Yeni il adətləri

Kayzen.az müxtəlif ölkələrin Yeni il adətlərini təqdim edir.

1) Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh Zəngi”nin təntənəli sədalarını dinləmək Avstriyada Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni İl günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu böyük xoşbəxtlik və uğur gətirir.
Yeni il adətləri
2) Braziliyada Yeni il ərəfəsində okean çimərliyində qumların üzərində minlərlə şam yandırılır. Uzun paltar geyinmiş qadınlar suya girir və okean dalğalarının üzərinə gül ləçəkləri səpirlər.

3) Böyük Britaniyada Yeni ildə evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Adətə görə, Milad ərəfəsində kişilərin bu bitkilərdən hazırlanmış bəzəklərin altında dayanmış istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oduncağıdır. Deyilənlərə görə bu adəti İngiltərəyə vikinqlər gətirib. Onlar Miladda böyük ağac kəsirlər. O ilboyu qalır və büsbütün quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər və bu odun uzun müddət yanır. Əgər odun kül olana qədər yanmasa, ev sahiblərini hansısa bədbəxtlik gözlədiyinə inanırlar.

4) Yunanıstanda geniş yayılmış adətə görə Yeni il gecəsi ailə həyətə çıxır və bir narı divara çırpırlar. Əgər narın dənələri həyətə səpələnərsə, bu ailənin yeni ildə xoşbəxt yaşayacağına işarədir. Yunanlar qonaq gedərkən özləri ilə mamır bağlamış daş da aparırlar və onu ev sahiblərinin otağına qoyurlar və deyirlər: “Qoy ev sahiblərinin pulları da bu daş kimi ağır olsun”.

5) Milad İspaniyada əsas bayramlardan biri hesab olunur. İspanlar da bayram axşamını ailələri ilə yaxşı döşənmiş süfrə ətrafında qeyd edirlər. Yaşdan asılı olmayaraq uşaqdan böyüyə əksəriyyət şirniyyata üstünlük verir. Axşama yaxın balacalar əvvəlcədən hazırlanmış corabı pəncərədən asırlar. Burada heç kəs dini mərasimlərə bağlı deyil. Hər kəs ürəyi istədiyi kimi əylənir.

6) Çində Yeni ili həmişə yanvarın sonu-fevralın əvvəlində, ay bədirlənəndə qeyd edirlər. Bayram yürüşləri zamanı Çinin küçələrindən keçən insanlar əllərində fənər tuturlar. Bu, Yeni ildə öz yolunu işıqlandırmaq anlamına gəlir. İnanclarına görə yeni il pis ruhlar və qüvvələr tərəfindən əhatə olunub. Buna görə də onları şax-şax və fişənglər vasitəsilə qorxudurlar.

7) Meksikada saatın 12-ni vurmasıyla fişənglər püskürür, karnaval yürüşləri başlanır. Burada meyvə, su, Yeni il hədiyyələri ilə doldurulmuş gil qabların sındırılması adəti mövcuddur.

8) Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qətran yandırır və onu küçələrlə sürtürlər. Şotlandlar bunu Köhnə ilin yandırılmasının simvolu hesab edirlər. Bundan sonra Yeni ilin yolu açılır. Saatın əqrəbləri saat 12-ə yaxınlaşdıqda evin sahibi səssizcə qapını açır və zəngin son zərbəsi vurulana qədər qapını açıq saxlayır. Son zəng çalınandan sonra isə köhnə ili yola salaraq Yeni ili evə buraxır. Qonaqlara isə özləri ilə kömür parçası gətirmək, onu ocağa atmaq və bu ocağın uzun zaman yanmasını arzulamaq xahiş olunur.

9) Panamada Yeni il axşamı həddən artıq səs-küylü olur: sirenalar çalır və insanlar qışqırır. Qədim inanclara görə səs-küy zalım ruhları qovur.

10) Kolumbiyada hesab edirlər ki, gülləsiz, fişəngsiz və partlayışsız bayramdan söhbət belə gedə bilməz. Onlar köhnə ili ifadə edən kukla hazırlayırlar. Onu dəyənəklərin üzərində gətirərək gülməli vəsiyyətnamələr oxuyurlar. Sonra kuklanı bir tərəfə atırlar. Onun içərisinə yerləşdirilmiş barıt və güllələr gecənin yarısı partlamağa başlayır. Köhnə il alışıb yanaraq yerini Yeni ilə verir.
 
 
Mənbə: kulis.az

0 şərh