Rəqəmsal konslager

Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə liberal dünyagörüşünə əks olan, vətənpərvər, milliyətçi, ifrat sağı və Donald Trampı dəstəkləyə və s. istifadəçilərin müxtəlif səbəblərlə kanallarının, səhifələrinin qapadılmasını müşahidə edirik.
Azad platformalar kimi tanıdığımız «Google», «Youtube», «Twitter», «Facebook» və «Instagram» bu məsələdə xüsusilə aktivdirlər. Məsələ burasındadır ki, müəlliflərin yalnız liberal dəyərlərə əks olan fikirlərinin qeyd olunduğu paylaşımlar deyil, ümumilikdə kanalları, səhifələri yerli-dibli silinir. Məsələn, siz uzun illər fəlsəfə, sosiologiya, psixologiya, siyasət və başqa müxtəlif mövzularda mühazirələr deyirsiniz və bir gün, liberal dəyərlərə əks olan bir ifadə səsləndirdiyinə görə, uzun illər boyu paylaşdığınız bütün materiallar yerli-dibli silinəcək. Bununla da, müəllif sanki heç vaxt mövcud olmamış kimi, rəqəmsal dünyadan yox edilməyə çalışılır.
Rəqəmsal konslager
Əslində senzuranın bu növü qərb kulturasına heç də yad deyil. Qərbdə fikirlərinin rəsmi ideologiyaya əks olduğu insanlardan tamamilə qurtulma ənənəsi hər zaman mövcud olmuşdur. Romada dini baxışları dövlətə xoş gəlməyən müəlliflər məcbur olub təqibdən yaxa qurtarmaq üçün başqa imperiyalara sığınırdılar. Xristianlığın bütün Avropanı ağuşuna aldığı dövrlərdə isə, təqibdən yaxa qurtarmaq heç də hər kəsə müyəssər olmurdu. Xüsusilə senzuranın hazırda rəqəmsal dünyada baş verən forması, Nasist Almaniyasında müəlliflərin kitablarının yandırılıb özlərinin isə konslagerlərə basılmasına bənzəyir. Müəllifi tamamilə yox saymaq, onun yaradıcılığını publikadan uzaq tutmaq, qərb dünyasında müxtəlif fikirlərə qarşı dözümsüzlüyün bariz nümunəsidir. Dövr və paradiqmalar dəyişir, Roma təfəkkürü yerini Xristianlığa, Xristianlıq üç siyasi paradiqmaya (Liberalizm, Kommunizm, Nasizm), Nasizm və Kommunizm yerini Liberalizmə, Qlobalizmə verir. Lakin qərbin faşist təfəkkürü, müxtəlif fikirlərə dözümsüzlüyü dəyişmir.
Əslində, oxucu haqlı olaraq anoloji hadisələrin şərqdə də baş verdiyini bildirə bilər. Lakin bir şeyi nəzərə almaq lazımdır. Şərqdə demək olar ki, tarixin heç bir dövründə yalnız bir ideologiya hakim olmamışdır. Şərq hər zaman müxtəlif dinlərin, ideologiyaların, fəlsəfi cərəyanların birgə yaşadığına şahidlik etmişdir. Qərbdə isə müxtəlif dini və siyasi baxışların eyni zamanda mövcud olması tarixin hər dəfə çox qısa zaman kəsiminə təsadüf edib. Nəticədə mütləq bir ideologiya digərlərini məhv edərək bütün qərbə hakim kəsilib.
Senzuranın, liberal maska altında, rəqəmsal dünyada davam etməsindən hazırda ən çox zərəri mühafizəkarlar, vətənpərvərlər, «ifrat sağçılar», qlobal faşizmə, elitalara qarşı olan aktivistlər çəkirlər. Son seçkilər ərzində «Twitter»də ABŞ prezidenti Donald Trampa məxsus hesabdan edilən paylaşımların senzuralanması, seçkinin sonlarında isə hesabın bloklanması hər kəsə məlumdur. Bundan əlavə, son bir neçə ildə sağçılardan Devid Dyukun, Riçard Spenserin, Stefan Molenyuksun, Aleksandr Duginin, Almaniyanın «AfD» partiyasından olan siyasətçilərin sosial şəbəkələrdə olan hesabları müxtəlif bəhanələrlə silinib. Həmçinin, çox böyük kütləsi olan «TalkRadio», «KenFm», «Infowar», «Warroom» səhifələri də sosial şəbəkələrdən ban olunublar. Konspirasiya nəzəriyyələri həvəskarlarının çox yaxşı tanıdığı Aleks Consun da hesabları «Youtube», «Facebook», «Spotify» platformalarından silinib. Sağçı siyasətçi olan Nikolas Fuentesin «Youtube» üzərindən paylaşdığı podkastlar da silinərək hesabı ban olunub. Reddit platformasında isə seçkilər zamanı Donald Trampa dəstək ehtiva edən 2000-dən çox subreddit platformadan silinib. Donald Trampa dəstək göstərdiklərinə görə həmçinin «MyPillow»un