Dünyanın ən strateji bölgələrindən olan Liviya

Dünyanın diqqəti COVID-19-la mübarizəyə qarışdığı, Suriya və İraqda olduğu, İran ətrafında proseslər baş verdiyi bir vaxtda hegemon dövlətlər arasında geosiyasi mübarizənin kəskinləşdiyi digər bölgə Aralıq dənizi sahilləri və Şimalı Afrikadır. Diqqət etsək, görərik ki, son günlər bu bölgədə olan üç dövlət — Sudan, Əlcəzair və Liviya qarışıb. Onların hər üçü nəqliyyat, miqrasiya, yeraltı sərvətlər baxımından həmin coğrafiyada açar ölkələr rolunu oynayırlar. Bu ölkələrdən ən zəngini və geosiyasi cəhətdən əhəmiyyətlisi sözsüz ki, Liviyadır. Bir vaxtlar sabit ölkə olan Liviya Qəddafinin ölümündən sonra vətəndaş müharibəsinin ən radikal formalarla tüğyan etdiyi məmləkətə çevrilib.
Dünyanın ən strateji bölgələrindən olan Liviya
Liviyanın yerli xalqları daim qonşu xalqların və ondan uzaqda olan güclü dövlətlərin əsarəti altında olub. Liviya Roma, Ərəb xilafəti və Osmanlı imperiyasının tabeliyini görüb. 1911-ci ildə İtaliya tərəfindən zəbt edilən Liviya İkinci Dünya müharibəsinin nəticəsi olaraq Fransa və İngiltərə arasında bölündü. 1949-cu ildə isə BMT-nin qərarı ilə ölkə müstəqillik əldə etdi.
Liviya böyük iqtisadi dəyərə malik ölkədir. Geniş neft və qaz ehtiyatlarına, böyük miqdarda yeraltı sulara, mühüm ticarət yollarına, əcnəbi sərmayəyə və çoxlu sayda likvid kapitala malikdir.
2011-ci ildə, münaqişə başlamazdan və Qəddafi devrilməmişdən əvvəl Liviyada sosial dövlət quruculuğu işində yetərincə işlər görülmüşdü.
Sözsüz ki, bütün bunlar Müəmmər Qəddafinin adı ilə bağlıdır. Müəmmər Qəddafi 1969-cu ildə dövlət çevrilişi etmək üçün xüsusi olaraq "Əl-Qüds" planını hazırlayır. Bu planın icrası bir neçə dəfə təxirə düşür. Nəhayət, kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edərək, 1 sentyabr 1969-cu il tarixində «Azad vahid-sosialist zabitlər təşkilatı» üzvlərinin tabeliyində olan hərbi birləşmələr kapitan Qəddafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında Liviyada hakimiyyəti ələ keçirir. Verilən ilk qərarlardan biri təbii ki, monarxiyanın ləğv edilməsi olur, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edir və ölkə Liviya Ərəb Respublikası adlandırılır. Qəddafinin ilk digər qərarlarından biri də İngiltərə, ABŞ, İtaliya hərbi bazalarının, nefti inhisara almış şirkətlərin ölkədən çıxarılması olur. O, öz ölkəsində ümumiyyətlə qərb atributlarının silinməsinə çalışır.
Kifayət qədər ambisiyası olan Müəmmər Qəddafi hakimiyyəti ələ keçirdikdən dərhal sonra panərəbizm ideyalarını gerçəkləşdirmək üçün Liviyanın başçılığı altında ərəb dünyasını birləşdirmək istiqamətində fəaliyyətə başlayır. 27 dekabr 1969-cu ildə Tripolidə Qəddafi, Misir prezidenti Camal Əbdül Nasir və Sudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirilir və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən «Tripoli xartiyası» imzalanır. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalanır. 1972-ci ildə müqavilə hər üç ölkədə keçirilmiş referendumların nəticəsi olaraq qəbul olunur, vahid dövlətin bayrağı və gerbi təsdiq edilir. Lakin liderlər arasındakı ambisiyalar səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv olunur.
Qəddafi Liviyanı Cəmahiriyyə, yəni «xalqın hakimiyyəti» adlandırır. 1977-ci ildən isə, dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanır.

