Humanitar ixtisas tələbələri

Humanitar ixtisasda oxuyanlar universitet qurtarandan sonra:
  • Ya heç nə bilmir
  • Ya dərs kitablarında yazılanlardan başqa heç nə bilmir
  • Ya az-çox bilirsə də, özünü ağıllı, qalanlarını isə intellektual səviyyəsi aşağı olan sayır
  • Ya da nəsə bilib-bilməməyindən asılı olmayaraq dövlət işinə!
  • Ya da qalan az-çox normal tələbədirsə, nəsə etməyə çalışır, amma əlindən heç nə gəlmir
Bu sahəni çoxları ona görə seçir ki, ya məktəbdə sinus funksiyasının inteqralını hipotenuzdan asılı səviyyəyə gətirmək kimi sadə riyazi əməlləri bilmir, ya da tibbi ixtisaslarda onikibarmaq vəzinin venasındakı leykositlərin miqdarının  cinsi yetişkənliyə təsirini əzbərləmək istəmir. Ona görə də ağıldankəm qızlar, avara oğlanlar jurnalistika, filologiya, şərqşünaslıq kimi sahələrə gəlirlər ki, diplom alsınlar.
Xarici dil ixtisasında oxuyanlar isə heç ingiliscə Məni candan usandırdı, cəfadan yar uzanmazmı şerini tərcümə edə bilmirlər! Arzuları xarici şirkətdə, səfirlikdə işləməkdir, amma arzuları elə arzu olaraq qalır. Ona görə də tərcümə ofislərinə ya da evdə frilanser kimi 5 səhifəlik mətnləri tərcümə edirlər. Amma heç onu da taraz etmirlər, təəccüblü deyil ki, inyazçılar(onlara linqvist deməyə adamın ürəyi gəlmir) az qazanır. Onları cəzalandırmaq lazımdır ki, bunun öhdəsindən də Google Translate ,PROMT gəlir. 
Fəlsəfədə oxuyanlar Kantın epikürçü nəzəriyyəsinin obyektiv idrakın transsendentallığı məsələsinə irrasional baxışı haqda baş sındırırlar. Amma 4 ildən sonra bunun heç bir mənası yoxdur .Çünki filosof peşəsi yoxdur! İnanmırsınızsa, qəzet elanlarına, işədüzəltmə saytlarına baxın.

Tarix fakültəsində oxuyanları genosid etmək, səlcuq-kelt müharibələrindəki kimi təhkimli etmək, Potsdam konfransında ikinci Məhmət Fatehi soyundurduqları kimi soyundurub kürəklərinə Müqəddəs Roma İmperiyasındakı Azadlıq xartiyasında nəzərdə tutulduğu qədər zopa vurmaq, sonra da burjua inqilabındakı termidorçular kimi əllərindən telefonlarını almaq lazımdır. Çünki ordakı 10 tələbədən biri faşist, biri liberal, biri kommunist, biri royalist, biri demokrat, ikisi qlobalistdir. Mənasız işlərlə məşğul olur, Çin imperatoru İvan Qroznının Kennediyə qarşı ittihamlarını əldə manifest kimi tutub mövcud rejimə etirazını bildirirlər. Azərbaycan tarixini orda cəmi 2-3 nəfər normal bilə ya bilməyə. Hamısı türkçülük ideyaları ilə yaşayıb Şah İsmayıl Xətainin saqqalının Oliver Kromvelin xoşuna gəlməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirir. Keçdikləri dərslərin 60 faizi mənasız, oxuduğu kitabların 70 faizi yalan, tarixi qurtaranların 80 faizinin də cibi boş olur. Anarxist feodallar!
Hüquqşünaslar kimi öz hüququnu bilməyənlər yoxdur. Çünki millətin hüququnu qorumalı olduğu, yeni qanunlar hazırlamalı olduğu halda cinayət məcəlləsi, Roma hüququ, beynəlxalq hüquq və s. fənlərdən rüşvət yaxud tapşırıq hesabına qiymət alırlar. İnzibati xətalar məcəlləsinə görə referendumda günahsızlıq prezumpsiyasının maddələrini əzbərləmiş olsalar belə, müəllimlər onu qazlayır, zülm verirlər. Onlara bu da azdır!

