Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?

Beyin zədələnməsinin qeyri-adi yaradıcı istedadları üzə çıxarması ilə bağlı artan dəlillər mövcuddur. Bu, bizə dahilərin necə yarandığını öyrədə bilərmi?
1860-cı ilin yayı idi və Eadweard Muybridge-in kitabları qurtarırdı. Bir kitab satıcısı üçün bu yolverilməz idi. San Francisco-da yerləşən dükanının başına qardaşını qoyan Muybridge yeni mal almaq üçün at arabası ilə yola düşür. Amma haradan ağlına gələrdi ki, səyahəti dünyanı tamamilə dəyişəcək.
Yolunun şimal-şərqi Texasdan keçən hissəsində araba çətinliyə düşür. Belə ki, sürücünün qamçısı qırılır və atlar başılovlu çapmağa başlayır. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəkir. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəki. Sonda araba bir ağaca çırpılır. Muybridge havaya qalxır və başı üzərində qayaya çırpılır.
O, doqquz gün sonra, 241 km aralıda yerləşən xəstəxanada gözlərini açır. Qəza nəticəsində onun bir sıra tibbi problemi yaranmışdı. Buraya görmənin ikiləşməsi, cəngolma və qoxu, eşitmə və dad hissinin itirilməsi daxil idi. Amma ən radikal dəyişiklik onun şəxsiyyəti ilə bağlı idi.
Əvvəllər Muybridge yaxşı biznes hissinə malik dostcanlı və açıqfikirli bir insan olubmuş. Sonralar isə o riskə getməyi sevən, ekssentrik və məkrli bir kişiyə çevrilib və daha sonra həyat yoldaşının sevgilisini öldürüb. Eləcə də o, çox güman ki, dahi olub.
Eadweard Muybridge arabadan yıxılıb və bundan sonra həyatına yaradıcı dahi kimi davam edib
Yaradıcı ideyaların haradan yarandığı sualına minilliklərdir ki, insanlar cavab tapa bilməyiblər.
Alimlərə əsasən bu, yorğunluqdan tutmuş darıxdırıcı həyata qədər bir çox şeydən qaynaqlana bilər. Dahilərin isə bu haqda dedikləri çox da inandırıcı səslənmir. Platon, bunun ilahi dəliliyin nəticəsi olduğunu deyib. Bəlkə də Freydin inandığı kimi seksual istəklərin ucalmasından əmələ gəlir? Çaykovskiyə görə, evrika anları soyuq başla işləmək və texniki bilikdən doğur.
Lakin son dövrlərə qədər daha ağıllı insanlar bir şeyə inanıblar: yaradıcılıq beyin qabığımızın içindəki çəhrayı titrək kütlədə yaranır. Heç şübhəsiz ki, beyin silkələnməsi, deşilməsi, ona elektrik ötürülməsi, güllələnməsi, hissələrə bölünməsi və ya oksigenin çatışmazlığı ani ölümə yol açacaq. Beyinin sahibi nə qədər dahi olursa-olsun belə.
Qəzadan sonra, Muybridge gəmi ilə İngiltərəyə gələ biləcək qədər sağalır. Elə burada yaradıcılığı üzə çıxır. O, kitab tacirliyini atır və dünyanın ən məşhur fotoqraflarından birinə çevrilir. Eləcə də o, məhsuldar ixtiraçı idi. Qəzadan qabaq bir dəfə belə olsun patent üçün müraciət etməyən Muybirdge, gələn iki onillik ərzində ən az 10 dəfə müraciət edir. 1877-ci ildə ona ixtirası ilə fotoqrafiyanı birləşdirmək ixtiyarı verən bir mərcə girir.
Rəvayətə əsasən, onun dəmiryol maqnatı olan zəngin dostu Leland Stanford atların uça bildiyinə inanırmış. Daha doğrusu inanırmış ki, atlar qaçarkən ayaqları yerdən eyni anda götürülür.

