Nə idi Sinqapur möcüzəsi

«Yerli jarqonda korrupsiyaya nə ad verilir-verilsin -“faiz”, “mükafat”, “bəxşiş”, “əl çirki” – o, Asiya həyat tərzinə xas xüsusiyyətlərdən biridi. Nazirlər və vəzifəli şəxslər öz maaşları ilə tutduqları mövqenin tələb etdiyi şəkildə yaşaya bilmirlər. Vəzifələri nə qədər böyükdüsə, evləri də o qədər böyük, arvadları, sevgililəri o qədər çox olur, onları öz nüfuzları və vəzifələrinə uyğun şəkildə daş-qaşlarla bəzəyirlər. Belə ölkələrdə bizneslə məşğul olan sinqapurlular ayıq-sayıq olmalıdılar, o vərdişləri evə gətirməməlidilər”
Sinqapur Respublikasının mərhum baş naziri Li Kuan Yu
Əgər keçmiş sovet məkanında korrupsiya ilə effektiv mübarizədən danışanda ilk yada düşən ölkə Gürcüstandısa, bir az geniş miqyasda, daha konkret desək, Asiya bölgəsində Sinqapurdu. Əgər Gürcüstanda korrupsiyanın qarşısının alınması, ölkəni dərin böhrandan çıxaran islahatlar keçmiş prezident Mixail Saakaşvilinin adı ilə bağlıdısa, “Sinqapur möcüzəsi”nin yaradıcısı yarım əsrdən çox ölkənin baş naziri olmuş mərhum Li Kuan Yudu.
Təxminən, bir əsrə yaxın, 1867-ci ildən Böyük Britaniya imperiyasının müstəmləkəsi olan Sinqapur 1959-cu ildə BB-nın tərkibində avtonom dövlət statusu alıb və Xalq Hərəkatı Partiyasının lideri, çinli mühacir ailəsində doğulmuş, Kembric Universitetini hüquq və iqtisadiyyat üzrə iki qırmızı diplomla bitirmiş Lİ Kuan Yu baş nazir seçilib. 1965-ci il avqustun 9-da ölkə öz müstəqilliyini elan edib.
Həmin anda Sinqapur hətta içməli su ehtiyatını belə qonşu Malaziyadan idxal eləyən balaca və həddindən artıq yoxsul ölkə idi.
Ancaq cəmi 40 ilə bu balaca respublika iqtisadi, siyasi problemlərinin əksəriyyətini aradan qaldırdı və üçüncü dünya ölkəsindən yüksək həyat şəraiti olan inkişafetmiş məmləkətə çevrildi.
Sinqapur
Korrupsiya ilə mübarizə strategiyası
Müstəqilliyini əldə etməsinin ilk illərində Sinqapurun qonşuları ilə münasibəti yaxşı deyildi, əhali arasında sosialist ideyalar populyar idi. Korrupsiya adi bir hala çevrilmiş və cəmiyyətin bütün təbəqələrinə nüfuz eləmişdi.
Yeni hökumət korrupsiya ilə mübarizəyə başlamağa çalışanda bir neçə problemlə üzləşmişdi. Bu mübarizəni tənzimləyən qanun həddindən artıq zəif idi, korrupsiya cinayətlərinin əksəriyyəti qanunun fəaliyyət dairəsindən kənarda qalırdı, qanunverici orqanların əməkdaşlarının isə öz işlərini effektiv görə bilmələri üçün kifayət qədər səlahiyyətləri yox idi. Üstəlik məmurların böyük qisminin korrupsiyada əli olduğundan cinayətlərini sübut edəcək dəlillər tapmaq da həddindən artıq çətin idi.
Son dərəcə az maaş alan dövlət məmurları öz vəzifələrindən şəxsi məqsədlərlə istifadə eləyirdilər. Əhalinin təhsil və hüquq mədəniyyəti səviyyəsi çox aşağı idi. Bütün bunların nəticəsində rüşvət maddi gəlir əldə etməyin yeganə üsuluna çevrilmişdi. Vaxtilə britaniyalılar tərəfindən yaradılmış korrupsiya hallarını araşdıran Büronun əməkdaşlarının əksəriyyəti yerli polislər idilər və psixoloji baxımdan ciddi mübarizəyə, fəaliyyətə hazır deyildilər.
“Gömrük məmurları qadağan olunmuş malları daşıyan nəqliyyat vasitələrinin yoxlanışını sürətləndirməkdən ötrü rüşvət alırdılar. Mərkəzi Təminat idarəsinin əməkdaşları tenderlərə daxil olan müraciətlərlə maraqlananlara müəyyən məbləğ qarşılığında məlumat ötürürdülər. İdxal-ixrac departamentinin məmurları lisenziyaların verilməsini rüşvət qarşılığında sürətləndirirdilər. Mağaza sahibləri, sakinlər İctimai Səhiyyə Departamentinə zibilin toplanmasına görə pul ödəyirdilər. Məktəb direktorları, müəllimlər dəftərxana ləvazimatları şirkətlərindən faiz götürürdülər. Söhbət hakimiyyətin şəxsi maraqlar üçün istifadəsindən gedəndə insan fantaziyası, demək olar ki, sərhəd tanımır”.
