Avropanın yarımçıq ağılı

“E=mc2 seksist bir düsturdurmu? Bəlkə də. Fərziyyəmizi belə ifadə edə bilərik: bu düsturda işıq sürətinə bizim üçün son dərəcə vacib olan başqa sürətlərlə müqayisədə üstünlük verilib. Hesab edirəm ki, düsturun mümkün seksistliyinin sübutu ən sürətli hərəkət edənə üstünlük verməsində gizlidir”.
və ya
“Bərk cisimlər fizikasının maye mexanikasıyla müqayisədə daha çox inkişaf etməsinin səbəbi “bərkliyin” kişilərlə, “yumuşaqlığın” qadınlarla assosiasiya olunmasıdır”.
Avropanın qürubu (2004). İlya Qlazunov
Luce Irigaray – yuxarıdakı və bir çox başqa səfeh fikirlərin sahibi, elmin nəticələriylə hesablaşmaq bir yana, elm haqqında heç nə bilmədən elmi tənqid edən çoxsayda psevdo-intellektualın tipik nümayəndəsi, tanınmış fransız filosofu, feministi, linqvisti, psixolinqvisti, psixoanalisti və kulturoloqu, 20-dən artıq kitabın müəllifi.
Azərbaycan düşüncə mühitində çoxluq tərəfindən qəbul edilən, müzakirə və refleksiya nəticəsində deyil, daha çox təbliğat nəticəsində, həm də alternativ təklif edilmədiyi üçün səssiz-sədasız qəbul edilən, odur ki “gizli” deyə biləcəyimiz bir önqəbul var: ziyalılar əsasən ədəbiyyatçılardır, ya da kim ədəbiyyatla məşğul olursa, o avtomatik olaraq həm də ziyalıdır. “Ziyalı” anlayışı mübahisəlidir və üzərində geniş konsensus əldə edilmiş bir tərifi yoxdur. Məncə ziyalı, insanlar üçün dünyanı rasional olaraq təhlil edən, onun material səbəblərlə əsaslandırılmış şərhini təqdim edən düşüncə fəalıdır. Ziyalının bu tərifi özündə real dünya hadisələrini və insan davranışı motivlərini təbiət və humanitar elmlərin sınanmış qanun və qanunauyğunluqlarına reduksiya edən fəaliyyəti ehtiva edir. Belə bir ziyalı, izahlarında “yuxarıdan-aşağı” (dünyəvi və ya səmavi fövqəlqüvvəyə istinad etmədən) yox, “aşağıdan-yuxarı” (insan fəaliyyəti və təbiətindən qaynaqlanan faktorlara istinad edərək) prinsipini əsas götürür və hadisələri mümkün qədər az sayda zəruri və kafi faktorlara istinad edərək izah edir (“Okkam ülgücü” prinsipi). Ziyalının dünyanı şərhi fəaliyyəti sınanmış meyarları əsas alaraq problemə diqqət çəkmək, diaqnoz qoymaq və mümkün çıxış yollarını göstərməyi də ehtiva edir.
Fakt və eksperimental dəstək baxımından kasad olan, ölçmə və müqayisənin mümkün olmadığı sahələrlə məşğul olanların dünyanın rasional şərhini vermələri asan deyil, bu qəbildən şərhlər təbii olaraq aforizmik-şüarçı və bəsitləşdirici-çaşdırıcı mahiyyətdədir.
Yuxarıdakı tərif imtiyazlı ziyalı zümrəsini nəzərdə tutmur, əksinə informasiyanın və saxta informasiyanın daha əlçatan olduğu dövrümüzdə bütün insanların kritik düşünmə vərdişinə sahib olub mötəbər qaynaqlara istinad etmələri şərtiylə, dünyanı özləri üçün şərh edə biləcəklərini nəzərdə tutur. Bu isə aydınlanma düşüncəsinin bilginin əlçatan olması və paylaşılıb müzakirə edilməsi istəyi ilə uyumludur (“Aydınlanma, insan ağlının istifadəsinə dair hələ tamamlanmamış və hamıya açıq olmalı olan öyrənmə prosesidir” – Moses Mendelssohn).

