Biznesdə çaşqınlıq, yoxsa yeni inkişaf mərhələsi?

Bir müddətdır, dünyada məşhur olan və pandemiya dövründə istehsal və realizasiya problemləri yaşayan markaların siyahısı sosial mediada dövr edir. Siyahını tələbələr, magistrlər, holdinq, bank vs sahələrin əməkdaşları, ən çox da marketoloqlar 3 dildə paylaşır və şərhlərdən də nagümanlıq, qeyri-müəyyənlik və qorxu hissləri yayılır. Siyahını yerli sahibkarlar, brend idarəçiləri də görür, paylaşır, narahatlıqlarını bildirirlər. Mənim özümə siyahını bir-birinə aidiyyəti olmayan neçə nəfər göndərərək, fikir paylaşımı edib, narahatlığını bildirib deyə bu yazını yaxmaq qərarına gəldim.
Biznesdə çaşqınlıq, yoxsa yeni inkişaf mərhələsi?
Belə emosiyaların yaşanması təbii haldır, və beyinlərdə dolanan “əgər gitələr arası satışlar gerçəkləşdirən, uzun illərdən bəri bir çox trendin müəllifi olan bu nəhəng markalar çətin vəziyyətdədirsə, onda mənim gördüyüm işin, yaratdığım markanın, planlarını cızdığım xidmət növünün halı necə olacaq?” fikri heç kimə rahatlıq vermir. Amma marketinqin danılmaz qanunlarından biri — marketoloqun hansısa durumunu təhlil edərkən, mövcud yaranmış vəziyyəti mütləq şəkildə qlobal müstəvidə baş verənlər və keçmişdə yaşananlara nəzər salmaqla, həyata keçirməsi daha düzgün nəticələrə gələ bilməsinə şərait yaradır. Buna görə də istədim bir az tarixə nəzər salaq və mövzuya fərqli yandan da baxmağa çalışaq. 
Pandemiya dövründə iqtisadiyyata birbaşa və ya dolayı aidiyyəti olan hər kəs, istər böyük korporasiyalar, holdinqlər, şirkətlər, istərsə də orta, kiçik bizneslə məşğul olan sahibkarlar — hər kəs üzləşdiyi problemlərin artıq post pandemiya dövründə həlli yollarını axtarmaqdadır, çünki pandemiyadan sonrakı dünyanın istehlak xüsusiyyətlərinin dəyişəcəyi artıq hər kəsə bəllidir. Bunun başlıca səbəbləri beynəlxalq ticarət münasibətlərinin dəyişməsi, qloballaşmanın vaxtı ilə öz tələblərinə uyğun formalaşdırdığı “supply chain” — “təchizat zəncirləri”nin indi artıq regionlaşma şəraitinə uyğunlaşması zərurətindən doğan faktorları göstərmək olar.
Dünyanın maliyyə, ixrac bazarlarında yaşanan dalğalanmalar pandemiya dövründə biznes subyektlərinin yaşadığı fəaliyyətdə durğunluq, gəlirlərin azalması, yeni borclanma problemləri indi artıq yuxarıda qeyd etdiyim müstəvidə — regionlaşma şəraitində öz həllini gözləyir. Sadə dildə desək, qloballaşmanın yaratdığı dünya düzəni pandemiya şəraitində özünün qeyri-işlək model, daha doğrusu, yaşa dolmuş, qocalaraq, dövrü dinamikaları postqlobalizmə ötürməli olduğuna dair fikirlər yaratdı. Postqlobalizmin xarakterik cəhətlərindən biri olan — siyasi polisentrizmin yaranması özlüyündə iqtisadi sahədə yeni yaranacaq olan dünya mərkəzlərinin arasında rəqabətin güclənməsinə səbəb olacağından, regionların xəritədə yeni, daha fərqli resurs axtarışına, onların yeni formada yenidən bölüşdürülməsinə də zəmin yaradacaq düşüncəsindəyəm. Və bunun da davamı kimi, Ölkələrin yeni siyasi münasibətlərə, yeni strateji kurslara və siyasi-iqtisadi prioritetlərə üz tutacağı da istisna edilmir. Dünyanın üzləşdiyi reallıq ondan ibarətdir ki postqlobalizmin əsas tendensiyalarından olan regionlaşma vaxtı ilə qloballaşmağa doğru inkişaf rıçaqlarından biri olmasına baxmayaraq, hal hazırda elə məhz həmin qloballaşmanın da qarşısına keçən regional işgüzar birliklər, bloklar yaranacağı gözləntisidir. Və bu hissədən etibarən, sahibkarların, ümumiyyətlə, markaya, brend