Ölkənin böhran vəziyyətində olduğunu anlayan yeni hökumət cəmiyyətdə korrupsiyanı sosial yasaq halına gətirən aşkarlıq və dürüstlük mühiti yaratmaq qərarına gəlir və bu işə “dürüst və namuslu qalmaq” şüarı ilə başlayır. Təklif olunan strategiyanın müəllifləri inanırdılar ki, milli inkişaf üçün korrupsiyanı nəzarətə almaq həddindən artıq vacibdi.
İslahatların ideoloqu, baş nazir Li Kuan Yu özünü və tərəfdarlarını “ingilislərdən liderlik təhsili almış bir qrup burjua” adlandırırdı: “Biz əmin idik ki, hökumətin tərkibində işləməsək də, özümüzü maddi cəhətdən təmin eləyə bilərik. Mən və mənim kimi peşəkarlar buna qadir idik. Əksəriyyətimizin həyat yoldaşları işləyirdi, əgər biz tutulsaydıq və ya ölkədə olmasaydıq, ailəni onlar saxlaya bilərdilər”.
Li Kuan Yunun qurduğu hökumət Sinqapuru Cənub-Şərqi Asiyanın maliyyə və ticarət mərkəzinə çevirməyi, ölkəyə xarici investorları cəlb etməyi qarşısına məqsəd qoymuşdu və buna liderlərinin siyasi iradəsi, korrupsiya əleyhinə savadlı hazırlanmış qanunvericilik sayəsində nail oldu.
İlk növbədə korrupsiya fəaliyyətinə şərait yaradan imkanlar azaldıldı. 1960-cı ildə korrupsiya ilə mübarizə strategiyası “korrupsiyanın qarşısının alınması və korrupsiya üzrə araşdırmalar Bürosuna yeni səlahiyyətlər verilməsi” haqqında qanunla təsdiqləndi.
Qərar qəbulu ilə bağlı prosedurlar sadələşdirildi, qanunlarda fərqli yozumlara imkan verən bəndlər sadə və aydın yazılmış qaydalarla əvəz edildi.
Müstəqil Büro hökumətin ən yüksək təbəqəsində korrupsiya ilə mübarizəyə start verdi. Hətta Li Kuan Yunun ən yaxın qohumları belə istintaqa cəlb olundular. Korrupsiyaya qarışdığı üzə çıxan bir neçə nazir ya həbs cəzası aldı, ya intihar etdi, ya da ölkədən qaçdı. Onların arasında baş nazirin silahdaşları da var idi.
“Vi Tun Bun 1975-ci ildə ailəsi ilə birlikdə İndoneziyaya səyahət eləyəndə Ətraf Mühitin Qorunması Nazirliyində nazir idi. Səyahət xərcləri nazirin, dövlət məmurları qarşısında maraqlarını təmsil elədiyi mənzil-tikinti podratçısı tərəfindən ödənilmişdi. Vi Tun Bun həmin podratçıdan 500 min Sinqapur dolları dəyərində malikanə, həmçinin fond bazarında spekulyasiya edilməsi məqsədilə atasının adına ümumi məbləği 300 min Sinqapur dolları olan iki kredit almışdı. Vi Tun Bun 50-ci illərdən etibarən kommunizmdən uzaq, sadiq lider olmuşdu. Buna görə də onun qarşısında dayanmaq və öz günahsızlığını sübut eləməkdən ötrü göstərdiyi əsassız cəhdləri görmək mənə ağır idi. O mühakimə olundu və 4 il 6 ay həbs cəzası aldı. Vi Tun Bun hökmdən şikayət elədi, ancaq ittiham qüvvədə qaldı, hərçənd cəza müddəti 18 aya qədər azaldıldı” – mərhum baş nazir deyirdi.
Lu Kuan Yu öz xatirələrində qanunun aliliyini, öz qohumları və yüksək vəzifəli məmurlar da daxil olmaqla hər kəsin qanun qarşısında bərabərliyi prinsipini daima tətbiq etdiyini vurğulayırdı: “Yüksək əxlaqi prinsiplər, sərt əqidə, korrupsiyanın kökünü kəsmək kimi xoş niyyətlər haqqında moizə oxumaqla başlamaq asandı. Ancaq həmin xoş niyyətlərə uyğun yaşamaq çətindi. Bundan ötrü güclü liderlər və istisnasız bütün qanunpozanlarla mübarizə aparmaq üçün qətiyyət lazımdı. Büro əməkdaşları qorxusuz və qanuna uyğun şəkildə hərəkət edə bilməkdən ötrü siyasi rəhbərliyin tam dəstəyinə malik olmalıydılar”.