Bütün humanitar ixtisaslarda oxuyanlar avaralıqla məşğul olduqları, dərsdən sonra Elmlər Akademiyası metrosunun yanında dönər yedikləri, mühazirə vaxtı xoşuna gələn oğlana(qıza) qaş-göz süzdürdüyü, intellektuallıqdan çox danışıb özü isə Yuli Sezarın arvadının neçə məşuqəsi olduğu kimi sadə şeyləri bilmədikləri üçün ali məktəblərdən qovulmalıdır.
Həmçinin oxu:
Tibb ixtisasını seçən tələbələr haqqında

35 şərh

bankir

:-)) Müasir Molla Nəsrəddin jurnalı.


Hamısını çox gözəl yazmısan. Doğurdan da BDU,Xarici dillər, İdarəçilik akademiyası və s. yerlərdin humanitar ixtisaslarında oxuyanlara nəyi var döşəmisən. Yumorun çox duzludur. Bloqundakı hər yazında getdikcə irəliləyiş hiss olunur. Uğurlar,mizantrop!

papatürk
Özüm humanitar sahədə olsam da,boynuma almalıyam ki,müəllif çox gözəl təsvir edib. Tarixçi, tərcüməçi,hüquqşünas tələbələr-hamısı sadəcə vaxt öldürməklə məşğuldur. BDU-da əməlli-başlı oxuyan tələbə barmaqla sayılası qədərdir.
Müəllifin şişirdilmiş yumoristik stili çox gözəl alınıb. Müasir tələbə həyatını gözəl tənqid edib.
ramzes
Düz sözə nə deyəsən. Təşəkkürlər Mizantrop


fidan
Baxmayaraq ki,sadomazoxizm elementləri ilə seçilir mizantropun yazıları,amma post maraqlı alınıb. Müəllif  Çin imperatoru İvan Qroznının Kennediyə qarşı ittihamlarını yazmaqla göstərmək istəyib ki,yəni tarixi yaxşı bilir))
lesyA
mizantropun 100% BDU tələbələri ilə konflikti var. Çox sərt,amma intellektual formada yazır.
burla xatun
Çox maraqlıdır görəsən məqalənin müəllifi özü haranı qurtarıb?
Ölkənin taleyini məhz humanitar sahəni qurtaranlar həll edir. Ola bilər ki,100 mühəndis bir şey kəşf etsin,amma onun patent msələsini hüquqşunas görür. Ola bilər ki,100 həkim hansısa profilaktik aksiya etmək istəyir.Amma ona tələb olunan vəsaiti məhz xarici təşkilatda işləyən diplomatların sayəsində ölkəyə gətirmək olur.Bu dəqiqə Azərbaycanı irəli aparan elə humanitar sahəni qurtranlardır. Onların hesabına bu ölkədə irəliləyiş olur.
Bu mənim yanaşmamdır.O ki qaldı postun məzəli olmasına,doğurdan da gözəl yazılıb.Məncə müəllifin özü BDUnu qurtarıb. Tarixi yaxşı bilməyindən hiss olunur.
Miss_Filoloq
cox sert yazilmiw yazidir...hec neyi deye bilmesem de 1onu deye bilerem ki,Filologiya BDU da en caliwqan,oxuyan fakultedir....Bu hamisi birbawa tehqirdi..Muellifin ozu gorunur hec de yaxwi bilmir hec neyi.COX SEHV FIKIRDI.
2ral
Əvvəlcə qaydaları oxuyun. Milli azərbaycan hərfləri ilə yazın. Müəllif sərt yazsa da,düz deyir. Əgər bir xalqın ki,filoloqu belə yazı yazır,onda doğrudan da humanitar sahələri qurtaranlar pis vəziyyətdədir.
BDU-da sizə milli hərflərdən istifadə etməmək, kursivlə yazmaq,CAPSLOCK ilə yazmaq,qalın yazmağı öyrədiblərsə,onda mən müəllif ilə istəməsəm də,razılaşmalı oluram.
bankir
İroniyaya bax:-) kayzendə yazılmış ən mənasız,qrammatik və leksik səhvləri ən çox olan şərhi məhz filologiya fakültəsinin tələbəsi yazıb.:-)))
fidan
Həyat paradokslarla doludur))
Çox da qınamayın,yəqin elə bilib başqa AzNet saytlarındandır)) səhv salıb ya da qaydaları oxumayıb. Mən təlimatları göndərəndə artıq şərh yazılmışdı.
Arzt
mizantrop,yenə də kəsib doğrayırsan.Amma bu dəfə tutmusan damarı.+verdim.
seymur_məmmədli

men bu sayta girenden beri hami ozunu terifleyir,hami cox agillidir,hami intellektualdir...


o qeder intellektualdirki bashqalari haqqinda artiq bir fikirde yurude bilirler,aferin size...


qaldiki texniki  ixtisaslarin savad seviyyesine onlar hele Azerbaycanda Sadece 4 yashindan bakidan cixib getmish LUTFIZADE ile oyunurler,ancaq cox tesuf oda Amerikanin mehsuludur!!!


aferin intellekt sahibi humanitar telebelere !!!