Obyektiv bilginin və rasional düşüncənin demokratikləşdirilib yayılmasının qarşısında bir sıra “epistemolojik maneələr” var. Bu maneələrdən biri isə bilgi və düşünmənin imitasiyasıdır. Ölkəmizdə çox populyar olan bu qəbildən maneələrdən birini misal vermək istəyirəm: oxumaq dedikdə sadəcə bədii ədəbiyyat oxunmasının anlaşılması (ikinci maneə kimi elmi düşüncənin “ikinci sort”, faktoloji və eksperimental dəstəyi olmayan fəlsəfi mühakimələrin və intuitiv bəyanatların “ali”, xalis düşünmə fəaliyyəti sayılmasını düşünürəm).
Aktiv oxucuların mütləq əksəriyyəti ədəbiyyat oxucularıdır və dayanmadan bir əsərdən digərinə keçir, oxuduqları ədəbi əsərlərin siyahısını artırır, hətta ədəbiyyatı təbliğ edən bəzi yazarlardan da çox mütaliə edirlər. Ancaq ədəbiyyat real həyat deyil və həyatdakı hansısa tipi hansısa əsərdəki obraza bənzətmək, ya da hansısa hadisəni hansısa əsərdəki hadisəyə oxşada bilmək və hər kəsin bildiyi problemləri kim bilir neçə mininci dəfə, bir az da koloritli formada ifadə etmək ziyalı olmaq deyil. Ədəbiyyatla başlamaq faydalıdır, ancaq o çərçivədə qalmaq mütaliənin səmərəsizliyi ilə nəticələnəcək.
Məncə ziyalı olmaq üçün təbiət və ya humanitar sahələrdən birində ciddi təhsil almaq, mövzuya dair mötəbər qaynaqları oxuyacaq dərəcədə xarici dil bilmək, kritik oxuma və analitik düşünmə bacarığına sahib olmaq kimi şərtlər kafi olmasa da, zəruridir. Oxucu standartlarının aşağı olması “ziyalılıq” filtrindən keçənlərin sayının çoxalmasına, oxucuda tənqidi yanaşmanın olmaması isə ziyalıların komfort zonasında qalıb öz üzərlərində işləməmələrinə, təkrarçılığa, hətta dünən dediklərini bu gün rahatlıqla inkar etmələrinə səbəb olur. Həyat təcrübəsi, təhsili, ixtisas bilgisi, biologiyadan, psixologiyadan, davranış motivlərindən, sosial qrupların qanunauyğunluqlarından, din və mifologiyadan xəbərdar olmaq və əlbəttə mütləq şəkildə əmək fəaliyyətiylə məşğul olmuş olmaq lazımdır. Sonuncu olmasa, nəzəriyyə ilə reallığı müqayisə etmək heç vaxt alınmayacaq.
Maraqlıdır, beynəlxalq hüquqa istinad edərək hərbi əməliyyatlar apardığımız bu vacib dövrdə Qərbin medya orqanları, siyasi dairələri və tanınmış simalarından gördüyümüz və bizi qəzəbləndirən qərəzli mövqenin səbəbi nədir? Ziyalılarımız bu qərəzin səbəbini necə izah edirlər?
Komfort zonasında olanlar üçün klişelərə müraciət etmək, tarixi dəyişməz və deterministik qəbul etmək təbiidir. Belə insanlar qərəzin səbəbi kimi xristiyan təəssübkeşliyini göstərə bilərlər. Ancaq bu səbəb Kanadanın Türkiyəyə embarqo qoyub Səudiyyə Ərəbistanına silah satmasını izah etməz. Bəlkə “aryan təəssübkeşliyi”? Bu fərziyyənin güclü olduğu 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Avropanın “aryan” millətləri bir-birlərinin qanını tökürdülər. Daha dünyəvi və sadə səbəblər tapılmalıdır. Siaysətçi olan Makron “Biz və onlar aryandırlar. Deməli haqsız olduqlarını bilsəm də, onları dəstəkləməliyəm” deməz, siyasi motivlərlə qərar verər, qərar verərkən də həqiqət kimi qəbul etdikləri klişelərə istinad edər. O kilşelər ki, 100 ildən artıq müddətdə o qədər təbliğ olundu ki, Qərbə həqiqət kimi görünməyə başladı. İanə toplayan bir şou-biznes məşhuruna insanlar aryan bağına görə deyil, dünyanın hər yerində tanınmışlara simpatiya olduğu üçün ianə verirlər. Eyni tanınmış, küçə heyvanları üçün ianə topladıqda, “küçə heyvanları aryan deyil, ianə etmirik” deməzlər güman ki. İki yanaşma arasındakı fərqə diqqət etmək ona görə əhəmiyyətlidir ki, bunlardan birində təslim olmaq, “əlimizdən heç nə gəlməz” demək təbiidir, ikincisində isə bizim üçün konkret sahələrdə fəaliyyət göstərmək üçün çağırışlar var.