Nə idi “Sinqapur möcüzəsi”?

Hakimlərin əmək haqları xeyli artırılaraq ildə bir neçə yüz min dollara çatdırıldı (90-cı illərdə isə bir milyondan çox), ən yaxşı vəkillər məhkəmədə vəzifələrə cəlb olundu. Mafioz qrupların fəaliyyəti amansızlıqla xətm edildi. Məsul vəzifələri tutan dövlət məmurlarının maaşları özəl şirkətlərin top-menecerlərinə xas məbləğə qədər qaldırıldı.
Li Kuan Yu əmin idi ki, siyasi liderlərə ən böyük maaş verilməlidi, çünki onlar dürüst və namuslu hökumətin simasıdılar. Əgər onlara az maaş verilsə, yoldan çıxıb korrupsiyaya aludə ola bilərlər. Odur ki, Sinqapurda “beyin axınının özəl sektora yönəlməsinin” qarşısını almaq məqsədilə dövlət işçilərinin məvacibləri davamlı artırılırdı.
1984-1994-cü illər arasındakı zamana baxsaq, yüksək vəzifəli dövlət işçilərinin məvacibləri o qədər artırılmışdı ki, onlar dünyada ən çox əmək haqqı alan məmurlara çevrilmişdilər. Ancaq bu, o demək deyildi ki, əmək haqları hər il avtomatik artırdı. Sözügedən artım özəl sektorun gəlirlərindən asılı idi. Məsələn, 1995-ci ildə özəl sektorun gəlirləri azalanda bütün nazir və yüksək vəzifəli şəxslərin maaşları da azaldılmışdı.
Sinqapur rəhbərliyi inanırdı ki, seçki kampaniyalarına böyük məbləğlər xərcləmək bir çox Asiya ölkələrinin lənətidi. Halbuki seçkilərə böyük pullar sərf eləyən qaliblər nəinki xərclənən vəsaiti geri qaytarmalıdılar, həmçinin növbəti seçkilər üçün də maliyyə toplamalıdılar: “Biz iş yerləri yaradaraq, məktəblər, xəstəxanalar, ictimai mərkəzlər tikərək insanların təkrar-təkrar bizə səs vermələrinə nail olduq. Bu sosial uğurlar insanların həyatını dəyişdi və onları övladlarının Xalq Hərəkatı Partiyası ilə bir gələcəyə sahib olacağına inandırdı. Müxalif partiyaların da pula ehtiyacı yox idi. Onlar bizim deputatlara qalib gəlirdilər, çünki seçicilər parlamentdə müxalifətin iqtidara təzyiq etməsini istəyirdilər”.