rəhbəri Mark Lindell, «Stop The Steal» etiraz hərəkatının lideri Ali Aleksandr, Trampın siyasi komandasında olmuş Stiv Bannon, Mayk Flinn və ifrat sağçı Nik Oçs, «PayPal» da daxil olmaqla rəqəmsal dünyadan sürgün ediliblər. Bu siyahıya rəqəmsal dünyadan ban olunmuş yüzlərlə şəxs və kanalları, səhifələri əlavə etmək olar. Adlarını sadaladığım şəxslər və kanallar, liberalizmin «toksik fikirlər» listinə məxsus müxtəlif səbəblərə görə rəqəmsal dünyadan uzaqlaşdırılıblar. Maraqlıdır ki, qərb tolerantlığı praktikada yalnız liberalizmi dəstəkləyənlərə tolerantdır, əks fikirlər isə sadəcə iqnor edilir.
Məsələ yalnız sosial şəbəkələrlə də yekunlaşmır. Məsələn, «Amazon» kimi qlobal satış şirkəti, liberalizmə əks olan müəlliflərin kitablarının satışından adətən imtina edir. Həmçinin «PayPal» ödəmə sistemi də bu cür şəxslərin hesablarını dondurur, xidmət göstərməkdən imtina edir. Yuxarıda qeyd etdiyim platformalarda insanların siyasi görüşünə görə haqlarının bu cür kobud şəkildə pozulması, sosial şəbəkələrdən uzaqlaşdırılması, liberalizmə əks mövqedə olan müəlliflərin özlərinə yeni platformalar axtarmasına gətirib çıxarıb. Nəticədə mühafizəkarların hazırda «Telegram», «VKontakte» və «Parler» sosial şəbəkələrinə virtual köçü başlanıb. Xüsusilə «Telegram»da son dövrlər mühafizəkar xarici kanalların sayı günü-gündən sürətlə artmağa başlayıb. Maraqlıdır ki, azad söz, azad media, tolerantlıq, fikir plüralizmi liberalizmin əsasında dayanan ideyalar olsa da, əks cəbhədən olan müətəfəkkirlər liberalizmə əks olan fikirlərinə görə ban olunurlar. Əgər fərqli fikirlər iqnor edilirsə, müəlliflər öz fikirlərini deməyə platforma tapa bilmirlərsə, konfranslara dəvət edilmirlərsə, mühazirə keçmələrinə maneələr yaradılırsa burada hansı azad sözdən, tolerantlıqdan söhbət gedə bilər?
Liberal təfəkkürün əsas problemi, mənə görə, arqumentasiyaya deyil, etiketlərlə düşünməyə söykənməsidir. Ban strategiyasının arxasında da məhz sol liberalların və onların alt kateqoriyası olan «SJW»ların (Social Justice Warriors) öz fikirlərinə əks olanlara qarşı ortaya çıxardıqları etiketlər dayanır. Əgər diqqət etsəniz «SJW»larla eyni fikirdə olmayanların onlarla müzakirənin elə ilk dəqiqələrindən alnına seksist, homofob, nasist, rasist, radikal, dindar, ksenofob və s. etiketlərdən birinin yapışdırılıb iqnor edilməyi bir olur. Bu, bir az da romalıların bütün qeyri-romalıları barbar adlandırmasını xatırladır. Ya «SJWlar» kimi düşünən sivil, ədalətli, məsuliyyətli, savadlı, dünyagörüşlü vətəndaşsan ya da barbar, üçüncü bir yola icazə verilmir. Əks fikir söyləyəcəksənsə, etiketin alnına yapışdırılıb üzünə iki şüar qışqırılıb iqnor edilməyinə hazır olmalısan. Sosial platformalar da məhz bu etiketlər üzərindən formalaşdırılmış alqoritmlərlə işləyir. Botlar və moderatorlar, «deviant» fikri tutub ban etməklə məşğuldurlar.
Rəqəmsal konslagerə xoş gəlmisiniz!
Artıq bir neçə ildir ki, Qərbdə gedən bu proseslər, fərqli fikirdə olanların media tərəfindən məhdudlaşdırılmaları, «SJW»ların hay-küyü, ləkə yaxmaları insanları bezdirməyə başlayıb. Məhz bunun nəticəsidir ki, Qərbin öndə gedən ölkələrində İkinci dünya müharibəsindən sonra ilk dəfə ifrat sağ bu qədər səs toplamağa, diqqət çəkməyə başlayıb. Statistikalar göstərir ki, ABŞ və Avropada İkinci dünya müharibəsindən sonra ilk dəfə dövrümüzdə ifrat sağa meyl çox sürətlə artmağa başlayıb. Bu, sol liberalların təqdim etmək istədiyi kimi demokratiyanın, bəşəri dəyərlərin, insan haqlarının böhranı deyil, sol liberalların uğursuz idarəetmə və mübarizə formalarının nəticəsidir.
Arqumentlərlə deyil, etiketlərlə mübarizə aparmağın nəticəsi məhz bu cür də olmalı idi.
 
 
 
Müəllif: Elvin Əliyev
Mənbə: azlogos.eu
 

0 şərh