Kreslo virusu

İnternetdə bürokratiyanın və formal qaydaların hökm sürdüyü təşkilatlardan bəhs edən “Parkinson qanunu” adlı satirik bir yazıya rast gəlmişdim. Bu “qanun”a əsasən istənilən iş onun görülməsi üçün nəzərdə tutulmuş vaxta görə istənilən qədər uzadıla bilər. Məsələn, bir gün ərzində yerinə yetirilə biləcək bir iş üçün planda beş gün nəzərdə tutulubsa, həmin iş elə beş günə qurtaracaq. Müəssisədə elə boş-bekar, avara adamlar olur ki, kənardan baxan elə bilir ki, bütün işləri məhz onlar yerinə yetirirlər. Görülən işlər artsa da, azalsa da və ya ortada heç bir iş olmasa da müəssisədəki işçi sayı daim artacaqdır.
Təşkilatın strukturundakı bölmələrlə onların üzvlərinin sayı arasında tərs mütənasib var. Bununla bərabər, həmin bölmələrdə qərar verərkən işə aidiyyatı olmayan, bəlkə də ümumiyyətlə həmin mövzudan başı çıxmayan adamların səsləri nəticəyə böyük təsir edir. Belə yerlərdə mühüm mövzulara az vaxt ayırılır, əksinə 5-10 dəqiqəyə qərar veriləcək məsələlər isə saatlarla mübahisə mövzusu olur.rahat kreslo Bürokratik əngəllərin və formallığın müşahidə olunduğu əsas sahələrə kadrların işə götürülməsi, iclaslar, plan və layihələr, eləcə də inzibati işlər aid edilə bilər. Müəssisə və təşkilatlarda ən çox qarşılaşılan problemlərdən biri müdir və məmurların bacarıqsızlığı üzündən qurumun fəaliyyətinin iflic vəziyyətinə düşməsidir.  
Təşkilatın iflic vəziyyətinə düşməsinin ilk simptomları işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsi ilə meydana çıxır. Bunlar öz sahəsində heç bir nailiyyəti olmayan, amma həmişə başqa sahələrə də nəzarət etməyə çalışan, kreslo sevdası ilə alışıb-yanan insanlardır. Bu “kreslo virusu” tezliklə ətrafdakılara da yoluxur və təşkilat üçün ciddi təhlükə törədə biləcək bir xəstəliyə çevrilir. Qeyd etməliyik ki, bu naqis xislətin cazibə dairəsinə düşmək daha asandır, nəinki onu müalicə etmək. Bu “virus”a yoluxmuş adam özündən daha bacarıqlı insanları yanından uzaqlaşdırmaqla yanaşı, gələcəkdə ondan güclü ola biləcək şəxslərin öz yanına gəlmələrinə mane olur.
Belə “kresloman”ların vəzifəyə keçmələri artıq mərkəzi aparatda da işə aidiyyatı olmayan və müəssisəni yox, öz kreslosunu, inkişaf etməyi yox, yumşaq kresloda uzun müddət rahat oturmağı fikirləşən və buna mane ola biləcək hər kəsi təsirsiz hala gətirən insanların toplaşması deməkdir.
Bu “virus”u daşıyan birisi müəssisənin rəhbəri olduqda müavin vəzifəsinə özündən nisbətən bacarıqsız adam gətirəcəkdir. Eləcə də müavin əlinin altında öz qabiliyyətlərinə görə daha zəif bir məmurun çalışmasını istəyəcəkdir. Nəticədə ierarxiyanın bütün pillələrində tutduğu postun haqqını verə bilməyən insanlar qərarlaşacaqlar.
Xəstəliyin son mərhələsini belə təsəvvür etmək olar: Təşkilat sanki koma vəziyyətindədir və de-fakto yalnız kağız üzərində mövcuddur. Elan lövhəsində dörd il əvvələ aid bir afişa asılıb, Məmmədin otağının qapısında isə Əlinin adı yazılıb. Təşkilat mənəvi cəhətdən çökməklə yanaşı, fiziki baxımdan da bərbad haldadır. Binanın təmirə, avadanlıqların isə yenilənməyə ehtiyacı var. Bu yerdə heç bir müalicə fayda vermir və artıq müəssisə üçün tabut sifariş verə bilərsiniz. Yeganə çıxış yolu təşkilatın iflas olduğunu bəyan edərək, yeni ad altında başqa bir yerdə tamamilə yeni bir kollektivlə sıfırdan işə başlamaqdır. Əvvəlki müəssisəyə aid olan bütün avadanlıqlar və sənədlər məhv edilməli, bina isə sığorta edilərək yandırılmalıdır!

 

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Oxşar məqalələr

1 şərh

bankir
bu şəkil daha yaxşıdır. isitmə sistemi olan kreslo: