Biznesin qeydiyyatı

Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa müstəqil surətdə, yaxud kiminləsə birlikdə sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququ verir. Sahibkarlıq fəaliyyəti xidmətlərin göstərilməsinin, malların satışının və qanunla qadağan olunmamış digər fəaliyyət növlərinin öz riskləri və mümkün itkiləri hesabına həyata keçirilməsini nəzərdə tutur.

Deməli, siz bizneslə məşğul olmağı qərara almısınız və bunu hansı formada həyata keçirməyi düşünürsünüz. Hər bir variantın müsbət və mənfi xüsusiyyətlərini nəzərdən keçirək.

Hüquqi şəxs yaratmadan fəaliyyət

Siz yaşayış yeri üzrə vergi orqanında uçota durmaqla, hüquqi şəxs yaratmadan fəaliyyət göstərə bilərsiniz.

Müsbət cəhətlər

  1. Minimal sayda sənədlər – yalnız şəxsiyyət vəsiqəsinin təqdim edilməsi və təsdiqlənmiş forma əsasında ərizənin doldurulması tələb olunur.
  2. Qeydiyyat rüsumu və ya başqa bir rüsum ödəməyə ehtiyac yoxdur.
  3. Vergi qənaəti. Siz yalnız dövriyyənin 4% ödəyirsiniz – bu şərtlə ki, bu məbləğ il ərzində 90 000 manatdan artıq olmasın.
  4. Onlayn qaydada uçota durmaq olar. (https://www.e-taxes.gov.az)

Mənfi cəhətlər

  1. Əsas mənfi cəhət mülkiyyət iddiaları ilə bağlıdır. Əgər sizin daşınar və ya daşınmaz əmlakınız varsa, onlara qarşı iddia qaldırıla bilər.
  2. Bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərlə müqavilə bağlamırlar, vergi məsələləri ilə əlaqədar, onlar daha çox hüquqi     şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.

Hüquqi şəxs yaratmaqla fəaliyyət

Mövcud qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyət, yaxud qapalı və ya açıq tipli səhmdar cəmiyyət formasında hüquqi şəxsin təsis edilməsini nəzərdə tutur. Məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxsin ən geniş yayılmış formasıdır və onun yaradılması üçün daha az sayda ərizə, forma, digər hesabatlar və sənədlər tələb olunur. Hüquqi şəxsin üstünlükləri nədən ibarətdir?

Müsbət cəhətlər

  1. Siz, fiziki şəxs qismində, özünüzə məxsus olan əmlakı, təsisçisi olduğunuz şirkətin əmlakından ayırırsınız. Başqa sözlə, bizneslə məşğul olarkən öz əmlakınızı müəyyən mənada sığortalaya bilərsiniz.
  2. Bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərdən daha çox, hüquqi şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.

Mənfi cəhətlər

  1. Hüquqi şəxsin təsis olunması üçün qat-qat artıq sayda sənədlər tələb olunur. Əgər təsisçi bir şəxsdirsə, təyin edilmiş formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilməlidir. Şirkətin nizamnaməsi iki nüsxədə tərtib edilərək təsisçi tərəfindən təsdiqlənməlidir. Təsisçi bir neçə şəxsdirsə, təsis müqaviləsi tərtib olunaraq notarial qaydada təsdiqlənməlidir.
  2. 11 manat məbləğindəqeydiyyat rüsumu ödənilməli və nizamnamə kapitalına minimum 10 manat həcmində vəsait yatırılmalıdır.
  3. Hüquqi şəxslər, dövriyyənin 4% həcmində vergi ödəyirlər (əgər illik dövriyyə 150 000 manatdan artıq deyilsə). Amma hüquqi şəxslərin ödədiyi vergilər bununla bitmir. Dövriyyədən vergi ödədikdən sonra xalis mənfəəti ayırmaq istəyən təsisçilər xalis mənfəəti ayırarkən 10% həcmində dividend vergisi də ödəməlidirlər.
  4. 2012-ci il yanvarın 1-dən etibarən onlayn qeydiyyat mümkün olacaq. Sahibkarın hazırladığı sənədlərin ilkin yoxlanışı üçün nizamnaməni və digər sənədləri,  www.taxes.gov.az saytında göstərilən elektron poçtu vasitəsi ilə Vergilər nazirliyinə göndərmək olar. Bütün hüquqi şəxslərin, eləcə də xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyatı Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 ünvanında həyata keçirilir.

Misal

“Proqress” firmasının 2011-ci il üzrə dövriyyəsi 100 000 manat təşkil edir. 4% həcmində dövriyyə vergisi 4 000 manata bərabərdir. Həmin vergi ödənildikdən və xərclər çıxıldıqdan sonra 30 000 manat həcmində xalis mənfəət yaranır. Şirkətin təsisçisi K. Əliyev, şirkətin xalis mənfəətini bölüşdürərkən 10% həcmində dividend vergisi qismində, 3 000 manat ödəməlidir.

Həmçinin, qeyd edək ki, 4%-lik dövriyyə vergisi dərəcəsi, öz fəaliyyətini Bakı şəhərində həyata keçirən sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. Digər şəhər və rayonlarda, eləcə də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında dövriyyə vergisi 2% təşkil edir.

“Vahid pəncərə” prinsipi

Azərbaycan Respublikasında qeydiyyat qaydalarını müəyyən edən əsas normativ akt “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü il tarixli, 560-IIQ saylı Qanundur. Hal-hazırda bu qanun əlavə və dəyişikliklərlə qüvvədədir.

2008-ci ildə həmin normativ akta daxil edilən zəruri düzəlişlər sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı prosesini əhəmiyyətli dərəcədə sadələşdirərək sürətləndirdi. Bəzən bu düzəlişlər “vahid pəncərə” prinsipi adlanır, mahiyyət isə bundan ibarətdir ki, hüquqi şəxslər vergi orqanlarında qeydiyyatdan keçərkən vahid eyniləşdirici nömrə alır, dövlət qeydiyyatının özü isə üç gün ərzində həyata keçirilməlidir.

Bu zaman qanunvericilik “hüquqi şəxslərin dövlət qeydiyyatı” və “sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu” anlayışlarını bir-birindən ayırır.
Hüquqi şəxslər, eləcə də xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna müvafiq surətdə dövlət qeydiyyatından keçməli, fiziki şəxslər isə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq, yaşadıqları yer üzrə vergi orqanında qeydiyyata alınmalıdırlar.
Yuxarıda qeyd olunduğu kimi, sahibkar, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasını seçməkdə sərbəstdir: o, hüquqi şəxs yarada, yaxud hüquqi şəxs yaratmadan vergi orqanında sahibkar qismində uçota durmaqla kifayətlənə bilər.

Həmçinin bax: Biznesin qeydiyyatı: sərfəli qeydiyyat və qeydiyyatın zəruriliyi

 
loading...

0 şərh