Hakimiyyətə gəldikdən sonra Qəddafinin ilk fəaliyyət istiqaməti ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən elə də ciddi narazılıqla qarşılanmırdı. Bunun əsas səbəblərindən biri yüksək keyfiyyətli Liviya neftinin Qərb şirkətlərinin nəzarətində olması idi. Ancaq Qəddafinin öz təsirini Liviyanın xaricində də genişləndirməyə çalışması, Vahid Ərəb Dövləti yaratmaq üçün hərbi gücdən də istifadə etməkdən çəkinməməsi ona qarşı münasibətlərin dəyişməsinə səbəb oldu. Liviyanın 1973-cü ildə Qərbin İsrailə verdiyi dəstəyə cavab olaraq ərəb dövlətləri tərəfindən tətbiq edilən neft embarqosunda fəal iştirak etməsi Qəddafiyə qarşı münasibətləri daha da sərtləşdirdi. Elə bu vaxtlar Qəddafi İsrail dövlətinin açıq məhvinə dair çağırışlar etməyə başladı. Bu dövrdə İsrail ordusunun Sinay yarımadası üzərində Liviyaya məxsus sərnişin təyyarəsini vurması iki ölkə arasında münasibətləri daha da pisləşdirdi. ABŞ-ın İsraili dəstəkləməsi sonda Qəddafinin xarici siyasət kursunda SSRİ-yə meyllənməsinə səbəb oldu. 1975-ci ildən etibarən SSRİ ilə Liviya arasında münasibətlər özünün daha sürətli inkişaf mərhələsinə qədəm qoydu. SSRİ Liviyanın əsas silah təchizatçısına çevrildi. Liviyada neftin hasilatı, daşınması, emalı sahəsində əsas söz sahibi kimi SSRİ-dən olan mütəxəssislər çıxış etməyə başladılar. Onun SSRİ ilə yaxınlaşması və xarici dövlətlərdə fəaliyyət göstərən bəzi terrorçu qruplaşmalara Liviya tərəfindən verilən dəstəkdən sonra Qəddafi artıq ABŞ-ın bir nömrəli düşməninə çevrildi. İki ölkə arasında gərgin münasibətlər ABŞ Prezidenti Ronald Reyqanın dövründə zirvə nöqtəsinə çatdı. Qəddafini «Yaxın Şərqin qudurmuş iti» adlandıran Reyqan Liviyada olan bütün amerikalıların buranı tərk etməsinə dair göstəriş verdi. Bunun ardınca Amerika administrasiyası Liviya neftinin təchizatına tam embarqo qoydu. Bu addıma cavab olaraq Qəddafi Ronald Reyqanı bütün Amerika hindularını azadlığa buraxmağa çağırdı.
ABŞ həmin dövrdə bəzi Qərb ölkələrində baş verən terror aktlarının arxasında Qəddafi hökumətinin durduğunu bəyan etdi. 1986-cı ildə Qərbi Berlində diskotekaların birində baş verən partlayışda iki amerikalı hərbçinin həlak olması və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu hadisənin arxasında Liviya xüsusi xidmət orqanlarının durduğunu bildirməsi hadisələrin daha gərgin məcrada inkişafına səbəb oldu. 1986-cı il aprelin 15-də ABŞ hərbi təyyarələri Qəddafinin Tripoli ətrafındakı iqamətgahını bombardman etdi. Liviya lideri sağ qalsa da, 101 liviyalı, o cümlədən Qəddafinin yaşyarımlıq qızlığı həlak oldu.
1988-ci ildə Qəddafi ilə əlaqələri olduğu bildirilən terror aktı törədildi. Şotlandiyanın Lokkerbi şəhərində ABŞ-ın «Pan American» şirkətinə məxsus sərnişin təyyarəsi partladıldı, nəticədə 370 nəfər həlak oldu. Əsas şübhəlilər Liviya xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bundan sonra ABŞ və Böyük Britaniyanın səyləri ilə 1992-ci ildə BMT Liviyaya qarşı sanksiyalar tətbiq etdi. Elə həmin il Qərbin təzyiqi ilə Rusiyanın da Liviyaya qarşı embarqoya qoşulması nəticəsində bu ölkə tam təcrid vəziyyətinə düşdü.
