Maykl Ceksonun modaya verdiyi töhfələr


Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.

 

Ceksonu 40-cı illərin Hollivud stili ilə yanaşı, müxtəlif ölkələrin mədəniyyəti və tarixi ilhamlandırırdı. Onun qarderobunun ayrılmaz hissəsini militari stilində pencək və jaketlər, ağ köynəklər, klassik və ya boş biçimli ağ və qara şalvarlar təşkil edirdi. O, tez-tez dəri gödəkcələr, bleyzerlər, yaxası mərkəzdən açıq olan ağ futbolkalar geyinirdi. Maykl Ceksonun kostyumerləri və dizaynerləri onun geyimlərini naxışlar, lələklər və metal elementlərlə bəzəyirdilər. Səhnə kostyumları isə pop-kralın xoreoqrafiyasını ideal şəkildə vurğulamalı idi. Maraqlıdır ki, konsert ərzində ifaçı 2,5 kq-a qədər çəki itirirdi. Bu səbəbdən dərzilər onun geyimlərini hər növbəti dəstin ölçüsünün əvvəlkindən kiçik olması qaydası ilə tikirdilər. Geyimdə onun sevimli rəngləri qara, ağ, qırmızı, qızılı, göy və sarı çalarlar idi.

Karyerası ərzində Maykl Cekson ancaq «Florsheim» markasının ayaqqabılarını geyinib. Dizaynerlər onun ayaqqabılarını strazlar, rubinlər və metalla bəzəyirdilər. Maykl dəbə həm də ağ corabları gətirib. Bu aksesuar onun qarderobunda 70-ci illərin sonunda peyda olub. Müğənninin bu rəngi seçməsinə səbəb heç kimim qara ayaqqabı və şalvarlarla ağ corablar geyinməməsi, həm də onların rəqs zamanı işığı tutması və hərəkətləri vurğulaması idi. 80-ci illərdə Ceksonun kostyumerləri sadə idman corablarını ortadan kəsərək, parçaya Swarovski strazları və ya rubinlər tikirdilər. Bəzən bir cüt corabın çəkisi bir kiloqrama yaxın ola bilərdi.

Maykl Ceksonun obrazının digər bir hissəsini Ray-Ban eynək-aviatorlar, fedor-şlyapalar, böyük metal kəmərlər və bilərziklər təşkil edib. Stil ikonasının qarderobunun vacib detalı bir ələ geyindiyi əlcəklər idi. Əksər hallarda, Maykl Cekson Swarovski kristalları ilə bəzədilmiş ağ rəngli əlcəkdə görünürdü.

1982-ci ildə «Beat It» mahnısına çəkilən videoklipdə Cekson parlaq qırmızı dekorativ zəncirbəndli dəri gödəkcədə göründü və bu geyim bütöv bir onilliyin stilini müəyyən etdi. Beləliklə də, 80-ci illərdə gənclərin qarderobuna dəri, ipək, lyurekslə parlaq idman gödəkcələri daxil oldu.

Militari stilindən sonra Cekson «Smooth Criminal» musiqili videosunda ağ eleqant kostyumda və 20-ci illərin qanqster stilini xatırladan böyük fedor-şlyapada göründü. «MTV Video Music Awards»-ın növbəti təqdimat mərasimində isə o nazik qalstuklu klassik qara kostyumda göründü.

 

İfaçının stilisti Maykl Buş Ceksonla pop-ulduzun həyatının sonun gününə qədər çalışıb. Maykl Cekson stilinin elementləri qarderobumuzu bir mövsüm olsa belə, tərk etmir. Məsələn, Beyons, Rihanna, Viktoriya Bekhem kimi ulduzlar, o cümlədən, Balmain dizaynerləri, yüzlərlə digər moda insayderləri və sadəcə moda həvəskarlarının hesabına bu stil hələ də aktualdır.

 

0 şərh