 

fidan
Hamı olmasa da saytdakıların çoxu intellektualdır. Çünki çoxu sizdən fərqli olaraq ə hərfinin yerinə e yazmır.
Bu qaydaları neçə dəfə demişəm ki,oxuyun:-<
ramzes

Nə üçün özünüzü sığortalıyırsız? Bu Mizantrop düz deyir. 100 dənə Mizantropunuz olsaydı bu gündə olmazdız. Tələbələr arasında sorğu  keçirsən  uzaq başı 20%- i  bayraqmızdakı rənglərin mənasını bilir. Çoxu heç himni də bilmir. Oğlanların əsas məqsədi qız tutmaq (beş-altı faiz istisna olmaqla ) qızlarsa oğlan tutmaqla məşğuldu. Vətənpərvər mövzular ancaq 20 yanvarda  ya Xocalı soyqırımı günü ya da 31 martda olur vəssalam. 363 gün harda qaldı bəs?Tələbələrin dərslərdə yazdıqları mesajları toplasaydılar Axundov kitabxanasındakı yazıdan çox eliyərdi. Mizantropun yazdığı elmi terminlərin mənasını kimsə başa düşmürsə mizantrop günahkar deyil. Yaz mizantrop bəlkə bunların beyninin ölmüş hüceyrələri oyana( amma çətin qozbeli qəbir düzəldər)

Nailə_Rzayeva
O hüceyrələr elə dərin yuxuya gediblər ki, çətin oyanalar. Amma bəlkə də içlərində qismən oyaq olanlar olub, heç olmasa onlar yavaş-yavaş oyanmağa başlasınlar :)
Arzt
Humanitar tələbələrimiz onlara edilən iradlara narazılıq edir.Amma heç biri 1 şərhi qaydaya uyğun yazmırlar.
Nailə_Rzayeva
Bu vətənə həm humanitar sahənin, həm də texniki sahənin mütəxəssisləri lazımdır. Amma müəlliflə razılaşmamaq olmaz, çox haqlı iradlar bildirir. Humanitar sahəyə sənəd verən tələbələr daha çox oxumamaq, beyin yormamaq üçün o sahəni seçirlər, ya da şan olsun deyə. «Oxumasaq da olar, əsas görənlər, eşidənlər bilsinlər ki, mən hüququ, xarici dilləri bitirmişəm!». İfadəmə görə çox üzr istəyirəm, amma indiki dövrdə daş atsan gedib  hüquqşünasa dəyər. Bəlkə də onlardan digər tarixlər yox, məhz Azərbaycanın tarixi barədə məlumat almaq istəsən ətraflı cavab ala bilməyəcəksən. Məni qınamayın, amma təəssüf ki, belə insanlarla çox rastlaşmışam, hətta fikrini ifadə edə bilmək üçün iki cümləni normal qurub danışa bilməyənlərə də...
Hangman23

