İdarə etmənin sosial menecmentdən fərqi

“İdarəetmənin sosiologiyası” sosioloji bilik sahəsi kimi cəmiyyətdə sosial münasibətlər əsasında təşəkkül tapan idarəetmə sistemi və proseslərini öyrənir. Sosial idarəetmə özü idarə etmənin başlıca funksiyalarından biridir. İdarəetmə və sosial idarəetmə anlayışları bir-birinə yaxın olsalar da biri digərinin sinonimi kimi çıxış etmir.
Ümumiyyətlə idarəetmə elə bir prosesdir ki, o, həm cansız, həm də canlı təbiəti  eləcə də cəmiyyəti əhatə edir. Buna görə də idarə etmənin üç növü ayırd edilir:
  1.cansız təbiətin idarə olunması;
  2.canlı təbiətin idarə olunması;
  3.cəmiyyətin idarə olunması, sosial idarəetmə yaxud idarə etmənin sosiologiyası.
İdarəetmə sosiologiyası elminin sahəsində sosiologiyada işlənib, hazırlanmış konseptual aparatı və metodik üsulları istənilən cəmiyyətdə və istənilən tarixi dövrdə yaranan idarəetmə münasibətləri sferasında öz tətbiqini tapır. İdarəetmənin sosiologiyası istənilən cəmiyyətdə və tarixi dövrdə meydana çıxan idarəetmə münasibətləri sferasını öyrənir. Başqa sözlə, idarəetmə sosiologiyasının obyekti sosial idarəetmə sferası və burada baş verən fəaliyyətdir.
Keyfiyyətcə idarəetmə sosiologiyasının predmeti ümumi sosiologiyanın predmetindən əhəmiyyətli dərəcədə fərqlənə bilməz. Sahə sosiologiyası olan idarəetmə sosiologiyası institusional kontekstdə böyük sosial qrupların davranışını öyrənir. Ancaq burada söhbət yalnız idarəetmə ilə bağlı olan davranışdan gedir.
Bu¬radan çıxış edərək deyə bilərik ki, idarəetmənin sosiologiyasının predmeti idarəetmə sferasında fəaliyyət göstərən böyük sosial qruplar və institutlardır. Başqa sözlə idarəetmə sistemində bilavasitə sosial hadisə və proseslər burada yaranan sosial münasibətlər onların strukturu və mexanizmidir.

“Menecment” və “idarəetmə” anlayışları bir-birinə çox yaxındırlar. Hətta bəzən onlar eyniləşdirilir. Texniki nöqteyi nəzərdən bu heç bir etiraz doğurmur. Hərfi tərcümədə menecment idarəetmə deməkdir. İdarəetmə anlayışı ingilis dilindən tərcümədə comonder — idarəetmə deməkdir. Mədəni hadisələr kimi menecment və idarəetmə bir-birindən fərqlənir.
Menecement termini birdən-birə yaranmamışdır. O, özünəməxsus tarixi inkişaf yolu keçmişdir. Bu özünü aşağıdakı istiqamətdə göstərir:
1. Antik dövrdə menecment sözü işlənməsə də, yunanca adamları idarə etmə məharəti qəribə olsa da müasir mənaya zidd olan “demaqoq” sözü ilə ifadə olunurdu;
2. Ev sahibi, hər hansı bir şeyin sahibi olma mənasında;
3. Despotiya-hakimiyyət, despotizm-rəhbərlik tipi mənasında;
4. Təlimləndirmə, tərbiyələndirmə, təşkiletmə məharəti mənasında;
5. Alman tarixçisi İ.Şaydın dediyi kimi menecment sözünün mənası italyanca “atların idarə edilməsini bacarmaq”, ingilis dilindən tərcümədə isə həm idarəetmə həm də ağıllı hərəkət etmə mənasında, sonralar isə bunun insanların idarə edilməsi mənasında işlənməsi mənasında;
6. Krovçenkovun fikrincə əvəllər menecer və sahibkarlıq bir adamın əlində cəmləşmişdir. Sonralar isə onlar ayrılmışdır. Menecer müstəqil sahəyə çevrilmişdir. Rəhbərlər meydana gəlmişdir.
7. Menecer kapitalının formalaşması “menecerlərin inqilabı” mənasında;
8. Müasir menecerlərin inkişafı, formalaşması (strateji menecerlər, marketinq menecerləri, maliyyə menecerləri).
Hələ lap qədimdən də menecerlər haqqında fikirlər söylənilirdi. Məsələn, Sokrat hələ eramizdan əvvəl idarə etmənin xüsusi fəaliyyət növü adlandırırdı. İdarə etmənin universallıq prinsipini irəli sürmüşlər. Platon isə dövlət idarəçiliyi formalarının təsnifatını, onların funksiyalarını verməyə cəhd göstərirdilər. Misirdə idarəetmə haqqında ilk elmi təfəkkürlər meydana gəlmişdir.

