Reklam agentlikləri ilə iş

Reklam agentlikləri ilə işin təşkilindən danışmazdan əvvəl qeyd etmək vacibdir ki, şirkətlər reklamın istehlak səviyyəsinə görə şərti olaraq 3 qrupa bölünməlidirlər: iri şirkətlər (transmili və liderlər), orta şirkətlər və kiçik şirkətlər. Böyük şirkətlərlə reklam agentliklərinin əməkdaşlığının xarakteri məlum səbəblərə görə orta və kiçik biznesdən xeyli fərqlənir. İri şirkətlərdə adətən illik marketinq büdcələri olur və bütün reklam aktivliyi layihələr şəklində əvvəlcədən planlaşdırılır. Konkret yazıda biz orta və kiçik şirkətlərinin reklam agentlikləri ilə iş prinsipindən danışacağıq. Bu tip şirkətlərdə daha çox kütləyə yönəlmiş marketinq fəaliyyəti deyil, dar bucaqda “partizan” marketinq alətləri istifadə edilir. Bu fəaliyyətinin təşkili üçün biznesə yaxşı reklam şirkətləri ilə işləmək lazımdır.

Bütün reklam fəaliyyəti istifadə növlərinə görə iki böyük kateqoriyaya bölünür: ATL və BTL. Bu sözlər bu gün marketoqların slenqində geniş istifadə edilir. Nəzəri məsələlər barədə uzun-uzadı danışmayaraq xatırladıram ki, ATL dediyimiz zaman, biz kütləyə yönəlmiş reklam alətləri, məsələn televiziya, radio, küçə reklamları, KİV-ə reklamlar və məlumatlandırılma növündən asılı olmayaraq bütün PR fəaliyyəti nəzərdə tuturuq. BTL dedikdə, biz daha çox sərgilər, satış nöqtələrində xüsusi tədbirlərin keçirilməsi, müəyyən yerlərdə məhsuldan istifadə üçün test-versiyaların paylanılması kimi reklam fəaliyyəti aid edilməlidir.

İstənilən reklam şirkəti ilə işləmək üçün biznesin növündən, həcmindən və coğrafi əhatəsindən asılı olmayaraq müəyyən edilmiş prinsiplər mövcuddur. Bu prinsiplər əsasında Azərbaycanda olan bir çox şirkətlər uğurlu fəaliyyət göstərirlər. Embawood şirkətinin reklam üzrə meneceri Aslan Vəliyevin sözlərinə görə uğurlu reklam kampaniyasının keçirilməsi yolları bir-başa olaraq yazılmış Brifin düzgünlüyündən asılıdır. Bu baxımdan reklam aqentliklərinə Brif yönləndirmənin müəyyən prinsipləri mövcuddur. Prinsiplər aşağıdakı mərhələlərdən ibarətdir:

1.    Reklam brifinin hazırlanması.Reklam şirkəti ilə iş məhz reklam brifindən başlayır. Düzgün yazılmış brif uğurlu fəaliyyətin əsasıdır. Reklam brifləri hazırlanan zaman aşağıdakıları nəzərə alırıq:
  • Ümumi məlumat. Burada şirkətiniz haqqında məlumat verirsiniz.
  • İstehlakçıya çatdırmaq istədiyiniz informasiya haqqında məlumat. Yəni Siz konkret olaraq nəyi müştərinizə çatdırmaq istəyirsiniz.
  • Müştərinizin təsviri. Yəni Sizin mesaj kimlərə yönəlmişdir.
  • Reklam kampaniyasının hədəfi. Siz bu reklamdan sonra nə gözləyirsiniz.
  • Əsas arqumentləriniz. Yəni Sizin bazarda əsas rəqabət gücünüz.
  • Reklamın tonu. Necə bir reklam istəyirsiniz. Bunu göstərməmək də olar. Seçim sizindir.
  • Tarixlər və reklam materiallarının istifadə yeri, müddəti.

2.    Verilən brif əsasında reklam şirkətləri təqdimatlar edirlər. Bu təqdimatlara görə heç bir ödəniş edilmir. Ümumiyyətlə reklam fikrinin təqdimatı birbaşa olaraq şirkətin işə yanaşmasını göstərir. Belə təqdimatlarda aşağıdakılara diqqət yetirmək vacibdir:

  • İdeyanın briflə uyğunluğu. Unutmaq olmaz ki, istənilən reklam kampaniyasının uğuru məhz hədəfə çatmaqla ölçülür.
  • İdeyanın bənzərsizliyi.
  • İdeyanın həyata keçirilməsinə çəkilən xərclər. Buraya yalnız maliyyə deyil, həmçinin işə sərf olunan vaxt da aiddir.

3.    Reklam şirkətinin seçilməsi. Şirkət seçildikdən sonra keçirmək istədiyiniz kampaniyanın vaxtlarını təyin edib reklam fəaliyyətinə rahatlıqla başlaya bilərsiniz.Sonda reklam fəaliyyətinin effektivliyindən xəbər verən əsas kriteriyalar aşağıdakılar olmalıdır:

  • Məhsulun (şirkətin) müştərilər tərəfindən tanınması;
  • Satışların artması;
  • Mağazaya və (və ya) ofisə ziyarətlərin, telefon zənglərinin çoxalması
  • Sadiq müştəri kütləsinin yaradılması və s.

“GoCreativ” reklam şirkətinin direktoru İslam Rzayevin fikrincə, yerli şirkətlərlə reklam agentliklərinin işləməsi zamanı ən vacib prinsiplərindən biri qarşılıqlı inamdır. Müştərilər işin kreativ tərəflərini reklam agentliklərinin ixtiyarına buraxmalıdırlar və işin icra hissəsinə qarışmaları doğru deyil. Reklam agentlikləri ilə orta biznesin fəaliyyətinin digər bir tərəfi ödəniş və qarşılıqlı hesablaşmalar məsələsidir. Nəzərə almaq lazımdır ki, sahibkarlıq fəaliyyətinin yeni başlama dövrlərində sahibkarlar reklamın faydalarını başa düşmür. Bu baxımdan reklam şirkətləri hər bir fəaliyyətin konkret hədəflərini göstərməli və rəqəmsal ifadə etməlidir.

Fərdi sahibkar Vaqif Həsənovun sözlərinə görə, reklam şirkətləri müştərilərə təqdimatlar etdikləri zaman xərclənən pulu geriyə qayıtma vaxtını və faydasını tam izah etmirlər. Bu isə sahibkarlarda onsuzda abstrakt olan fəaliyyətin başa düşülməsinə çətinləşdirir. Reklam şirkətləri öz iş fəaliyyətlərini maksimum şəffaf həyata keçirməli və hər bir mərhələnin faydasını dəqiq şəkildə müştəriyə izah etməlidirlər.

Buna baxmayaraq qeyd etmək vacibdir ki, reklam fəaliyyətinin təşkili və müştəri ehtiyyaclarına uyğun reklam yaradan agentliklərlə işləmək müasir biznesin əsas şərtlərindəndir. İstənilən biznesin inkişafı və mövcudluğu üçün reklam vacibdir.

Müəllif: İlkin Manafov
Mənbə: Reklam agentlikləri ilə işin təşkili

Oxşar məqalələr

 

0 şərh