Əvvəla hamiya salam.Bu saytda təzəyəm.Sırf bu bloqa cavab yazmaq üçün qeydiyyatdan keçmişəm desəm daha doğru olar.Keçək mizantropun yazdıqlarına.Düzdür humanitar ixtisas tələbələri içərisində belə tələbələr coxdu,Ancaq texniki ixtisas tələbələri də onlardan heç fərqlənmir.Sonra,Mizantrop, fikirlərini yazanda çalış ki,obyektiv olasan.Yəqin ki,özün də yaxşı bilirsən ki,obyektiv yanaşmamısan bu məsələyə.Tutaq 100 nəfər tələbədən 99u sən dediyin kimidi.1 nəfər isə öz biliyi hesabına oxuyur.Ancaq sən bu yazdıqlarinla həmin 1 nəfər tələbəyə haqsızlıq etmiş olarsan.Mən özüm Hüquqda oxuyuram.Onu deyim ki,bu fakultədə elə tələbələr var ki,bəlkə də texniki fənləri texniki sahədə oxuyanlardan daha yaxşı bilirlər.Özü də onların sayı 2-3 nəfərlə məhdudlaşmır.Yetərincə belə tələbələr var.Yuxarıda hüquqşunaslar haqqında yazdıqlarınla tamamilə razılaşmıram.Rüşvət verən tələbələr var.Tapşırıqla imtahanları keçənlər də var.Ancaq onlardan da çox yalnız öz biliyi ilə oxuyanlar var.Bunu yalnız hüquq fakultəsinə deyil,bütün fakultələrə aid etmək olar.Bir də ki,mən yuxarıdakı yazıda həqiqətlərdən daha qabarıq şəkildə özünüreklam gördüm.
Elə həqiqətləri yazansansa,niyə yazmırdın ki,1ci qrupa gedənlərin əksəriyyəti ballar aşağı olduğu üçün həmin qrupa gedir.Humanitar fənlərə hazırlaşan tələbələrlə rəqabətdən qorxub texniki fənnlərə üstünlük verələrdən niyə heç nə yazmamısan?
Nə isə,.......Bu məsələ haqqında çox mübahisə etmək olar.Sadəcə onu demək istəyirəm ki,məsələnin qara tərəfini yazmısızsa,ağ tərəfini də yazın.Bir neçə nəfərin üstündə başqalarına qara yaxmaq düzgün deyil............

fidan
Əvvəl mən də sizin kimi fikirləşirdim.Amma mizantropun digər yazılarını da oxusanız görəcəksiniz ki onun üslubu belədir. Bildiuyimə görə o texniki,tibb ixtisaslar oxuyanlar haqda da maraqlı məqalələr yazıb:))Yəni məqsəd təkcə humanitar tələbələri pisləməkdən getmir.
Səbinə
Ay sağ ol.Humanitar ixtisasda oxuyanlar bəyənilmirsə onda Neft Akademiyası,Politexnikdə oxuyan avara gənclərə nə deyilsin? Texniki sahədə oxuyanların çoxu ən adi şeyləri bilmir.Ərəbistanın Məkkədə yerlədiyini fikirləşən Politexnik tələbəsindənsə humanitar ixtisası qurtarmış işsiz-peşəsiz,lakin dünyagörüşlü olmaq daha yaxşıdır.
Hangman23
Əgər elədirsə çalışaram digər məqalələrini də oxuyum.Onu deyim çox sərt və kəskin yazır.:)
fidan
Şeytanın adını çək,qulağını bur.Uzun fasilədən sonra mizantrop yeni məqaləsini yazdı - Polis
IDEAL
Əla! Çox xoşuma gəldi. Düzdü bəzi məsələlərdə 90% düz deyirsiz ancaq bir məsələdə 100% düz deyirsiz. İxtisasım fəlsəfədi hələ bir dəfədə olsun öz ixtisasıma üyğun iş təklifi almamışam:(((
Bütün bunlara baxmayaraq gələcəyə ümüdlə baxıram və planlarımı bu sahə üzrə qururam.
tenqo

Düzü, bu cür şərhləri bu saytın bir çox istifadəçilərindən gözləmirdim. Ən azından onların digər gördüyüm mövzulardakı şərhləri məndə onların qərəzsiz olması təəssüratını yaratmışdı, amma buradakı şərhlər fərqli oldu. Məncə, bu mövzuda qeyd olunan mənfiliklər tək humanitar fənn üzrə təhsil alan tələbələrdə deyil, ölkəmizin bir çox tələbələrində var və hansısa sahəni xüsusi olaraq qabardıb, qərəzli şəkildə yazmaq, məncə, düzgün deyil. Əvvəla deyim ki, mən nə humanitar, nə texniki, nə də tibbi sahədə almışam. Ona görə də kimisə müdafiə edib, kimisə pisləmək fikrim yoxdu. Şərhlərdən gördüm ki, əsasən bu sahələrin nümayəndələrinin mübahisəsi gedirdi.


Texniki ixtisaslarda oxuyanların çoxu savadlıdı, amma çertyoj çəkə bilənləri də çoxdu. Əlbəttə, hamısı özləri yazır kurs işlərini. Əksəriyyəti də texniki sahənin ustasıdılar. Azərbaycan Texniki Universitetinin qarşısından tez-tez keçsəniz, görərsiniz dönər yeyənlər harada çoxdu.


