Özünüqiymətləndirməni hansı formalarda reallaşdırmaq olar?

Biz başqalarının fikirlərinə böyük əhəmiyyət veririk, çünki insan sosial varlıqdır. Uşaqlıq illərində çəkdiyiniz şəkil və ya düzəltdiyiniz bir konstruksiya kiminsə tərəfindən ələ salınıbsa, illər sonra da instinktiniz “yaxşısı budur, heç nə eləmə ki, qabiliyyətsizliyini görməsinlər” deyir. Özünüqiymətləndirməsi aşağı olan insanlar ilk addımı atmaqdan həmişə çəkinirlər. Çünki bu, cəmiyyət tərəfindən pis qəbul oluna bilər. Getdikcə bu vəziyyət dərinləşir və insan görünüşündən, səsindən, geyimindən bədgüman olur. Üstəlik, heç nə etməməyə başlayır. Çünki hər cəhətdən bacarıqsız olduğuna şüuraltı səviyyədə özünü inandırır, nəticədə bütün motivasiyasını iflic edir. Özünüqiymətləndirmənin formaları
Yüksək özünüqiymətləndirməyə gedən yol 4 addımdan başlayır:
1. Meditasiya edin. Bütün həyatınızı kino lenti kimi gözünüzün qarşısından keçirin. Uşaqlıqdan bəri sizin həvəsinizi öldürmüş məqamları xatırlayın. Bu, çox ağır prosedurdur, lakin bəzi qaranlıq məqamlarla üzləşmədən aydınlığa çıxmaq mümkün deyil. Bəlkə də, bu gün sevdiyiniz işlə ona görə məşğul olmursunuz ki, zamanında özünüzü başqalarının verdiyi dəyərə əsasən qiymətləndirmisiniz.
2. Əhatənizdəki insanların özünü yüksək qiymətləndirən insanlar olmasına çalışın. İşini sevən, özünəhörmət hissi kifayət qədər olan şəxslər sizə də müsbət təsir göstərəcək. Heç düşünmüsünüzmü ki, sizi mənəvi cəhətdən əzən, demotivasiya edən insanlar əslində özünüqiymətləndirməsi aşağı səviyyədə olan kəslərdir? Onlar sizi alçaldaraq sizin üzərinizdən özlərini yüksəltməyə çalışırlar.
3. Yenilikləri sınaqdan keçirdin. Özünüzə və ətrafınıza gücünüzü göstərin. Bunun üçün də hərəkət edin. Əks təqdirdə nəyə qadir olduğunuzu heç vaxt bilməyəcəksiniz. Bu və ya digər istiqamətlərdə işlər görün. Ta ki əsl təyinatınızı tapana qədər. Uğursuzluqlar sizi ruhdan salmasın. Özünüzü kəşf edənəcən axtarın. Özünüqiymətləndirmə öz-özlüyündə yaranır, onu yaratmaq mümkün deyil. Nəhayət, nailiyyət əldə etdikdə öz gözünüzdə dəyəriniz qalxacaq.
4. Başqalarına fokuslanmayın. Özünü başqaları ilə müqayisə etmək olar. Lakin ifrata varmadan. Başqalarının xəyallarının, hədəflərinin arxasınca qaçmayın. Şəxsi məqsədləriniz olsun. Siz unikalsınız!


Mənbə: banco.az

0 şərh