Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri

Müasir şəraitdə hər bir işgüzar təşkilat daima mürəkkəb ətraf mühitlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici mühitin tərkibinə isə müəssisənin cari və strateji fəaliyyətində qarşılaşdığı bütün amillər normalar və təşkilatlar daxildir. Xarici mühit heç vaxt sabit olmur. Bu da onun daima inkişafda olmasından mürək­kəb­liyindən, qeyri-müəyyənliyindən və xarici mühit amillərinin bir-birilə qarşılıqlı şəkildə əlaqədə olmasından asılıdır. Firmaya təsir göstərən xarici mühit amilləri müxtəlif xarakterik keyfiy­yətlərə malik olduqlarına görə onları şərti olaraq iki qrupa, birba­şa və dolayı təsir qruplarına bölürlər.
Birinci qrupa əmək, material və kapital resurslarının təchizatçılarını, istehlakçıları, rəqibləri, həmkarlar ittifaqlarını, qanunverici və dövlət orqanlarını, ikinci qrupa isə iqtisadi vəziy­yəti, sosial-mədəni amilləri, siyasi amilləri, elmi-texniki tərəqqini və beynəlxalq hadisələri aid edirlər.
Şəraitdən asılı olaraq göstərilən hər bir amil müəssisənin müflisləşməsinin əsasını qoya bilər.
İstehsal prosesinin get-gedə daha da mürəkkəbləşməsi bəzi əmək peşə və ixtisaslarının sıradan çıxmasına və yenilərinin əmələ gəlməsinə gətirib çıxarır. Yeni məhsul və texnologiyaların yaran­ması daima buna uyğun işçi qüvvəsinin istehsala cəlb olunmasını tələb edir. Əgər yeni kompyuter texnikasından istifadə edən proqramçı və ya texnik vaxtında müəssisəyə cəlb edilməsə bu boşluq zəncirvari şəkildə bütün müəssisəyə yayıla bilər. Xırda görünən bu cür boşluqların sayının çoxalması isə müəssisənin normal işləməsinə mənfi təsir göstərir.
Müəssisə öz fəaliyyətində çoxlu sayda xammal və  material, maşın və avadanlıq göndərən təşkilatlarla əlaqədə olur. Təsərrüfat ahəngini pozmamaq üçün müəssisə daima kommersiya əlaqəsində olduğu işgüzar təşkilatların fəaliyyətini, tədiyyə qabiliy­yətliliyini, likvidliyini və digər parametrlərini təhlil etməli,onlarda aparılan auditor və digər yoxlamalar haqqında məlumatı olma­lıdır. Əsas diqqəti isə inhisarçı təchizatçılara yönəltməlidir. Məsə­lən, elektrik stansiyasının dayanması və nəqliyyatda taariflərin qalx­ması müəssisəni iflas vəziyyətinə sala bilər. Fikrimizcə maksi­mum dərəcədə təchizatçıdan asılılığı azaltmaq üçün eyni məkan və zamanda xammal və material üzrə iki və daha çox mal göndərənlə təsərrüfat münasibətində olmaq vacibdir. Bəzi təchi­zatçılardan fasilələrlə də olsa mal alaraq onları ehtiyatda saxla­maq lazımdır.
Müəssisə fasiləsiz geniş təkrar istehsala aparmaq üçün kapitalla da təchiz olunmalıdır. O, bütün potensial investor olan subyektlərlə əlaqədə olmalı, maliyyələşmənin bütün növlərindən, yəni səhm və istiqraz vərəqələri, veksellər buraxılmasından,lizinq və faktorinqdən, firma və bank kreditlərindən isifadə etməlidir.
Özünə borc kapitalını cəlb edərkən daimi kreditorlarla iş görmək məqsədəuyğun sayılmalıdır.
Lakin qeyd etmək lazımdır ki, müəssisənin özü də təchi­zatçı üçün istehlakçıdır və o da öz növbəsində istəyir ki,etibarlı alıcı ilə münasibətdə olsun. Deməli təchizatın normal olmasında məsuliyyətin böyük hissəsi firmanın öz üzərinə düşür. Ayrı-ayrı təchizatçılarla fasiləsiz əlaqələr yaratmaq üçün onlarla qovuşmaq ya da onların udulması gələcəkdə bu səbəblərdən müflisləşmənin qarşısını alan yollardan biri kimi çıxış edir.