Korrupsiya hallarının araşdırılması üzrə büro

Korrupsiya əleyhinə qanunların praktikada icrasında korrupsiya hallarının araşdırılması üzrə Büro böyük rol oynayır. Dövlət və özəl sektorda korrupsiya hallarını üzə çıxardan və araşdıran bu dövlət agentliyi Britaniya müstəmləkə hökuməti tərəfindən 1952-ci ildə yaradılmışdı. 1960-cı ildə qüvvəyə minən korrupsiyanın qarşısının alınması haqqında qanun isə Büroya araşdırmalar zamani geniş səlahiyyətlər verdi. Sinqapur hökuməti başa düşürdü ki, əgər qanunlar effektiv şəkildə tətbiq olunmazsa, nəzərdə tutulan ağır cəzalar da bir işə yaramayacaq. Məhz, buna görə də hökumət Büronu korrupsiya əleyhinə universal agentliyə çevirdi. Agentliyin əsas funksiyası korrupsiya hallarının araşdırılması olsa da, sözügedən halla bağlı digər cinayət işləri üzrə də istintaq aparmaq səlahiyyətinə malikdi. Büro avtoritar metodlarla işləyir. Onun, korrupsiyada şübhəli bilinən şəxsləri qanuni əsaslar olduğu halda məhkəmə qərarı olmadan tutmaq və axtarış aparmaq ixtiyarı var. Büro sədəcə şübhəli şəxsi yox, onun qohumlarını, himayədarlarını da istintaqa cəlb edə, onların istənilən bank hesablarını, maliyyə yazışmaları və s. yoxlaya, şahidləri istintaqa çağıra, istintaq zamanı üzə çıxan istənilən qanun pozuntusunu araşdıra, statusundan, inancından, vəzifəsindən asılı olmayaraq istənilən vətəndaşı məhkəməyə verə bilər və bu zaman yüksək rütbəli dövlət məmurlarına da güzəşt edilmir. Qanunu icra edən orqanların əməkdaşlarına və potensial korrupsiya imkanları ilə fərqlənən iş sahiblərinə xüsusi nəzarət olunur. Məsələn, 2006-cı ildə belə iş sahiblərindən biri- Sinqapurda qalma müddətini uzatmağa çalışan əcnəbilərdən rüşvət alan polis zabiti haqqında cinayət işi açılıb. Rüşvətxor zabit əcnəbilərin şahid qismində polisə lazım olduğunu söyləyərək immiqrasiya xidmətini aldadırmış. İstintaq zamanı polis məmurunun Sinqapurda qalma müddətlərini qeyri-qanuni uzatmaq istəyən 53 əcnəbiyə kömək etdiyi müəyyənləşdirilmiş, o, 4 il həbs və 26,5 min dollar cərimə cəzasına məhkum edilmiş, cinayətə qarışmış əcnəbilərin hamısı ökədən deportasiya olunmuşdu.

Nə idi “Sinqapur möcüzəsi”?

Biznes mühitindən şəffaflığın qorunması məqsədilə Büro özəl sektorda da korrupsiya, rüşvət və maliyyə fırıldaqları (el dilində “otkat”) hallarını araşdırır. Təchizatçıdan mal ala bilməkdən ötrü rüşvət və ya “hörmət” təklif eləyən, verən, yaxud da götürən istənilən şəxs cərimələnə, ya da həbs cəzası ala bilər. Həmçinin bu kimi hallarda məhkəmə alınan rüşvətin məbləğina uyğun cərimə təyin eləyir.
Baş nazirin ofisinə bağlı olan Büroya birbaşa dövlət başçısına tabe olan direktor rəhbərlik edir. Beləcə, agentlik polis və digər hökumət orqanlarından ayrı fəaliyyət göstərir, nazirlər və yüksək vəzifəli digər məmurlar da daxil olmaqla bütün bürokratiyadan siyasi və funksional şəkildə azaddı. Mahiyyətcə, Büro Sinqapur baş nazirinin administrasiyasının bir şöbəsi kimidi və özü də üç şöbədən ibarətdi: istintaq, sorğu-məlumat və yardımçı şöbə.