Muybridge isə əksini deyirmiş. Bunu sübut etməkdən ötrü o, atların yarış həlqəsinə 12 kamera yerləşdirir və Stanford-un sevimli atı Occident qaçarkən gizli tel hərəkətə gələrək kameraları avtomatik işə salır. Daha sonra, cəsarətli adı olan zopraksiskopu yaradır. Bu cihaz ona bir neçə şəkili sürətlə ardıcıl göstərmək imkanı verir və nəticədə hərəkətli foto əmələ gəlir.
Təəccüblü olsa da, at ani də olsa havada uçur. Muybridge-in lentə aldığı ilk filmdə atların uçması faktı təsdiqini tapır. Muybridge-in kitab satıcısından yaradıcı dahiyə çevrilən taleyi, bunun qəzanın nəticəsi olması kimi söz-söhbətlərə təkan verirdi. Mümkündür ki, o, «s dahilik sindromu» (ingiliscə: sudden savant syndrome) yaşayıb. Sindrom, beyin zədələnməsi və ya xəstəliyindən sonra müstəsna qabiliyyətlərin üzə çıxması ilə müşayiət olunur. Son dərəcə nadir rast gəlinən bu sindrom, dünya üzrə yalnız 25 dəfə qeydə alınıb.
Ortopedik cərrah Tony Cicoria-nın 1994-cü ildə New York parklarından birində başına gələn hadisə çox maraqlıdır. Onu ildırım vurmuşdu. Tam beynindən vuran ildırım həkimdə inanılmaz piano çalmaq sevgisi yaradıb. Əvvəlcə başqa bəstəkarların musiqilərini çalan cərrah, çox keçmədən özü bəstələr yazmağa başlayır.
Hazırda o, pianoçu və bəstəkardır, eləcə də cərrahdır. Ürəktutmasından sonra sınıqçıdan rəssama çevrilən Jon Sarkin-in də hekayəsi qəribədir. Rəsm çəkmək istəyi onda dərhal baş qaldırır.
Xəstəxanada bir çox müalicələr — nitq terapiyası, incəsənət terapiyası, fiziki terapiya, peşə müalicəsi, əqli müalicə — alan Sarkin, sonralar deyib: «Onlar əlimə rəngli qələm verdilər və şəkil çəkmək istədiyimi soruşdular. Mən də yaxşı dedim.»
Onun ilk işi Massachusetts ştatının Gloucester şəhərində yerləşən evindəki kaktusun rəsmi olub. Kaktus barmağa bənzər imiş. 50-ci illərin Qərb filmlərindəki kimi. Hətta ilkin rəsmləri belə son dərəcə mücərrəd olub. Rəsmlərinin bəzilərində budaqlar sarmaşan yaşıl ilanları, bəzilərində isə qırmızı ziqzaq pilləkənləri xatırladır. Onun əsərləri The New York Times-da dərc olunub, albomların üzərində yer alıb və Pulitzer Mükafatı qalibi bir müəllifin kitabının üz qabığını bəzəyib. Onların satış qiyməti 10 min dollarlarla ölçülür.

Ən möcüzəli hadisə isə Jason Padgett-in başına gəlib. O, 2002-ci ildə Washington ştatının Tacoma şəhərində olduğu bir barda hücuma məruz qalıb. Hücumdan əvvəl Padgett kollecdən atılan və divan dükanında işləyən biri olub.
Onun həyatdakı ən əsas istəkləri ziyafətlərdə əylənmək və qızlarla vaxt keçirmək imiş. Riyaziyyata qəti marağı olmayıb və hətta məktəbdə cəbr dərslərinə girməyib. Amma həmin gecə hər şey dəyişib. İlkin olaraq xəstəxanaya kəskin beyin silkələnməsi diaqnozu ilə aparılır.
«Yadıma gəlir ki, hər şey gözümə qəribə görünürdü. Amma bunu ağrıkəsici məqsədilə vurulan narkotik maddələrin təsiri kimi başa düşürdüm,» o deyir.
«Səhəri mən ayıldım və hər şeyi su kimi görürdüm. Fırlanaraq aşağı gedən kiçik tangens xətlərinə bənzəyirdilər (düz xəttə toxunan, lakin onu kəsməyən əyri).»
O andan bəri Padgett-in dünyası həndəsi fiqurlar və şəbəkə xətləri ilə dolur. Riyaziyyata dərin marağı baş qaldırır və hazırda Pi formulu kimi formullar üçün qrafiklərinə görə çox məşhurdur. Bir vaxtlar tangensin nə olduğunu bilmədiyinə isə inana bilmir.
"Özümü iki adam kimi hiss edirəm və anamla atam da eyni sözü deyirlər. Elə bil ki, iki fərqli uşaqları olub," o deyir.