Tibb sahəsində təhsil alanlar, həqiqətən, çox əziyyət çəkirlər (ironiyasız). Amma əziyyətin çoxluğu heç də onların çoxunun savadlı olması demək deyil. İxtisas seçimində çoxu cərrahiyyəyə qaçır (bəziləri hətta qandan və meyitdən qorxur), hansı sahədə ki pul çoxdu ora qaçır. Nadir halda olur ki, kimsə əvvəlcədən hansısa sahənin həkimi olmaq istədiyini müəyyən edir və o sahədə də maariflənir.


İqtisadiyyat yönümlü ixtisaslarda təhsil alanlar haqqında uzun-uzadı yazmaq istəmirəm. Çünki orada vəziyyət lap acınacaqlıdı. Savadlıları da az deyil.


Demək istəyirəm ki, acınacaqlı vəziyyəti ixtisaslara görə, onlar üzrə təhsil alanlara görə müəyyənləşdirmək düz deyil. Hər bir ixtisas vacibdi və onsuz sivil cəmiyyətin mümkünlüyündən söhbət gedə bilməz. Qeyd olunan mənfiliklər hər bir universitetin bir sıra tələbələrində var. Etiraz edənlər onları ətrafında ya görmürlər, ya da etiraf etmək istəmirlər. Təhsil aldığın təhsil müəssisəsinin, yaxud ixtisasının tələbələrini haqsız tərifləməyin nə mənası? Həqiqətən, tərifəlayiq tələləbər də, müəllimlər də və s. var. İki müxtəlif təhsil müəssisəmizdə təhsil almışam və heç birini də haqsız tərifləmək niyyətim olmayıb heç vaxt. Hərəsinin özünəməxsus mənfilikləri və üstünlükləri var, amma mənfiliklər daha çoxdu. Mənfiliklərin bir çoxunu da hər ikisinə eyni şəkildə şamil etmək olar və bildiyimə görə də bu mənfiliklər tək onlarda deyil, başqalarında da var.


Mövzudan kənarlaşıb bir məqami qeyd etmək istəyirəm. Abituriyent dövründə əksər abituriyentlərin ixtisas seçimi gülməli idi. İndi ixtisas seçimi prosesi fərqlidi. Mən abituriyent olanda imtahandan əvvəl seçirdik ixtisası. Həmin dövrdə ixtisas seçimi prosesinə misal olaraq tibbi ixtisaslara sənəd verənləri göstərim, çünki onlarda ixtisas çeşidi azdı. Abituriyentlərin əksəriyyəti «müalicə işi» ixtisasını istəyir və düşünür ki, əgər balı çatmasa, ya da pediatr, ya da stomatoloq olmalıdı məcbur. Ora da balı çatmasa, bitirdikdən sonra hansı peşənin sahib olacağını bilmədən ya «tibbi profilaktika», ya «tibbi biologiya», ya da "əczaçılıq" ixtisaslarından birini yazır. Ora da balı çatmasa, eybi yox BDU olsun, bitirib müəllim işləyər. O da alınmasa, yəqin baytarlığa düşər. Bala görə, təhsil müəssisənin adına görə, ixtisasların xalq arasında müəyyən olunmuş reytinqinə görə seçirlər istiqamətlərini və sonda da bu amillərdən doğan səbəblərə görə hansısa ixtisasa yiyələnirlər. Halbuki, gələcək həll olunur bu zaman. Uzun-uzadı yazdım, yazdıqca da dayana bilmirəm :) Bircə dənə fikri də söyləyim bu ixtisas seçimi ilə bağlı :) Mənim sinif yoldaşım 3-cü ixtisas qrupuna sənəd vermişdi və hüquqşünaslığı arzulayırdı. Amma bal az topladığından, səhv etmirəmsə, kino rejissorluğuna düşmüşdü və məcbur oldu oxudu. Əlbəttə, özü də istəmirdi və rejissor da çıxmazdı ondan :) Ona görə 2 il rejissorluğu oxuduqdan sonra üz tutdu «gömrük» ixtisasına, indi də gömrükdə işləyir :) Bu cür taleyi olan nümayəndələrimiz az deyil.


