Müəssisənin rəqabət üstünlüyünün həyat tsikli

Müəssisənin rəqabət üstünlüyünün səviyyəsi müqayisəli üs­tün­lüklər vasitəsilə müəyyən olunur.Müəssisəyə müqaisəli üs­tün­lüyü əmtəə, ona olan tələb və istehsalda istifadə olunan texno­logiya gətirir. Bunu nəzərə alaraq əmtəə,tələb və texnologiyanın həyat tsikli necə öyrənilirsə,bu cür də müəssisənin rəğbət üstün­lüyünün həyat tsikli öyrənilə bilər. Deməli burada da Hompart əyrisindən istifadə məqsədə uyğundur.
Hompart əyrisinə görə  müəssisənin həyat tsikli aşağıdakı mərhələdən ibarət ola bilər.

Yaranma (E) mərhələsi. Burada müəssisənin təşkilati-hüquqi forması seçilir, təşkilatın niyyəti, fəaliyyət profili, məqsəd və vəzifələri müəyyənləşdirilir,rəhbərlik,hakimiyyət xətti və idarəetmənin təşkilati quruluşi seçilir. Müəssisənin fəaliyyət profilinə uyğun olaraq istehsal aparatı, istehsal və əmək şəraiti müəyyənləşdirilir. İşgüzar mühitdə rəqabət mübarizəsinə girişmək üçün müəssisədə məhsulun istehsal olunma imkanları öyrənilir, el­mi axtarış təcrübə-konstruktor işləri, marketinq tədqiqatları apa­rılır. Nəticələr uğurlu olduqda məhsul və xidmət satışa çıxarılır.
Eyni zamanda müəssisə bu mərhələdə müflisləşməyə səbəb olan biznesin daxili və xarici mühit amillərilə qarşılaşır.
-firmanın niyyətinin və onun istehsal profilinin düzgün müəyyən edilməsi.
-idarəetmə heyətinin aşağı ixtisas dərəcəsi.
-firma sahibinin aşağı sahibkarlıq qabiliyyəti,
-zəif marketinq,
-borc kapitalının yüksək payı,
-icraçıların (fəhlələrin,mühəndislərin və s.) aşağı ixtisas dərəcəsi,
-trans-əlavə (törəmə) xərclərin çoxluğu,
-məcmu tələbin aşağı düşməsi,
-əvəzedici məhsulların inkişaf etməsi,
-resursların qiymətinin yüksəlməsi,
-yüksək vergi dərəcələrinin olması,
-qaninverici sənədlərdə zidiyyətlərin olması,
-forsmajor   səbəblər.
Niyyətin və istehsal profilinin düzgün müəyyən edilməməsi sahibkarı qabaqcadan fəaliyyətində müvəffəqiyyətsizliyə, firmanı isə müflisləşməyə məhkum edir.Yaranma mərhələsində bu müflisləşmənin ən başlıca amilidir. Çünki,niyyət düzgün müəyyən olunmayanda istehsal olunan məhsul və xidmət müştəri tapa bilməyəcəkdir.
İdarəetmə heyətinin ixtisas dərəcəsi müəssisənin normal işini təmin edən vacib amillərdən biridir. İdarəetmə heyətinin ixtisas dərəcəsinin aşağı olması səlahiyyətlərin bölüşdürülməsinə, opera­tiv şəkildə baş verən dəyişikliklərə reaksiya verməyə, idarəetmə qərar­larının qəbul edilməsinə, fəaliyyətin ayrı-ayrı sahələrində strategiya və taktikanın seçilməsinə və idarəetmə həlqələri ara­sında əlaqə və əks əlaqəyə mənfi təsir göstərir və ilkin rəqabət üstün­lüyü mərhələsində müəssisəni müflisləşməyə gətirib çıxara bilər.
Sahibkarın özünün ixtisas səviyyəsinin aşağı olması biznesi aparmaq üçün qabiliyyətinin kifayət dərəcədə olmamasını göstə­rir. Sahibkarın ixtisas səviyyəsi aşağı olduqda firmanın niyyəti məqsəd və vəzifələri, iqtisadi həyatın “üç fundametal məsələsi” yəni nə?, necə?, kimin üçün? düzgün müəyyən olunmur.Bunların düz­gün müəyyən olunmaması və ya vaxtında həll edilməməsi firmanı müflisləşmə dərəcəsinə gətirib çıxarır.
Müəssisənin müvəffəqqiyyətlə fəaliyyət göstərməsi üçün marketinq böyük əhəmiyyət kəsb edir. Bazarın seqmentləşdiril­məsində potensial alıcıların əmtəə və xidmətlərə olan tələbinin müəyyən edilməsində, məqsədli bazarın seçilməsində əmtəənin mövqeləşdirilməsində, satış kanalarının müəyyən olunmasında, satışın stimullaşdırılmasında, təbliğat və reklam kampaniyasında buraxılan səhvlər əmtəələrin reallaşdırılmasının çətinləşməsinə, malların yığılıb qalmasına və ya tələb olunan miqdarda əmtəələr istehsal olunmaması üzündən mənfəətin itirilməsinə gətirib çıxa­rır. Müəssisənin rəqabət üstünlüyünün həyat tsiklinin bütün mərəhə­lələrində zəif marketinq firmanın səmərəsiz fəaliyyət göstərməsinə gətirib çıxarır və müflisləşməni dərinləşdirə bilər.