Avropada klişeləşmiş düşüncələrdən ibarət bir diskurs var və maddi-texniki inkişafın, həmçinin kommunizmin çöküşünün gətirdiyi rahatlıq fonunda qərblilər o diskursu doqmalaşdırıblar. Bizim indi həqiqətləri çatdırmaq üçün çox az zamanımız var, ermənilər isə 100 ildən artıqdır ki, öz saxta tezislərini yayır, bunu dayanmadan təkrar edir və bu tezislər dəfələrlə eşidildiyi üçün doğru sayılır və doqmatik Avropa düşüncəsinin bizə münasibəti formalaşdıran hissəsini təşkil edir. Biz isə Qarabağ mövzusunda “Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” müsahibələrini çox eşitsək də, belə görünür ki o həqiqətlər o qulaqlara çatdırılmayıb. Bu da bizim komfort zonamız olub, nəticədə 90-cı illərdə problemə obyektiv yanaşan Qərb mətbuatı artıq qərəzlidir. Səbəb isə bizim Qərbin araşdırıb əsl həqiqəti öyrənəcəyinə və haqlı tərəfi tutacağına naif inancımızdır. Real dünyada proseslər belə olmur, haqlı olsan belə onu sübut etməlisən.
Tutaq ki, bir qəzet və ya jurnal əməkdaşına hazırki hərbi əməliyyat haqqında yazı hazırlamağı tapşırır. O jurnalist gündəlik işin qovhaqov və qaçhaqaçında ona əlçatan olan, dəfələrlə eşitdiyi saxta tezislərə uygun bir yazı hazırlayır. Onsuz da redaktorunun nə oxumaq istədiyini də təxmin edir və öz dəsti-xəttinə uyğun olaraq klişələrlə səsləşən bir yazı yayınlanır. Reallığı yazanlar isə aşağıdakı şəkildə göründüyü kimi Qərbdə güclü olan erməni lobbisinin təhdidi ilə üzləşirlər. Burada bizim hansı aktiv rolumuz var? Demək olar ki yoxdur. Odur ki, asana qaçaraq məsələni xristiyan və ya aryan təəssübkeşliyinə, bizdən asılı olmayana səbəblərə bağlayır, fəaliyyətsizliyimizi legitimləşdiririk.
Bu gün Qərbin tənqidində müasir dünyanın problemlərinə aydınlanma və modernizm cərəyanlarının səbəb olduğu vurğulanır, romantiklərin qoyduqları ənənəyə uygun olaraq elmin insanı və dünyanı mexanikiləşdirdiyi, insanı hissizləşdirdiyi, dünyadakı mənanı ortadan qaldırdığı iddia olunur. Əslində isə romantiklərin qoyduğu ənənənin məqsədinə uyğun olaraq elmin formalaşdırmaqda olduğu dünya və insan görüşü tamamlanmadı, elmin kiçik görülməsiylə təkamül nəzəriyyəsinin insan psixologiyası və davranışı və düşüncələri baxımından nəticələri hesaba qatılmadı və nəticədə əllərində yarımçıq bir dünyagörüşü qaldı. Qərbli intellektualların – yazar, jurnalist, politoloq, filosof, linqvist və psixoloqların – dünya və insan problemlərinə həsr olunmuş uzun mübahisələrində nə insanın tərifi var, nə təkamül nəzəriyyəsinin nəticələri hesaba qatılır. Nəticədə onlar fizikaya aid bir lətifədə deyildiyi kimi, “vakuumdakı sferik toyuqların” problemlərini müzakirə etmiş olurlar.
Post-modernistlər “böyük diskursların sonu”nu elan etdilər – böyük nəzəriyyələr elmin məhsuludur, bu, əslində elmə etirazdır – halbuki istər fizikadakı Böyük Partlayış nəzəriyyəsi, istər biologiyadakı təkamül nəzəriyyəsi uğurlu, empirik dəstəyi güclü olan böyük diskurslardır.