Bəs bu niyə baş verir? Necə yaranır? Və dahiləri xüsusi edən şey haqqında bizə nə öyrədir? Bu barədə iki aparıcı fikir mövcuddur. Birinci fikrə görə, əgər başınız harasa dəyibsə, təsiri bir doza LSD qəbulu ilə eyni olur. Psixodelik narkotik vasitələr, beyində «xoşbəxtlik hormonu» adlanan serotonin hormonu səviyyəsini artıraraq yaradıcılığı artırır. Bu, beyində eyni anda bir neçə hissənin aktivləşməsi və adətən ayrı olan hisslərin əlaqələnməsi ilə müşayiət olunan «sinesteziyaya» aparır. Bir çox insanların bunu yaşaması üçün heç həblərə/narkotik vasitələrə ehtiyacı yoxdur. Dünya əhalisinin 5 faizi sinesteziyanın «qrafem rəng» adlı formasını yaşayır.
Bu zaman sözlər rənglərlə əlaqələndirilir. Məsələn, aktyor Geoffrey Rush, bazar ertəsi günlərinin solğun mavi rəngdə olduğuna inanır. Zədələnən beyində ölmüş və ölmək üzrə olan hüceyrələr ətrafdakı toxumaya serotonin axıdırlar. Fiziki olaraq bu, beyinin hissələri arasında LSD təsirində olduğu kimi əlaqələr yaradır. Əqli olaraq isə insan özünü əlaqəsiz hiss edir.
«Biz, əvvəllər beyinin əlaqəli olmayan hissələri arasında əlaqə yaranmamışdan qabaq qalıcı dəyişikliklər aşkarlamışıq,» Floridada yerləşən Multisensor Tədqiqatı üçün Brogaard Laboratoriyasının rəhbəri nevroloq alim Berit Brogaard deyir. Amma bunun da alternativi var. İlk ipucu 1998-ci ildə gözə dəyib.

Belə ki, bir qrup nevroloq özlərinin beş demensiyalı xəstələrinin rəssam, özü də yaxşı rəssam olduğunu aşkarlayıblar. Xüsusilə də beyinin yalnız müəyyən yerlərinə təsir göstərən frontotemporal (alın payı) demensiyalı xəstələr.
Misal üçün, vizual yaradıcılıq inkişaf etdiyi halda, dil və sosial bacarıqlar sürətlə itir. Belələrindən biri də «5-ci Xəstə» olub. 53 yaşında ikən həmin xəstə, yerli parklardan birində aparılan rəsm kursuna yazılır.
Əvvəllər isə rəsmə qəti marağı olmayıbmış. Bu, demensiya xəstəliyinin tam başlanması ilə üst-üstə düşüb. Cəmi bir neçə ay sonra, o, danışmağa çətinlik çəkməyə başlayıb. Çox keçmədən qıcıqlandırıcı və ekssentrik bir şəxsə çevrilən xəstə, küçədə pul axtarmaq həvəsinə düşüb. Xəstəliyi inkişaf etdikcə rəssamlıq qabiliyyəti də yaxşılaşıb, adi həyat rəsmlərindən, uşaqlıq xatirələrindəki binaların impressionist təsvirlərinə keçib. Nə baş verdiyini tapmaq üçün alimlər, xəstələrin beyinlərinin 3D skanını ediblər. Beş haldan dördündə onlar, sol yarımkürədə xəsarətlər aşkarlayıblar.
1960-cı illərdə aparılan Nobel mükafatı qazanan tədqiqat göstərir ki, beynin hər iki hissəsi xüsusi tapşırıqları icra etməyə kökləniblər: ümumilikdə sağ tərəf yaradıcılığın evidir və sol tərəf məntiq və dilin mərkəzidir. Lakin sol tərəf həm də bir növ dələduz xarakter daşıyır.

«Sol tərəf beyinin dominant hissəsi olmağa meyllidir,» Brogaard deyir.

«O, düşüncənin ən qıraq-bucaqda qalan növlərini — son dərəcə orijinal, son dərəcə yaradıcı düşüncənin qarşısını almağa meyllidir. Çünki bu, bizim qərar vermə bacarıqları və normal həyata davam etmək bacarıqlarımız üçün faydalıdır.»
Bir nəzəriyyəyə əsasən, xəstələrin beyinlərinin sol yarımkürəsinin zədəsi artdıqca sağ yarımkürə inkişaf etmək üçün azad olur. Daha bir neçə tədqiqat bu nəzəriyyəni təsdiqləyir. Onlardan biri isə belədir: sağlam könüllülərin beyinlərində sol yarımkürənin fəaliyyəti müvəqqəti olaraq yavaşıdılır və sağ yarımkürənin aktivliyi artırılır və yaradıcılıq qabarır.
«Rəhbər tədqiqatçı Allen Snyder-in işi başqa bir kəs tərəfindən kopyalanmışdı və məsuliyyət məncə, nəzəriyyənin boynuna düşür,» bir neçə onillikdir ki, dahilik sindromunu araşdıran Wisconsin Tibb Məktəbindən psixiatr Darold Treffert deyir.
 
