Pyer Karden

Yaşamaq hamının qismətidir. Amma fərqli: kimi az, kimi isə çox yaşayır bu dünyada... Yaratdıqları ilə yaşamaq isə az insana qismət olur. Pyer Karden belə xoşbəxtlərdəndir. Bəlkə də xoşbəxtlərin xoşbəxtidir. Çünki hələ sağlığında ikən yaratdığı “Pierre Cardin” brendi ilə imzasını dünyaya tanıtdırıb.

Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olmuş, Fransada böyüyüb təhsil almışdır. Çoxuşaqlı, ortaimkanlı ailədəndir. Atası şərabçı idi. Pyer də bu sənəti davam etdirməli idi. Lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başlayır.1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açır.

Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir. Keyfiyyət, zəriflik və orijinallıq Pyer Kardeni fərqləndirən əlamətlər idi.

50 ildən artıqdır o, moda aləmində öz üslubunu diktə edir. Bu müddət ərzində Pyer stilist, dizayner və dərzilərin çalışdığı böyük bir imperiya yaradıb. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksessuarlarını alıcılarına təqdim edir. Dünyada “Pierre Cardin” markalı məhsulların istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən, 12 mlrd. dollar təşkil edir. Bundan əlavə, Pyerin təsisçisi və rəhbəri olduğu teatr kollektivi də fəaliyyət göstərir. “Time” jurnalı onu, adını demək olar ki, hər şeyin üstünə yazmağı bacaran “hiyləgər fanatik” adlandırırdı. Çünki Pyer özünün “Pierre Cardin” brendini müvəffəqiyyətlə satmağı bacarırdı. Keyfiyyətin təminatı olaraq 800 müxtəlif məmulat, 8 min mağaza, 2 teatr, restoran, saat, ətir, siqaret, çətir, kəmər, çanta və s. onun adını daşıyır. 160 mln. insan “Pierre Cardin” markasının alıcısıdır.1985-ci ildə Pyer Karden Fransanın İncəsənət Akademiyasına üzv seçilir və Akademiyanın üzvlərinin dili ilə desək, “ölməz” qalır. O, beynəlxalq və Fransa səviyyəsində 24 nüfuzlu mükafatın sahibidir. 1988-ci ildə İtaliyanın “Xidmətə görə” ordeni və Vatikanın yüksək mükafatı “Müqəddəs xəzinə” ilə təltif olunub. 1991-ci ildə fəaliyyətinin 40 illiyi ilə əlaqədar Moskvada “Qızıl Meydan”da 200 minlik tamaşaçı qarşısında Pyer Kardenin 50 modelinin möhtəşəm təqdimatı keçirilir. Modelyerin etirafına görə, bu onun həyatında ən həyəcanlı və əlamətdar hadisə olmuşdu.

2008-ci ilin əvvəlində Parisin moda muzeyi “Galliera”da Pyer Kardenin 60 illik çalışmasının nəticəsi olan 10000 məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kv.metrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur.

Karden yaradıcılığını “həndəsi üslub” adlandırmaq olar. Pyer Karden üslubu ilə tanış olanda hiss edirsən ki, dairələrə, kvadratlara və başqa həndəsi fiqurlara vurğundur. Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meyilinə görə tənqidçilər Pyeri “ipək baronu” adlandırırlar.

Məhəbbət də modelyerin həyatından yan keçməyib. Aktrisa Janna Moro onun ömürlük sevgisi olub: bir gün Jannaya paltar lazım olur. Modelyeri Koko Şanel istirahətdə olduğundan, Jannaya gənc Pyeri məsləhət görür. Beləliklə də ilk baxışdan, daha dəqiq desək, ilk paltardan məhəbbət başlanır. “Mən Pyerə hələ əl işləri ilə tanış olanda vurulmuşdum. Özünü görəndə isə ilk baxışdan sevdim”.
Pyer ilk dəfə olaraq aktrisaya qadın kimi pərəstiş etdi.

“Mən homoseksual idim və qadınlarla heç vaxt fiziki yaxınlığım olmamışdı. Amma Janna məni həyəcanlandırdı. O, heyrətamiz qadındır. Yalnız o, mənim ürəyimi fəth edə bildi. Heç kim Moro ilə mənim birliyimə inanmırdı”.

Soruşanlara isə Janna belə cavab verirdi: “O, necə varsa, mən onu elə də sevirəm. Mən onu istəyirdim, mənim də oldu”.

“Təki Janna Moronun izlədiyi kişi olasan! Onun qarşısında heç kim dayana bilməz. Hətta mən də bacarmadım...”

Cütlüyün yaşadığı ehtiraslı məhəbbət hekayəsi dörd il davam edib. Onlar uşaq istəyirdilər. Jannanınsa səhhətində problem var idi. O, ana ola bilməzdi. Ayrıldılar.Amma uzun çəkmədi. Dost kimi yenidən birləşdilər.



Ömrünün 60 ilini moda aləminə həsr edən əfsanəvi fransız modelyeri Pyer Karden modanın onun üçün əvvəlki tək narkotik olduğunu etiraf edir. “Mən heç nəyə görə təəssüflənmirəm. Əgər karyeramı 20 yaşımda olduğu kimi yenidən başlamaq lazım gəlsəydi, məmnuniyyətlə bu yolu həmin şərəflə təkrar edərdim”.

Pyer həyatda istəklərinə nail olub: modelyer, milyoner, nüfuzlu mükafatların, teatrların, qonaq evlərinin, restoranların, ən əsası “Pierre Cardin” imperiyasının sahibidir.Lakin bir şeydən nigarandır: imperiyasının varisi yoxdur. Moro ilə övladı olmadı, amma hələ də fikirləşir ki, ondan gözəl ata ola bilərdi.

Artıq bir neçə ildir Pyer Karden öz imperiyasının alıcısını axtarır. Səbəbini açıqlamasa da, yəqin ki, əziyyətlə qurduğu imperiyanın gələcək sahibinin kim olacağını sağlığında görmək istəyir. Amma tələsmir, daha “maraqlı və sərfəli” alıcını gözləyir. “Mən işimi davam etdirəcəyəm, onu ehtirasla sevəcəyəm və ondan zövq alacağam. Mən hələ bezməmişəm. Çünki işimdən ruhən qidalanıram”.

Mənbə: Nefertiti jurnalı

 

0 şərh