Borc kapitalının payının yüksək olması daima müəssisə üçün təhlükə yaradır. Kreditorlar qarşısında öhdəliklərin vaxtında yeri­nə yetirilməməsi müəssisənin borclu elan edilməsinin başlıca səbə­bi­dir.
Müəssisənin normal işi bir çox cəhətdən fəhlə və mühən­disin qarşısına qoyulmuş vəzifələrin necə yerinə yetirilməsindən asılıdır. Bu da onların kifayət qədər ixtisas səviyyəsinə malik olmasını zəruri edir. Müəssisə elə bir situasiya ilə də qarşılaşa bilər ki, əmək bazarında ona lazım olan ixtisaslı  mütəxəssislər olmasın. Bu halda o, lazım olan ixtisaslı mütəxəssis  hazırlamaq üçün vəsait sərf etməli olacaqdır. Bu isə öz növbəsində məhsul vahidinə çəkilən istehsal xərclərinin yüksəldir ki,bunun nəticəsində də müəsisə mənfəətdən məhrum ola bilər.
Trans-əlavə (törəmə) xərclər-xammal və material tədarükü hazır məhsulun satılması və sairə üzrə müqavilələr bağlanması ilə əlaqədardır. Saziş bağlanmasında operativliyin aşağı olması, tərəfdaşın qeyri-səmimiliyi trans-əlavə xərclərin çoxalmasına gətirib çıxarır. Bu da öz növbəsində firmanın işinin pozulmasına gətirib çıxara bilər.
Məcmu tələbin kəskin surətdə aşağı düşməsi bütün fəaliyyət növlərinə mənfi təsir göstərir.İstehsalın həcmi aşağı düşür,daimi xərclər payı çoxaldığına görə məhsul vahidinin maya dəyəri artır və ümumi mənfəət kütləsi aşağı düşür.
Əvəzedici məhsullar istehsalının inkişafı firmanın istehsal etdiyi məhsulların bazardan sıxışdırılıb çıxarılmasına,onların istehsal etdikləri məhsullara olan tələbatın azalmasına,firmanın mən­fəətinin itirilməsinə və onun müflisləşməsinə gətirib çıxarır.
Müəssisənin ehtiyat strateji resurslar zonasının olması, resurs­lara olan qiymətləri yüksəldir.Buna görə də “yaranma” mər­­hə­ləsində resursların təchizat sistemi kifayət qədər düşünülmüş olmalıdır.
Yüksək vergi dərəcələrinin olması yalnız yaranma mərhə­lələrində deyil, həm də müəssisənin həyat tsiklinin digər mərhə­lələrində də onun fəaliyyətinə mənfi təsir göstərir. Buna görə də hökumət tərəfindən prioritet sahələr kimi müəyyən olunan sahə­lərdə firma öz fəaliyyətini qurmalıdır. Çünki,prioritet sahələrdə vergi, hüquq, kredit və digər sferalar üzrə güzəştlər edilir. Qanun­verici sənədlərdə ziddiyyətin olması isə hökumətin normal iqtisadi mühitin yaradılması sahəsində qeyri-səmərəli fəaliyyətini göstərir.
Firmanın fəaliyyətində forsmajor hallar da az əhəmiyyətli rol oynamır.Təsadüfi təsirlər firmanın rəqabət üstünlüyünə təsir edən amillərdən biridir. Forsmajor amillər firmanın rəqabət üstünlüyünün həyat tsiklinin istənilən mərhələsində təsir göstərir.

Müəssisənin rəqabət üstünlüyünü həyat tsiklinin növbəti mərhələsi artımın sürətləndirilməsidir. Bu mərhələ onunla xarakterizə olunur ki,müəssisənin satış bazarı artır.Çünki bu məə­hələdə müəssisə məhsullarına olan tələbat təklifi qabaqlayır. Müəssisə bazar seqmentlərindən maksimum gəlir götürür. İşçi heyəti yüksək ixtisas səviyyəsinə malik olur.Bunlar isə öz növbəsində firmanın çiçəklənməsinə və istehsalın çoxalmasına imkan verir.Artımın sürətlənməsi mərəhələsində borc kapitalının yüksək payı,trans-əlavə (törəmə) xərclərin çoxluğu,məcmu tələbin birdən-birə aşağı düşməsi,modanın dəyişməsi,resursların qiymətinin yüksəlməsi,qeyri-sabit fiksal siyasətin olması və fors major səbəblər müəssisənin müflisləşməsinə gətirib çıxarır.