Siyasi iradə

Sinqapur 1965-ci ildə müstəqilliyini elan edəndən sonra ölkənin siyasi liderləri bütün məmurlar üçün nümunə olmaq qərarına gəlirlər və öz sərvətləti, gəlirləri, kommersiya maraqları, maliyyə əməliyyatları barədə bütün məlumatları şəfafflaşdırırlar.
Sinqapurun baş naziri Li Kuan Yu “Yalnız nazirlər və rəhbər vəzifələri tutan məmurlar dürüst və kvalifikasiyalı olduğu halda Sinqapur yaşaya biləcək. Sinqapurlulara gərgin əmək və qarşılığında alınan yüksək mükafat arasındakı əlaqəni göstərmək lazımdı. Yalnız o zaman insanlar – əcnəbilər və ölkə əhalisi Sinqapura sərmayə qoymağa başlayacaqlar. Yalnız o zaman sinqapurlular hansısa əlaqələr arzulayıb, nüfuzlu qohumlarından, dostlarından hədiyyələr gözləmək əvəzinə məqsədyönlü şəkildə işləyəcək və özlərini, övladlarını yaxşı təhsillə təmin eləyəcəklər”, deyə bildirir.
Sonrakı hadisələr Sinqapur hökumətinin öz planlarını həyata keçirməkdən ötrü kifayət qədər siyasi iradəyə sahib olduğunu göstərir.
Əksər ölkələrin qanunvericiliyində korrupsiya ilə mübarizənin vacibliyi qeyd olunur, lakin sadəcə bəzi ölkələr bu məqsədlə Sinqapurdakı kimi sərt və ardıcıl tədbirlər həyata keçirirlər. Sinqapurda yüksək vəzifəli şəxslər arasında korrupsiya halları xüsusi sərtlik və amansızlıqla cəzalandırılır.
Cinayətkarların qanundakı boşluqlardan yararlanaraq məsuliyyətdən qaçmalarına imkan verməməkdən ötrü Sinqapur Respublikasının korrupsiya əleyhinə qanunları davamlı olaraq yenilənir.
Məmurlarla, xüsusilə də icraçı orqanların əməkdaşları ilə daima korrupsiya tələləri haqqında söhbətlər aparılır, onlara təsadüfən də olsa, belə cinayətlərə qarışmamağın yolları barədə məsləhətlər verilir, Büro əməkdaşları kolleclərdə gənclərə korrupsiyanın həm onlar, həm də cəmiyyət üçün təhlükələri haqqında mühazirələr oxuyurlar. Ölkədə korrupsiya hallarının yaranması riskini azaltmaq məqsədilə müxtəlif profilaktik tədbirlər görülür, mürəkkəb prosedurlar yüngülləşdirilir.
Dövlət işçiləri hər il borclarının olmadığı barədə deklarasiyalar təqdim etməlidilər. Hesab edilir ki, borc içində üzən məmur öz vəzifə öhdəliklərini şəxsi məqsədlərinə qurban verməyə tez hazır olur. Borc deklarasiyalarında yanlış məlumat verən məmurlar dövlət işindən uzaqlaşdırılır. Həmçinin hər bir məmur həm işə yeni qəbul olunanda, həm də işlədiyi müddətdə hər il özünün və həyat yoldaşının, övladlarının əmlakı, biznes investisiyaları barədə məlumat verməlidir. Göstərilən maddi və daşınmaz əmlakın dəyəri ilə aldığı əmək haqqı arasında uyğunsuzluqlar olanda məmur barəsində araşdırma aparılır.
Məmurların, işgüzar münasibətləri olan insanlardan pul və ya başqa formada hər hansı hədiyyə alması qadağandı. Əgər məmur hədiyyədən imtina edə bilmirsə (məsələn, əcnəbi nümayəndələrin səfər protokoluna uyğun olaraq), onu qəbul edə bilər, amma dərhal öz rəhbərliyinə təhvil verməlidi. O, yalnız bir halda nəsə götürə bilər: əgər götürdüyü əşya və ya hədiyyənin pulunu ödəyibsə.

Nə idi “Sinqapur möcüzəsi”?

Sinqapurun korrupsiya ilə mübarizə sahəsindəki uğurlarına heyrətlənməmək qeyri-mümkündü. Hökumət avtoritar metodların köməyilə bürokratiyanı nəzarətdə saxlayır və bir çox hallarda, məhz, bunun sayəsində Sinqapurda investisiya üçün normal mühitin olmasını təmin edir.
Hazırda Sinqapur sərt avtoritar dövlətdi, korrupsiyanın yoxluğu, iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə dünya reytinqlərinə başçılıq edir.
Sinqapurda avtoritar metodlar, əsasən, ölkənin siyasi rəhbərliyini korrupsiyanın kökünü kəsmək arzusu sayəsində effektiv işləyir. Sinqapur hökumətinin üzvləri açıq-aşkar sadə həyat sürürlər. Bank hesabındakı məbləğin həcmindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq, korrupsiyada iştirakı isbat edilmiş istənilən şəxs cəzasını alır.

Əslində elə belə də olmalıdı. Əks halda korrupsiya ilə mübarizə yalnız görüntü xarakteri daşıyardı.

Müəllif: Arseni Sirotin
 
 

0 şərh