quruculuğuna hər hansı aidiyyəti olan hər kəsin diqqətini çəkmək istəyirəm — çünki məhz bu prosesdə biznesin taleyində dəyişmələr başlayır. Müxtəlif ölkələrə aid olan sahibkarlıq strukturları inkişaf və üstünlüklər əldə edə bilmək üçün regional bloklara birləşmək marağında olacaq. Sözdə bu proses çətin kimi səslənsə də, biznes strukturlarının mahiyyəti elə zamanın tələblərinə uyğun olaraq dəyişmək, yenilənmək, dəyişən şəraitə uyğunlaşmaq olduğundan, regionlaşmanın gətirdiyi bu zəruri dəyişikliyi portfel yenilənməsi, imkanların yenidən dəyərləndirilməsi, yeni fəaliyyət istiqamətlərinin formalaşması kimi görməlidirlər düşüncəsindəyəm.
Ümumiyyətlə, yuxarıda qeyd etdiyim kimi, tarixə nəzər salsaq, sənaye inqilablarının bir-birini əvəzləməsi, iqtisadi formasiyaların dəyişimi özlüyündə istehsal meyarlarına, kütləvi istehlak qaydalarının yenilənməsinə (bəzən, aşılanmaqla, yeni trendlərin yeni nəsillərə təlqin etdirilməsinə) qlobal müstəvidə keçidlərə, transformasiylara gətirib çıxarır. Və bu keçidlər Dünya tarixində heç vaxt ağrısız, problemsiz, hamar şəkildə baş vermir, daimi krizislərlə müşayiət olunur. Məhz dünyanı çalxalayan inkişafların gətirdiyi krizislər tədarük zənciri (“supply chain”) anlamının,  logistika, kadr idarəçiliyi, vision yönümlü Ceo baxışları, həcm ssenariləri, Transmilli korporasiyaların yaranmasına, intellektual təkamülə gətirib çıxarır, fərqli dövrlərdə, fərqli sahə və istehsal kateqoriyaları krizislə üzləşərək, bəzi markaların tarixə qovuşmasına, bəzilərinin isə dövri transformasiya ilə bazara qayıdışına, hətta, bəzilərinin isə “niche”-dən geniş “mass”-a keçidinə səbəb olub. Dediyim odur ki, pandemiya dünya bazarlarının qlobaldan regionlaşmağa keçidini tətikləməklə, markaların həyat tsiklini dəyişməsinə, qlobal müstəvidə xərclədiyi finans, investisiya yatırımlarının regionlaşma, tədavülə daxil olmuş yeni termin “qlokalizasiya“ şəraitinə uyğun optimizasiya edilməsinə olan tələbi formalaşdırır.  Artıq yeni bazarlara uyğun yeni əmtəə və xidmətlər yaratmaqla, yeni lokal maddi-texniki və maliyyə münasibətlərinin yaranması (yaradılması) üçün çalışmaq biznes sahibləri üçün məqsədəuyğun olacaq.
Qloballaşmanın sonuna doğru dünya müstəvisində var olmaqdansa, krizisdən çıxmaq üçün müxtəlif regional birliklərə can atmaqla, məhz yeni siyasi, iqtisadi inteqrasiyaların təməlini qoymağa nail olacaq korporativ sektor nümayəndələri qalibə çevriləcəkdir. Biznes strukturlarının bu qəbildən yeni rolunun uğurlu olacağını düşündürən digər faktor ondan ibarətdir ki dövlətlərin də siyasi müstəvidə bu tip birləşmələrə rasional yanaşması dayanır: həm qeyd edilən birləşmələrdə ümdə rolu biznes strukturları, iqtisadiyyatın önəmli hissəsi olan korporativ sektor, müxtəlif çaplı sahibkar birlikləri oynayacaq, həmdə qeyd edilən subyektlərin  regionlaşma şəraitində ölkəyə lazım olan istehsal, xidmət, əmtəə həcmini təmin edə bilmək, ölkəni yeni regional bazarlara çıxara bilmək üçün bu fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi baza və bunun üçün lazım olan şəraitin yaradılması olacaq. Bu fikirlərimi yuxarıda biznes çevrələrini bürüyən gümansızlıq, qeyri-müəyyənlik və qorxu hisslərinə bağlayaraq, sahibkarların iş meyarlarının dəyişdirilməsi, yeni kateqoriyalara, yeni istehlak auditoriyalarına, yeni və regional bazarlara çıxış istiqamətində görüləcək işlərə, qarşıdakı gözləyən potensial imkanlara bağlamaq istəyirəm.
 