Biznes fəaliyyətinə təsir göstərən amillər arasında istehlakçılar mühüm yer tutur. Məhsul və xidmətdən istifadəyə görə istehlakçılar şəxsi və institutal hissəyə ayırırlar. Müəssisənin mənfəətlilik potensialının yüksəlməsi istehlakçıların miqdarından asılıdır.İstehlakçıların miqdarı nə qədər çox olarsa müəssisənin mənfəəti də bir o qədər çox artar. Çalışmaq lazımdır ki, müəs­sisənin istehsal etdiyi məhsulun bir istehlakçısı olmasın. Belə olduqda onun fəaliyyəti bir istehlakçının uğurlu fəaliyyətindən asılı olmur. O, zərərlə işlədikdə isə müəssisədə şəxsi istehlaka yönə­ləcək məhsul istehsalına əhalinin tələbatının həcm və strukturu,onun alıcılıq qabiliyyəti,yəni əhalinin gəlir və yığım səviyyəsi,institutal məhsul istehsal etdikdə isə ayrı-ayrı istehlakçı müəssisə və təşkilatların hansı ərazi və sahədə çalışması,ödəniş qabiliyyəti və mənfəətliyi öyrənilməlidir.
Müəssisə istehlakçı bazarını təhlil edərkən hər məhsul və xidmət istiqaməti üzrə natural və dəyər ifadəsində satışın həc­minə, daha çox isə satılmış məhsulların ümumi satışındakı xüsusi çəkisinə, reklamasiyaların və istehlakçılar tərəfindən qayta­rılan məhsulların miqdarına,alıcalara müqavilədə göstərilən müddətdə qaytarılmayan məhsulların və buna görə firma tərəfindən ödənilən cərimələrin dəyərinə, hansı diler və distrebyuterlərin xidmətindən istifadə olunmasına,başlıca məhsul alıcılarının kim olmasına,nə üçün onların bu məhsula üstünlük verməsinə diqqət yetirilməlidir.
Rəqabət mübarizəsində uğurla addımlamaq təsərrüfat subyektinin müflisləşmə riskini aşağı endirir.Buna görə də isteh­lak­çı və təchizatçıların ehtiyacları rəqibdə olduğu qədər səmərəli ödənilməlidir. Bir çox hallarda istehsalçılar deyil, məhz rəqiblər hansı məhsulun istehsal edilməsini və onun hansı qiymətə satıl­masını müəyyənləşdirirlər.Rəqabət mübarizəsində uğur qazan­maq üçün firma aşağıdakı suallara cavab verməyə hazır olmalıdır.
-anoloji məhsulun ən iri istehlakçısı kimdir?
-onların işləri necədir:satışlarının həcmi və gəlirləri nə qədərdir? yeni texnika tətbiq edirlərmi? texniki servisi necə təşkil edirlər? öz məhsullarının reklam və satışının stimullaşdırılmasına çoxmu vəsait sərf edirlər?
-rəqiblərin məhsulunun əsas texniki xarakteristikası, keyfiyyətinin səviyyəsi, dizaynı və məhsul haqqında alıcıların rəyi necədir?
-rəqiblərin məhsullarının qiymətinin səviyyəsi necədir?
-təxmini olsa da rəqiblərin qiymət siyasətinin ümumi cəhətləri hansılardır?
Bu suallara dolğun cavab alınması müəssisənin fasiləsiz işləməsinə zəmin yaradır.
Cəmiyyətdə hökm sürən qanunlar və dövlət orqanları biznes fəaliyyətini tənzimləyən amillər qrupu kimi çıxış edir. Bu amillər qrupu biznesdə məhdudiyyət və məsuliyyəti müəyyən­ləşdirir. Qanunlar və dövlət orqanları biznes işinə əksər vaxt inzibati şəkildə qarışır. Onların vasitəsilə biznesin bütün tərəfləri ilə münasibət qurulur. Mülkiyyət, vergi, kredit, antiinhisar, reklam, ekologiya, gömrük, keyfiyyət, sanitar və digər normativ aktlar biznes fəaliyyətini müəyyən çərçivəyə salır. Qanunların və dövlət orqanlarının fəaliyyəti biznesin səmərəli işləməsinə şərait yaratmırsa,onda zəncirvari qaydada neqativ hallar yarana bilər. Məsələn, cəmiyyətdə mövcud olan vergilərin səviyyəsinin artırıl­ması biznesi iflas vəziyyətinə sala bilər. Dövlət orqanları tərəfin­dən əsassız yoxlamalar aparılması da bu cür nəticəyə gətirib çıxa­ra bilər və s.
