2015-ci ildə pulunuzu necə dəyərləndirməlisiz?

 “Dövlət əmanətlərin cəlb olunması üçün uzun müddətdən bəri güzəşt tətbiq edirdi. Son iki ildə bu güzəştin müddəti artırılsa da, artıq hökumətin tezliklə əmanətlərdən əldə olunan gəlirlərə vergi tətbiq edəcəyi məlum idi”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, bank sektoruna etibarın artması və indiyədək tətbiq olunan güzəştlər sayəsində əmanət büdcəsi 7 milyard manata çatıb: “İllik 10 faiz nəzərdə tutulan verginin tətbiq olunması illik 7 milyon manat deməkdir. Lakin hökumət yenə də bu vergini tam tətbiq etmir, müəyyən differensiallıqla tətbiq etməyə başlayır. Bu o deməkdir ki, əgər əmanətdən il ərzində əldə olunan gəlir 500 manata qədərdirsə, vergi tətbiq olunmur. Məsələn, əgər banka illik 10 faizlə 5000 manat vəsait qoymuşuqsa, bizim illik gəlirimiz 500 manat olacaq. Bu gəlirdən vergi tutulmayacaq. Lakin əmanətdən əldə olunan qazanc məsələn 550 manatdırsa, bu zaman 500 manat çıxılacaq, qalan 50 manatın 10 faizi həcmində vergi tətbiq olunacaq”.

Samir Əliyev bildirib ki, böyük həcmli əmanətləri ailə üzvlərinin adına bölüb yenə də eyni bankda saxlamaq və ya bölüb ayrı-ayrı banklara qoymaq olar: “Bu addım əhalinin böyük həcmli əmanət yatırmasının qarşını ala bilər. Çünki böyük məbləğdə əmanətlərdə müştəri böyük miqdarda pul itirir. Hazırda ölkə üzrə əmanətçilərin sayı 6 milyondan çoxdur. Burada bir əmanətçiyə düşən məbləğ 5000 manatdan da azdır. Lakin nisbət fərqlidir. Banklar əmanət faizlərini qaldırsalar, bu vergi nəinki kompensasiya olunar, hətta əmanətçi burada qazanc da əldə edə bilər”.

Ekspert Azərbaycanda kredit faizlərinin yüksək olduğunu deyib: “Əgər bu faiz ABŞ və Avropa ölkələrində 3-4, Mərkəzi və Şərqi ölkələrində 6-7 faizdirsə, bizdə orta kredit faizi ümumilikdə 20 faizdən artıqdır. Orta kredit faizlərinin nisbətən aşağı olmasının səbəbi güzəştli kreditlərdir.Bankların real sektorun fəaliyyətini kreditləşdirməsi vacibdir. Bizdə ümumi kredit qoyuluşunda istehlak kreditlərinin həcmi 41 faizə çatıb. Xüsusilə də qeyri-ərzaq məhsullarında yerli istehsal az olduğundan, istehlak kreditləri ilə biz xarici istehsala investisiya qoymuş oluruq. Bu həm süni şəkildə tələbin artması, təklifin isə azalmasıdır. İstehlak kreditlərinin qadağan edilməsinin də əleyhinəyəm, müəyyən qədər məhdudlaşdırılma ola bilər. Burada çıxış yolu biznesə kredit yönəlişini artırmaqdır. Neft gəlirlərinin azaldığı dövrdə biznes kreditlərinin artırılması xüsusilə vacibdir. Nəzərə alsaq ki, bizdə neftdən sonra prioritet sahə kənd təsərrüfatıdır, bu sahə daha çox güzəşt tələb edir. Bu zaman həm güzəştin müddəti çox olmalıdır, həm faiz aşağı olmalıdır, həm də sığorta məsələsi həll olunmalıdır”.

