Reklam reklam olsa...

Reklamlar. Son zamanlar çoxlarının həyat tərzinin ayrılmaz hissəsinə çevrilən vasitə. Gəlin, bir az bu vasitənin keçmişinə nəzər salaq. Bəlkə də, indi bir çoxlarınız elə düşünəcəksiniz ki, axı biz hansı tarixdən danışırıq? Məgər reklamın kökləri bu qədərmi dərinə gedir ki, artıq biz onun tarixindən söz açırıq?! Bu suala həm müsbət, həm də mənfi cavab vermək olar. Bəli, əslində nəzərə alsaq ki, yaxın keçmişdə TV, radio və ya digər informasiya vasitələri bu qədər də inkişaf etməmişdi, onda tam məsuliyyətlə deyə bilərik ki, müasir reklamlar son zamanların dəbidi. Amma bir qədər keçmişə nəzər salanda bunun tam əksinin şahidi oluruq. Çünki əvvəllər xanımlar, bəylər arasında qiymətli parçalardan paltarlar geyinmək, zinət əşyaları taxmaq, demək olar ki, bir dəb halına çevrilmişdi.

Müxtəlif ziyafətlərdə paltarın ən gözəçarpanını geyinmək və «məndə bundan da var» — demək də elə o dövrün bir növ üstüörtülü reklamı idi. Müasir dövrdə bir çoxlarının öz maşınlarını reklam etmələrinin də tarixi çox keçmişə gedib çıxır.Keçmişdə Azərbaycanda bu cür dəbdəbəli maşınlar olmasa da, amma Qarabağ atları bütün dünyaya səs salmışdı. Təsəvvür edin ki, bir bəy öz cins atına minib oba-oba, kəndbəkənd təbiəti seyr etmək və ya elə ova çıxmaq bəhanəsi ilə gəzirdi. Bu da, bir növ, həmin atın reklamı deyildimi?! Bəli, bu da reklam idi, amma o dövrdə bu məsələni bir o qədər də qlobal problemə çevirmirdilər. Amma son zamanlar reklamlardan o qədər ifrat dərəcədə, özü də yeri gəldi-gəlmədi istifadə etmək bir çoxlarının əsəblərinə təsir göstərir. İndi görün, iş nə yerdədir ki, bu başıbəlalı vasitə efirdə görünən kimi, ya kanal dəyişilir, ya da ya valideyn və ya ən yaxşı halda uşaq otağı tərk etməli olur. 
Reklam bir növ elə biznesə çevrilib. Əslində bu dünyanın bir çox ölkələrində belədir. Amma inanmıram ki, onlar bu sahədə bizə çata bilərlər. Məncə, reklamdan pul qazanmaq vasitəsi kimi istifadə edənlər bundan bir az da gəncləri maarifləndirmək məqsədi güdsələr, çox məqsədəuyğun olar. İndi də keçək reklamın nəqliyyat vasitəsində istifadəsinə. Qatarda gedərkən hər birimizin diqqətini həmin qatarın divarlarında yerləşdirilmiş müxtəlif əşyaların reklamı cəlb edir. Bu, bir tərəfdən yaxşıdır, çünki həm yol gedirsən, həm də nəyin hansı qiymətə, harada və hansı şərtlərlə satıldığından xəbərdar olursan. Amma hərdən öz-özümə fikirləşirəm ki, 20 % torpağı işğal altında olan və hələ də müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarına bu ucuz reklamlar çoxmu gərəklidir? Məgər o rəngli-rəngli hərflərlə yazılmış və çərçivəyə alınmış reklamların yanında hər hansısa bir şəhidin, milli qəhrəmanın rəsmini çərçivəyə almaq və ya milli vətənpərvərlik ruhunda yazılardan istifadə etməklə gənclərdə torpağa məhəbbət hissini aşılamaq yerinə düşməzdimi? Düşərdi. Amma bu hansı “biznesmenə” pul qazandırardı? Və ya elə götürək telekanalları. Hansı kanala çeviririksə, dərhal şəhərimizdə, demək olar ki, hər addımbaşı tikilən şadlıq saraylarının reklamı ilə qarşılaşırıq. Azərbaycan xalqı şeirə, incəsənətə meyilli xalqdır, söyləyənlər bunu elə-belə deməyiblər ki. Ən maraqlısı da budur ki, bu şadlıq saraylarını reklam edərkən onların adlarına uyğun elə qafiyələr qururlur ki, gəl görəsən. Deyirəm, belə getsə, Bakıya «küləklər şəhəri» yox, «şadlıq sarayları şəhəri» adı veriləcək.
Nə isə, bu mövzudan çox geniş şəkildə söhbət açmaq olar. Amma, düşünürəm ki, bu qədər kifayət edər. Gəlin, yeri gəldikcə reklamlardan istifadə edək, ancaq əsla bunun aludəçisinə çevrilməyək. Unutmayaq ki, görünən kəndə bələdçi lazım olmur.
Müəllif: Şəhla ƏLƏSGƏRQIZI
Mənbə: Mədəniyyət qəzeti

1 şərh

Ruslan962
Bu məqalə heç xoşuma gəlmədi.Hərçənd mövzuya yaxşı giriş etmişdiniz. Amma söhbət Azərbaycandakı reklamdan gedirsə,və siz ancaq metrodakı reklam haqqında danışırsızsa,onda bu o deməkdir ki,«bilmədiyin şey haqqında danışma...»