Artımın yavaşıması mərhələsi. Bu, mərələdə müəssisənin məhsullarına olan tələb yavaş-yavaş azalır. Məhsul və xidmətlərin satış qiymətləri enməyə doğru meyl edir. Aralışdırılan mərhələdə müflisləşmə təhlükəsini aşağıdakılar yaradır: dövriyyə kapitalının dondurulması,idarəetmə çevikliyinin itirilməsi,zəif marketinq, trans-əlavə xərclərin çoxluğu, məcmu tələbin aşağı düşməsi, modanın dəyişməsi, resursların qiymətinin yeksəlməsi, qeyri-sabit fiskal siyasətinin olması və fors major səbəblər.
Dövriyyə kapitalının dondurulması onun dövretmə əmsalı­nın təhlili əsasında müəyyən edilə bilər.Vəsaitin dövretmə sürəti, başqa sözlə dövriyyə kapitalının pul formasına çevrilməsi sürəti müəssisənin alıcılıq qabiliyyətinə bilavasitə təsir göstərir. İdarəet­mə çevikliyinin itirilməsi idarəetmə reaksiyasını gecikdirir. Demək olar ki,bütün dəyişikliklərə idarəetmə reaksiyası reaktiv surətdə baş verir. Bunun nəticəsində də idarəetmə xərcləri artır və mənfəət itirilir.

Yetkinlik mərhələsi. Bu mərhələdə müəssisənin istehsal etdiyi əksər məhsullara olan tələb təkliflə tarazlaşır. Artıq müəssisə əlavə məhsul istehsal edə bilmir və sabitlik hökm sürür. Maya dəyə­rində və mənfəətdə sabitlik yaranır. Bu mərhələdə aşağıdakı amillərin olması təhlükəlidir: Dövriyyə kapitalının dondurulması, idarəetmə heyətinin qocalması (yaşlaşması), əsas kapitalın köhnəl­məsi, zəif marketinq, trans-əlavə xərclərin çoxluğu, məcmu tələbin aşağı düşməsi, modanın dəyişməsi, resursların qiymətinin yüksəlməsi, qeyri-sabit fiskal siyasətin olması və fors major amillər. Bu amillərin bəzilərinin təhlükəli təsiri yuxarıda verilmiş­dir. Yeni amil olan əsas kapitalın köhnəlməsi digər formalarla müqayisədə əmək məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarır ki, bunun nəticəsində də firma müflisləşməyə uğrayır.

Tənəzzül (sönmə) mərhələsi. Bu mərhələdə artıq müəsis­sənin əksər məhsullarına olan tələbat aşağı düşməsi başlayır. Firma yeni strateji təsərrüfat zonaları axtarmağa başlayır. Tənəz­zül mərhələ­sində də yetkinlik mərhələsində olduğu kimi firmanın müflisləş­məsinə eyni amillər səbəb olur. Lakin bu zaman müəssi­sənin vəziyyəti ümumi şəraitin əlverişsiz olması üzündən daha da pisləşir.
Beləliklə, yuxarıda söylədiyimizdən məlum olur ki, müəs­sisənin müflisləşməsi onun rəqabət üstünlüyünün həyat tsiklinin hər bir mərhələsində baş verə bilər. Buna görə də,müflisləşməyə gətirib çıxaran daxili və xarici amillər daima nəzarət altında olmalıdır. Daxili amillərin izlənməsi üçün xarici situasiyalara nəzarət edən mərkəzin yaradılması vacibdir.
Böhran situasiyasında firmanın müflisləşməsinin qarşısını alan xüsusi strategiyanı işləyib hazırlamaq vacibdir. Bu strategiya üç üsul: güclü kapital qoyuluşu, düzgün marketinq siyasətinin aparılması və kapital dövriyyəsi sürətinin artırılması əsasında qurula bilər. Müəssi­sənin rəqabət üstünlüyünün birinci və ikinci mərhələsində güclü kapital qoyuluşu üsulu,digər mərhələlərdə isə düzgün marketinq siyasətinin aparılması və kapital dövriyyəsi sürətinin artırılması üsulları vasitəsilə strategiyanın hazırlanması məqsədəuyğundur.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

 

1 şərh

niqulya
Deyirəm axı,nəsə tanış gəlir:) Product life cycle.