1990-cı illərin sonunda Liviya Qərb ölkələri ilə münasibətlərini yenidən normallaşdırmaq üçün konkret addımlar atdı ki, bu da onun təcrid vəziyyətindən çıxmasında mühüm rol oynadı. Həmin vaxt Cənubi Afrika lideri Nelson Mandelanın və BMT-nin Baş katibi Kofi Annanın vasitəçiliyi ilə Qəddafi Lokkerbi faciəsində şübhəli bilinən iki liviyalını BMT nümayəndələrinə təslim etdi. Məhz bundan sonra BMT-nin Liviyaya qarşı tətbiq etdiyi sanksiyalar dayandırıldı.
Beləliklə, Qəddafinin Liviya başçısı kimi xarici dövlətlərə müdaxiləsi, onun regionun geosiyasi və geoiqtisadi vəziyyətini dəyişə biləcək addımlar atması Qərbin tezliklə ona qarşı bu dəfə artıq qəti addımlar atacağı ilə nəticələnəcəkdi.
Yeri gəlmişkən, 2011-ci ilə qədər Liviya Afrikada ən yüksək həyat standartlarına malik ölkə olub. Qəddafinin ailəsinin və məmurların külli miqdarda pul oğurlaması və talamasına baxmayaraq, dövlət tərəfindən əhaliyə mənzillərin verilməsi və maddi yardım göstərilməsi kimi sosial xidmətlər mövcud idi. Bütün bunlara baxmayaraq ABŞ-ın “Ərəb baharı” planı bu Şimali Afrika ölkəsindən də yan keçmədi.
Bu gün Liviyada baş verən, "Ərəb baharı" adlandırılan hadisələrə ən müxtəlif aspektlərdən yanaşmalar var. Bu hadisələr ən müxtəlif  şəkildə izah olunur. Bəziləri onu "Ərəb baharı", bəziləri «Diktaturanın çöküşü», bəziləri isə "Ərəb demokratiyası" adlandırırlar. Amma adını nə qoyuruqsa qoyaq, əminəm ki, heç bir halda bunun demokratiya ilə hər hansı əlaqəsi yoxdur.
Hadisələrin başlandığı andan etibarən bir çox region dövlətlərinin və qlobal güclərin prosesə öz maraqları çərçivəsindən yanaşması özünü büruzə verdi. Üsyançıların xaricdən siyasi, iqtisadi, informasiya və hərbi vasitələrlə dəstəklənməsi, hakimiyyət çevrilişindən sonra xarici dövlətlərin və onlara məxsus şirkətlərin ölkələrin neft-qaz yataqlarını yenidən bölüşdürməsi bunu təsdiq edir.

“Ərəb baharı”nın xəritəsinə baxanda çox maraqlı bir fakt ortaya çıxır: Tunis, Liviya və Misir düz Afrikanın şimalında, Aralıq dənizinin sahilində yerləşir. Bu təsadüfdürmü? Niyə üsyanlar Əlcəzairdə, Efiopiyada və yaxud Eritreyada baş qaldırmır, yaxud da hadisələrin miqyası niyə böyümür? Çünki bu, Qərbə lazım deyil. Yəni bu onlar üçün maraq kəsb etmir. Bu isə onu deməyə əsas verir ki, insan haqları, humanizm və avtoritar rejimlərlə mübarizə adı altında üsyançılara edilən dəstək şirmadır. İnsan haqları başqa yerlərdə və daha sərt şəkildə pozulur. Nə yazıq ki, bu dövlətlərdə neft və qaz yoxdur, onlar Vaşinqton üçün maraqlı deyillər. Əlbəttə ki, Vaşinqton həvəskarları indi ağız dolusu demokratiyanın carçısı, insan haqlarının keşikçisi və sadə oğlan Barak Obamanın tərəfini tutub, onun altruist olduğunu deyəcəklər.
