Müqəddəs Luis gəmisi xilas etmədi

Hitlerin hakimiyyətə gəlişindən və öz hökumətini formalaşdırıb nəzarəti ələ almasından sonra nasist Almaniyasında anti-semitizm daha da güclənməyə başladı. 1933-cü ildən başlayaraq qəbul edilən yeni qərarlar, yəhudiləri gündəlik həyatdan təcrid edir, onların hərəkət azadlıqlarına məhdudiyyətlər qoyur, təhsil almaq haqqından məhrum edirdi. Yəhudilərə qarşı təqiblər, qısnamalar və tədricən artan təzyiqlər nəticəsində alman vətəndaşı olan yəhudilər artıq fürsət tapdıqca yavaş-yavaş ölkəni tərk etməyi düşünürdülər. Kimisi buna müəssər olsa da, bir çoxu üçün çıxış yolu yox idi.
1938-ci ilin noyabr ayında Büllur gecə və ya Sınmış vitrinlər gecəsi (Kristallnacht) olaraq bilinən qırğınlarda yəhudilərə qarşı olan ağlasığmaz cinayətlər və buna o dövrki hakimiyyətin səssiz qalması, yəhudiləri artıq ölkədən qaçmaq planına sövq edirdi. Müxtəlif yollara əl atılırdı və nəhayət, bir qrup yəhudi İkinci Dünya Müharibəsinin başlamasına az bir müddət qalmış Hamburqdan yola çıxan Müqəddəs Luis gəmisi ilə Amerikaya pənah apardılar. Nəticə isə gözlədikləri kimi olmadı, qeri qayıtmağa məcbur edildilər.
Müqəddəs Luis gəmisi haqda
13 may 1939-cu ildə Hamburq limanından Kubaya, Havanaya doğru yola düşən Alman okean laynerində 937 nəfər sərnişin var idi və onların çoxu əslən yəhudi olan alman vətəndaşları idi. Kifayət qədər lüks olan gəmidə sərnişinlər üçün demək olar ki hər cür əyləncə və rahatlıq təşkil edilmişdi: konsertlər, rəqslər, uşaq baxıcılığı, cümə gecələri ibadət üçün məkan. Nə qədər qəribə olsa da, Hitlerin gəmidəki büstünü belə masa örtüyü ilə örtmüşdülər. Bütün bunlara isə alicənab gəmi kapitanı Qustav Şröder fürsət yaratmışdı.
İki həftəlik səyahətdən sonra 27 may gecə 04:00-da gəmi Havana limanına yaxınlaşsa da, sərnişinlərin gəmidən enməsinə izin verilmədi. Halbuki, sərnişinlərin bir çoxunun ölkəyə giriş üçün rəsmi sənədləri – vizaları var idi. Uzun çəkən danışıqlar nəticəsində yalnız 28 nəfər Kubaya giriş icazəsi ala bildi. Qeyd etmək lazımdır ki, 1939-cu ilin əvvəllərindən başlayaraq nasist Almaniyası sərhədlərin çox hissəsini bağlamışdı, eyni zamanda bir çox ölkələr yəhudi qaçqınlar üçün kvota da müəyyənləşdirmişdi. Kuba isə ABŞ-a keçmək üçün müvəqqəti tranzit kimi istifadə edilirdi. 5 yaşlı Gisela Feldman Müqəddəs Luis gəmisinin göyərtəsindəBuna görə əsasən maddi vəziyyəti yaxşı olan yəhudilər Kuba səfirliyindən 200-300 ABŞ dollarına (indiki məzənnə ilə 3000-5000 ABŞ dolları) viza alaraq Yeni Qitəyə üz tuturdular. Holokost Memorial Muzeyinin apardığı araşdırmalara görə, sərnişinlərin bir qisminin Kubaya giriş sənədlərində problemlər var idi, hətta bunu gəmi sahibləri də bilirdi. Fəqət sərnişinlər nasistlərdən qurtuluş ümidilə bu səfərə çıxmışdılar.
Həmin ağır günlərdə gəmidə olan 15 yaşlı Gisela Feldman illər sonra verdiyi müsahibədə deyirdi: “Mən hər zaman anamın təkbaşına iki qızı ilə birlikdə belə bir uzun yola çıxmağın yaratmış olduğu narahatlığından xəbərdar idim”. Giselanın polyak əsilli atası həbs edilərək Almaniyadan Polşaya sürgün edilmişdi. Həyat yoldaşından onun qayıtmasını və sonra ölkədən çıxmağı xahiş etsə də, Giselanın anası buna razı olmur və “iki qızımı uzaqlara, təhlükəsiz yerlərə aparmalıyam” cavabını verir. Kubaya viza alınır, əlindəki nağd 10 alman markı və alt paltarında gizlədilmiş daha 200 markla Müqəddəs Luis gəmisinə minirlər. Gisela “cəsur anamız olduğu üçün bəxtimiz gətirdi. Atamı və bizi yola salan otuzdan çox qohumumuzu bir daha görmədik” yazırdı.