Relativistlər bütün dəyərlərin izafi olduğuna qərar verdilər, bunu isə rahat otaqlarında, elmi-texniki tərəqqinin imkanlarıyla, iqtisadi təşəbbüsün ödədiyi vergilərdən ödəniş alaraq etməkdən utanmadılar. Əgər mədəniyyətlər arasında seçim etmək üçün obyektiv meyarlar yoxdursa, necə olur ki insanlar müəyyən ölkələrdən qaçmağa və müəyyən ölkələrə sığınmağa çalışırlar?
Sivilizasiyanın Russovari romantik tənqidi və ibtidai həyatın ideallaşdırılması vurğusu o qədər güclü oldu ki, tanınmış antropoloqlar belə daş dövründə yaşayan qəbilələri ideallaşdırdılar. Bu məsələdə Margaret Mead kimi böyük antropoloqların belə yanıldıqları (sonradan özünün də qəbul etdiyi kimi) üzə çıxır.
Avropanın elmi düşüncə sistemi olaraq qəbul etməyib yerinə qoyduğu nədir? Empirik əsası olmayan determinist psixoanalizlə, davranışçı psixologiya kimi insan faktorunu nəzərə almadan, içində olduğumuz şərtləri ani bir şiddət dalğasıyla dəyişməklə ədalətin qurulacağını iddia edən sosializmin sintezi. İnsanın psixoanaliz, cəmiyyətin marksizm nəzəriyyələri tərəfindən anlaşılacağını iddia edən uğursuz bir sintez.
Bu gün Qərbin düşüncəsini həbs etmiş intellektual diskurs nəinki dünyanın, Qərbin öz problemlərini belə həll etməyə qadir deyil. Qərbin problemlərə necə yanaşdığına dair bir neçə misala baxaq.

Avstriyada qətl törətdiyi üçün ömürlük həbsə məhkum edilən qatil (Jack Unterweger), həbsdəykən bəzi ədəbi əsərlər yazır, kitab nəşr etdirir. Avstriya siyasi və ədəbi eliti (aralarında məşhur Günter Grass da olmaqla) sırf ədəbiyyatla məşğul olur deyə bu insanın əsla əvvəlki kimi olmayacağını düşünərək bir kampaniya başladır və ömürlük həbsə məhkumun bağışlanıb azadlığa çıxmasına nail olurlar. Keçmiş məhkumu cinayət hadisələrini işıqlandırması üçün bir jurnal işə qəbul edir, o işlədiyi müddətdə törədilən 8 eyni motivli qətli mətbuatda işıqlandırır. Polis törədilən qətlləri araşdırarkən Jack jurnalı təmsilən Amerikaya gedir, Los Angeles polisinin işindən reportaj hazırlayır. Los Angelesdə oxşar iki qətl daha törədilir. Nəhayət, bu qətlləri eyni şəxsin törətdiyinin və bu qatilin heç də islah olmamış Jack Unterweger olduğunun anlaşılması 11 insanın həyatı bahasına başa gəlir.
Avropanın qaçqınlar siyasətinə baxaq. Kolonializm rəsmən ortadan qalxsa da, Avropanın köhnə kolonial bağları və siyasəti yerində qalır. Qərbin dəstəklədiyi belə rejimlərdə yaşayan insanların üç seçimləri var, 1) ya mədənlərdə istismar olunmalı, 2) ya silahlı dəstələrə qoşulub qarətlə məşğul olmalı, 3) ya da bir neçə min dollar tapıb insan qaçaqçılarına verərək Avropaya qaçmağa cəhd eləməli, Aralıq dənizində batmağı gözə almalıdırlar. Sahilə çıxa bilən mühacirlərin problemləri işıqlandırılırsa kifayətdir, geridə qalanları unuda, problemlərini həll etdiklərinə özünü inandıra bilərsən.
Afrika ilə əlaqədar, CNN-də izlədiyim bir xəbəri də xatırlayıram. Proqramda Afrikadakı bir ölkənin Çinlə niyə əməkdaşlıq etdiyinə səbəb tapmağa çalışır, Çinin Afrikanı istismar edəcəyi “qorxusunu” ifadə edirdilər. Haqqında danışılan ölkənin maliyyə naziri isə Çinin mis yataqlarını istismarı qarşılığında onlar üçün dəmiryolu, xəstəxanalar, məktəblər və tibbi məntəqələr tikəcəyini izah edirdi. Mədəni şəkildə izah etməyə çalışırdı ki, siz indiyə qədər apardıqlarınızın əvəzinə heç nə verməmisiniz. Məncə həmin nazir yanılırdı, çünkü gözdən pərdə asmaq üçün qərblilər orda bəzi primat rezervasiyaları yaradıb, şimpanze və qorillaları qorumağa çalışırlar. Təəssüf ki, o xarakterdə rejimlərin qaldığı ölkələrdə sadəcə rezervasiyalardakı primatları qorumaq məqsədi belə reallaşmır, primatların və fillərin ticari məqsədlərlə qaçaq ovlanması da, insan istismarı da davam edir.