Məsələ, təkcə neftdə deyildi. Qəddafi dollar və avro ilə hesablaşmaqdan imtinanın əsas təşəbbüskarıydı. Vahid Afrika valyutasının yaradılması üzrə Qəddafnin təşəbbüsü Sarkozi başda olmaqla Qərb elitalarını xüsusən narahat edirdi. Qəddafinin əvvəlcə Afrika birliyinin yaradılması, sonra isə inkişafı üzrə ideyaları Avropa və Amerikadakı siyasi və iqtisadi gücləri Cəmahiriyyə başçısına təhlükə kimi baxmağa məcbur etdi.
Devrilməsindən cəmi bir il öncə – 2010-cu ilin oktyabrında keçirilən Afrika zirvəsində Qəddafinin məşhur çıxışı hələ unudulmayıb. Həmin çıxışda Liviya lideri Amerikanı ciddi şəkildə tənqid etdi və nümunə kimi Səddam Hüseynin və İraqın taleyini göstərdi. Qəddafi Afrika ölkələrinə birləşməyi təklif edirdi. Lakin onun Qərbi açıq şəkildə tənqid etməsi devrilməsi və ölümü ilə nəticələndi.
Qərbin Liviyaya müdaxiləsi onların guya ərəb dövlətlərinin müraciəti əsasında Liviyada vətəndaş qırğınının dayandırılması üçün BMT-də məsələnin qaldırılması ilə nəticələndi. 2011-ci il martın 18-də BMT Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın yaradılması barədə qətnaməni səs çoxluğu ilə qəbul edib. Bu sənəd «Liviyanın dinc əhalisini qorumaq üçün bombardman edilməsini” nəzərdə tuturdu. Qətnamə Təhlükəsizlik Şurasında 10 səslə qəbul edildi. Rusiya və Çinlə yanaşı, Almaniya da səsvermədə bitərəf qaldı.
Rusiya və Çinin Liviya məsələsində Suriyada olduğu kimi, prinsipial mövqe ortaya qoymaması sonradan onların peşmançılığı ilə nəticələnəcəkdi. Maraqlıdır ki, 2011-ci  il hadisələrindən düz iki il əvvəl Qəddafi Putinə vəd vermişdi ki, Benqazi limanında Rusiya hərbi dəniz bazasının yerləşdirilməsinə icazə verəcək. Həmçinin Rusiya şirkətlərinə Liviyada milyardlarla dollarlıq neft-qaz kontraktları vəd olunmuşdu.
Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia-zərbələr endirdi. Vladimir Putin, Fidel Kastro, Xamenei, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları hücumun qarşısını ala bilmədilər.
Nəhayət, oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Sirt şəhərinə daxil oldular və Qəddafini öldürdülər.
Hər halda, o, uzun müddət hakimiyyətdə olmuş lider idi. Onun elə liviyalılar tərəfindən belə vəhşicəsinə öldürülməsi Liviya dövlətçiliyi və xalqı adına ən böyük ləkələrdən biridir.
Liviya nefti, maliyyəsi, iqtisadiyyatı və təbii resursları ABŞ və onun müttəfiqləri üçün cəlbedici idi. Bütün bunlar Liviya müharibəsinin qənimətiydi. 2011-ci il müharibəsinin baş verməsində Liviya enerji ehtiyatları və geosiyasəti əsas rol oynasa da, məqsəd, həmçinin, Tripolinin maliyyə holdinqlərini mənimsəmək, Uoll Stritin və digər maliyyə mərkəzlərinin dağıdıcı maliyyə hegemonluğunu təkmilləşdirmək və qorumaq idi. Uoll Strit Tripoliyə borcsuz olmağa, beynəlxalq maliyyə əmlakını yığmağa, beynəlxalq kreditlər verən kreditor dövlətə çevrilməyə və digər ölkələrə, xüsusilə Afrika ölkələrinə sərmayə qoymağa imkan verə bilməzdi. Odur ki, bu məsələdə marağı olan ABŞ və Avropa İttifaqının əsas bankları, nəhəng multinasional neft konqlomeratları kimi NATO-nun Tripolidəki müharibəsində həlledici rol oynadı.
 
 
 

Müəllif: Zaur Məmmədov
Mənbə: apa.az

0 şərh