Belə halların qarşısının alınması isə cəmiyyətdə azad bazar iqtisadiyyatının qurulmasından, ölkənin demokratikləşmə səviy­yə­sindən asılıdır.
Həmkarlar ittifaqlarının fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki,onlar biznesi işçi qüvvəsi ilə təmin edən tərəf kimi çıxış edirlər. Biznesdən əmək kollektivinə daha çox imtiyaz və əmək haqqı tələb edilməsi müəssisələrin iş prosesini poza bilər.
Xarici mühitin dolayı təsir amillərinin biznesə təsir gücü cəmiyyət böhran və ya keçid dövrü yaşadıqda daha da artır və onun inkişafında əsas amillərə çevrilir.
Elmi-texniki tərəqqi insan həyatının bütün sferalarına yayılaraq ayrı-ayrı sahə və müəssisələrin inkişaf istiqamətlərini müəyyənləşdirir. Texnologiya sahəsindəki yenilik məhsulun hazırlanmasına, satılmasına və köhnəlməsinə eyni sürətdə təsir göstərir.Bu səbəbdən müəssisə tərəfindən texnoloji yeniliyə reaksiya gecikərsə onda bu amil müəssisənin rəqabət aparma qabiliyyətini aşağı salır. Yaranan çatışmamazlığın aradan götürülməsi isə əlavə vaxt və vəsait tələb edir. Əksər vaxtlarda dolayı amillər arasında biznesə daha çox iqtisadi və beynəlxalq vəziyyəti nizamlayan parametrlər təsir göstərir.
İndi isə inflyasiya və işsizliyin müəssisənin müflisləşməsinə gə­tirib çıxarmasına nəzər salaq. Normal iqtisadiyyatda inflyasiya qiymətlərin artması ilə xarakterizə olunur. Qiymətlərin sürətlə art­ması bir tərəfdən məcmu tələbi azaldır, digər tərəfdən isə biznesin təkrar istehsalına lazım olan xərcləri çoxaldır. Hər iki hal,yəni müəssisə məhsulunun pis satılması və özünü xammal və mate­riallarla təmin edə bilməməsi təsərrüfat subyektlərinin bir-birilə hesablaşmasını çətinləşdirir. Böyük həcmdə debitor və kreditor borcları yaranır. Nəticədə eyni vaxtda çoxlu sayda müəssisədə mənfəətlik aşağı düşür və müflisləşmə kütləvi xarakter alır.
Tutaq ki, inflyasiya tempinin aşağı salınması nəticəsində işsizlik artmışdır.İşsizliyin artması əhalinin müəyyən təbəqəsinin alıcılıq qabiliyyətini aşağı salır. Təbiidir ki, bu təbəqə arasında konkret bir müəssisənin alıcıları da vardır. Deməli bu müəssisədə satışın həcmi və mənfəəti azalmağa başlayacaqdır. Müəssisə müflisləşmə xəttinə qədəm basacaqdır.
Eyni şəkildə valyuta məzənnəsinin süni şəkildə saxlanması ixracla məşğul olan müəssisələrin müflisləşməsinə gətirib çıxarır. Çünki ölkə daxilində inflyasiya tempinin olması,lakin valyuta kursunun dəyişməməsi nəticəsində ixracdan əldə edilən xarici valyuta müəssisənin təkrar istehsalına lazım olan vəsaiti vermir. Müəssisənin ixraca olan marağı ölür. Vəziyyətdən çıxış yolunu isə müəssisələr ixracla məşğul olmaqda görürlər. Hal-hazırda Azər­bay­canda bu tendensiya hökm sürür Azərbaycanın daxili bazarın­da isə “import”baş alıb gedir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatda gedən başqa proses­lər də xarici amil kimi biznesə pozitiv və neqativ təsir göstərir.
Xarici ölkələrdə əmək haqqının səviyyəsi, nəqliyyat xərcləri, mübadilə məzənnəsi, inflyasiya, bank faizi dərəcələri, məcmu milli məhsul, ümumi iqtisadi inkişaf səviyyəsi, siyasi vəziyyət, qanun və dövlət tənzimlənməsi də konkret müəssisənin inkişafında boşluğun yaranmasına səbəb ola bilər.
Siyasi və sosial-mədəni amillər təsərrüfat subyektinin müflis olmasında əsas rol oynamasa da digər amilləri şərtləndirir. Bəzi hallarda isə başqa amil qrupları ilə qovuşaraq daha xoşagəlməz nəticələrə gətirib çıxarır.