Fransa çeçen mühacirləri qəbul edir, bu insanların dini mövzulardakı həssaslıqlarını nəzərə almır və onlar üçün müvafiq adaptasiya proqramı tətbiq etmir. “Madəm gəlmisiz, bizim sizin inancınız haqqında karikatura çəkməyimizə də dözməlisiniz, bizdə söz azadlığıdır”. Bu yanaşmanın dəfələrlə problem çıxarmasına baxmayaraq, yaşlı-başlı insanların bir gündə inanc məsələsində tolerant olmalarının mümkün olmadığını hesaba qatmadan təkəbbürlü davranmağa davam edirlər. Sonra da bolluca “terrorizm”, “söz azadlığı” diskursları, üstəgəl cinayət yerində yandırılan 2 şam, mənzərə tamamlanır – hər şey klişelərə uyğundur, narahatlığa əsas yoxdur.
Avropanın həll anlayışı hər hansı problemin incəsənətdə təsvir olunmasıdır. İstənilən problemə bir karikatura, film, rəsm, mükafat almış foto həsr edildimi, o problemin analiz edilib həll edildiyi fərz edilir.
Didier Eribon Mişel Fuko bioqrafiyasında fransız mediasının və intellektuallarının o zaman Parisdə mühacirətdə olan İslam İnqilabı liderinə heyranlıqlarını təsvir edir. Fuko əvvəlcədən Tehrana uçub inqilab liderini hava limanında qarşılamışdı. Nəhayət, bir inqilab olacaq, intellektualların dağıdıcı düşüncə gücünün dünyanı dəyişdirməyə başlamasına ilk nümunə yaranacaq idi. Olsun ki daha əvvəl Stalinə simpatiya bəsləmiş və yanılmışdılar, bu dəfə fərqli olmalıydı. İnqilabdan sonra minlərlə insanın edam edilməsi bu intellektuallara qələbə sevinci yaşamağa mane oldu, Eribon Fukonun bu gözlənilməz nəticədən depressiyaya düşdüyünü yazır.
Başqa sahədə, ekologiya sahəsində vəziyyət necədir? Qlobal istiləşmə və canlıların nəslinin tükənməsinə qarşı hansı tədbirlər görülür? Qərbin bu məsələ üçün çıxış yolu nədir? Əvvəlcə qlobal istiləşmənin olub-olmadığına dair uzun uzun mübahisələr. İllər keçib geri dönüşü olmayan nöqtəyə gəldikdə isə bir uşağı ortaya atıb (Gretha Thunberg) onun arxasında gizlənmək. Milyon illər ərzində zorla uyğunlaşdığımız, həyat üçün vacib şərtlərin olduğu yeganə planet olan Yerin içinə edib, ekzoplanetlərdə elitlər üçün xüsusi koloniyalar qurulacağına ümid etmək. “Nəsli kəsilən heyvanları isə, gələcəkdə yenidən klonlayarıq”.
Amerikada əyləncə və idman sektorunda yüz milyardlarla vəsait dövr edir. Elm və təhsil haqqında oxuduqlarımızdan belə məlum olur ki, bu sahələrə bir çox hallarda “ödəniş yoxdur” deyə lazımi dəstək verilmir, Amerika məktəblərinin maddi-texniki bazası ciddi şəkildə yetərsiz qalır. Uydurma bir “Marvel qəhrəmanı” haqqında filmin aktryorları genetik xəstəliklərə həll tapan bioloqlardan minlərlə dəfə yaxşı təmin olunurlar. Bəs Amerika elm və mühəndislik sahəsindəki çatışmazlıqları necə həll edir? Beyin köçü ilə. Mexaniki olaraq düşünürlər ki, burada şərait yaxşıdır və parlaq zəkalar yaxşı şəraitə görə ölkələrini tərk edib ABŞ-da yaşayacaq, onlar da hazır beyinlərə sahib olacaqlar. Beyin köçü isə artıq Amerika üçün “Troya atı”na çevrilib. İnsani və siyasi faktorları hesaba qatmayanda, Amerikada yaxşı təhsil alıb, bir müddət orada işlədikdən sonra ölkələrinə qayıdıb yüksək texnologiya şirkətləri quran insanların tərsinə beyin köçü yaratdıqlarını görə bilmirlər. Bu gün Çində sadəcə süni zəka sahəsində 7 “unicorn” (qiyməti 1 milyarddan artıq olan start-up) var və Çinin rəsmi planı 2025-ci ildə süni zəka mövzusunda Amerikanı ötmək, 2030-cu ildə dünya lideri olmaqdır. Bu şirkətlərin qurucuları Amerikada təhsil almış və qabaqcıl texnologiya şirkətlərində təcrübə qazanmış çinlilər və tayvanlılardır.