Samir Əliyev manatın devalvasiyası ehtimalına da toxunub: “Manata münasibətdə iki yanaşma var. Burada ya sosial müdafiə, ya da səmərəli iqtisadi artım nəzərə alınmalıdır. Sosial müdafiə baxımından manatın sabitliyi vacibdir. Xüsusilə də qonşu ölkələrin milli valyutalarının məzənnəsinin enməsi başqa ölkələrdən gələn malların ucuz alınmasına səbəb olur. Dövlət məhz əhalinin aldığı maaşın dəyərini itirməməsi, qiymət artımının və inflyasiyanın aşağı olması üçün manatı sabit saxlamağa çalışır. Lakin bizim iqtisadi münasibətdə olduğumuz bütün dövlətlərdə — Rusiya, İran, Türkmənistan, və Avrozonada valyutanın enməsi iqtisadi baxımdan bizə əlverişsiz hal yaradır. Məsələn, bu ildən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı çətinləşəcək. Bizdə manatın baha qalması digər ölkələrdən gələn ucuz məhsulların üstünlüyünə səbəb olacaq. Bunun müqabilində Rusiyadan gələn ət və süd məhsulları ucuz olduğuna görə yerli istehsalı sıxışdıracaq. Bu xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə ölkə iqtisadiyyatına ziyan verəcək. Bu iqtisadi baxımdan Azərbaycan üçün zərərdir. Neftin qiyməti aşağı düşüb, əvvəlki dövrdən fərqli olaraq gəlir azalıb. Bizə isə qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. 
O səbəbdən ixracı stimullaşdırmaq lazımdır, buna görə isə manat ucuzlaşmalıdır ki ən azı mal göndərilən ölkənin valyutasından ucuz olsun və malımız orada yaxşı satılsın. Bizdə isə bu baş vermir. Bütün ölkələrin valyutasının məzənnəsi aşağı salındı, manat isə baha olaraq qalır. O cümlədən avronun ucuzlaşması bizim ixrac stimullaşdırmaq planımıza, qeyri-neft sektorunu inkişaf etdirmək planımıza böyük bir problem yaradır. Mərkəzi Bank manatın kursunu aşağı salmalıdır demək düz çıxmaz, çünki dövr həmin dövr deyil. Bir il bundan əvvəl mən bunun tərəfdarı olmuşam və fikrimi ixracı stimullaşdırmaqla əsaslandırırdım. İndi isə həssas dövrdür, Mərkəzi Bankın birdən-birə bu addımı atması manatla bağlı idarə olunmaz vəziyyətə gətirib çıxara bilər. Amma gələcəkdə manatın ucuzlaşması qaçılmazdır, ən azı yumşaq ucuzlaşmaya getmək lazımdır. Mənə elə gəlir ki, 2015-ci ilin pul-kredit siyasətində manatın 5 faiz ucuzlaşdırılacağı elan olunmalı idi ki, insanlar buna hazır olsunlar”.
  Ekspert bildirib ki, sərbəst buraxılacağı təqdirdə manatın kursu birmənalı şəkildə düşəcək: “Əgər bir il bundan qabaq sərbəst buraxılanda manat bahalaşardısa, bu gün əksinə proses baş verir, mənə elə gəlir ki, belə olsa, manat 20-30 faiz qiymətdən düşəcək. Dekabrda gərginlik olanda Mərkəzi Bank 1,3 milyard dollar pul xərclədi, bir ayda səkkiz faiz itirdi. Yanvarda da çox güman belə olub. Mərkəzi Bank manatın kursunu belə saxlamasa, manat ucuzlaşar. Manatın indiki səviyyədə qalması sərf eləmir, bizdə 93 faiz neft sektoru, 7 faiz qeyri-netf sektorudur, əvvəl-axır bu nisbəti dəyişmək lazımdır, dəyişməyin də yolu ixracı stimullaşdırmaqdır”.
Vətəndaşların əllərindəki vəsaiti daşınmaz əmlaka, qızıla, yaxud valyutaya yatırmasının üstünlüyü barədə sualı ekspert belə cavablandırıb: “Mənə elə gəlir ki bu il üçün ən etibarlısı vəsaiti dollara yatırmaqdır. Daşınmaz əmlak bu il artıq cəlbedici deyil, proseslər onu göstərir ki, daşınmaz əmlakda qiymətlərin aşağı düşməsi davam edəcək. Hələlik ciddi ucuzlaşma yoxdur, amma bunun elementləri görünür. Neft qiyməti dəyişərsə, situasiya da dəyişə bilər. Proqnozlar göstərir ki, istənilən halda daşınmaz əmlakın ucuzlaşma ehtimalı bahalaşma ehtimalından çoxdur. Ona görə də daşınmaz əmlaka indi investisiya yatırmağı məsləhət görməzdim. Məsələn mənim əlavə evim olsaydı, onu satardım. 2013-cü ildə ucuzlaşma olsa da, qızılın kursu hazırda yaxşıdır. 2014-cü ildə qiymətlər oynadı, bu il isə hələlik qızılın qiyməti bahalaşır. Qızıla vergi tətbiq olunması da qiymətlərin artmasına gətirib çıxartdı. Böhranlarda birmənalı olaraq qızılın qiyməti artır. Qızıla investisiya qoymaq olar, amma uzun müddətli, məsələn, 3-5 ilə qədər. Avroya investisiya qoymaq məsləhət deyil, bir qayda olaraq avronun kursu çox kəskin oynayır. Ən etibarlısı manat və dollardır. Əlinizdəki vəsaiti dollara çevirib aşağı faizlə banka qoymaqla yaşana biləcək böhranlardan yan keçmək olar”

0 şərh