Müəssisənin müflisləşməsinin xarici səbəblərinin təsirini azaltmaq üçün isə hər bir müəssisəsinin gözlənilməyən dəyişikliyə idarəetmə reaksiyası reaktiv şəkildə deyil, aktiv və ya planlı şəkildə olmalıdır.
Xarici səbəblərin mənfi təsirini yumşaltmaq üçün işgüzar təşkilatda aşağıdakı keyfiyyətlər olmalıdır:
-ölkədə və xaricdə makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı,
-potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı,
-müəyyən olunmuş ehtiyac və tələbatların səmərəli ödənil­məsi üçün əmtəə və xidmət bazarlarında iqtisadi konyukturun təhlili bacarığı,
-istehsal amilləri bazarlarında iqtisadi konyukturun təhlili bacarığı,
-istehsal amilləri bazarlarında iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı,
-rəqabətli ideyaların istehsalda, satış bazarlarında, satışdan sonrakı servis xidmətində reallaşdırma bacarığı.
İşgüzar təşkilatların yaradılması və fəaliyyət göstərməsi insan zəkasının məhsulu olduğuna görə təşkilatın daxili mühiti rəhbərliyin qəbul etdiyi qərarlardan asılıdır. Xarici mühitin formalaş­masında təsərrüfat subyekti əksər vaxtlarda seyrçi rol oynayır. Daxili mühitin formalaşması,əmək və istehsal prosesinin gedişi isə sahibkarlıq bacarığının nailiyyətidir. Sahibkarlıq fəaliyyətinin qurulmasında biznesin siyasəti, niyyəti, məqsədi, vəzifələri, strate­giyası, taktikası, prosedurası və qaydası istehsal amillərinin bir-birinə qovuşması yollarını göstərməklə daxili mühitə aid olan abstrakt amillər kimi çıxış edirlər. Təşkilati quruluş, işçilər, texno­logiya, xammal və materiallar, maşın və avadanlıqlar isə daxili mü­hitin maddiləşmiş-real amilləri rolunu oynayır.
Daxili mühitin abstrakt və real amillərinin kombinasiyası isteh­­sal sisteminin aşağıdakı funksional sahələrini müəyyən­ləş­dirir:
1.Kadr funksiyası. Bu istiqamətlə istehsal lazım olan işçi qüvvəsi və digər insan resursları ilə təmin olunur. Əmək müqa­viləsinin bağlanması, onun öyrənilməsi, əmək şəraiti və əmək kollektivinin formalaşması bu funksiyada qruplaşmışdır.
2.Maliyyə və mühasibat uçotu. Bu funksiyada isə biznesin pul təsərrüfatına aid olan aspektləri təcəssüm olunur.
3.Maddi-texniki təchizat. Bu funksiya işçi qüvvəsini çıxmaqla istehsal sistemini bütün resurslarla təmin edir.
4.Elmi-tədqiqat və təcrübə-konstuktor işləri. Bura məhsul və istehsalın tərəqqisini sürətləndirmək daxildir.
5.Məhsulun yayılması və ya satışı. Bu funksiya vasitəsilə məhsul və xidmətlər istehlakçılara çatdırılır.
6.İstehsal. Bu funksiya məhsul hazırlanmasının təmin olunması, ehtiyatların yaradılmasını, istehsalın planlaşdırılması, keyfiyyətə nəzarət və texnologiya sahəsində qərarların qəbul olunmasını nəzərdə tutur.
7.Marketinq. Nəhayət bu funksiya isə mübadilə yolu ilə ehtiyacların ödənilməsinə yönəldilən insan fəaliyyətinin növü kimi çıxış edir.
Göstərilən bütün daxili amillər qrupu və funksional  sahələr müəssisənin inkişafını müəyyənləşdirilməklə yanaşı onun işləməsinin nəticəsi kimi də çıxış edir.
Yeni yaranmış müəssisələrin müflisləşməsi daha çox daxili amillərdən asılı olur. Bu da sahibkarlıq bacarığının zəif olmasını göstərir. Xarici ölkə müəssisələrinin apardığı təhlillər göstərir ki, kiçik müəssisələrin uğursuzluqlarının səbəbinin 90 faizi menecer­lərin təcrübəsizliyi və gözlənilməyən dəyişikliklərə onların reaksiya­sının gecikməsi ilə bağlıdır.