Sərnişinlər bir həftə çarəsizlik içində, gəmidə Kuba hökumətindən gələcək cavabı gözləyirdilər. Maks Löv adlı bir sərnişin dözməyərək biləklərini kəsmiş, daha sonra isə özünü dənizə atmışdı. Xoşbəxtlikdən vaxtında Havana hospitalına çatdırıla bilmişdi. Bu hadisəni o vaxt 6 yaşında olan Gerald Qranston xatırlayarkən belə deyir: “gözlərimi yumsam belə, sanki onun fəryadını yenə eşidir, qanını görürəm”. 
Sərnişinlər qısa zamanda komitə yaradaraq dövrün Kuba prezidenti Frederiko Laredo Bruya ölkəyə buraxılmaları üçün yalvarış müraciəti etsələr də, hökumət bu məsələdə laqeyd qaldı. 2500 yəhudinin də daxil olduğu bir çox qaçqına daha əvvəl ölkədə sığınacaq verən Kuba hökuməti, yerli əhalinin qınağına da məruz qalmışdı: yeni gələnlər onsuz da qıt olan əmək bazarında rəqabətliliyi artırırdılar. Bu və digər səbəblərdən rəsmi Havana qaçqın olaraq gələnlərə yox cavabını vermişdi. Məsələyə ABŞ rəsmiləri qarşısa da nəticə əvvəlkindən fəqrli olmadı.
Nəhayət gəmi üzünü yeni bir ümidlə ABŞ-a, Florida ştatına doğru çevirdi. Havanadan ayrılan gəmi qısa müddətdə Mayamiyə çatdı və sənişinlər bu dəfə ABŞ prezidenti Franklin Delano Ruzveltə sığıanacaq üçün müraciət etdi. Prezidentin özündən rəsmi cavab gəlməsə də, ABŞ rəsmiləri Almaniya və Avstriyaya ayrılmış olan 27000 nəfərlik kvotanı bəhanə edərək yeni gələnlərin qəbul edilməyəcəyini bildirdi. Daha sonra birbaşa gəmi kapitanı Şröder tərəfindən Kanadaya edilən müraciət də nəticə vermədi.
6 iyun 1939-cu ildə Müqəddəs Luis gəmisi Hamburq limanını tərk etdiyi vaxtdan 24 gün sonra Avropaya qayıtmalı oldu. Xoşbəxtlikdən, gəmi Belçikaya, Antverpenə yan aldı və içindəki sərnişinlər 4 ölkəyə – Fransa (224 sərnişin), Birləşmiş Krallıq (288 sərnişin), Niderland (118 sərnişin) və Belçikaya (214 sərnişin) səpələndi. Bəzi sərnişinlər digər ölkələrə viza ala bilsələr də, bir qismi Almaniyaya qaytarıldı.
Adı çəkilən 4 ölkədən üçü daha sonra Almaniya tərəfindən işğal edildi. Buna görə də, həmin ölkədə yerləşən yəhudilər yenidən başqa ölkələrə getmək üçün viza almaq istəyirdilər. Avropaya qayıdan sərnişinlərdən 254 nəfəri Holokostun qurbanı oldu, bu isə ümumi rəqəmin təxminən ¼-I demək idi.
Bir neçə müddət əvvəl Tamp administrasiyasının Yaxın Şərqdən gələn qaçqınların qəbul edilməməsi ilə bağlı qərarına etiraz olaraq Twitterdə kompaniya başladıldı. Vaxtilə Müqəddəs Luis gəmisində olub, ABŞ tərəfindən rədd edildikən sonra Holokost qurbanına çevrilənlərin şəkilləri paylaşılır, şəkil sahibləri haqda qısa məlumat verilirdi:
2012-ci ildə ABŞ Dövlət Departamenti, 6 il sonra isə Kanada baş naziri Justin Trudau gəmidən sağ qalanlardan rəsmi olaraq üzr istədi. 1989-cu ildə “Miami Herlad”ın müxbirinə gəmidən sağ qalan Suzan Şleger belə demişdi: “Bizi istəmirdilər. Dünya bizi tərk etmişdi”.
 
 
 
Müəllif: Rəşad Bağırov
Mənbə: azlogos.eu
 

0 şərh