Ümumiyyətlə menecmentin inkişaf yolu aşağıdakı  kimi olmuşdur.
1. Mülkiyyət sahibi həm də işçi olmuşdur.
2. Kapital sahibi həm də menecer olmuşdur.
3. Kapital sahibi menecer və digər işçilər müstəqil sosial təbəqə olmuşdur, muzdlu menecer geniş yayılmağa başlamışdır.
4. İdarəetmə elmi formalaşmağa başlamışdır.
5. Marketinq menecmenti inkişaf etmiş, yeni-yeni menecment metodları yaranmışdır.
6. İdarəetmə insan amilinə geniş yer verilmişdir, sosial davranış problemi kəskin halda irəli sürülmüşdür.

Müasir menecmentin meydana gəlməsində klassik menecmentin böyük rolu olmuşdur (F.Teylor, Emerson, Ford və b.). Əslində klassik menecment müasir menecmentin metodoloji əsaslarından birini təşkil edir.
Menecmentin metodoloji əsaslarının formalaşmasında R.Oyenin böyük xidməti olmuşdur. O, özü bir fabrikant kimi bizneslə menecment arasında əlaqə yaratmağa, iqtisadi sistemin yeni qaydada təşkil etməyə, hətta böhran şəraitində belə işçilərə əmək haqqı verilməsinə, fabrikdə uşaq bağçaları açmağa, bütövlükdə menecment sisteminin yenidən qurulmasına çalışırlar. Oyen sadəcə olaraq əmək proseslərinin səmərəli modelinin təşkilinin deyil, həm də birinci növbədə insan davranışını əsas götürürdü. Çünki idarəçilik modeli kollektivin fəaliyyətinə təsir göstərir.
Menecmentin ilk dəfə meydana gəlməsi əməyin təşkili metodlarının tətbiqi ilə bağlıdır. 1911-ci illərdə F.Teylor “Elmi idarəetmənin prinsipləri” adlı kitabının nəşri idarəetmə işlərinə olan marağı əhəmiyyətli dərəcədə artırdı. İdarəetmə elminin universal prinsiplərinin, funksiyalarının irəli sürülməsində və onun dövlət idarəetmə sistemində tətbiqinə A.Fayolun böyük rolu olmuşdur.
 Müasir dövrün menecmentinə aşağıdakılar daxildir: sistemli idarəetmə, situasiyalı idarəetmə, funksional, kəmiyyət baxımından yanaşma, insan kapitalı nəzəriyyəsi, qərarlar nəzəriyyəsi konsepsiyası və s.
1. Menecment hər şeydən əvvəl bazar iqtisadiyyatı cəmiyyətində kommersiya idarə etməsinin instrumentidir.
 Menecment və biznes məktəbləri ABŞ-da hələ XX əsrin 80-ci illərində yaranmışdır. Bu gün Amerikan biznes məktəblərində sosiologiya, hüquq, iqtisadiyyat, psixologiya, fəlsəfə kimi fənlər tədris edilir. Yəni Amerikan menecerlərinin beş nəsli insan və cəmiyyətşünaslıq maliyyə və menecment sahəsində peşə hazırlığına malikdirlər. Personalın idarə edilməsi motivləşdirmə və rəhbərlik üslubları sahəsində amerikanlıların keçirdiyi empirik tədqiqatlar və nəzəriyyələrin sayı milyonlarla olmasa da yüz minlərlə hesablanır.