Kadrlarla iş funksiyasının zəif aparılması istehsal mədəniy­yəti səviyyəsinin itirilməsinə,yeni işçi heyətinin ixtisas və istehsal texniki səviyyəsinin aşağı enməsinə,psixoloji iqlimin pozulmasına səbəb olur.
Müəssisədə maliyyə çətinliklərinin yaranması bazarla işin düzgün qurulması ilə əmtəənin bazarda olan digər əmtəələrlə rəqabət apara bilməməsi ilə məhsul istehsalında yeniləşmənin gecikdirilməsi ilə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, istehsal və satış xərcləri səviyyəsinin artırılmasının çoxlu sayda səbəbləri ola bilər. İdarəetmə quruluşunun qeyri-səmərəliliyindən başlaya­raq idarəetmə aparatı ştatının şişirdilməsi, bahalı texnologiyadan, xammal və materiallardan istifadə, bazarının düzgün seqmentləş­dirilməməsi, onun coğrafi cəhətdən uzaqlığı, əsaslandırılmayan bahalı reklam və stimullaşdırılma siyasətinin aparılması və s.
Beləliklə, müxtəlif isiqamətlərdə fəaliyyət  göstərən yüzlər­lə amil müəssisənin təşkilati, iqtisadi və istehsal mexanizminin normal fəaliyyət göstərməsinə şərait yaradır.
Xarici ölkə tədqiqatçılarının fikrincə klassik bazar iqtisa­diy­yatında müəssisənin müflisləşməsi günahının 1/3-i xarici amillərin, 2/3-nü daxili amillərin üzərinə düşür. Lakin bizə belə gəlir ki, Azərbaycanın hazırki iqtisadi durumunu nəzərə alsaq bunun əksini görərik. Çünki hal-hazırda respublukamızda xarici amillər daha çox müəssisələrin müflisləşməsinə səbəb olur. Yalnız sabit iqtisadi artım dövründə müəssisələrin müflisləşməsi daha çox daxili amillərdən asılı olur.
Əgər firmanın uuğursuzluğunun səbəbi pis rəhbərlikdə­dirsə, rəhbərlikdə səriştəsizliyə gətirib çıxaran səbəbləri tutaraq onu dəyişdirirlər.
Xarici ölkələrin təcrübəsi göstərir ki, əgər böhran daxili ssəbəblərdən irəli gəlirsə onda rəhbər kimi kənardan mütəxəssis (Li Yakokanın Kraysler şirkətinə prezident dəvət olunmasını göstərmək olar) dəvət edirlər,əgər xarici səbəblərdən irəli gəlirsə onda qabiliyyətli işçini firmanın öz heyətində axtarırlar. Bu zaman rəhbərlikdə varisliyi saxlamaq üçün əvvəlki orta xətti rəhbər­lərinin müəyyən hissəsini saxlamağa çalışırlar. Zəruri olduqda hətta idarəçilik kadrlarının yenidən hazırlanmasını həyata keçirir­lər. Belə hesab edirlər ki, yeni cəlb edilən idarəetmə kadrlarının yenidən hazırlanması köhnələrin yenidən hazırlanmasına nisbətən daha səmərəlidir.
Yeni rəhbər seçərkən elə bir mütəxəssis tapmağa cəhd edirlər ki, o yalnız firmada işləmək təcrübəsinə, işi təşkil etmək bacarığına deyil,həm də özünə inamı olsun, firma heyətindəki psixoloji stressi götürmək qabiliyyətinə malik olsun və uğura nail olmaq inamı yarada bilsin.Yeni rəhbər firmanın inkişafının yeni konsepsiyasını işləyib hazırlamağı bacarmalıdır.

İşgüzar təşkilatın potensialını daima təkmilləşdirən və daxili fəaliyyətdən irəli gələn neqativ təsirləri azaldan keyfiyyətlər aşağıdakılardır:
-istehsal prosesini günün tələbinə cavab verən texnika və texnologiya ilə silahlandırmaqla müəssisənin daxili çevikliyinin təmin olunması bacarığı,
-kadr potensialının ixtisas və peşəkarlığının artırılması bacarığı,
-fəaliyyət göstərən və perspektiv bazarlarda liderliyi ələ keçirməyə imkan verən əmtəə və xidmətlərin rəqabət qabiliy­yətlərinin təmin  edilməsi bacarığı,
-potensial tələbə müvafiq olan əmtəə və xidmətlərin, istehsal və satış həcminin artırılması bacarığı,
-investisiya imkanlarından istifadə etməklə daxili çevikliyin artırılması bacarığı.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

 

0 şərh