Aktual misal kimi, Azərbaycanın sədrlik etdiyi Türk Şurasını göstərə  bilərik. Məlumdur ki Birliyə yuxarıda qeyd edilən proseslər prizmasından baxdıqda, Şuraya maraq göstərən Koreya, Yaponiya dövlətlərini, Qurumla bağlı öz maraqları, planları olan Şərqi Avropa timsalında Macarıstanı, buna paralel, Xəzər akvatoriyası dövlətlərarası rəqəmsal HUB, logistika, ümumi Xəzər turizm, tekstil, moda sənayesini korporatların uğurla sahiblənə biləcəyi iqtisadi kateqoriyalar hesab edə bilərik. Bu, ümumi imkanların, maraqların konsolidasiyasına yönələn Ölkələrin bir-biri ilə yaxınlaşması tipli regionlaşma olduğunu deməyimizə əsasdırsa, biznes strukturlarının dilinə çevrildikdə isə, ümumilikdə, krizisindən çıxmaq yollarının axtarışında istifadə edilə bilən iş birliyi platformalarını, onlardan istifadə ilə yeni markaların, xidmət növlərinin yaradılmasını özündə ehtiva edir. Qeyd olunan istiqamətdə aparılacaq biznes fəaliyyətinin uğur faktorlarından ən vacibi-iqtisadi münasibətlər prizmasından qurulan əməkdaşlıqların daimi qarşılıqlı maraqlar və bir-birini tamamlama (xammal təminatı, kadr, mütəxəssis mübadiləsi, uğurlu model və nəticə verən qabaqcıl təcrübələrin tətbiqi) əsasında qurulmasıdır.
Təbii olaraq, bu şəraitdə lokal şərtlərdə əlavə (istifadə olunmadan yatan) rezervlərin, kadr, texniki vs resursların yeni, yaxın, qonşu bazarların kəşf edilməsinə mobilizasiya olunması məhz postpandemiya dövrünün gətirdiyi kritik şəraitdə yeni tələblərə uyğunlaşan, canlanan biznes transformasiyası olacaqdır. Yeni həyata vəsiqə qazanan, yenilənən strategiyalarla çıxış edən və çətinliklərdən rasional şüurlu şəkildə çıxan markaların yeni marketinq tarixi yazmasına şərait yaradacaqdır düşüncəsindəyəm.
Fikirlərimin əvvəlində adını çəkdiyim dünya brendlərinə gəlincə, post-qlobalizmin gətirdiyi regionlaşma beynəlxalq iqtisadiyyat müstəvisində geniş, qaydalarla idarə olunan bazar strategiyaları yürütməkdən regional bloklara bölünən istehsal vahidləri üzərinə marketinq və biznesin inkişafı strategiyalarını, onlardan doğan kommunikasiya, PR, media proqramlarına fokuslanmaqla, həyata qayıdacaqlarını, istehsal, satış templərini yeniləyəcəklərini düşünürəm.
 
 
 
Müəllif: Ellada Əliyeva

0 şərh