Əfsanəvi Vanqa Ştirlitsin ölüm ayını öncədən ''görüb''

8 fevral SSRİ xalq artisti, tanınmış aktyor Vyaçeslav Tixonovun doğum günüdür. Milyonların sevimlisi olan aktyor yaratdığı obrazlarla yaddaşlara iz buraxıb. Xüsusilə “Baharın on yeddi anı” filmi Tixonovu daha da məşhurlaşdırıb.
Vyaçeslav Tixonovun həyatının 17 anını təqdim edirik...
Ştirlits
1. Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva vilayətinin Pavlovski-Posad şəhərində anadan olub.
2. Valideynləri gələcəkdə onu aqronom görmək istəsələr də, o, bu arzuya qarşı zidd gedib.
3. Tixonov Moskvada Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.
4. Aktyor kinoda ilk rolunu 1948-ci ildə “Gənc qvardiya” filmində alıb.
5. Vyaçeslav Tixonov məhz elə bu filmin çəkilişində tərəf-müqabili Nonna Mordyukova ilə daha yaxından tanış olub və onlar ailə həyatı qurublar. Film ekranlarda ilk dəfə nümayiş olunanda artıq onların Vladimir adlı bir övladları dünyaya gəlib.
6. Vyaçeslav Tixonovla Nonna Mordyukovanın nikahı uzun çəkməyib. Bu uğursuz ailəni daha faciəli bir uğursuzluq müşayiət edib. Çütlüyün yeganə övladı olan Vladimir narkotik istifadəçisi olduğundan 42 yaşında vəfat edib.
7. Tixonov ikinci dəfə tərcüməci, fransız dili mütəxəssisi Tamara İvanovna ilə ailə həyatı qurub. Bu nikahdan aktyorun qız övladı dünyaya gəlib. Amma bu nikahın da ömrü uzun olmayıb. Cütlük ayrılmaq qərarına gəlib. Bundan sonra Vyaçeslav Tixonov ömrünün son 15 ilini tənha yaşayıb.
8. Vyaçeslav Tixonov “Baharın on yeddi anı” filmində yaratdığı “Ştirlits” obrazı ilə daha da məşhurlaşıb. Statistikaya görə, Yulian Semyonovun eyniadlı romanı əsasında Tatyana Lioznovanın lentə aldığı bu filmi 200 milyondan artıq tamaşaçı seyr edib.
9. Filmdə Ştirilitsin – Vyaçeslav Tixonovun əlləri heç vaxt kadra salınmayıb. O, rəsm çəkərkən, kibrit çöplərindən fiqurlar düzərkən onun əvəzinə rejissor köməkçisinin əlləri lentə alınıb. Çünki aktyorun sol əlinin üstündə “Slava” yazılmış döymə olub.
10. Film hazır olduqdan sonra Kremldə müzakirəyə çıxarılanda Mərkəzi Komitənin katibi Suslov “Baharın on yeddi anı”nın nümayişinin qadağan edilməsini söyləyib və fikrini belə əsaslandırıb ki, filmdə sovet xalqının qəhrəmanlığı əks olunmayıb. DTK sədri Andropov Suslovu bir cümlə ilə “sakitləşdirib”: “Bütün sovet xalqı Şellenberqin aparatında xidmət edə bilməzdi...”
11. Vyaçeslav Tixonov Leonid İliç Brejnevin ən çox sevdiyi aktyorlardan biri olub. Qeyd edək ki, Tixonov televiziyada Brejnevin “Kiçik torpaq”, Dirçəliş”, “Xam torpaq” əsərlərini səsləndirib.
12. Vyaçeslav Tixonova “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı Andropovun təşəbbüsü ilə verilib və o, bu mükafatı şəxsən özü aktyora təqdim edib.
13. Vyaçeslav Tixonov qatı futbol azarkeşi olub. O, vaxtının məhdudluğuna baxmayaraq Moskvanın “Spartak” futbol klubunun bütün oyunlarını izləməyə imkan tapıb.
14. Aktorun ən çox sevdiyi əsər Lev Tolstoyun “Hərb və sülh” romanı olub.
15. Tixonov jurnalistlərə verdiyi müsahibələrinin birində məşhur görücü Vanqa ilə görüşməyi haqqında da danışıb. Vanqa Tixonova 2000-ci illərdə dekabr ayında həyatla vidalaşacağını söyləyib.
16. Vyaçeslav Tixonov 4 dekabr 2009-cu ildə 81 yaşında vəvat edib.
17. Aktyor Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.
 
 
 
Müəllif: İlham Cəmiloğlu
Mənbə: enter.news/az

0 şərh