyatlarının digər mənbəyi olan amortizasiya ayırmaları məhsulların istehsalı zamanı istehlak olunan əsas istehsal fondlarının dəyərini ifadə edir və əsas etibarilə müəssisələrin sərəncamında saxlanılır. Yuxarıda qeyd etdiyimiz kimi, maliyyə ehtiyatlarının  başqa mənbələri və növləri də var, lakin onların xüsusi çəkisi azdır.
Maddi istehsalın, sosial-mədəni tədbirlərin, hərbi xərclərin, idarəetmənin, həmçinin əvvəlcədən nəzərdə tutulmamış xərclərin maliyyələşdirilməsi üçün maliyyə ehtiyatlarının yaradılması ya mərkəzləşdirilmiş maliyyə qurumlarının, ya da müəssisə, birlik və təşkilatların maliyyəsi vasitəsi ilə həyata keçirilir.
Müasir şəraitdə yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq maliyyə ehtiyatlarının tərkibində bəzi dəyişikliklər baş versə də, vəsaitlərin toplanmasının ümumi mənbələri dəyişilməz qalır.
Maliyyə resurslarının mənbələri

0 şərh