Beynim qarışdı yazdıqlarımdan. Qüsurlarımı qeyd etsəniz, sevinərəm. Amma xahiş edirəm qərəzli şəkildə yox :)

Aynur
Tamamilə razıyam.Xüsusilə də dördüncü ixtisas qrupu ilə bağlı hamısını düz qeyd etmisən. Müalicə işina girmək istəyirdim(leçfak).Qismət olmadı.
İndiki dövrdə ixtisasın fərqi yoxdur.Hamısında təhsilin keyfiyyəti aşağıdır.
tenqo
Təhsilin keyfiyyəti, həqiqətən, çox aşağıdır və cavanlarımız qınanılası deyil. Amma ixtisas seçimi çox vacibdi. Abituriyent bilməlidi hansı ixtisas ona daha uyğundu və hansı sahədə mütəxəssis ola bilər. Sadəcə uşaqlıqda hansısa peşəyə hansısa səbəbdən yaranmış rəğbətə görə seçməməlidi. Bunun üçün də abituriyentləri maarifləndirmək lazımdı bu sahədə. Məsələn, psixoloji test apararaq həmin abituriyentin hansı sahədə təhsil alması və işləməsinin daha uyğun olduğunu müəyyənləşdirmək olar. Sonra da məsləhət bilmək olar ki, səndən filan peşənin sahibi çıxar, filanınkı çıxmaz. Seçim yenə də abituriyentdə qalır, amma məsləhət onu yönləndirə bilər, məncə. Bunlar, əlbəttə ki, təhsilin keyfiyyəti yüksək olduğu şəraitdə mümkündü və effektlidi. Axı gərək yönləndirməklə ona həm də savad vermək lazımdı, sadəcə üzərində «Diplom» yazılmış kağız parçasını yox
tenqo
Ey-vah. Yazımın bu qədər uzun olacağını təxmin etməmişdim :(
Aynur

təki bütün şərhlər belə olsun!

tenqo
Təşəkkür edirəm
kastanka
«onikibarmaq vəzinin venasındakı leykositlərin miqdarının cinsi yetişkənliyə təsirini əzbərləmək istəmir.»))))Çox maraqlı cümlədir.Onikibarmaq vəzi haqqında eşitməmişdim.Bunu da eşitdim.Belə başa düşdüm ki,bu ironiyadır.
Mən səmimi insanam ona görə də deyim ki, Mən  göz həkimi olacaqdım guya.O da evdəkilərin istəyilə.(Əslində özüm tərcüməçi olmaq istiyirdim)Biologiya fakültəsinə qəbul oldum.Əslində balım Müalicə işinin pullusuna çatırdı.Yəni orda da oxuya bilərdim.Amma Biologiyada oxumağıma şükr edirəm.Çünki, sizə səmimi deyirəm mənim ordakı keçilən fənləri oxumağa gücüm çatmazdı.Onda gərək mən ibr dəri bir sümük olardım.Keyfiyyətsiz oxumaqdansa heç oxumamaq yaxşıdır.İnstitutda əlaçı olmasam da xoşladığım fənləri yaxşı oxuyurdum.Hətta beş alırdım.Sözümün canı odur ki,harda oxumağından asılı olmayaraq hər ixtisasda yaxşı ,əla oxuyan və oxumayanlar var.Bir də ki bizim Univerlərdə ixtisasa lazım olmayan fənlər çoxdur.Rus demişkən lij bi dərs keçsinlər müəllimlər maaş alsın..Siz bir az da təhsil sistemimizdən yazsaydız yaxşı olardı.Get-gedə xərçəng kimi geriləyirik..Bədbəxtçilikdi(((
Türkəl
Ali riyaziyyat əlaçısı kimi sizə zəmanət verə bilərəm ki «sinus funksiyasının inteqralını hipotenuzdan asılı səviyyəyə gətirmək kimi sadə riyazi əməlləri» deyilən anlayış da yoxdur. Müəllif sadəcə olaraq belə psevdo-elmi ifadələr yazmaqla təvazökarlığını göstərir.
Gülnar
Həqiqət var amma goplama da çoxdu) Onu deyim ki, hüquqda oxuyanların heç də hamısı pulla oxumurdu və mən bir çox savadlı hüquqşünas tanıyıram..Və yenə qeyd edim ki, «referendumda günahsızlıq prezumpsiyası» adlı anlayış da yoxdur. Ümumiyyətlə günah sözü hüquqda yoxdur, təqsir termini işlədilir, həmin ifadə isə təqsirsizlik prezumpsiyasıdır (mənasına Konstitusiyanın 63-cü maddəsində baxa bilərsiz)..Belə başa düşdüm ki, müəllif qəsdən «yalan terminlərlə» postu duzlu etməyə çalışıb, maraqlıdı..
P.S: köhnə postlar və köhnə rəylərin yeri görünür..Gör qaydalara uyğun yazmayanları necə məzəmmət edirdilər…
rezerv

Mizantrop size bir sualim var maraqlidir  bes  goresen siz harani bitirmisiniz