İdarəetmə anlayışı  sözün dar və geniş mənalarında tarixi dövrdə mədəniyyət tipindən və iqtisadi quruluşdan asılı olmayaraq istənilən cəmiyyətdə tətbiq edilə bilər, bir çox elmlərin obyektidir, tədqiqat predmetidir. Sosiologiya onu sosial münasibətlərin piramidası formasında təsvir edir. Sosioloji nöqteyi nəzərindən idarəetmə vəzifə statusundakı gəlirlərdəki hakimiyyət səlahiyyətləri diapazondakı fərqlərə əsaslanan insan münasibətlərinin iyerarxik sistemini ifadə edir. Menecment çox tutumlu geniş anlayış olub onun məzmunu aşağıdakı kimi başa düşülə bilər.
a) idarəetmə elmi və təcrübəsi kimi;
b) idarəetmənin təşkili kimi;
c) idarəetmə qərarlarının qəbul edilməsinin prosesi kimi;
d) idarəetmə sahəsində təhsil almış almış və praktiki fəaliyyətlə məşğul olan insanların müəyyən kateqoriyası kimi.
Nəhayət, menecmenti sosial institut və öz dəyərlərinə, normalarına mənəvi və dünyagörüşü meyllərinə malik olan spesifik submədəniyyət növü kimi şərh etmək olar.

2. Menecment idarəetmə elmi və təcrübəsi kimi. İdarəetmənin elmi əsasları dedikdə idarəetmə praktikasının nəzəri bazasını təşkil edən elmi biliklər sistemi başa düşülür. İdarə etmənin xarici elmində idarə etmənin müasir nəzəriyyəsinin və təcrübəsinin inkişafında mühüm rol oynamış dörd əsas konsepsiyası vardır. Bunlar: elmi idarəetmə konsepsiyası (F.Teylor), inzibati idarəetmə konsepsiyası (A.Fayol), menecment və insan münasibətləri nöqteyindən idarəetmə konsepsiyası (E.Meyo və A.Maslou), davranışın elm mövqeyindən idarə olunması konsepsiyası. Sonuncu 1960-cı illərdə inkişaf etmiş müasir nəzəriyyələri ifadə edir.
Onun əsas kredosu təşkilatın insan resurslarının effektivliyinin yüksəldilməsi vasitəsilə onun (şirkətin, müəssisənin) effektivliyinin artırılmasıdır. Bu konsepsiyanın əsas məqsədi davranışı öyrənən elmlər çərçivəsində edilmiş kəşvlərin istifadəsi əsasında öz imkanlarının inkişafında işçiyə kömək etmək cəhdidir.

3. Menecment təşkilatların idarə edilməsi prosesi kimi. Bu halda menecmentin məzmunu fəaliyyət prosesində təşkilatın müəyyən nəticələrə nail olması baxımından nəzərdən keçirilir. Bu traktovka çərçivəsində menecment haqqında idarəetmə orqanı kimi; idarəetmə aparatının müxtəlif səviyyələri kimi; nəzərdə tutulmuş məqsədə daha səmərəli üsulla çatmaq üçün kollektivin işinin təşkili kimi; idarəetmə sistemi kimi danışmaq olar.

4. Menecment idarəetmə qərarlarının qəbul edilməsi prosesi kimi. İdarəetmə prosesində meydana çıxan istənilən situasiya, rəhbər-menecerlər, müvafiq qərarların qəbul edilməsini tələb edir. Qərarların qəbul edilməsi müvafiq səlahiyyətə malik olan bütün səviyyə menecerlərinin müstəsna hüququdur. Menecer qəbul edilən qərarların icraçılara çatdırılmasına cavabdeh şəxs, icraçıya nəzarəti təmin edən şəxs kimi nəzərdən keçirilir.
Yuxarıda adı çəkilən konsepsiyalardan başqa müasir şəraitdə inkişaf etmiş idarəetməyə üç elmi yanaşma mövcuddur:
1. İdarə  etməyə proses kimi yanaşma — bu yanaşma idarə etməni proses kimi müəyyən edir. Burada təşkilatın məqsədlərinin əldə edilməsinə yönəlmiş fəaliyyət birdəfəlik fəaliyyət kimi deyil, fasiləsiz qarşılıqlı əlaqədar fəaliyyətlərin seriyası kimi nəzərdən keçirilir.
2. Sistem yanaşmaya ğörə, rəhbərlər təşkilatı dəyişən xarici mühit şəraitində müxtəlif məqsədlərin əldə edilməsinə yönəlmiş, qarşılıqlı asılı ünsürlərin (insanlar, struktur, məqsədlər, texnologiya) məcmusu kimi nəzərdən keçirilməlidir.
3. Situativ yanaşmaya görə, müxtəlif idarəetmə metodlarının yararlığı (effektivliyi) cari  situasiya ilə müəyyən edilir. Çünki təşkilatın özündə olduğu kimi həm də onu əhatə edən mühitdə çox böyük amillərin məcmusu ona təsir göstərir. Konkret situasiyada ən effektiv idarəetmə metodu daha çox onun spesifikasına uyğun gələndir.

0 şərh