Bəs tanınmış dahi insanlar necə? Bu nəzəriyyə onların istedadlarını izah etməyə qadirdirmi?
Götürək autizmi. Məsələn, ən qəliz riyazi hesablamaları inanılmaz sürətlə hesablayan Daniel Tammet və ya «Pişik Rafael» («Cat Raphael») adlı əsəri son dərəcə real təsvir etməyi bacaran Gottfried Mind.
Bu «autistik dahilər» Renessans müdriklərinə rəqib olacaq qədər super bacarıqlara sahibdirlər. Hesablamalara görə, autizmli 10 nəfərdən birində dahilik sindromu var və pozğunluğun artan yaradıcılıq ilə əlaqəsini göstərən çoxsaylı dəlillər mövcuddur. Sübut etmək çətin olsa da, Einstein, Newton, Mozart, Darwin və Michelangelo kimi bir sıra intellektual nəhənglərin də autistik olduğu barədə şayiələr hələ də dolaşır. Başqa bir nəzəriyyə təklif edir ki, autizmin yaranmasına səbəb sol yarımkürənin uşaqlıqda anormal dərəcədə az serotonin səviyyəsinə malik olmasıdır. Bu da həmin hissənin normal inkişafa mane olması anlamına gəlir.
Beləliklə, qəfil dahilik sindromundakı kimi sağ yarımkürə daha aktiv olmağa başlayır. Maraqlısı budur ki, qəfil dahilik sindromu olan bir çox insanda sosial problemlər, kompulsiv aludəçilik pozuqluğu (obsessive compulsive disorder — OCD) və hər kəs tərəfindən qəbul olunan maraqlar da daxil olmaqla autizm simptomları inkişaf edir.
Albert Einstein kimi bəzi yaradıcı dahilərin autizmli olduğuna inanılır
«O qədər pis olmuşdum ki, mikroblardan qurtulmaq üçün pullarımın üzərinə dezinfeksiya edici məhlul vurub, bir neçə saniyəlik mikrodalğalı sobaya qoyardım,» Padgett deyir.
«Onlar adətən normal həyat yaşayırlar, amma həm də belə aludəçilikləri olur,» Brogaard söyləyir.
 
Bu, bütün qəfil dahilər arasında bir növ ümumi haldır. Jon Sarkin öz əsərlərini instinkt ilə müqayisə edir.
«Rəsm çəkməyi xoşladığıma görə yox, çəkməli olduğumu hiss etdiyimə görə bunu edirəm.»
Onun emalatxanası minlərlə bitmiş və natamam işlərlə doludur.
Adətən ehtiyac olmasa da, qəfil dahilər daha da mükəmməl olmaq üçün çox işləyirlər.
«Yəni, daim məşq edirdim. İstedad və ya zəhmət fərq etməz, nəyisə çox etdikcə daha yaxşı da bacarırsan,» Sarkin deyir.
Padgett də onunla razıdır.
«Diqqətini bir şeyə cəmlədikdə heç şübhəsiz yeni şeylər kəşf edəcəksən.»
Muybirdge də istisna deyildi.
 
Mərcdən sonra o, Philadelphia-ya köçür və hərəkətli film həvəsinə davam edir. Pilləkənləri qalxıb-düşmək kimi fəaliyyətləri lentə alır və qəribə səslənsə də, özünün çılpaq şəkildə əlində külüng yellətdiyi şəkillər çəkir.
1883 və 1886-cı illər arasında o, 100 mindən çox şəkil lentə alır. Qəfil dahilik sindromu inkişaf etdikcə, hər kəsin gizli əqli gücünü hərəkətə gətirmək imkanı ilə bağlı ümidlər də artır — bəlkə ağıllı həblər, bəlkə də alətlər vasitəsilə.
Amma ona qədər artıq bir neçə saat işləmək də işə yaraya bilər.
 
 
Mənbə: bbc.com
 

0 şərh