Moda nümayişlərinin “yazılmamış” qanunları

                            
Dəb həvəskarları sentyabrda başlayacaq moda həftələrini maraqla gözləyirlər. Lakin çoxları bilmir ki, hər kəsin maraqla izlədiyi bu nümayişlərin bəzi «yazılmamış” qanunları mövcuddur. Moda nümayişlərinə gedənlər üçün mütəxəssislərin hazırladığı qaydalar siyahısını təqdim edir: 
   
1. Gecikmək olmaz
Hər hansı tədbirə, yaxud ziyafətə gecikmək dəb nümayişlərində də pis hal sayılır. Dünya moda paytaxtlarında bu, bəzən „ev sahibindən“ və qonağın vacibliyindən asılı olaraq dəyişə bilər. „Most invited“ siyahısındakı qonaqların cüzi ləngimələrinə çox vaxt göz yumulur. Məsələn, ötən il „Moschino“ nümayişi təxminən bir saat gec başlayıb. Səbəb isə brendin kreativ direktoru Ceremi Skottun rəfiqəsi, müğənni Keti Perri gəlməyənədək nümayişə başlamamaq əmri verməsi olub.  Ancaq ümumilikdə, son moda həftələrində bir saatlıq gecikmələr azalıb. Buna baxmayaraq, Mark Ceykobs kimi açılış vaxtı tamam olanda qapıları bağlatdıran və gecikənləri içəri buraxmayan dizaynerlər də var.  

2.Nümayişə uşaqları və heyvanları aparmaq olmaz
Bu, qaydadan çox, məsləhət xarakterlidir. Düzdür, Hollivud ulduzları övladlarına kiçik yaşlarından dəbi öyrətmək istədikləri üçün onları nümayişlərə aparırlar. Ancaq uşaqların əksəriyyəti insanların gur olduğu yerləri xoşlamırlar. Ev heyvanlarını isə ümumiyyətlə, gətirməmək məsləhətdir. Tanınmış dəb redaktoru Anna Dello Russo „Kuççiolina“ adlı itini bəzi tədbirlərə aparsa da, dəb nümayişlərinə həmişə tək gedir. 

3. Birinci sıranın qızıl qaydaları
Birinci sırada əyləşmisinizsə, demək nümayişin vacib qonaqlarındansınız və bəzi „birinci sıra qaydalarını“ bilməlisiniz. Moda paytaxtlarında birinci sırada, əsasən, bloqqerlər və məşhurlar (50%), ikinci sırada potensial alıcılar (30%), ən sonda isə mətbuat nümayəndələri və redaktorlar (20%) əyləşirlər. Son zamanlar varlı alıcılar üçün ayrıca nümayişlər keçirilir. Birinci sıra üçün bəzi məsləhətlər:  — Dizaynerə hörmət əlaməti olaraq, nümayişə onun brendinə aid paltarlarda gəlmək olar, ancaq bu, əsas şərt deyil. Anna Dello Russo „total look“un əksinə, görünüşdə dizaynerdən maraqlı bir elementin işıqlandırılmasının tərəfdarıdır. Gün eynəkləri barədə isə redaktor bunları deyir: „Çox çox vacib insan deyilsinizsə, gün eynəyi taxmayın. Bu, nəzakətsizlikdir“, — deyir.  — Böyük çantalar götürməyin və üst geyiminizi (palto, kürk və s.) dizləriniz üzərinə qoymayın. Bu, fotoqraflar üçün ümumi dəfilə görüntüsünü pozacaq. Yox, əgər üst geyiminizi saxlamaq istəsəniz, onu geyinib əyləşin. İri papaqlardan, həcmli saç düzümündən qaçın.  — Təsadüfən yanaşı oturduğunuz məşhur insana şəkil çəkdirməyi təklif etməyin, avtoqraf almaq fikrindən daşının. 
 4. Gül dəstəsi verməyin Gül almaq və hədiyyə etmək əlbəttə ki, xoşdur. Ancaq nümayişdən sonra dizaynerə gül dəstəsi vermək o qədər də xoş qarşılanmaya bilər. Getdiyiniz yer teatr deyil, nümayişdir. 

5. Telefonunuzu kənara qoyun
Nümayişlərə hər kəs bir məqsədlə qatılır; kimi peşəsinə, kimi marağına görə gəlir. Bəziləri isə nümayişləri telefonun yaddaşına köçürmək istəyir. Canlı nümayişdən həzz almaq var ikən, video çəkmək nə dərəcədə ağıllı addımdır? 

6. Özünüzü kameraların qarşısına atmayın
»Street style" xronikasına düşmək istəyənlər bu abzası yaxşı oxusun. Nümayişə gəlib girişdə fotoqrafların səni «kəşf etməsini» gözləmə. Əgər Tommi Ton, yaxud Skott Şuman kimi fotoqraflar sizin fotonuzu ilk dəfə çəkməyiblərsə, bunu ikinci, üçüncü, heç onuncu dəfə də etməyəcəklər. 

7. Mehriban olun
Gülərüz və mehriban olmaq gözəldir, ancaq hamı ilə söhbətə can atmaq, eləcə də vizit kartı ilə qonaqları «spam»lamaq yaxşı deyil.    
          
                           
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                                  
 

0 şərh