Beyin köçünün “Troya atı” olmasına başqa bir misal. 2005-ci ildən sonra Çinin sualtı qayıqlar sahəsində anidən çox inkişaf etdiyini müşahidə edir, bu inkişafa səbəb olan bilgilərin Amerikadan oğurlanmış ola biləcəyini düşünürlər. Uzun müddət araşdırdıqdan sonra illər əvvəl Amerikaya köç etmiş çinli elektrik mühəndisinin işlədiyi şirkətə məxsus (həmin şirkət Müdafiə Nazirliyi üçün elektronik sistemlər hazırlayırdı) gizli bilgiləri evində disklərə köçürüb Çinə göndərdiyini fərq edirlər. Ancaq artıq gecdir, Qərbin sonradan ayıldığı bir çox məsələdə olduğu kimi.
Bu yaxınlarda rəsmi səhifəsində CERNdə (Avropa nüvə tədqiqatları laboratoriyası) 22 milyard dollarlıq yeni kollaydırın inşa ediləcəyini oxudum. Mənə maraqlı gəldiyi üçün səhifəyə “Bu kollayderə həqiqətən ehtiyac varmı? Müvafiq texnologiyanın və riyazi aparatın təkmilləşdirilməsi daha məntiqli olmazmı? Onsuz da eksperimentlərdən əldə olunan böyük data var və bunları analiz edəcək nəzəri çərçivə hələ ki, mövcud deyil. Bir az daha yüksək enerjilərdə bir az daha çox ekzotik zərrəcik müşahidə etməklə hansı irəliləyişə ümid edirsiz?” sualını yazdım. Çünkü bu layihənin də bürokratik ətaləti davam etdirmək üçün maliyyə ayrılmasını təmin etməkdən qaynaqlandığını güman edirdim.
Səhifə izləyicilərindən aldığım rəylər heç də rasional rəylər deyildi, daha çox yerli səhifələrdə rastladığımız lağ-lağılara oxşayırdı. Aldığım cavab-şərhləri “Sən CERNdən çox bilirsən?” kimi ümumiləşdirmək mümkündür.
Avropanın yarımçıq ağlı deyərkən, biologiyadan bildiyimiz insan təbiətini hesaba qatmayan, modernizmin tamamlanmadığını nəzərə almadan problemlərin səbəbini modernizmdə axtaran, komfort zonasındaykən dünyanın dəyişən vəziyyətini görməyən, başqalarına da öz qarışıq, mürəkkəb, psevdo-intellektual təsəvvürlərini yeritmək istəyən köhnə sxolastikanın yeni formada zühur etməsini nəzərdə tuturam. Bir zamanlar sxolastik təbiət filosofları da kabinetlərində oturub dünyanın onların düşündüyü kimi olmalı olduğunu -insan ağlının yanıla bildiyini və korreksiya üçün eksperimentin şərt olduğunu bilmədən – fərz edirdilər. İndi eyni yanaşma humanitar məsələlərə tətbiq olunur.
Mən düşünürəm ki, müharibədən sonra bizim üçün yeni çağırış başlayır. Biz, apardığımız ədalətli mübarizəni Qərbə çatdırmaqla onların erməni diskursu tərəfindən necə aldadılmış olduqlarını, bu aldanışın region və ölkəmiz üçün maliyyətini izah edə, bunu digər mövzulara yanaşmalarındakı komfortu tərk etmələri üçün bir misal kimi istifadə edə bilərik. Belə görünür ki, Avropanın yarımçıq ağlı problem həll etməkdən çox problem yaradır, israrçı problemləri isə əvvəlki məntiqlə həll etmək mümkün deyil.
 
 
Mənbə: azlogos.eu
 

0 şərh